Ekspress.-2018.-1 mart.-40.-S.10.

 

Müsəlman dövlətləri ilə əməkdaşlıq

 

Vasif Cəfərov

 

SSRİ-nin dağılmasından sonra daha 6 müsəlman ölkəsində müstəqil dövlət quruldu. Bu dövlətlərdən biri olan Azərbaycan bütün ölkələrlə, o cümlədən müsəlman ölkələrinin dövlətləri ilə yaxşı münasibət qurmağı qarşısına məqsəd qoydu. Rəsmi Bakı bu məqsədlə ikitərəfli əməkdaşlıqla yanaşı, çoxtərəfli əməkdaşlığa da xüsusi önəm verdi. Bu istəyə uyğun olaraq dövlətimizin əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlardan biri İslam Əməkdaşlıq Təşkilatı (İƏT) oldu.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra İƏT (o zaman İslam Konfransı Təşkilatı) üzv olmaq barədə müraciət edən ilk keçmiş sovet respublikası idi. İƏT Azərbaycanın müraciətini müsbət qarşılayaraq 1991-ci ilin dekabrında ölkəmizi bu quruma üzv qəbul etdi.

İƏT 1969-cu ildə Mərəkeşin paytaxtı Rəbatda yaradılıb. Hazırda təşkilata 57 dövlət üzvdür. İƏT təsis ediləndə İslam Konfransı Təşkilatı adlanırdı. Qurum 2011-ci ilə qədər bu ad altında fəaliyyət göstərdi.

1972-ci ildə qəbul edilən nizamnaməyə görə, İƏT-nin ali orqanı dövlət və hökumət başçılarının konfransıdır. İƏT-nin siyasi orqanı xarici işlər nazirləri konfransı, icraçı orqanı isə Baş katiblikdir. Baş katibliyin iqamətgahı Qüds İsrail işğalından azad edilənədək müvəqqəti olaraq Ciddədə (Səudiyyə Ərəbistanı) yerləşir.

Baş katibliyin tərkibində bir sıra şöbələr, o cümlədən sosial-iqtisadi, elm və texnika, Asiya məsələləri, Afrika məsələləri, beynəlxalq məsələlər, informasiya, insan hüquqları və azsaylı dini icma məsələləri, müsəlmanların qeyri-hökumət təşkilatları məsələləri şöbələri və başqa şöbələr işləyir.

İƏT yanında onun konfranslarının qərarları ilə yaradılan tam bir sıra müstəqil təşkilatlar fəaliyyət göstərir. Onların fəaliyyətini baş katiblik əlaqələndirir.

İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin 2011-ci il iyunun 28-30-da Astanada keçirdiyi iclasda təşkilatın adının, embleminin və bayrağının dəyişməsi məsələsi müzakirə edilib.

Son məlumatlara əsasən, əhalisinin 50 faizdən çoxu müsəlman olan ölkələrin sayı 45-dir. Əhalisinin 25 faizindən çoxu müsəlman olan ölkələr də nəzərə alınarsa dünyada 57 islam ölkəsi var. Bu ölkələrin hamısı İƏT-də təmsil olunur.

Müsəlman ölkələrinin ümumilikdə 1,8 milyard vətəndaşı var. 2017-ci ildə sözügedən 57 ölkədə nominal qiymətlərlə 9,2 trilyonluq məhsul istehsal edilib. Müqayisəli qiymətlərlə hesablandıqda isə 57 müsəlman ölkəsində 25,3 trilyonluq məhsul istehsal olunub.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin müstəqilliyini tanıyan ilk dövlət (Türkiyə) də müsəlman dövləti olub. Ümumilikdə ölkəmizin müstəqilliyini tanıyan ilk 5 dövlətdən 3-ü (Türkiyə, Pakistan və İran) müsəlman ölkələrinin dövlətləridir.

Azərbaycanın quru və sudan qonşusu olan 7 dövlətdən 4-ü (İran, Türkiyə, Qazaxıstan və Türkmənistan) də müsəlman ölkəsinin dövlətidir.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bildirir ki, İƏT ilə münasibətlərinin inkişafı ölkəmizin xarici siyasət kursunda prioritet istiqamətlərdəndir və strateji əhəmiyyət kəsb edir. Bu mənada 1991-ci ildə dövlətimizin İƏT-ə üzv olması vacib idi. Bunu vacib edən həm də Azərbaycanın ağır şərtlərlə üzləşməsiydi.

