Bakı Xəbər.-2018.-7 mart.-¹44.-S.13.

 

Tarixdə iz buraxanlar: Əhməd bəy Ağaoğlu

 

Fazil Qaraoğlu,

professor

 

Əhməd bəy Ağaoğlu 1869-cu ildə Şuşa şəhərində anadan olub. Atası Mirzə Həsən bəy, anası Tazə xanımdır. Əhməd bəy ilk təhsilini mollaxanada alıb, daha sonra rus qimnaziyasında oxuyub. Sonra təhsilini davam etdirmək üçün Avropanın mərkəzinə – Parisə gedib. 1888-ci ildə Paris hüquq məktəbinə daxil olan Əhməd bəy Ağaoğlu təhsilini davam etdirməklə yanaşı, şəhərin ədəbi-elmi mühiti ilə ünsiyyət yarada bilib. O, məşhur avestaşünas C. Darmstaterin vasitəsilə Fransanın məşhur alim və ədibləri ilə yaxından tanış olub.

Əhməd bəy Ağaoğlunun fransız mətbuatında müntəzəm çıxışları 1890-cı ildən başlayır.  O, “Jurnal de Deba”, “Nuvel Revyu” və başqa mətbuat orqanlarında Şərqin tarixi, mədəniyyəti, ədəbiyyatı haqqında məqalələr dərc etdirir. Məhz bu illərdən başlayaraq o, Tiflisdə çıxan “Qafqaz” qəzeti ilə əməkdaşlığa başlayır və bu əməkdaşlıq onun publisistik fəaliyyətinin canlanmasında mühüm rol oynayır.

Fransada təhsilini bitirib Vətənə dönmək istəyən Əhməd bəy Ağaoğlunun qeyri-adi istedadını duyan müəllimi, görkəmli filosof, tarixçi və ədəbiyyatşünas Ernst Renan: “Sən dünya miqyasında alim olacaq səviyyədə bir insansan, məmləkətinə getmə, Şərq səni udar”– deyib. Fəqət Əhməd bəy sevimli müəlliminin təkidli israrına baxmayaraq Vətənə dönmək, Qərbdə öyrəndiklərini xalqına, millətinə çatdırmaq niyyətində olduğunu bildirib. O, Vətənə döndükdən sonra bir müddət Şuşa Realnı məktəbində fransız dilindən dərs deməyə başlayıb.

Əhməd bəy Ağaoğlu bu dövrdə “Məşriq” adlı qəzet çıxarmaq üçün Peterburq Baş Mətbuat İdarəsinə müraciət edirsə də, ona bu niyyətini gerçəkləşdirməyə icazə verilmir. 1897-ci ildə milyonçu Hacı Zeynalabdin Tağıyevin dəvətilə Bakıya gələn Əhməd bəy Ağaoğlu Əlimərdan bəy Topçubaşovun redaktorluğu ilə nəşr olunan “Kaspi” qəzetilə əməkdaşlıq etməklə yanaşı, həm də Ali Ticarət Məktəbində fransız dili müəllimi işləyir. 1898-1904-cü illərdə “Kaspi” qəzetində Əhməd bəyin ədəbiyyatımız, mədəniyyətimiz, sosial-siyasi həyatımız, dini dünyagörüşümüz barəsində çox sayda yazıları çap olunub. Əhməd bəy 1905-ci ildə nəşrə başlayan “Həyat” qəzetinə Əli bəy Hüseynzadə ilə birlikdə redaktorluq edib, daha sonra “İrşad”, “Tərəqqi” və rusca “Proqres” qəzetini çıxarıb. O, bu dövrdə fəal siyasi mübarizəyə qoşulub, 1906-cı ilin payızında “Divai” firqəsinin əsasını qoyub. Bu firqə Azəri türkünün siyasi təfəkkürünün, milli mənlik şüurunun formalaşmasında, xüsusilə erməni-daşnak təcavüzündən qorunmasında müstəsna xidmətlər göstərib.

