Bakı Xəbər.-2018.-14 mart.-¹48.-S.6.

 

Bütün Azərbaycanı əhatə edən dəhşətli soyqırım…

 

Tahir Tağıyev

 

1918-ci il martında və aprelində yaşanan qanlı olaylar Azərbaycan tarixinin ən faciəvi səhifələrindən birini təşkil etməklə, həm də ermənilərin azərbaycanlılara qarşı soyqırım siyasətinin əsl mahiyyətini üzə çıxaran əsas məqamlar sırasında yer alır. Burada məsələnin əsas diqqət cəlb edən tərəflərindən biri də budur ki, qeyd olunan hadisələr, törədilən erməni vəhşilikləri təkcə Bakını yox, ölkənin bir çox regionlarını əhatə edib.

Elə bu da onun faktiki göstəricisidir ki, ermənilər ölkəboyu soyqırım həyata keçirərək, azərbaycanlıları bir millət, xalq olaraq Yer üzündən silməyi hədəfləyiblər.

Konkret Bakıda 1918-ci il martın 30-da axşam başlanan azərbaycanlı qırğınları faktiki olaraq bir həftə davam edib, lakin onun üç günü  erməni daşnak dəstələrinin hədsiz azğınlığı, amansızlığı və qəddarlığının xüsusilə kütləvi xarakteri ilə səciyyələnib. Həmin günlər azərbaycanlı qırğınları yalnız şəhərin hüdudları ilə məhdudlaşmırdı. Erməni quldur dəstələri Bakının ətraf kəndlərinə də basqınlar edərək sakinlərin evlərinə soxulur, şəhər kənarı yollarda pusqular qurur, yoldan keçən müsəlmanları qarət edir və qətlə yetirirdilər. 1918-ci ilin martında bir sıra Bakı kəndlərinin - Məhəmmədi, Əhmədli, Balaxanı, Binəqədi, Bibi-Heybət, Hökməli, Zabrat, Sabunçu, Ramana, Xırdalan və sair sakinləri erməni silahlı dəstələrinin vəhşiliklərinin qurbanı olub. Tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi yazır ki, ən ümumi hesablamalara görə, təkcə bir həftə ərzində Bakıda 12 mindən artıq insan, əksəriyyətini dinc sakinlər təşkil edən və əsas etibarilə müsəlman əhali vəhşicəsinə qətlə yetirilib: “Hadisələrin ilk 3-4 günü ərzində bolşevik-daşnak dəstələrinin azərbaycanlılara həlak olmuş yaxınlarını dəfn etməyə izn verməməsi, şəhərin küçə, həyət və evlərindən meyitlərin yığılması ilə bir neçə gün ərzində ayrı-ayrı dəstələr, o cümlədən ermənilərin özlərinin də məşğul olması, sonuncular tərəfindən cəsədlərin həm hadisələrin baş verdiyi günlərdə, həm də sonra yanan binalara, quyulara, dənizə tökülməsi, qırğınlardan dərhal sonra müsəlman əhalisinin kütləvi şəkildə şəhəri tərk etməsi və nəhayət, Bakıda Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin tam hakimiyyətinin bərqərar olması qurbanların dəqiq sayının hesablanmasına imkan verməmişdir. Lakin mart hadisələri zamanı qırğınların dayandırılmasına səy göstərmiş İran konsulu Məhəmməd Səid-ol Vesarə Marağeyinin təkcə onun yaratdığı xüsusi komissiya tərəfindən Bakının küçə və həyətlərindən 5000-dən artıq müsəlmanın meyitinin toplanması və müsəlman adəti üzrə dəfn edilməsi şəhadəti, eləcə də digər mənbələr mart qurbanlarının sayının  12 mindən də artıq olduğunu deməyə əsas verir. Menşeviklərin “Naş qolos” qəzeti həmin günləri təsvir edərək yazırdı: “Hər tərəf meyitlərlə doludur – yanıb kül olmuş, doğranmış, eybəcər hala salınmış meyitlər…”. Digər mənbələr isə təkcə Bakıda ermənilər tərəfindən qətlə yetirilən müsəlmanların sayının 30 minə çatdığını göstərir.

