Yeni Azərbaycan.- 2018.- 14 mart.- ¹ 48. - S.5.

 

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və fəaliyyəti xalqımızın zəngin dövlətçilik tarixində çox mühüm bir mərhələni təşkil edir

 

Mübariz Abdullayev

 

Bu gün müstəqil respublikamız 100 il bundan əvvəl təməli qoyulan milli, müasir və demokratik dövlət quruculuğu ənənələrinə sadiqlik nümayiş etdirir və onları yeni mütərəqqi çalarlarla daha da zənginləşdirir

Müstəqil milli dövlətə sahib olmaq hər bir xalqın ən böyük uğuru və tarixi nailiyyətidir. Bu mənada Azərbaycan xalqını xoşbəxt xalq adlandırmaq mümkündür. Xalqımız tarix boyu yadellilərlə mübarizə apararaq yurd yerlərini istilalardan qoruyub, həmişə də öz taleyinin sahibi olmağa, özünün müstəqil dövlətini qurmağa can atıb. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın zəngin dövlətçilik tarixində çox mühüm bir mərhələni təşkil edir. Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublika idi. AXC dövlət quruculuğunda, idarəetmədə bir sıra yeni, mütərəqqi ənənələrin əsasını qoyub. Bu gün müstəqil respublikamız, xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə böyük qürur hissi və hörmətlə yanaşır. 2018-ci ilin respublikamızda “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi dövlətimizin 1918-ci ildə qurulan respublikanın Azərbaycanın dövlətçilik tarixindəki yerinə və roluna verdiyi böyük önəmin ifadəsidir.

Azərbaycan Xalq Cümhuriyyətini yaratmaqla xalqımız müstəqil yaşamaq əzmini bütün dünyaya nümayiş etdirib

 

Tarix boyu Azərbaycanın ərazisində müxtəlif dövlətlər qurulsa da, ayrı-ayrı səbəblər üzündən uzun müddət yaşaya bilməyib. Xalq Cümhuriyyətinin yaradılması, əslində, 1828-ci ildə baş tutan işğaldan sonra xalqımızın itirilmiş dövlətçiliyinin bərpası idi. Bu faktın özü cümhuriyyətin yaradılmasının nə qədər önəmli hadisə olduğunu bir daha təsdiqləyir. Bununla xalqımız müstəqil yaşamaq əzmini bütün dünyaya nümayiş etdirdi. Siyasi şərhçilərin də vurğuladıqları kimi, əgər 1918-ci ildə Xalq Cümhuriyyəti qurulmasaydı, sonrakı mərhələdə SSRİ təşkil olunarkən Azərbaycan, bəlkə də, bu İttifaqın tərkibinə müttəfiq respublikalardan biri kimi yox, muxtar-avtonom vilayət kimi daxil olardı. Eyni zamanda, tarixdə Azərbaycan Xalq Cümhuriyyəti olmasaydı, SSRİ-nin dağılmasından sonra ölkəmiz Rusiya Federasiyasının subyekti kimi hüquqi status qazana bilərdi.

Deyilənlərin təsdiqi olaraq vurğulamaq yerinə düşər ki, xalqımız ötən əsrin 90-cı illərinin əvvəllərində keçmiş SSRİ-nin süqutu ilə tarixi şərait yaranan kimi, XX əsrdə ikinci dəfə öz müstəqil dövlətini qurdu. Artıq 27 ildir ki, Azərbaycan müstəqillik yolu ilə inamla irəliləyir. Müstəqil yaşamaq, öz taleyinin sahibi olmaq xalqımıza böyük uğurlar qazandırıb. Bu gün ölkəmiz regional və qlobal miqyasda gedən proseslərə təsir göstərmək iqtidarında olan güclü aktora çevrilib, bütün dünyada ləyaqətli ölkə kimi tanınır. Qısa müstəqillik tarixində respublikamızın 155 dövlətin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi Azərbaycanın beynəlxalq nüfuzunun kifayət qədər yüksək olmasından xəbər verir. Müstəqil Azərbaycan heç kimdən asılı olmadan, heç kimdən kömək gözləmədən inkişaf edir və bütün sahələrdə öz qüdrətini artırır. Azərbaycan o ölkələrdəndir ki, özünün milli maraqlarının keşiyində qətiyyətlə dayanır və heç kəs onunla diktat dili ilə danışa bilməz.