Həmin dövrdə, erməni təcavüzünə məruz qalan, informasiya-təbliğat imkanları zəif və məhdud olan ölkəmiz üçün öz haqlı mövqeyinin İslam dövlətləri tərəfindən dəstəklənməsi və onun vasitəsilə təcavüzün ağır nəticələrinin dünya ictimaiyyətinə çatdırılması çox vacib məsələlərdən idi. Artıq 1991-ci ildə İslam Konfransı Təşkilatının nümayəndə heyəti problemi öyrənmək və münaqişəni sülh yolu ilə tənzimləmək imkanlarını araşdırmaq məqsədi ilə Azərbaycanda səfərə gəlir. O zaman İslam Konfransı Təşkilatı BMT, Ermənistan, Türkiyə və Rusiyanın nümayəndələri ilə problemlə bağlı müzakirələr aparır. Rəsmi Yerevanın tutduğu qeyri-konstruktiv mövqe İslam Konfransı Təşkilatının Ermənistan ilə bu məsələyə dair hər-hansı məsləhətləşmələrinə son qoyur və təşkilat çərçivəsində Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı Təşkilatın yekdil və birmənalı mövqeyi formalaşır.

1992-ci ilin sentyabrında BMT Baş Assambleyasının növbəti sessiyası zamanı İKT-yə üzv dövlətlərin xarici işlər nazirlərinin ənənəvi koordinasiya görüşünün yekun sənədində "Ermənistan-Azərbaycan münaqişəsinə dair" müvafiq maddə salınır. Təşkilata üzv ölkələrin xarici işlər nazirlərinin 1993-cü ilin aprelində Kəraçidə keçirilən XXI konfransında "Ermənistan və Azərbaycan arasında münaqişə" adlı qətnamə qəbul edilir.

1994-cü ilin mayından etibarən Ümummilli Lider Heydər Əliyevin müvafiq sərəncamına əsasən, Azərbaycan Səudiyyə Ərəbistanı Krallığındakı səfirinə İslam Konfransı Təşkilatı Baş Katibliyi yanında Daimi Nümayəndə səlahiyyətləri verildikdən sonra Ər-Riyaddakı Səfirliyimiz vasitəsilə mənzil-qərargahı Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində yerləşən Təşkilatın Baş Katibliyi və onun müxtəlif qurumları, o cümlədən İslam İnkişaf Bankı ilə səmərəli iş aparılmağa başlanılır.

Ümummilli Lider Heydər Əliyevin 1994-cü ilin iyulunda Səudiyyə Ərəbistanı Krallığına səfəri AR-İslam Konfransı Təşkilatı əməkdaşlığının gələcək inkişafı üçün zəmin yaratmaqla yanaşı, səfər əsnasında onun müqəddəs Kəbədə Ümrə ziyarəti, keçirdiyi məhsuldar görüşlər bütün İslam dövlətlərinin ölkəmizə maraq və diqqətini artırdı.

Ümummilli Liderin İslam Konfransı Təşkilatı Baş katibi ilə 1994-cü ilin noyabrında Bakıda keçirdiyi görüşlər, həmin ilin dekabrında Təşkilatın dövlət və hökumət başçılarının Kasablankada keçirilən VII Zirvə konfransında iştirakı və Təşkilatın Baş katibi, həmçinin bir sıra üzv dövlətlərin xahişi ilə Asiya ölkələri qrupu adından çıxışı Azərbaycanın mövqeyini təşkilat daxilində daha da möhkəmlətdi və üzv dövlətlər tərəfindən dəstəklənməsi imkanlarını artırdı. Bunun nəticəsində, Təşkilatın Zirvə görüşləri tarixində ilk dəfə, Kasablankada "Ermənistan və Azərbaycan arasında münaqişə haqqında" siyasi qətnamə qəbul edildi, həmin ildən etibarən İslam Konfransı Təşkilatının BMT ilə əməkdaşlığı üzrə müzakirə edilən problemlər siyahısına "Ermənistan və Azərbaycan arasında münaqişə" mövzusunun mütəmadi salınmasına nail olundu.