1909-cu ildə Əhməd bəy Ağaoğlu Türkiyəyə mühacirət edərək ədəbi-elmi və siyasi fəaliyyətini orada davam etdirib. Azərbaycanı tərk etməsinin səbəbini ədib öz xatirələrində belə əsaslandırır: “Şiddətli təqib edilənlər arasında idim. İş elə bir dərəcəyə gəlmişdi ki, artıq daha izzəti-nəfsimin deyil, ailəmin də sakitliyi və salamatlığı təhlükə altına düşmüşdü. 1908-ci ildə Türkiyədə tanıdığım bəzi şəxslər iş başına gəlmişdilər. Digər tərəfdən Qafqaz canişini vəzifəsinə təyin olunan Vorontsov-Daşkov məni necə olursa-olsun, həbs etdirib sürgünə göndərməyə qərar vermişdi. Bunu öyrənən kimi mən dərhal qaçmağa qərar verdim”.

Qeyd edək ki, Əhməd bəy Ağaoğlunun siyasi qovğaların ən mürəkkəb bir dövründə Azərbaycanı tərk etməsi ölkənin ziyalılarını son dərəcə sarsıtmışdı. Əliabbas Muznib bu hadisə ilə bağlı yazırdı: “...Onun getməsi Qafqaz əhalisini başsız, böyüksüz buraxmaq kimidir. Çünki o, dilsizlərin dili, karların qulağı, korların gözü idi...”

Əhməd bəy Ağaoğlu Türkiyədə özünün ciddi fəaliyyəti nəticəsində çox keçmədən türkçülük hərəkatının liderlərindən biri kimi tanınır, mətbuat orqanlarında çıxış edir, “Tərcümani-həqiqət” qəzetinin redaktoru olur, Osmanlı parlamentinə millət vəkili seçilir, həmçinin İstanbul Universitetində rus dili və ədəbiyyatından mühazirələr oxuyurdu.

Əhməd bəy Ağaoğlu 1915-ci ildə Rusiyada yaşayan milli azlıqların Lozannada keçirilən konfransında Azərbaycanı təmsil edib. Cümhuriyyət dövründə Qafqaz İslam Ordusunun müşaviri kimi Azərbaycana gələn ədib Bakının erməni-daşnak təcavüzündən xilas olaraq ölkənin paytaxtına çevrilməsində yaxından iştirak edib.

Əhməd bəy Ağaoğlu bu dövrdə Gəncədə “Türk sözü” adlı qəzet çıxarıb, parlamentin üzvü seçilib. O, 1919-cu ildə Paris sülh konfransına getməyə hazırlaşdığı ərəfədə İstanbuldakı ingilis işğalçı hərbi komandanlığı tərəfindən saxta ittihamlarla həbs olunaraq Malta adasına sürgün edilib. 1921-ci ilin may ayında sürgündən azad olunan Əhməd bəyin Romadan Nəriman Nərimanova yazmış olduğu məktub onun keçirdiyi əzablı sürgün həyatından bəhs edir, böhran və sarsıntılarını əks etdirir: “...Mütaliələr, düşüncələr və bu müddətdə aldığım təcrübələr məni dərin və qəti bir imana gətirdi ki, istər Şərqdə, istərsə də Qərbdə bütün ictimai üsul və ictimai quruluş yalan, güclülərin gücsüzləri əzməkləri üzərində durmaqdadır. O şeyə ki, mədəniyyət, hürriyyət, müsavat deyilir, zərərli bir yalan, alçaq bir riyakarlıqdır ki, onların sayəsində ancaq qaba zülm və haqsızlıq səltənəti qurula bilər. Bu üsuli-idarə öz yalan riyakarlığı ilə davam etdikcə bəşəriyyətə qurtuluş yoxdur və bəşəriyyət əziyyətə məhkumdur.”

Məktubda Nəriman Nərimanovdan Azərbaycana gəlmək üçün şərait yaratmağı xahiş edən Əhməd bəy Ağaoğlu az sonra bu fikrindən daşınaraq Türkiyədə qalıb işləməyi üstün tutub. O, yeni qurulan Türkiyə Cumhuriyyətində Mətbuat Baş müvəkkili kimi yüksək vəzifə tutub, Atatürk ideyalarını dəstəkləyən “Hakimiyyəti-milliyyə” qəzetinin baş redaktoru olub, Anadolu agentliyinə rəhbərlik edib. Əhməd bəy, həmçinin, Böyük Millət Məclisinə üzv seçilib, bununla yanaşı Ankara Universitetində mühazirələr oxuyub.

