525-ci qəzet.-2018.-13 mart.-¹47.-S.6.

 

Cümhuriyyət Hökumətinə başçılığın Fətəli Xan Xoyski örnəyi

 

Lətif Şüküroğlu,

Tarix üzrə fəlsəfə doktoru

 

"Azərbaycan" qəzetinin 18 noyabr 1918-ci il sayında belə bir məlumat dərc edilmişdi: "Bazar günü, noyabrın 17-də gündüz saat 1-də Bakıya general Tomsonun başçılığı ilə müttəfiq qoşunları daxil olmuşdur. Generalı təmsil etdiyi dövlətlərin qoşunlarının Bakıya, Azərbaycanın paytaxtına daxil olması münasibətilə Azərbaycan hökuməti adından xarici işlər naziri səlahiyyətlərini müvəqqəti icra edən Adil Xan Ziyadxanov salamlayaraq demişdir: "Qanla bir-birindən aralanmış, əldən düşmüş və tükənmiş insanlıq üçün dinc əməkdaşlıq zəminində danışıqlar üçün yeni və işıqlı era başlanır".

Bakıya girməzdən bir gün əvvəl da noyabrın 17-dən hərbi vəziyyətin tətbiqi barədə qərar verən general-mayor Tomson özünü şəhərin hərbi qubernatoru, polkovnik F. Kokkoreli isə müttəfiq dövlətlərin Bakıda polis komissarı təyin etmişdi. Azərbaycan hökumətinin bir sıra səlahiyyətlərini məhdudlaşdıran bu qərarla dünya müharibəsindən qalib kimi dönən ingilis-fransız-amerikan qoşunları qüvvələrinin Ənzəlidən Bakıya gəlməsi əhali arasında müəyyən narahatlıq yaratmışdı. Bunu nəzərə alan Fətəli Xan Xoyski və daxili işlər naziri Behbud Ağa Cavanşir Azərbaycan hökuməti adından şəhər əhalisinə müraciət edərək, onları sakitliyə, qayda-qanunu gözləməyə çağırmışdılar.

Bu narahatlığın başqa səbəbləri də vardı. Həmin ərəfədə Mudros müqaviləsinin şərtlərinə uyğun olaraq türk qoşun hissələri Azərbaycanı tərk etmişdi. Digər səbəb vəziyyətdən yararlanmağa çalışan rus generalı Biçeraxovun ruslar və ermənilərdən ibarət qüvvəsini Bakı limanına çıxarmaq cəhdi idi. Hökumət ciddi narahatlıq keçirirdi. Ayrı-ayrı qüvvələrin yaydıqları müxtəlif məzmunlu bəyannamələrin xalqı çaşdırdığı bir vəziyyətdə hamı hökumətin nə qərar verəcəyini gözləyirdi.

Belə bir vəziyyətdə Azərbaycan hökumətinin başçısı Fətəli Xan general Tomsonla görüşür. Onların söhbətləri çox mübahisəli və sərt olur. Azərbaycanın ilk müstəqil xüsusi xidmət orqanı "Əksinqilab ilə mübariz təşkilatı"nın rəhbəri Nağı bəy Şeyxzamanlı xatirələrində yazır: "General Tomson Azərbaycan Cümhuriyyətini tanımadığını, müttəfiq olan rusların torpağına gəldiyini söyləyir. Fətəli Xan isə Azərbaycan xalqının qərarı və istəyi ilə Azərbaycan Cümhuriyyətinin və istiqlalının elan edildiyini və bunun bütün dünya dövlətlərinə bildirildiyini söyləyir. Fətəli Xan sözlərinə davamla: "Siz böyük bir millət və böyük bir imperiyasınız. Eyni zamanda, mədəni bir millətsiniz. Bizim istiqlaliyyətimizi tanımalısınız", deyir.

General Tomson: "Bu söylədikləriniz siyasi şeylərdir və iki dövlət arasında cərəyan edər. Halbuki mən bir əsgərəm", cavabını verir.

