İki sahil. - 2018.- 14 mart. - ¹ 48. - S. 13.

 

AXC-nin Parlamenti necə yarandı?

 

Vəli İlyasov

 

Azərbaycan  Xalq Cümhuriyyətinin yaradılması  tariximizinən  ən şərəfli səhifələrindən biridir.  Çünki bu tarix Azərbaycanın dövlət müstəqilliyinin elan olunduğu tarixdir, Azərbaycanın öz ərazisinə sahib çıxdığı, dünya dövlətləri sırasına qoşulduğu bir gündür. Yəni bu, adi tarixlərdən deyil.

Həmin dövrdə zaman məsələni kəskin qoymuşdu. Məsələnin mahiyyəti ondan ibarət idi ki, Rusiya imperiyası dağılmış, onun tərkibində olan xalqların müstəqilliyi üçün əlverişli şərait formalaşmışdı. Əsarətdə inləyən xalqların öz talelərini həll etmələri üçün zəmin yaranmışdı. Baxmayaraq ki, o vaxtlar Zaqafqaziya Seymi zəif də olsa fəaliyyət göstərirdi, amma o da son aylarını  yaşayırdı. Şəraiti düzgün qiymətləndirən  gürcülər Almaniyanın vədlərinə arxalanıb seymdən çıxdılar. Ermənilər də həmişəki kimi xaricdən dəstəkləri olduğu üçün həmin addımı atmağa hazırlaşırdılar. Amma Azərbaycan xalqı özü öz taleyini həll etməli idi. Çünki gürcülərdən  və ermənilərdən fərqli olaraq Azərbaycanın bölünmə ehtimalı var idi. Dişini qıcamış bolşeviklər və  bəzi güclər Azərbaycanın ərazisini  işğal etmək niyyətinə düşmüşdülər. Həmçinin bolşeviklərin planına görə, ərazilərimizin bir neşə yerə, Bakı şəhərinin isə ayrıca bir quberniya kimi Rusiyanın tərkibinə qatılması təhlükəsi var idi. Yəni, 1918-ci ildə siyasi reallıq belə idi. Xalqımız ya ayağa qalxıb öz dövlətini qurmalı,  ya da torpağımız parçalanıb bölünməli idi.

Belə mürəkkəb və təhlükəli məqamda  Azərbaycanın tarixi taleyini həll etmək iqtidarında olan ziyalılarımız, ictimai-siyasi xadimlərimiz bu reallığı dərk edərək müstəqilliyimizin elan olunması üçün mübarizəyə qalxdılar. Onların bir qrupu Avropada təhsil almışdılar, digərləri isə yüksək demokratik düşüncəyə sahib idi. Həmin insanlar Azərbaycanın tarix qarşısında bu çətin məsuliyyətini kifayət qədər dərk edib ardıcıl mübarizə apararaq Azərbaycanın  istiqlaliyyətini elan etdilər. Parlamentin iclasında 120 deputatdan 79 nəfəri müstəqilliyə səs verdi. 21  nəfər erməni və 10 nəfər rus deputat buna etiraz olaraq parlamentin iclasında iştirak etmədilər. Nəzərə alaq ki, o dövrdə  də ermənilərin ölkəmizə qarşı ərazi iddiaları var idi və bu məsələdə xaricdən  dəstək alırdılar. Onlar tələb edirdilər ki, Azərbaycan Rusiyanın tərkibində qalsın. Bu, Azərbaycan xalqına görünməmiş xəyanət və bolşevik hökumətinə yarınmaq nümunəsi idi. Çar imperiyasını əvəz edən  bolşevik imperiyası sələfinin Azərbaycana qarış  iddialarından əl çəkməmişdi. Lakin qurucu babalarımız imperiyanın mənafeyinə zidd olan  qərarlar qəbul etdilər.  Bütün çətinliklərə baxmayaraq, həmin  müstəqil dövlət qurdular. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, tariximizdə şanlı və şərəfli yer tutur. Azərbaycan dövləti və xalqı həmin tarixlə qürur duyur. Təsadüfi deyil ki, ümummilli liderimiz Heydər Əliyev indiki müstəqil dövlətimizin Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan edib.

Bir faktı xüsusilə vurğulamaq lazımdır ki,  Azərbaycan Şərqdə ilk parlamentli respublika olub və maraqlı yaranma tarixi var.