 

Müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir

 

Yuxarıda vurğuladığımız kimi, tarixin müxtəlif dönəmlərində Azərbaycan ərazisində yaradılan bir sıra dövlətlər müxtəlif səbəblərdən süquta uğrayıb. Ötən əsrin əvvəllərində AXC-”Müsavat” iqtidarının təmsilçilərinin ambisiyaları və səriştəsizlikləri də çox qısa müddətdə müstəqilliyimizi uçurumun kənarına gətirib çıxartmışdı. Naşı idarəçilik, səngimək bilməyən siyasi çəkişmələr ölkə həyatını, əslində, iflic etmişdi. Vəziyyət o həddə çatmışdı ki, AXC-nin acı taleyi təkrarlana, XX yüzillikdə ikinci dəfə qazanılan müstəqillik yenidən tarixin arxivinə qovuşa bilərdi.

Azərbaycanın XX yüzillikdə ikinci dəfə qazandığı müstəqilliyini 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə respublikanın siyasi rəhbərliyinə gələn Ulu öndər Heydər Əliyev xilas etdi. Ümummilli liderin idarəetmə sükanı arxasına keçməsi ilə müstəqil respublikamızın yeni bir inkişaf mərhələsi başladı. Onun müdrikliyi, uzaqgörənliyi sayəsində ölkə xaosdan qurtuldu və inkişafa istiqamətləndi.

Ulu öndər Heydər Əliyev müstəqil respublikamızın Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bildirirdi və cümhuriyyət ideyalarının ölkədə daha geniş şəkildə yayılmasına çalışırdı. Azərbaycan Xalq Cümhuriyyətinin atributlarının Müstəqil Azərbaycan Respublikasının dövlət rəmzləri kimi qəbul edilməsi Ulu öndərin müstəsna xidməti idi. Naxçıvan Ali Sovetinin Heydər Əliyevin Sədrliyi ilə keçirilən 1990-cı il 17 noyabr tarixli sessiyasında çıxarılan qərarlar Ulu öndərin milli təəssübkeşliyinin, cümhuriyyət ideyalarına sədaqətinin təzahürü idi. Sessiyada Heydər Əliyevin təşəbbüsü əsasında Azərbaycan Xalq Cümhuriyyətinin o vaxtlar çoxlarının tanımadığı üçrəngli bayrağı Naxçıvan Ali Məclisində qaldırıldı və dövlət rəmzi kimi qəbul olundu. Sonradan - 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxaraq üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verdi. Bu gün zamanında Naxçıvan Ali Məclisində üçrəngli bayrağımızın dövlət rəmzi kimi qəbul olunmasına qərar verilməsi kimlərəsə adi görünə bilər. Lakin unutmamalıyıq ki, bu tarixi hadisə imperiyanın hələ ayaqüstə olduğu bir dövrdə baş vermişdi.

Sonrakı mərhələdə də Ümummilli lider Heydər Əliyev Cümhuriyyət ideyalarına yüksək ehtiram nümayiş etdirdi. Ulu öndər Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi, eləcə də Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında sərəncamlar imzalayıb.

Ümummilli liderin əsasını qoyduğu Cümhuriyyət ideyalarının yaşadılması və yeni çağırışlara uyğun daha da zənginləşdirilməsi siyasəti son 15 ildə də eyni ardıcıllıqla davam etdirilib. Respublikamızda dövlət başçısı tərəfindən Xalq Cümhuriyyətinin 90 və 100 illik yubileylərinin keçirilməsi haqqında müvafiq sərəncamların imzalanması deyilənlərin təsdiqidir. Cari ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar bütün ölkə boyu müxtəlif məzmunlu tədbirlər keçirilir və Cümhuriyyət ideyaları yüksək səviyyədə təbliğ olunur.

 

AXC-nin dövlət idarəçiliyi sahəsində dünyaya bir sıra ilklər təqdim etməsi qürurverici haldır

 

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, əslində, xalqımızın milli kimliyinin, hansı arzularla, ideallarla yaşamasının son dərəcə parlaq təcəssümü idi. AXC-nin hələ ötən əsrin əvvəllərində dünyaya bir sıra ilklər təqdim etməsi qürurverici haldır.

