Xalq Cəbhəsi.-2018.-1 mart.-№40.-S.7-8.

 

Cümhuriyyət dövrü və ordu quruculuğu proqramı

 

Rövşən Əvəzoğlu,

müstəqil araşdırmaçı

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2018-ci il "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan edildi. Bu, 100 ilin tarixinə, Azərbaycanın dövlətçilik tarixinə böyük ehtiramdır. Şərqdə ilk demokratik cümhuriyyət olan Azərbaycan Demokratik Respublikası xalqımızın dövlətçilik tarixində özünəməxsus dəyərlər miras qoydu. Ulu öndərimiz Heydər Əliyev onu həmişə yüksək dəyərləndirirdi.

Azərbaycan Xalq Cümhuriyyəti ili həm də Azərbaycan Ordusunun 100 illik yubileyi ilidir.

Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 ay ərzində ölkənin müdafiəsinin təşkili, ordunun formalaşdırılması sahəsində uğurlu işlər görüldü. Xalq Cümhuriyyəti Azərbaycanın XX əsr tarixinin parlaq səhifələrindən biridir. Bu işlərin və əldə edilmiş nəticələrin öyrənilməsi, ümumiləşdirilməsi həm dövrün tarixinin tədqiqi, həm də ordu quruculuğu sahəsində ənənənin bərpası və ondan düzgün nəticə çıxarılması baxımından elmi və praktiki əhəmiyyətə malikdir.

Azərbaycanın istiqlaliyyətinin elan olunduğu tarixi şərait, onun qərar tutduğu bölgədə cərəyan edən proseslər xalqın müstəqilliyinə real dayaq ola biləcək ordunun formalaşdırılmasını tələb edirdi. Ordu quruculuğu proqramının həyata keçirilməsində Azərbaycan Demokratik Respublikasının hökuməti bir sıra çətinliklərlə üz-üzə gəlirdi. Çar Rusiyası dövründə azərbaycanlılar, ümumiyyətlə müsəlmanlar ordu sıralarına çağrılmırdılar. Lakin ayrı-ayrı azərbaycanlılar, əsasən, varlı sinfin nümayəndələri, bəy nəslindən olanlar, tək-tək hallarda isə xüsusi istedadlılar hərbi məktəbləri bitirib zabit kimi çar ordusunda xidmət edirdilər. Hətta onlardan general rütbəsinə yüksələnlər də olurdu. Çar Rusiyasının hərbi siyasətində bir çox xalqlarla bərabər azərbaycanlılara qarşı qərəzli münasibət mövcud idi. Azərbaycanlılar bə’zi istisnalar nəzərə alınmasa əsasən hərbi məktəblərə qəbul edilmir, ordu sıralarına çağrılmır, yalnız hərbi vergi verirdilər. Elə bu səbəbdən Azərbaycanda böyük hərbi hissələr və kifayət qədər hərbi silah yox idi. O vaxt yalnız Qafqaz atlı diviziyasının tərkibinə daxil olan azərbaycanlı atlı polku var idi. 1917-ci ilin aprel ayında Bakıda keçirilən Qafqaz müsəlmanlarının qurultayında xüsusi hərbi hissələrin yaradılması ilə məşğul olan büronun təsis edilməsi haqqında qərar qəbul edildi. Musavat partiyasının 1917-ci ilin oktyabr ayının 26-da keçirilən birinci qurultayında milli ordu yaradılması məsələsi tələb edilirdi. Həmin ilin noyabr ayının 5 də Gəncədə keçirilən Qafqaz müsəlman hərbi qurultayı şəhərə gələn tatar atlı batalyonu bazasında Azərbaycan korpusunun yaradılmasını tövsiyə etdi. Ölkədə yaranmış gərgin vəziyyətlə əlaqədar olaraq nəzərdə tutulan tədbirlər çox çətinliklə və ləng həyata keçirilirdi.

Gərgin vəziyyət Azərbaycan Demokratik Respublikası hökumətini ciddi tədbirlər görmək məcburiyyəti qarşısında qoydu. Gəncəyə qarşı yarıdan çoxu ermənilərdən ibarət olan Qafqaz qızıl ordusu tərəfindən gözlənilən təhlükənin qarşısını almaq üçün hökümət qərbi Azərbaycanda hərbi vəziyyət elan etdi.