Fətəli Xan: "Madam ki, siz əsgərsiniz, mən də istiqlaliyyətini elan etmiş Azərbaycan Cümhuriyyətinin Baş Naziriyəm. Biz sizi buraya dəvət etmədik. Sizdən ölkəmizi tərk etməyi tələb edirəm", deyir.

Bu cavab qarşısında general Tomson tərcüməçiyə dönərək: "Baş Nazir həzrətlərinə söyləyin ki, hər hansı bir hərbi qüvvəni çıxarmaq üçün hərbi qüvvəyə sahib olmaq gərək. Bildiyimə görə, qurduğunuz Cümhuriyyətinin ordusu hələ qurulmamışdır", deyir.

Fətəli Xan tərcüməçiyə: "General həzrətlərinə söyləyin ki, o, yalnız hərbi birliyə malikdir. Ya xalq qüvvələrinin nə olduğunu bilmir və ya hər xalqı Hindistan xalqı zənn edir. Biz Azərbaycan türkləri istiqlaliyyətimizi elan etməmişdən öncə 100 minə qədər rus əsgərini xalq qüvvələrimizin gücü ilə süpürüb sərhədlərimizdən kənara atdıq. Əgər inad edərlərsə, bir ovuc ingilis əsgərini dənizə tökmək qəhrəman xalqımızın gücü ilə bir neçə saatlıq məsələdir. Ancaq, biz nə onlardan pislik görmək, nə də onlara pislik etmək istəyirik" cavabını verir.

Azərbaycan Parlamentinin 1918-ci il dekabr ayının 7-də fəaliyyətə başlaması ilə gündəmə respublikada yeni hökumətin təşkili kimi son dərəcə aktual bir məsələ çıxmışdı. Müstəqilliyin əldə olunmasından ötən 6 ay 10 gün ərzində Azərbaycanda iki hökumət qurulmuş, bunların hər ikisinə Fətəli Xan sədrlik etmişdi. Ancaq 3-cü hökumət bir qədər fərqli prinsiplər əsasında formalaşdırılmalı, ali qanunverici orqan - Parlament qarşısında cavabdehlik daşımalı, onda təmsil edilən fraksiyaların ümumi razılığı ilə öz işinə başlamalı idi. Dekabr ayının 10-da məhz bu məsələni müzakirə üçün toplaşmış ilk parlament üzvlərimiz hökuməti kimin təşkil edəcəyi ilə bağlı çox asanlıqla yekdil rəyə gəlmiş və Parlamentin sədr əvəzi doktor Həsən bəy Ağayev Fətəli Xan Xoyskiyə Nazirlər Şurasının sədri postunu tutması ilə bağlı 13 dekabr 1918-ci ildə məktubla müraciət etmişdi:

"Azərbaycan Parlamentinin bu il dekabr ayının 10-da keçirilən iclasında mənə yeni kabineti təşkil etmək üçün Baş Naziri seçmək və dəvət etmək tapşırığı verilmişdir. Fraksiyaların arzusu, həmçinin, siyasi təcrübəyə, Sizin Vətənə və millətə xidmət işində göstərdiyiniz görkəmli fəaliyyətiniz və fədakarlığınıza görə mən Sizdən bu mühüm və çətin işi öhdənizə götürməyi, Baş nazir vəzifəsini qəbul etməyi və koalisiyalı kabinet yaratmağı xahiş etməyi özümə borc bilirəm. Xahiş edirəm, mənim səmimi hörmət və ehtiramımı qəbul edəsiniz. Parlament sədri əvəzi, doktor Ağayev".