Məlumdur ki, bu gün Avropanın ayrı-ayrı dövlətləri ilk növbədə demokratik cəmiyyət quruculuğunu özlərinin üstün cəhətləri kimi dünyaya təqdim etməyə çalışırlar. Halbuki Azərbaycan xalqı demokratiya ilə bağlı öz seçimini hələ yüz il bundan əvvəl etmişdi. İndiki dövrdə gender bərabərliyi qlobal miqyasda çox aktual mövzulardan biridir. Biz fəxr edə bilərik ki, Azərbaycan Xalq Cümhuriyyəti hələ yüz il bundan əvvəl qadınların seçmək və seçilmək hüququnu tanımışdı. Xalq Cümhuriyyəti respublikada demokratik dəyərlərin, o cümlədən də söz və mətbuat azadlığının təmin olunmasını özünün təməl prinsiplərindən biri kimi bəyan etmişdi. Xalq Cümhuriyyətində milli, dini mənsubiyyətə fərq qoyulmadan respublikanın bütün vətəndaşlarının hüquq və azadlıqları təmin edilirdi. Hazırda dünyada getdikcə artan gərginliklər fonunda multikulturalizmlə, tolerantlıqla bağlı çağırışlar böyük aktuallıq daşımağa başlayıb. Azərbaycan isə bu gün olduğu kimi, yüz il bundan əvvəl də cəmiyyətin multikulturalizm ənənələrinə böyük hörmətlə yanaşırdı.

Öz növbəsində müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrini uğurla davam etdirir və yeni çalarlarla daha da zənginləşdirir. Azərbaycanda azad, demokratik cəmiyyət quruculuğuna nail olunması ölkəmizin müstəqillik illərində əldə etdiyi ən böyük uğurlardan biri kimi dəyərləndirilir. Müstəqil Azərbaycan azad, demokratik ölkə kimi uğurla inkişaf edir. Qısa müstəqillik tarixində respublikamızda hüquqi dövlət quruculuğu yolunda çox vacib uğurlar qazanılıb. Ölkədə söz, vicdan, sərbəst toplaşmaq azadlığı, siyasi plüralizm tam təmin edilib.

Azərbaycanın demokratik dəyərlərə, fundamental insan və vətəndaş hüquq və azadlıqlarına sadiqliyi Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Konstitusiya və digər hüquqi sənədlərlə təsbit olunub. Azərbaycan dövləti daim ölkə Konstitusiyası və digər müvafiq qanunvericilik aktları ilə təsbit olunan demokratik prinsiplərə sadiqlik nümayiş etdirir. Bu gün dünyada mətbuatın Azərbaycan qədər azad olduğu və mətbuat işçilərinin sosial müdafiəsinin yüksək səviyyədə təmin edildiyi ölkələrin sayı çox azdır. Respublikanın bütün bölgələrində insanların internetə sərbəst çıxışı təmin olunub və ölkə əhalisinin təxminən 80 faizi internet resurslarından bəhrələnir.

Azərbaycanda hər sahədə müşahidə edilən dinamik inkişafla paralel surətdə cəmiyyətdə vətəndaş fəallığının artması da məmnunluq doğurur. Respublikamızda vətəndaş fəallığının artırılması, cəmiyyətin dövlət siyasətinin həyata keçirilməsində rolunun təmin edilməsi təşviq olunur, eyni zamanda, dövlət üçüncü sektorun inkişafına əməli dəstək verir, davamlı olaraq təşkilati-hüquqi və maliyyə yardımları göstərir.

Onu da qeyd etmək lazımdır ki, ölkəmizdə ayrı-ayrı sahələrdə şəffaflığın təmin olunması, demokratiyanın dərinləşməsinə xidmət edən islahatların həyata keçirilməsi və bu məqsədlə hüquqi-qanunvericilik bazasının təkmilləşdirilməsi davamlı prosesə çevrilib. Ölkəmizdə son Konstitusiya islahatları ilə bağlı 2016-cı il sentyabrın 26-da keçirilən ümumxalq səsverməsi müstəqil respublikamızda demokratiyanın daha da dərinləşməsi istiqamətində növbəti uğurlu addım oldu.