Azərbaycan Demokratik Respublikası hökumətinin dəvəti ilə 1918-ci ilin may ayının sonunda Nuru paşa 300 nəfərlik təlimatçı qrupu ilə Azərbaycana – Gəncəyə gəldi. Bu vaxt çox saylı bolşevik və daşnak qoşunları Gəncə istiqamətidə hücuma başladılar. Məqsəd Azərbaycan Demokratik Respublikasının milli ordusunu məhv etmək və bütün Azərbaycan ərazisini işğal etməkdən ibarət idi. Vəziyyətin çıxılmaz olduğunu görən təcrübəli hərbçi Nuru paşa üçüncü ordunun komandanı Vəhib paşaya məktub yazıb, təcili hərbi yardım istədi. Hərbi yardımı rəsmləşdirmək məqsədi ilə 1918-ci ilin iyun ayının dördündə Batumda Azərbaycanla Türkiyə arasında bağlanan müqaviləyə əsasən türk qoşunları Gəncəyə göndərildi. İlk olaraq beşinci Qafqaz diviziyasına daxil olan doqquzuncu və ikinci suvari alay Azərbaycana yola düşdü, alaylar iyun ayının 15-də Gəncəyə çatdılar. Beləliklə, beş minlik əlahiddə Azərbaycan hərbi korpusu, beşinci, doqquzuncu və on beşinci çanax qala alayları bazasında Qafqaz islam ordusu yaradıldı, onun komandanı Nuru paşa təyin edildi.

Azərbaycan Xalq Cümhuriyyəti silahlı qüvvələrinin təşkilinə Cümhuriyyətin elan edildiyi gündən başlanmışdı. Yeni yaradılacaq ordunun əsasını Müsəlman korpusu təşkil edirdi. Ordu quruculuğuna rəhbərlik üçün ilk Hökumət kabinəsinin tərkibində Hərbi Nazirlik də nəzərdə tutulmuş və Xosrov Paşa bəy Sultanov hərbi nazir təsdiq edilmişdi. Lakin bu kabinənin buraxılması ilə hərbi nazir vəzifəsi də ləğv edilmiş və Azərbaycanda ordu quruculuğu prosesinə rəhbərlik Hökumətin qərarı ilə Qafqaz İslam Ordusunun komandanı Nuru paşaya həvalə olunmuşdu. Hökumət strukturunda isə Qafqaz İslam Ordusu komandanlığı ilə əlaqələri nizamlayacaq hərbi işlər üzrə baş müvəkkil vəzifəsi təsis olunmuş və İsmayıl xan Ziyadxanov bu vəzifəyə təsdiq edilmişdi. Ordu quruculuğu sahəsində irəliləyişə nail olmaq üçün Hökumət bir sıra tədbirlər həyata keçirdi. İyun ayının əvvəllərindən Gəncə Hərbi Məktəbi fəaliyyətə başladı. Hökumətin qərarı ilə çağırışçılar üçün yaş senzi 19 yaşa endirildi.

Ordu quruculuğunu gücləndirmək məqsədilə 1918-ci il noyabrın 1-də Hərbi Nazirliyin yenidən bərpa edilməsi qərara alındı. Hökumətin qarşısında duran tarixi vəzifələrin həllində bu struktura çox böyük əhəmiyyət verildiyi üçün ilk vaxtlar ona rəhbərliyi Nazirlər Şurasının sədri F.X.Xoyski öz üzərinə götürdü. Nazir müavini isə tam artilleriya generalı Səməd bəy Mehmandarov təyin edildi və nazirliyin formalaşdırılması ona tapşırıldı. Ordu quruculuğu prosesinə rəhbərlik edəcək mərkəzi hərbi idarəetmə orqanlarının təşkilinə başlandı. Qısa müddət ərzində Hərbi Nazirliyin aparatı yaradıldı. Noyabrın 15-də ordunun Ümumi qərargahının təsis edilməsi barədə S.Mehmandarovun müvafiq əmri imzalandı.