Azərbaycan Cümhuriyyəti hökumətinin yaratdığı Fövqəladə təhqiqat komissiyasının hazırladığı məruzələrdə isə göstərilir ki,  1918-ci il mart hadisələrindən sonra Bakıda ermənilərlə azərbaycanlılar arasında sülh haqqında sazişin bağlanmasına baxmayaraq, həmin il sentyabrın 15-də Bakı azərbaycanlı və türk əsgəri qüvvələri tərəfindən azad edilənə qədər ermənilər müntəzəm olaraq Bakı küçələrində, ətraf kəndlərə gedən yollarda azərbaycanlıları tutub qətlə yetirir, meyitlərinin bir hissəsini isə quyulara və ya dənizə atırdılar. Bütün bunlar o dövrdə erməni vəhşiliklərinin daha aydın şəkildə təsəvvür edilməsinə imkan verir. Amma qeyd olunduğu kimi, bu vəhşiliklər Bakı ilə məhdulaşmayaraq, Azərbaycanın digər bölgələrini də  əhatə etdi. Bakı ilə yanaşı, Naxçıvanda, Zəngəzurda, İrəvanda, Qubada, Xaçmazda, Şamaxıda, Vedibasarda, Lənkəranda və digər bölgələrdə də qanlı faciələr törədildi.

1918-1920-ci illərdə Azərbaycanda ən ağır faciələrlə üzləşən, ən dəhşətli qətliamlara məruz qalan bölgələrimizdən biri də qədim Azərbaycan torpağı olan Zəngəzur mahalı və əhalisi oldu. Azərbaycan Respublikası Dövlət Arxivinin məlumatlarında, rəsmi sənədlərdə, şahidlərin ifadələrində deyilir ki, erməni terror birləşmələri Zəngəzur qəzasında 115 Azərbaycan kəndini başdan-başa yandırıb külə döndərib. Nəticədə təkcə Zəngəzur qəzasında 10068 nəfər günahsız soydaşımız öldürülüb, əyalətdəki bütün milli mədəniyyət abidələri yerlə-yeksan edilib.

Arsen Əmiryan adlı bir erməni jurnalisti ”Bakinski raboçi” qəzetinin 1918-ci il 28 may nömrəsində dərc olunmuş məqaləsində öz qan qardaşlarının cinayətləri haqqında yazırdı: ”Daşnaklar İrəvan quberniyasında 200 müsəlman kəndini dağıdıb yerlə-yeksan etmişlər. Camaat evsiz-eşiksiz və çörəksiz qalıb. Hazırda Zəngəzur bölgəsində qırğınlar və qətl-qarətlər davam edir. Daşnaklar müsəlman kəndlilərini bax beləcə qırır”. Tarixi mənbələrdə qeyd olunur ki, 1918-ci ilin mart ayınadək erməni silahlı dəstələri təkcə İrəvan quberniyasının İrəvan qəzasında 32, Eçmiədzin qəzasında 84, Novo-Bəyazid qəzasında 7 və Sürməli qəzasında 75 kəndi – üst-üstə 198 kəndi darmadağın edib, həmin qəzalarda təqribən 135 min nəfər soydaşımızı soyqırıma məruz qoyub. 1918-ci il aprelin əvvəlində Gümrü şəhərinə daxil olan şovinist Andranikin qoşunları ayın 18-də Axalkələk istiqamətində hərəkət edərək onlarla azərbaycanlı kəndini viran qoydu. Kazım Qarabəkir Paşanın “1917-20 arasında Ərzincandan İrəvana erməni zülmü” kitabında ermənilərin törətdiyi kütləvi qırğınlar sənədlərin dili ilə qələmə alınmışdır. K. Qarabəkir Paşa yazır: ”29.04.1918-ci ildə Gümrüdən 500 araba ilə Axalkələkə köçürülməkdə olan 3000-ə qədər qadın, qoca, uşaq və kişi öldürülərək yox edilmişdir; min əsgər, iki pulemyot və iki topla silahlanmış ermənilər Qağızmanın şərqindəki Qulp (Duzluca) və İrəvan bölgəsindəki islam kəndlərini dağıtmış, qadın, uşaq və kişiləri qırmışlar; 01.05.1918-ci ildə yüzə qədər erməni atlısı Şiştəpə və Düzkənd ətrafında (indiki Amasya rayonunun ərazisində) 60 uşaq, qadın və kişini öldürmüşlər; 01.05.1918-ci ildə Axalkələk ətrafındakı kəndlərdə Acaraca, Danqal, Mulanıs, Murcahet, Padızka, Havur və Gümris kəndləri yandırılmış, əhalisi məhv edilmişdir. Arpaçay üzərindəki Bacoğlu ilə İrəvanın şimal-şərqindəki kəndlərin xalqı ermənilər tərəfindən qırılmış, kəndlər tamamilə yandırılıb dağıdılmışdır. Türk ordusunun önündən qaçan erməni silahlı dəstələri ən böyük qətliamlardan birini 1918-ci ilin aprelində Gümrüdə törətmişdilər. Türklərin gəlişindən öncə ermənilər şəhərdə yaşayan azərbaycanlı ailələrini təhlükəsiz şəkildə Qars vilayətinə keçməyə şərait yaradacaqları vədi ilə aldadıb onları gecə ikən yola düşməyə vadar etmiş və Arpaçayın sahilində 500-dən artıq azərbaycanlı ailəsini məhv etmişdilər. Həmin qətliamdan tək-tük azərbaycanlı gənc Arpaçayı keçərək salamat qalmışdı”.