Əlbəttə, Parlamentin yekdil şəkildə dəvəti kimi yüksək bir etimaddan, millətin sayılıb-seçilən insanları tərəfindən belə dəyərləndirilməkdən daha böyük qiymət ola bilməzdi və bu etiraflar qarşısında hədsiz məmnunluq və minnətdarlıq duyğusu keçirmək, bu dəvəti düşünmədən qəbul etmək təbiidir. Ancaq bəlkə də Fətəli Xan yeganə insanlardan idi ki, millətə xidmət hissini hansısa vəzifə tutmaqla, səlahiyyət sahibi olmaqla bağlamırdı və o, ən sıravi vətəndaş kimi də bu yolda hər cür fədakarlıq göstərməyə, həyatını və sağlamlığını canından artıq sevdiyi Vətəninə verməyə hazır idi. O, bütün bunlara qəti əmin olduğu və hazırda son dərəcə məsuliyyətli bir dövrdə təklif olunan yüksək postu tutmağa səhhətinin imkan vermədiyi üçün çəkinmədən bu təklifdən imtina etmişdi. Məktubu aldığı günün səhəri Fətəli Xan Xoyski öz cavab məktubunda yazırdı:

"Çox hörmətli Həsən bəy! Dünən mən Sizin məktubunuzu aldım. Həmin məktubda Siz bildirirsiniz ki, mənim Vətənə və millətə xidmət işində göstərdiyim keçmiş fəaliyyəti və Parlament fraksiyalarının arzusunu nəzərə alaraq, Parlament qarşısında cavabdeh olan yeni koalisiyalı kabinet təşkil etməyin kimə həvalə olunması seçimi ilə əlaqədar mənim namizədliyim üzərində dayanmısınız. Mənə göstərilən bu yüksək etimada görə dərin minnətdarlığımı bildiril, eyni zamanda, çatdırıram ki, səhhətimin ciddi surətdə pozulması səbəbindən bu vəzifəni öz üzərimə götürə bilmərəm, bununla yanaşı, lazım gəldikdə bütün qüvvəmi xalqa xidmət işinə sərf etməyi özümə daim mənəvi borc sayacağam. İmkandan istifadə edərək mənim dərin minnətdarlığımı və sədaqətimi qəbul etməyinizi xahiş edirəm. F.X. Xoyski. ("Azərbaycan qəzeti 1918, 15 dekabr).

Buna baxmayaraq, 18 dekabrda Həsən bəy Fətəli Xan Xoyskiyə Nazirlər Şurasının sədri olmaq, koalisiyalı kabinet yaratmaq xahişi ilə yenidən müraciət edir: "Mən ikinci dəfə xalq adından Sizə müraciət edirəm, Vətən üçün belə ağır bir vəziyyətdə hökumət qurmaq kimi məsuliyyətli işdən imtina etməyəsiniz və öz üzərinizə koalisiyalı kabinet təşkil etmək vəzifəsini götürəsiniz. Ümid edirəm ki, mənim xahişimi yerinə yetirəcəksiniz, belə ki, Parlament fırqələri yekdil olaraq Sizin namizədliyiniz üzərində dayandılar və Sizi bu postda görməyi israrla arzu edirlər”.

Bu məktubu 1918-ci il 21 dekabr sayında dərc edən "Azərbaycan” qəzeti oxucularına belə bir məlumat verirdi ki, Fətəli Xan israrlı dəvətlərdən sonra hökumət təşkil etməyi öz üzərinə götürdü. Bütün bunlar Fətəli Xanın hökumət başçısı kimi, doğrudan da, əvəzedilməz şəxs olduğunu göstərirdi və zəmanəsinin görkəmli dövlət xadimləri onu məhz bu cür şəxsiyyət saydıqlarını qətiyyən gizlətmir, belə bir insanla çiyindaşlıq etməkdən qürur duyurdular. Hökumətin başında durduğu zaman etibarı ilə əslində, çox qısa, görülən işlərin həcminə görəsə həsəd və heyrət doğuran müddətdə Azərbaycanın daxili və xarici siyasət məsələləri ilə bağlı problemləri necə həll olunmuşdu?