Ötən əsrin 20-30-cu illəri Əhməd bəy Ağaoğlu üçün yaradıcılıq baxımından daha zəngin və uğurlu olub. Bu dövrdə onun “Üç mədəniyyət”, “Hindistan və İngiltərə”, “Sərbəst insanlar ölkəsində”, “Dövlət və fərd”, “Türk təşkilati-əsasiyyəsi”, “Türk hüquq tarixi” və başqa əsərləri nəşr olunub. Əhməd bəy Ağaoğlunun yaradıcılığında xüsusi yer tutan “Üç mədəniyyət” traktatı 1920-ci ildə Maltada sürgündə ikən yazılıb, fəqət ilk dəfə 1927-ci ildə İstanbulda nəşr olunub. Əsər ədibin dünyagörüşünün konseptual tərəflərini öyrənmək baxımından onun bütün digər tədqiqatlarından daha çox material verir. Dünya sivilizasiyasının Budda-Brəhmən, Qərb, yaxın Avropa və İslam kimi üç nəhəng mədəniyyət şaxələrinə söykəndiyini xarakterizə edən müəllif onların müştərək və fərqli məqamlarını açıqlayır. Mədəniyyətdə dil ortaqlığı amilini Şərq və Qərbin timsalında müqayisə edən ədib yazır ki, “...Bu gün ən azı üç Avropa dilini – fransızcanı, ingiliscəni, almancanı bilməyən ciddi bir avropalı alim və ədibinə rastlanmaz. Bunlar, əslində ortaq olan və Avropa mədəniyyəti amillərindən olan qədim yunan dilini və latıncanı uşaqlıqdan öyrənirlər. Bir zamanlar bu iki dil, İslam aləmində ərəbcə və farsca kimi, Qərb aləmində ortaq elm və ədəbiyyat dili idi. Bütün alimlər latınca yazardılar”.

Əhməd bəy Ağaoğlu üç mədəniyyət şaxəsinin fərqli və oxşar cəhətlərini səciyyələndirdikdən sonra diqqəti bu gün Qərb mədəniyyətinin qalib, İslam və Budda-Brəhmən mədəniyyətinin məğlub olma səbəblərinə yönəldir və məğlubiyyətin maddi və mənəvi təzahürlərini səciyyələndirərək: “İslam cəmiyyətləri vəlvələli bir tərzdə süqut etməkdə və məhv olmaqdadır,”– kimi qənaətə gəlir.

Şərq mədəniyyətinin tənəzzülünü və zaman-zaman öz yerini Qərb mədəniyyətinə tərk etməsinin səbəbini Şərqdə fəzilətin hökmdara, Qərbdə isə qanunlara itaətdə dərk olunması ilə xarakterizə edən müəllif “həyat tərzi” kimi mənalandırdığı mədəniyyət amilinin tərəflərinin bu kontekstdə təfsirini verir.

“Üç mədəniyyət” əsərində millətin əxlaqının formalaşmasında dindən sonra ən çox ədəbi və fəlsəfi əsərlərin rol oynadığını göstərən Ağaoğlunun fikrincə, “bizim ta dünənə qədər təqlid etdiyimiz ədəbiyyat və fəlsəfə əsərlərinin nümunələri ərəb və fars mənbələrindən alınmış olanlardır. Bunların arasında bu gün əsrin ruhuna müvafiq, onu təmin edəcək tək bir əsər göstərilə bilərmi?”

