İki sahil. - 2018.- 14 mart. - ¹ 48. - S. 13.

 

Tarix heç vaxt unutmayacaq...

 

Mənsumə Babayeva

 

XIX əsrin əvvəllərindən başlayaraq Qafqazda kütləvi şəkildə məskunlaşdırılan ermənilər az müddət sonra bölgəni sözün əsl mənasında “qan çanağı”na çevirdilər. Ermənilərin “böyük Ermənistan” yaratmaq kimi qondarma ideyanın gerçəkləşməsi yolunda atdıqları addımlar azərbaycanlılara qarşı kütləvi qətllərin və soyqırımı aktlarının reallaşması ilə nəticələndi. Bu qanlı tarix qısa fasilələrlə bütün XX əsr boyu dönə-dönə təkrarlandı. İndi o qanlı tarixdən 100 il ötür.

Tarix təsdiq edir ki, ermənilərin Qafqazda törətdikləri qırğınlar və soyqırımı aktları bir fakta əsaslanır. Onlar nəyin bahasına olursa-olsun Azərbaycan torpaqlarında məskunlaşmaq və aborigen xalq olduqlarını təsdiqləməyə çalışırdılar. Bu mənfur niyyəti reallaşdırmağın yolu isə azərbaycanlıların kütləvi soyqırımından, qanlı talanlardan və deportasiya siyasətindən keçirdi. Azərbaycan xalqına qarşı ermənilərin ötən əsrlərdə  apardıqları soyqırımı siyasəti nəticəsində 2 milyondan artıq  soydaşımız, günahsız insanlar qətlə yetirilmiş, kəndlər, şəhərlər dağıdılmış, yandırılmışdır. Terrorun, işğalçılıq siyasətinin dövlət səviyyəsində dəstəkləndiyi Ermənistanın Azərbaycana qarşı zaman-zaman ərazi iddiaları səbəbi ilə baş verən qırğınların hələ də davam etdirilməsi nəticəsində minlərlə azərbaycanlı öldürülmüş, diri-diri yandırılmış,  əlil olmuşdur. 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər bölgələrində həyata keçirilən dəhşətli soyqırımı aktı ermənilərin Qafqazda məskunlaşması üçün bir açar oldu. Onlar bu vəhşi əməlləri ilə bir növ bu bölgədə yaşamaq və Azərbaycan türklərinin tarixi vətəni olan indiki  Ermənistan ərazisində dövlət qurmaq niyyətlərini reallaşdırdılar.

...1721-ci ildə I Pyotr isveçlərlə  Nişdat sülh müqaviləsini bağladıqdan sonra diqqətini  Qafqaza, Xəzərətrafı ərazilərə yönəltdi. Bu regiona sahiblənmək üçün Bakıda, Gilanda,  Mazandaranda, Dərbənddə ermənilərin və xristianların yerləşdirilməsi siyasəti başlandı və sonralar daha böyük miqyasda davam etdirildi. Satqın ermənilərə himayədarlıq edən II Yekaterina bu istiqamətdə aparılan yerdəyişmənin sürətləndirilməsi üçün 1768-ci ildə fərman imzaladı. Ənənəni davam etdirən  I Aleksandrın 1802-ci ildə  Qafqaz canişini  N.D. Sisiyanova göndərdiyi məktubunda yerləşdirmə prosesinə xüsusi diqqət yetirilməsi tapşırılırdı: “Hər vəchlə ermənilərdən Azərbaycanın bu və ya digər xanlıqlarında istifadə edilməlidir”.

Azərbaycan xalqı Gülüstan və Türkmənçay müqavilələrindən sonra isə daha böyük faciələrə düçar oldu. İrəvan və Naxçıvan xanlıqları ərazisində  “erməni vilayətinin” yaradılması, bu ərazilərə erməni ailələrinin köçürülməsi kampaniyası başlandı. İmperiyanın onlara göstərdiyi dəstək və yardımdan  istifadə edən daşnaklar “Böyük Ermənistan” xülyalarının reallaşdırılması üçün fəallıqlarını artırdılar.