F.X. Xoyski 1918-ci il dekabr ayının 7- də Azərbaycan parlamentinin açılışında söylədiyi nitqində sanki bu suala cavab verib: "Bugünkü müqəddəs gündə ölkəmizin taleyinin öz əlimizdə olduğu bir vaxtda hökumət adından hörmətli parlament üzvlərini salamlayıram". O, hökumətin 6 ay ərzində Azərbaycanda dövlətçiliyin möhkəmləndirilməsi sahəsində görülmüş çox böyük işlərdən danışır və xüsusilə ölkədə anarxiyanın aradan qaldırılmasını qeyd edir. Özü də bütün bunlar "hökumətin heç bir qoşuna və vasitəyə malik olmadığı şəraitdə həyata keçirilmişdir”, - deyir. "Altı ay ərzində biz ölkəni anarxiya və xaosdan çıxarmaq üçün fəaliyyət göstərmişik: qayda-qanun yaratmış, polis təsis etmiş, məhkəmə qurmuş, dəmir yolunda hərəkəti bərpa etmiş, az-çox dərəcədə poçt-teleqraf və digər müəssisələrin işlərini qaydaya salmış, ölkəni maliyyə çətinliyindən çıxarmışıq... Doğrudur, işimizdə çatışmazlıqlar və nöqsanlar çoxdur. Ancaq nəzərə alın ki, bu işlər son dərəcə gənc, çoxillik dövlətçilik təcrübəsinə, bundan əlavə heç bir vasitəyə və real gücə malik olmayan bir hökumət tərəfindən görülmüşdür. Yuxanda qeyd olunanları yerinə yetirdikdən sonra hökumətin qarşısında başqa, daha mühüm və daha çətin vəzifə Azərbaycanın paytaxtı Bakı şəhərinin onu xəyanətkarcasına işğal etmiş, xalqların azadlığı və qardaşlığı və s. barədəki hay-küyləri Bakılı müsəlman kişiləri və qadınları məhv etmək hərəkətləri ilə uyğun gəlməyən partiyadan (müdafiəsiz bakılılar soyqırımından canlarını qurtarıb İrana, Dağıstan dağlarına qaçmış, müxtəlif ölkələrə dağılıb alçaldıcı qaçqın həyatı yaşamışdılar) geri alınması dururdu. Bu mühüm və çətin vəzifə hökumətin müraciət etmək məcburiyyətində qaldığı Türk qüvvələrinin köməyi ilə hökumət tərəfindən yerinə yetirildi... Biz bacardığımız qədər hər şeyi etdik, ola bilər ki, səhvlərə də yol verdik, ancaq işlədik, yalnız bir məqsədlə - Vətənin rifahı naminə çalışdıq”. ("Azərbaycan qəzeti 1918-ci il, 10 dekabr).

Həmin nitqində Fətəli Xan mövcud çətinliklərlə üzləşən gənc dövləti dalğalar qoynunda yırğalanan qayıqla müqayisə edərək deyirdi: "bu qayığı qayalar arasından elə keçirmək lazımdır, o, büdrəməsin və daşlara toxunub parçalanmasın".

Fətəli Xan və Cümhuriyyətin digər rəhbərləri Bakının alınmasını müstəqilliyə bərabər bir addım kimi qiymətləndirir və bu qənaətlərində qətiyyən mübaliğəyə yol vermirdilər. Çünki o dövrdə dünyanın neft sənayesi üzrə ən mühüm mərkəzlərindən biri olan bu şəhərin müstəqil dövlətin paytaxtına çevrilməsinin gənc respublikanın mövcudluğu üçün həm çox böyük siyasi, həm iqtisadi, həm də mənəvi- psixoloji əhəmiyyəti vardı. Bütün Cənubi Qafqazda az qala diqqətini tamamilə Bakıya yönəltmiş Qərbin dəstəyinə nail olunması bu şəhərin onu işğal etmiş düşmən qüvvələrin əlindən təcili surətdə geri alınmasını tələb edirdi və Azərbaycanın gənc dövləti bu mühüm missiyanı şərəflə yerinə yetirməyi bacardı.

"Azərbaycan" qəzetinin 22 dekabr 1918-ci il sayında dərc edilmiş müsahibə Fətəli Xanın kimliyinin daha bir təsdiqidir.