Əhməd bəy Ağaoğlu qeyd edir ki, əsrlərdən bəri məktəblərimizdə tədris olunan Sədi Şirazinin “Gülüstan”ı və “Bustan”ı zamanla ayaqlaşacaq səviyyədə deyil. Bunun başlıca səbəbini Şeyxin fəlsəfəsində axtaran ədib onun mütiliyə, qənaətə, təvəkkülə, lal olmağa və hökmdara mütləq itaətə çağıran fikirlərinin yanlışlığına diqqəti yönəldir. Ağaoğlunun qənaətincə, qədim ədəbiyyatımızda əxlaqi-tərbiyyəvi mövzularda yazan müəlliflərin hamısı Şeyxi nümunə saydıqlarına və ona bənzəməyə çalışdıqlarına görə ədəbiyyatımız bu sahədə irəliləyə bilməyib. Sədinin fikirlərinin orijinal deyil, əcdadlarımızdan alınan bir miras olduğunu vurğulayan mütəfəkkir belə idealları “Bütün Şərq həyatı üzərində icra edilmiş təxribat” adlandırır. O, milli tərəqqi üçün Qərb mədəniyyətinin ən yaxşı nümunələrinin dilimizə çevrilib məktəblərimizdə tədris edilməsini vacib şərtlərdən sayır.

Əhməd bəy Ağaoğlu “Sənət həyat üçündür” prinsipindən çıxış edərək, ədəbiyyatın ayrı-ayrı yazıçıların fərdi hiss və duyğularını deyil, cəmiyyətin tələb və ehtiyaclarını əks etdirməyə borclu olduğu qənaətinə gəlir. O qeyd edir ki, “bizim qədim ədəbiyyatımızda həyata aid böyük bir şey tapa bilməzsiniz.” O, “Sərbəst insanlar ölkəsində” adlı əsərində utopiya, xəyal şəklində azad, hürr, insanların bərabər və xoşbəxt yaşadığı, qanunların ədalətli olduğu dövlət, cəmiyyət haqqında fikirlərini, arzularını bədii şəkildə ifadə etməyə çalışıb. Əsər müəllifin siyasi görüşləri ilə sıx bağlıdır, buna görə də o, Ağaoğlunun sosial-siyasi baxışlarını öyrənmək üçün mənbə rolunu oynamaqdadır.

Müəllif yazır: “Mən bir əsir idim, hürr olmaq istədim. Zəncirlərimi qırdım, qalanın divarını dəldim və açığa çıxaraq dərin bir nəfəs aldım. Qarşımda geniş bir çöl vardı. Hara gedəcəyimi, necə davranacağımı bilmirdim. Tərəddüdlə bir neçə addım atdım. Özümü iki yolun ayrıcında gördüm və burada bir dirək üzərində bu yazını oxudum:

Sol tərəfə gedən yol hürriyyət yoludur.

Sağ tərəfə gedən yol köləlik yoludur.

Sol tərəfi seçdim və sabaha qədər yeridim. Şəfəq sökülərkən özümü bir qalanın önündə gördüm. Qalanın qapısı üzərinə qızıl hərflərlə yazılı bir lövhəni oxudum: “Sərbəst insanlar ölkəsi!”

“Sərbəst insanlar ölkəsində” adlı əsərində müəllif bir səyyah kimi təsvir etdiyi hadisələrin fonunda cəmiyyətin mənəvi təkamülünə mühüm dəyər verir. Xalqın savadlanmasını, maariflənməsini cəmiyyətin azadlığı, xoşbəxtliyi üçün vacib şərtlərdən hesab edən yazıçı bu yolda ədəbiyyatın üzərinə böyük missiya düşdüyünü göstərir. Əhməd bəy Ağaoğlunun fikrincə, xoşbəxt cəmiyyətin sütunları azadlıq və hürriyyətdən qurulmalıdır.

Əhməd bəy Ağaoğlu Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün yaxın dostu, silahdaşı, onun apardığı İstiqal savaşının fəal müdafiəçilərindən biri olub. Cümhuriyyətin ilk illərində onun yüksək dövlət vəzifəsinə təyin olunmasında bu münasibət mühüm rol oynayıb. Atatürk köhnə silahdaşı Əhməd bəyin xətrini daim əziz tutub, “Bu qafa yalnız bir türkdə ola bilər”– deyib və ona böyük dəyər verib.

Əhməd bəy Ağaoğlu 1939-cu il may ayının 19-da İstanbulda vəfat edib, Feriköy məzarlığında dəfn olunub.

Allah rəhmət eləsin.