1918-ci il noyabrın 22-də Hərbi Nazirlik Gəncəyə köçürüldü. 1918-ci ilin sonu – 1919-cu ilin əvvəllərində Hərbi Nazirliyin rəhbərliyində və strukturunda qismən dəyişiklik edildi. Nazirlər Şurasının 25 dekabr 1918-ci il tarixli qərarı ilə tam artilleriya generalı Səməd bəy Mehmandarov hərbi nazir, 29 dekabr 1918-ci il tarixli qərarı ilə isə general-leytenant Əlağa Şıxlinski hərbi nazirin müavini təyin edildi. Türk ordusu Azərbaycanı tərk etdikdən sonra ölkədə çox ağır vəziyyət yarandı, xarici təzyiqlər artdı, hərbi müdaxilə təhlükəsi çoxaldı. Ağır vəziyyət barədə Məmməd Əmin Rəsulzadə deyirdi: Türk ordusu çəkildi, Azərbaycanın hərbi hissələri isə yox idi, müxtəlif yerlərə səpələnmiş 1500 Azərbaycan əsgəri var idi. Göründüyü kimi vəziyyət çox ağır, vaxt isə yox idi. Çıxış yolu ordu quruculuğu sahəsində təcili tədbirlər görməkdə idi. Vacib məsələlərdən biri hərbi nazirliyin yaradılmasından ibarət idi. Hərbi nazir vəzifəsi rəsmi təsis edilməsə də bu vəzifəni 1918-ci ilin may ayının 28-dən iyun ayının 11-nə qədər Xosrov bəy Sultanov icra eşdib. Oktyabrın 6-dan dekabrın 26-dək hərbi işlər üzrə müvəkkil İ.Ziyadxanov olub. Nazirlər kabineti oktyabr ayının 23-də hərbi nazirliyin yaradılması haqqında qərar qəbul etdi. Bu qərar noyabr ayının 7-də rəsmiləşdirildi və hərbi nazir vəzifəsi Fətəli xan Xoyskiyə həvalə edildi. 1918-ci ilin dekabr ayının 26-da rus ordusunda xidmət etmiş rus arteleriya general-leytenantı Səməd bəy Mehmandarov hərbi nazir, həmin ayın 29-da rus general-leytenantı Əliağa Şixlinski onun müavini təyin edildi. General-leytenant Suleyman Sulkeviç baş qərargah rəisi təyin edildi.

Başlanan ordu quruculuğu və müdafiə tədbirləri Nuru paşa və Türk hərbi hissələri Azərbaycanı tərk etdikdən sonra böyük vüsət aldı, yeni hazırlıq işləri görüldü, planlar hazırlandı. Məşhur hərbiçi, rus ordusu tərkibində döyüşlərdə böyük şücaət qazanmış general Əliağa Şıxlinski ordu quruculuğunu sürətləndirmək məqsədi ili hərbi planlarla çıxış etdi, strateji təkliflər hazırladı. Plana görə 1919-cu ildə 25 minlik, 1920-ci ildə isə 40 minlik mütəşəkkil, müasir silahla təmin edilmiş milli ordu yaradılmalı, ən vacib bölgələrdə yerləşdirilməli idi.

1918-ci ilin dekabr ayının 13-də Gəncədən göndərdiyi məlumatda milli Azərbaycan körpüsünün komandanı general Əliağa Şixlinski bildirirdi ki, o, yeni Azərbaycan ordusunun layihəsini hazırlayıb. Layihədə general ordunun quruluşunu, strukturunu, tərkibini müəyyən edən sxem hazırlamışdı. Peşəkar hərbçi, hərbi nazir vəzifəsinə böyük təcrübəyə və təhsilə malik olan zabitin təyin edilməsini, korpuslar əvəzinə ən’ənəvi diviziyaların yaradılmasını tövsiyə edirdi.

Nazirliyin rəhbərliyi hərbi xidmətin təşkilinin hüquqi əsasda nizamlanmasına xüsusi diqqət yetirirdi. Azərbaycan ordusunun qanunvericilik bazasını qısa müddətdə yaratmaq mümkün olmadığı üçün, hərbi nazirin 1919-cu ilin əvvəlində imzaladığı əmrlə keçmiş Rusiya imperiyasında 1917-ci il yanvar ayının 1-dək qəbul edilmiş hərbi qanunvericilik aktları, müvəqqəti olaraq, qüvvədə saxlanıldı. Bura hərbi nizamnamələr, döyüş təlimatları, hərbi xidmətin bütün sahələrini tənzimləyən sənədlər, səfərbərlik, hərbi məhkəmə işlərinin aparılması üzrə təlimatlar və s. daxil idi. Lakin bu qanunvericilik aktlarının Azərbaycanın müstəqilliyi, milli orduda xidmətin bu və ya digər tələbləri ilə uyğun gəlməyən cəhətləri ləğv edilir, həmin məqamlar təkmilləşdirilir və ya yenisi ilə əvəz olunurdu.