"Biz ağır dövr yaşayırıq. Qarşıda yeni həyat formaları yaratmaq kimi nəhəng işlər durur və bunun üçün bəzən partiya mənsubiyyətindən, bu və ya digər millətin nümayəndəsi olmasından asılı olmayaraq respublikanın bütün qüvvələrini səfərbər etmək lazımdır. Mən bu niyyətlərlə mümkün namizədlərlə danışıqlara başlamışam. Danışıqlar iki gündür davam edir və mən belə bir kədərli faktı deməyə məcburam ki, parlamentin mənim üzərimə qoyduğu vəzifəni yerinə yetirəcəyimə ümid çox azdır. Mən kabinet yaratmaqdan imtina edəcəyəm.

İcazə verin öyrənək, hansı səbəblərə görə?

Səbəblər çoxdur, ən başlıcası, maraqların və tələblərin son dərəcədə ziddiyyətli olmasıdır ki, mən bunları razılaşdırmağın mümkün olacağını görmürəm.

Milli, yaxud partiya xarakterli tələblər və maraqlar?

Daha çox şəxsi.

Danışıqların nəticələri nə vaxt aydınlaşa bilər?

Bu gün, yaxud sabah. Ancaq təkrar edirəm, mən danışıqların nəticələrinə hədsiz pessimistcəsinə yanaşıram.

Onda çıxılmaz vəziyyət yaranır. Əgər Siz, parlament fraksiyalarının etimadını qazanmış şəxs bu vəzifənin öhdəsindən gələ bilmirsinizsə, bunu başqası heç bacarmaz.

Nəyə görə, bəlkə başqası bacaracaqdır. Hər bir siyasi xadimin öz prinsipləri və öz dünyagörüşü var. Mənim dünyagörüşüm kabinet yaratmaqda qarşılaşdığım ziddiyətləri razılaşdırmağa imkan vermir, ancaq ola bilər ki, başqası kəskin ucları yumşaldar və barışıq xəttini tapar. Mən bütün son gücümü toplamağa və vətənin rifahı naminə verməyə hazır olduğumu demişəm, ancaq elə hədlər var ki, mən heç vaxt adlayıb keçə bilmərəm..."

Nəticə özünü çox gözlətmədi. Həqiqi dövlət adamı mövqeyi və prinsipiallıq yeni hökumət kabinetinin formalaşdırılması ilə nəticələndi. Parlament fırqələri sədrləri kabinet yaradılması ilə əlaqədar məsələni müzakirə edərək belə bir qərara gəlmişdirlər: "Konvent senyorları ölkənin indiki məsuliyyətli və böhranlı vəziyyətində kabinetin təşkilində sonrakı ləngimələri qəti arzuedilməz hesab edərək, F.X. Xoyskidən onun qarşısında kimin tərəfindən qaldırılmasından asılı olmayaraq, heç bir maneə və şərtlə hesablaşmadan özünün lazım bildiyi kimi təcili surətdə Nazirlər Şurasının təşkilinə başlamağı israrla xahiş etməyi qərara aldı".

İki gün sonra Parlamentin növbəti iclasında F.X. Xoyski yeni kabinetin təşkili və hökumətin proqramı barədə hesabat verdi. Hökumətin bəyannaməsində "Başlıca vəzifə bölməsində deyilirdi: "Bizim birinci və əsas vəzifəmiz ... Azərbaycanın müstəqilliyidir".

Təsadüfi deyildi ki, Azərbaycanda koalisiyalı hökumətin təşkili respublikadakı xarici missiyalar, xüsusilə müttəfiq dövlətlərin nümayəndəsi general Tomson tərəfindən də yüksək qiymətləndirilmişdi. Tomson 28 dekabr bəyannaməsində deyirdi: "F.X. Xoyskinin sədrliyi altında Koalisiyalı Azərbaycan hökumətinin təşkil edilməsi ilə əlaqədar müttəfiq komandanlıq bu hökumətə Azərbaycan hüdudlarında yeganə yerli qanuni hakimiyyət kimi hərtərəfli köməklik göstərəcəkdir".

Bu bəyannamə müstəqil Azərbaycanın yaşaması üçün ən zəruri beynəlxalq təminatlardan biri kimi xüsusi əhəmiyyət daşıyırdı və ona elə həmin gün dövlət tərəfindən dərhal reaksiya verilmişdi.