Ümumiyyətlə, araşdırmalara əsasən, 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilmiş kütləvi qırğınların Bakı, Quba, Şamaxı, Kürdəmir və Lənkəranla yanaşı Şuşada, İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda, Qarsda və başqa bölgələrdə davam etdirilməsi nəticəsində yüz minlərlə azərbaycanlı ən qəddar üsullarla qətlə yetirilib, əhali öz doğma torpaqlarından didərgin salınıb. Martın 31-də isə erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən 2560 qadın və 1277 uşağı qətlə yetirib. Erməni daşnakları Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağda minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetiriblər. Qubanın 162 kəndində öldürülən günahsız azərbaycanlıların sayı isə 16 mindən artıq olub. Bir neçə il əvvəl Quba yaxınlığnda tapılmış və alimlərimiz tərəfindən araşdırılımış insan sümükləri, kəllələri bunu bir daha sübut edir. Bu dövrdə törədilən soyqırımlar həm də öz qəddarlığı ilə seçilirdi.  Məsələn, hamilə qadının qarnını yarıb uşağı çıxarmaq və onları tikə-tikə doğramaq, “Quran” kitablarını yığaraq  tonqal qalayıb atəşində mollaları yandırmaq, divara mıxlamaq, uşaqlara belə acımadan dərisini soymaq, tikə-tikə doğradıqdan sonra ətini itə atmaq və digər belə vəhşilikləri, yəqin ki, ilk dəfə törədən məhz ermənilər idi. Çox təəssüf ki, arxiv sənədlərində belə qəddarlığı əks etdirən faktların sayı kifayət qədərdir. Həmin sənədlərdən belə bəlli olur ki, 1918-1920-ci illərdə ermənilər on minlərlə azərbaycanlını ən amansız şəkildə qətlə yetirib, onların əmlakını, digər varidatlarını mənimsəyiblər.

Onu da qeyd edək ki, Azərbaycanın bir çox yerlərində 1918-ci ildə törədilmiş görünməmiş soyqırımı aktlarının qanlı izləri, xüsusən də kütləvi insan məzarlıqları mövcuddur. Bütün bunlar ermənilərin iç üzünün ifşa edilməsi, törətdikləri soyqırımların faş olunması baxımından çox mühümdür. Baş verənlər göstərir ki, hələ ötən əsrin əvvəllərindən ermənilər bütün Azərbaycanı işğal etməyə cəhd göstərib. Onlar təkcə tarixi Azərbaycan torpaqlarında yaradılmış indiki Ermənistan ərazisində yox, indiki Azərbaycanın ən müxtəlif bölgələrində öz çirkin məqsədlərinin həyata keçrilməsi uğrunda azərbaycanlı əhalinin əsl soyqırımını həyata keçiriblər. Bu qırğınların miqyası o vaxt daha böyük ola bilərdi. Sadəcə, 1918-ci ilin mayında Azərbaycan Xalq Cumhuriyyətinin yaradılması, Azərbaycanın ərazi bütövlüyü uğrunda ölüm-dirim mübarizəsinin başlanması ermənilərin bütün planlarını pozdu. Eyni zamanda Gəncəyə, Bakıya türk ordusunun gəlişi də erməni qırğınlarının dayandırılmasında az rol oynamadı. Bu, təkcə Azərbaycanın yox, bütün Cənubi Qafqazın  müsəlman əhalisini məhv etmək məqsədi güdən ermənilərin niyyətinin qarşısını da aldı. Amma buna qədər qəddar düşmən on minlərlə soydaşımızı qətlə yetirə bildi. Belə vəziyyətdə qarşıda duran başlıca məqam ermənilərin törətdiyi soyqırıma ədalətli hüquqi-siyasi qiymətin verilməsinə nail olmaq idi.

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.