Azərbaycan Demokratik Respublikasının hərbi quruculuq siyasətində, milliliyə, ana dilinə xüsusi əhəmiyyət verilirdi. Hərbi nazir Səməd bəy Mehmandarovun əmrində göstərilirdi ki, orduda danışıq və dəftərxana dili ana dili olmalıdır. Əmrdə deyilirdi ki, "Sırada eləcə də sıradan kənarda olarkən əsgərlərin azərbaycanca salamlaşması- bir sözə "salam", cavabı isə "əleyküm salam" olmasını bütün zabitlərə əmr edirəm. Təltif zamanı əsgərə deyilməlidir: "mərhaba", əsgər cavab verməlidir "çox sağ ol". Zabitlərin çoxu rus dilli olduğu üçün əsgərlərin əmrləri çətin başa düşdüyünü nəzərə alaraq danışığın azərbaycan dilində olması zəruri idi.

Azərbaycan dili orduda da dövlət dili kimi qəbul edildi. Qeyri-azərbaycanlı zabitlərdən bir ay müddətində, heç olmasa, komanda sözlərinin azərbaycanca qarşılıqlarını öyrənmək və əsgərlərə Azərbaycan dilində komanda vermək tələb olunurdu. Bu tələbi yerinə yetirə bilməyən zabitlər dərhal ordudan xaric edilməli idilər. Milli hərbi kadrların hazırlanması üçün tədbirlər həyata keçirildi. Gəncədə fəaliyyətə başlamış milli hərbiyyə (podpraporşiklər) məktəbinin fəaliyyəti yenidən quruldu və onun statusu artırılaraq praporşiklər məktəbinə çevrildi.

Ordu quruculuğu proqramını həyata keçirmək və güclü ordu yaratmaq məqsədi ilə Azərbaycan Demokratik Respublikasının parlamenti 9 qanunvericilik aktını müzakirə etmiş, hərbi nazirliyi kifayət qədər vəsaitlə tə’min etmək üçün müvafiq qərarlar qəbul etmişdi. Bu xüsusi diqqət onunla əlaqədar indiki ölkədə hərbi baza zəif idi, hərbi proqramla 1919-cu ildə 25 minlik, 1920-ci ildə 40 minlik ordu yaradılmalı idi. Ordunu milli zabit kadrları ilə tə’min etmək üçün həbi təhsil müəssisələrinin yaradılması zəruri idi. Bu məqsədlə 1918-ci ilin iyun ayında Gəncədə hərbi məktəb yaradıldı və bu təhsil müəssisəsi 1919-cu ilin noyabr ayında hərbi uçilişiyə çevrildi. Uçilişinin üç şöbəsində — ümumi, topçuluq və mühəndislik şöbələrində 250 dinləyici oxuyurdu. 1919-cu ilin sonunda, 1920-ci ilin əvvəlində kovalyer, topçuluq və snayper uçilişləri yaradıldı. Bu tədris müəssisələrində dərs demək üçün mütəxəssislər dəvət edildi. 1918-1920-ci illərdə türk və rus zabitlərinin köməkliyi ilə piyada və atlı polklar, artilleriya briqadası, diviziyası yaradıldı. 1919-cu ilin sonunda milli ordunun tərkibində 2 piyada diviziyası, bir kavaleriya diviziyası var idi. Birinci piyada diviziyasına birinci Cavanşir, ikinci Zaqatala və üçüncü Gəncə polkları daxil idi. İkinci piyada diviziyasına dördüncü Quba, beşinci Bakı və altıncı Göyçay polkları daxil idi. Şirvan polku bazasında üçüncü piyada diviziyasının yaradılması başlandı. Birinci Tatar, ikinci Qarabağ və üçüncü Şəki atlı polkları bazasında kavaleriya diviziyası yaradıldı.

Azərbaycan ordusunu silah sursatla təmin etmək məqsədi ilə hökümət 1920-ci ilin yanvar ayında hərbi sənaye kompleksinin yaradılması haqqında qanun layihəsini, Gəncədə tikiləcək hərbi zavodunun smetasını və ştatını hazırlamışdı. 1920-ci ilin fevral ayının 23-də parlament hərbi zavodun tikilməsi və onun üçün 670 milyon vəsaitin ayrılması haqqında qanun qəbul etdi. Nəzərdə tutulmuş proqramın həyata keçirilməsi üçün Azərbaycan Demokratik Respublikası höküməti Antantanın Ali şurasına memorandum göndərmiş və hərbi zavodun müasir texnologiya ilə təmin edilməsini xahiş etmişdi.