Parlamentin açılışı 1918-ci il dekabrın 3-ə təyin olunsa da, Bakıda fəaliyyət göstərən rus və erməni Milli Şuraları Azərbaycan Parlamentinin açılmasına  mane olmaq üçün bu ərəfədə Bakıya gəlmiş müttəfiq qoşunlarının baş komandanı, ingilis  generalı Tomsondan istifadə etməyə çalışırdılar. General Tomsonla aparılan danışıqlarla əlaqədar olaraq və qəzalardan bütün deputatların Bakıya gələ bilməsini nəzərə alaraq Parlamentin ilk iclasının açılışı dekabrın 7-nə keçirilmişdi. 1918-ci il dekabrın 7-də  Hacı Zeynalabdin Tağıyevin Nikolayev (indiki İstiqlaliyyət) küçəsində yerləşən keçmiş qızlar gimnaziyasının  binasında müsəlman Şərqində ilk Parlamentin birinci iclasının açılışı oldu. Həmin iclasda Əlimərdan bəy Topçubaşov Parlamentin sədri, Həsən bəy Ağayev isə sədrin birinci müavini seçildilər. Parlamentin 3 nəfərdən ibarət katibliyi də seçildi. Mehdi bəy Hacınski baş katib seçildi. Ancaq vəziyyət o qədər gərgin idi ki, Ə. Topçubaşov Parlamentin sədri kürsüsündə əyləşməyə imkan tapmadı. Çünki ilin çox aylarını xarici ölkələrdə keçirir, Azərbaycanın müstəqilliyini Avropa dövlətlərinə qəbul etdirməyə çalışırdı. Həmin tarixi iclasda o, Paris sülh konfransında iştirak etmək üçün Fransada səfərdə idi və iclası sədrin birinci müavini Həsən bəy Ağayev apardı.

Azərbaycan Parlamenti yarandığı ilk gündən öz işlərini demokratik respublikalara məxsus olan  təşkilati prinsiplər əsasında qurdu. Artıq 1919-cu ilin axırlarına yaxın Parlamentdə 11 müxtəlif partiya fraksiyası və qrupunu cəmi 96 deputat təmsil edirdi. Bütün partiya fraksiyaları və qrupları öz fəaliyyət proqramları haqqında bəyanatlar verdilər. Bu bəyanatlarda ümumi bir məqsəd var idi - gənc Azərbaycan Cümhuriyyətinin müstəqilliyini və ərazi toxunulmazlığını, milli və siyasi hüquqlarını qoruyub saxlamaq, Azərbaycan xalqının və hökumətinin digər xalqlar və dövlətlərlə, xüsusilə, qonşu dövlətlərlə dostluq əlaqələrini yaratmaq və möhkəmləndirmək, respublikada hüquqi-demokratik dövlət quruluşunu bərqərar etmək, geniş sosial islahatlar həyata keçirmək, ölkəni müdafiə edə biləcək  ordu yaratmaq. Cəmi 17 ay fəaliyyət göstərməsinə baxmayaraq,  Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti özünün  yüksək işgüzarlıq qabiliyyətini sübut etdi. Göstərdi ki,  Azərbaycan xalqı, həqiqətən, parlament idarəçiliyi səviyyəsinə yüksəlib.

 

Ümumilikdə fəaliyyətdə olduğu müddətdə  Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 145 iclası keçirilib. İlk iclas 1918-ci il dekabrın 7-də, son iclas isə 1920-ci il aprelin 27-də olub. Bolşeviklərin güclü təhdidləri və təzyiqləri altında keçən son iclasda hakimiyyətin bolşeviklərə verilməsi məsələsi müzakirə olundu və ertəsi gün, yəni aprelin 28-də Dərbənddə hazır vəziyyətdə gözləyən XI Qızıl Ordu adlandırılan işğalçı qoşun onun yolunu kəsməyə çalışan kiçik bir silahlı dəstənin müqavimətini qıraraq Bakıya daxil oldu. Bununla da Azərbaycan yenidən 70 illik imperiya əsarətinə düşdü.

Fəaliyyəti dövründə  Azərbaycan Cümhuriyyəti Parlamentinin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılıb ki, onlardan da 230-a yaxını təsdiq edilib. 2008-ci ildə  Milli Məclisdə Azərbaycanın ilk Parlamentinin 90 illiyi təntənəli şəkildə qeyd olundu. Bu il isə Azərbaycan Xalq Cümhuriyyətinin  100 illiyi də yüksək səviyyədə qeyd olunacaq. Yaxınlaşmaqda olan may ayında biz həmin təntənələrin həm şahidi, həm də iştirakçısı olacağıq.