Həm İslam Konfransı Təşkilatı Baş Katibliyi, həm də üzv dövlətlərlə aparılan məqsədyönlü iş nəticəsində, az müddət ərzində Təşkilat çərçivəsində daha iki qətnamə: "Azərbaycan Respublikasına iqtisadi yardım" (1994-cü il - Kasablanka) və "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarında İslam dininə aid tarixi və mədəni irsin və ibadət ocaqlarının dağıdılması və təhqir olunması" (1999-cü il Uaqaduquda və 2000-ci il Doha) adlı qətnamələr İslam Konfransı Təşkilatının gündəliyinə daxil edilərək növbəti Zirvə və XİN konfranslarında Azərbaycan tərəfinin bir sıra əlavələri ilə bütün üzv dövlətlər tərəfindən yekdilliklə qəbul edildi.

Gərgin əməyin nəticəsi kimi, siyasi qətnamənin adının dəyişdirilərək daha da gücləndirilməsi və "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında" başlığı ilə ilk dəfə 1996-cı ilin dekabrında Cakartada keçirilən Xarici İşlər Nazirlərinin XXIV Konfransında və 1997-ci ilin dekabrında Tehranda keçirilən Təşkilta üzv dövlət və hökumət başçılarının VIII Zirvə görüşündə qəbul edilməsi bu məsələyə dair Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında önəmli rol oynadı. Sözügedən qətnamə növbəti XİN və Zirvə konfranslarında Azərbaycan tərəfinin bir sıra əlavələri ilə mütəmadi qaydada qəbul edildi.

Siyasi qətnamədə üzv dövlətlərin erməni təcavüzünü qətiyyətlə pisləməsi, işğalçı qüvvələrin işğal olunan Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz çıxarılmasının tələb edilməsi, bu problemə dair Baş katibin ənənəvi illik hesabatları, İslam Konfransı Təşkilatı çərçivəsində keçirilən görüşlərdə qəbul edilən yekun bəyannamələrin müvafiq bəndlərində səsləndirilən müddəalar, habelə qondarma "Dağlıq Qarabağ Respublikasında" keçirilən müxtəlif qeyri-qanuni seçkilərin beynəlxalq hüquq normalarına zidd və İslam Konfransı Təşkilatı üzv ölkələri tərəfindən tanınmayan amil kimi qiymətləndirilməsi erməni tərəfinin Təşkilat dövlətlərinə narazılığının bildirilməsi ilə müşayiət olunsa da, əks rezonans doğurdu və qeyd olunan qərar və qətnamələr əsasında həm Təşkilatın qurumları, həm də üzv dövlətlər tərəfindən Azərbaycana o zaman çox vacib olan geniş humanitar yardım fəaliyyəti həyata keçirildi.

Şübhəsiz, təşkilata üzvlüyün ilk illərində müharibə şəraitində olan Azərbaycan xarici siyasətinin başlıca məqsədi erməni təcavüzünün səbəb və məqsədləri, onun ağır nəticələrinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı olmuşsa da, İslam Konfransı Təşkilatı ilə əməkdaşlıq prosesində təkcə bu problemin həlli ilə məhdudlaşmağa yol verilməyib, çoxşaxəli, qarşılıqlı maraq əsasında əməkdaşlıq əlaqələrinin inkişafına üstünlük verilib.

Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci ilin dekabrında Təşkilatın Məkkədə keçirilən III fövqəladə Zirvə görüşündə iştirakı, onun təşəbbüsü ilə 2006-cı ilin 19-21 iyun tarixlərində Bakıda xarici işlər nazirlərinin növbəti XXXIII konfransının keçirilməsi qeyd olunan siyasətin tərkib hissəsi kimi dəyərləndirilə bilər.

Prezident İlham Əliyevin 19 iyun 2006-cı il tarixli sərəncamına əsasən, İslam Konfransı Təşkilatının sabiq Baş katibi E. İhsanoğlu Azərbaycan və Təşkilat arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi sahəsində xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib. O, həmçinin 2000-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının fəxri doktoru adına layiq görülüb.

 

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun maliyyə dəstəyi ilə çap olunur