Azərbaycan Demokratik Respublikasının qurucularından olan Məmməd Əmin Rəsulzadə təcrübədən bilirdi ki, ordu dövlətin dayağıdır, onun ərazi birliyinin təminatçısıdır. Tarixi təcrübədən aydındır ki, bir ölkəni zəiflətmək, sarsıtmaq və məhv etmək üçün hər şeydən əvvəl onun ordusunu dağıdırlar. Belə məqamda orduda təfriqə salmaq, zabitlərin əqidəsini yad hissələrlə zəhərləmək və onun əli ilə dövlət çevrilişi təşkil etmək təcrübəsi çoxdur. Bu təhlükəni aradan qaldırmaq üçün Azərbaycan Demokratik Respublikası hökuməti şəxsi heyətin siyasətləşməsinə, siyasətlə məşğul olmasına yol verə bilməzdi. Hərbi nazirin əmrində deyilirdi ki, zabitlər və əsgərlər dünyada baş verən hadisələri bilməli və onları təmsil etdikləri dövlətlərin mənafeyi baxımından qiymətləndirilməlidirlər. Odur ki, zabitlər və əsgərlər hər hansı bir siyasi partiyanın üzvü ola bilməz, hərbiçi üçün əzəli partiya onun dövlətçiliyidir. Azərbaycan Demokratik Respublikasının hökuməti partiyasız, siyasətsiz ordunun yaradılmasını məqsədə müvafiq sayırdı. Çünki zabit bir partiyanın üzvü olsa, əsgərlər başqa partiyanın üzvü ola bilərlər, beləliklə də orduda xaos, qarşıdurma yarana bilər.

Azərbaycan Demokratik Respublikasının ordu qruculuğu siyasətində milli hiss, milli birlik, milli iftixar, vətənə, torpağa bağlılıq duyumu əsas prinsiplərdən biri idi. Hər bir zabit və əsgər özünün tarixini, keçmişini, kökünü, soyunu bilməli, onlara qırılmaz köklərlə bağlı olmalıdır. Əsgər və zabit hər şeydən əvvəl vətəndaş, vətənpərvər olmalı, vətənini, dilini, millətini sevməlidir, onların qeyrətini çəkməlidir. Bu milli xüsusiyyətləri nəzərə alan Səməd bəy Mehmandarov əsgər və zabitlərin, xalqımızın tarixini, qəhrəmanlıq ənənələrini əks etdirən kitablarla təmin edilməsinə xüsusi fikir verir, bu kitabları oxumaq üçün onlara şərait yaradırdı. Səməd bəy Mehmandarov yazırdı: "Ziyalılarımızın ən mühüm vəzifələrindən biri xalqı və əsgərləri öz tarixi ilə tanış etməkdir. Bu, şübhəsiz ki, xalqın milli hisslərini və türk irqinə məxsusluğu ilə iftixarını artıracaqdır". Bu ideya da dövlətin daxili siyasətini əhatə etdiyi bir mətləbin təzahürü idi: "Xalqla ordu yekdildir". Ardıcıl görülən tədbirlər şəxsi heyətin mənəvi-psixoloji hazırlığını yüksəldir, vətənpərvərlik tərbiyəsini möhkəmləndirir, döyüş qabiliyyətini və mübarizilik əzmini gücləndirirdi.

Azərbaycan Demokratik Respublikasının ordu quruculuğu proqramı, onun acı tarixi dərsləri bu gün müasir Azərbaycanın müdafiə strategiyasının əsas istiqamətlərindən birini təşkil edir. 70 illik kommunist rejimi süquta uğradıqdan sonra tarixi həqiqət öz yerini tutdu. Müstəqil dövlətimizin etibarlı müdafiə sistemi quruldu. Hazırda müstəqil Azərbaycan Respublikasının Milli Ordusu Azərbaycan Xalq Cümhuriyyəti dövründə təşkil olunmuş Milli Ordunun şanlı ənənələrini uğurla davam etdirir.

Azərbaycan Demokratik Respublikasının təcrübəsi və günümüzün müasir reallığı təsdiq edir ki, güclü milli ordu ölkəmizin təhlükəsizliyinin, müstəqilliliyinin və ərazi bütövlüyünün qarantıdır.