Rusiyada baş verən inqilabi proseslərdən özlərinə məxsus məkr və hiyləgərliklə istifadə edən ermənilər “ideoloqları” Şaumyanın, qulağı kəsik Andranikin, Hamazaspın, Lalayanın və bu kimi qaniçən daşnakların rəhbərliyi ilə Naxçıvanda, Bakıda, Şamaxıda, Quba qəzasında, Qarabağda... bir sözlə, Azərbaycanın bütün yaşayış məskənlərində  kütləvi qırğınlar,  talanlar törətdilər.  Eyni qırğınlar 1918-1920-ci illərdə daha geniş miqyasda təkrarlandı. 1918-ci ilin martında Bakıda azərbaycanlıların tamamilə məhv edilməsi kimi cinayətkar planın icrasına başlanıldı. Şaumyanın başçılıq etdiyi  silahlı dəstə 1918-ci ilin 30-31 mart hadisələrində tək Bakıda 30 min soydaşımızı amansızcasına, xüsusi qəddarlıqla qətlə yetirdi.

Ermənilərin törətdikləri soyqırımlar zamanı qətlə yetirilənlərin,  dağıdılan kəndlərin,  tarixi abidələrin sayını hesablamaqla qurtarmaz. Təxmini hesablamalara görə, ermənilərin azərbaycanlılara qarşı törətdikləri  kütləvi qırğınlarda ölənlər 2 milyondan artıqdır. Təkcə Çəmbərəkənd qəbiristanlığında  dəfn olunan bakılıların sayı 15-20 min arasında  olub.  Erməni vəhşiliyinin nümunəsi olan Quba məzarlığı daşnak siyasətinin qanla yazılmış bir səhifəsi kimi hər kəsi dəhşətə gətirir.

Azərbaycan müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edildi. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulan həqiqətlər açıldı, təhrif edilən  hadisələr əsl qiymətini aldı. Ümummilli lider Heydər Əliyev 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart Azərbaycanlıların Soyqırım günü elan edildi. Ulu Öndər bu Fərmanı  imzalamaqla daha bir tarixi missiyanı yerinə yetirmiş oldu. Azərbaycanlılara qarşı törədilmiş soyqırımı barədə müasir və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdıran, dünyada bu kimi hadisələrə düzgün siyasi və hüquqi qiymət  verilməsi, belə halların qarşısının alınması və bir daha təkrarlanmaması üçün  proqram mahiyyətli bu sənədin mahiyyət və  əhəmiyyəti böyükdür.

 

Artıq təsdiqlənmiş  faktdır ki, Xocalı soyqırımı da daxil olmaqla erməni millətçilərin Azərbaycana qarşı 2 əsrdən artıq  davam etdirilən işğalçılıq  əməllərinin bir adı var: əsasını etnik təmizləmə, insanlığa qarşı cinayət təşkil edən soyqırımı. Dağlıq Qarabağ münaqişəsi zamanı azərbaycanlılara qarşı törədilən  qırğınlarda bilavasitə əli və rolu olan, qanlı ideologiyaların müəllifi kimi tanınan Ermənistanın sabiq prezidentləri S. Sarkisyanın, R. Koçaryanın cinayətləri artıq sübut olunub.

Azərbaycan xalqının mənəviyyatına, milli qüruruna və mənliyinə böhtanlar atan, siyasi və hərbi təcavüz həyata keçirən ermənilərin bu vəhşiliklərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması yönündə son illərdə bir sıra tədbirlər görülür. Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən kampaniya dünyanın bir çox şəhərlərini əhatə etməklə Azərbaycanın xaricdəki 50-yə yaxın diplomatik nümayəndəliyini və diaspor təşkilatlarını da bu prosesə cəlb etdi. Fondun hazırladığı və nəşr etdirdiyi kitab və bukletlər, Xocalı soyqırımını əks etdirən fotoşəkillər mötəbər təşkilatlarda düzənlənən mərasimlərdə bir daha xarici ölkə vətəndaşlarının diqqətini Azərbaycan xalqının faciəsinə, ermənilərin isə vandalizminə yönəltdi. Fondun nəşr etdirdiyi “Qarabağ həqiqətləri” toplusu Azərbaycan həqiqətlərini bütün dünyaya tanıtdı. “Xocalıya ədalət” kampaniyası isə Azərbaycan gəncliyinin Qarabağ həqiqətlərini, münaqişənin həllində ölkəmizin ədalətli mövqeyini və Xocalı soyqırımını bütün təfərrüatı ilə dünya ictimaiyyətinin diqqətinə çatdırmaq baxımından müasir tariximizin mühüm mərhələsi oldu.

Tarix heç zaman unudulmur, həm də yazılır. Erməni vəhşilikləri Azərbaycan tarixinin qanla yazılmış səhifəsi olsa da, güclü Azərbaycan yerləşdiyi bölgədə söz və nüfuz sahibi olmaqla bütün problemlərin öhdəsindən hər zaman uğurla gəlmək iqtidarındadır.