Paralel.-2018.-27 fevral.-¹38.-S.10.

 

Soyqırımlar etnik, dini və mədəni dözümsüzlüklər üzərində inkişaf edir

 

Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib

 

Bəşər tarixində baş verən istənilən soyqırımı araşdırsaq, görərik ki, bu faciələrin qəddarlıq dərəcəsinin az və çox olmasına baxmayaraq, hamısının əsasında dözümsüzlük, milli, etnik, dini, irqi və ya mədəni fərqlərə malik insanların bir-birinə münasibətdə- tolerantlığın və multikultralizmin çatışmazlığı dayanır.

Bu da özbaşına yaranmır, əksər hallarda cəmiyyət üzvlərinin bir qismi tarixən yaranan qarşıdurmalara öz siyasi maraqları naminə milli, etnik, irqi don geyindirir, bu hadisələri qızışdıraraq istəklərinə çatmağa çalışırlar. Beləcə, soyqırımlar etnikləşdirilir və arada sadə insanlar bir-birilərinə düşmən kəsilir. Məsələn, Almaniyada millətçi siyasətin təbliğat maşını o cür səylə nasizmi çiçəkləndirməsəydi, Xolokost hadisəsini törətmək üçün icraçılar belə tapmaq çox çətin olardı. Lakin bu təbliğatın təsiri altına düşən alman əsgərləri bir müqəddəs iş görürmüşlər kimi, yahudi ailələrini qaz kameralarında böğaraq məhv etməkdən belə çəkinmədilər. Bax budur, tolerantlığın və multikulturalizmin çatışmamazlığından yarana biləcək faciələr.

Bu gün-yaşadığımız XXI əsrdə Yaxın Şərqdə və bir qayda olaraq İslam ölkələrində baş verən hərbi münaqişələr, hər gün çoxsaylı insan tələfatı ilə nəticələnən qarşıdurmaların da əsəs səbəbi bu deyilmi? Bu, azmış kimi, dünyanı bürüyən iqtisadi böhran ksenofobiya və ayrı-seçkiliyin digər təhlükəli formalarına yol açmaqla, milyonlarla insanı etnik zəmində terrorizmə və zorakılığa məruz qoyur. Qeyd olunan halların qarşısının alınması, yalnız döyüşən tərəfləri ayırmaqdan və gərginliyi aradan qaldırmaqdan ibarət deyil. Münaqişə və zorakılığın, beynəlxalq terrorizm və dözümsüzlüyün köklərinin əsaslı surətdə aradan qaldırılması, multikulturalizmin və tolerantlığın inkişaf etdirilməsi ilə bilavasitə bağlıdır.

Mövcud reallıq isə budur ki, bütün çağırışlara, müraciətlərə, aparılan sülhməramlı kampaniyalara baxmayaraq, indiyədək sadalananların gerçəkləşməsi üçün aparılan işlər heç də hər yerdə səmərə vermir. Çünki sülhün qorunması, insanların əmin-amanlıq şəraitində yaşaması, hər cür zorakılığın qarşısının alınması bütün zamanlarda bəşəriyyəti düşündürsə də, mübarizə bəşəri qaydada deyil, birtərəfli və ikili standartlarla aparılıb.

Məhz qeyd olunan problemi kompleks araşdırmaq üçün, ilk növbədə zorakılığın təməl prinsiplərinin daşıyıcısı olan və təhlükəlilik əmsalına görə onun fövqündə yer alan soyqırım cinayətini konkret olaraq siyasi-hüquqi prizmadan təhlil etmək zərurəti yaranır.

Soyqırım cinayəti beynəlxalq hüquq dövriyyəsinə yalnız keçən əsrin ortalarında daxil olub. 1941-ci ilin dekabr ayında Böyük Britaniyanın Baş naziri Uinston Çörçillin radiodakı çıxışında "adı olmayan cinayət" adlandırdığı soyqırımı 1948-ci ildə müvafiq konvensiyanın qəbul edilməsindən sonra beynəlxalq hüquq leksikonunda vətəndaşlıq statusu əldə etdi.

1944-cü ilə qədər "soyqırım" anlayışı ictimaiyyətə bəlli deyildi. Bu xüsusi termin hər hansı insan qrupuna qarşı onların məhv edilməsi məqsədilə törədilən cinayət əməllərini ifadə edir. İlk dəfə 1944-cü ildə ABŞ-ın Müdafiə Nazirliyində müşavir vəzifəsində çalışan yəhudi mənşəli polşalı hüquqşünas Rafael Lemkin Vaşinqtonda nəşr etdiyi "İşğal olunmuş Avropada faşist idarəetməsi" kitabında yəhudilərin faşistlər tərəfindən kütləvi məhv edilməsi siyasətini ifadə edən yeni termin işlətdi. O, yunan dilində genos- "nəsi, kök, soy" sözü ilə latın dilindən caedo -"öldürürəm" sözlərinin birləşməsindən "genosid" (soyqırımı) terminini təklif etdi. Hüquqi konsepsiya olaraq "soyqırımı" termini təklif edən Lemkin onu belə əsaslandırırdı ki, soyqırımı- müəyyən insan qruplarının mövcudluğunun vacib əsaslarını məhv etməyə yönəlmiş müxtəlif cinayətkar hərəkətlərin koordinasiya olunmuş, planlı şəkildə həyata keçirilməsidir.

Bir ildən sonra Nürnberq beynəlxalq hərbi tribunalı faşist liderlərini "bəşəriyyət əleyhinə cinayətlərdə" ittiham etdi. Nürnberq beynəlxalq hərbi tribunalının ittiham aktında "soyqırım" anlayışı hüquqi termin kimi deyil, təsviri ifadə kimi işlədildi, nəticədə tribunalın nizamnaməsində soyqırım öz əksini tapmadı. Həmin Nizamnaməyə uyğun olaraq sülh və insanlıq əleyhinə cinayətlərin təqibi nəzərdə tutulurdu. Ancaq həm 6 oktyabr 1945-ci il tarixli ittihamnamədə, həm də Amerika Birləşmiş Ştatlarını, Böyük Britaniyanı və Fransanı təmsil edən ittihamçıların çıxışlarında "soyqırım" ifadəsi istifadə edildi. Məsələn, Böyük Britaniyadan olan əsas ittihamçı Xartli Şoukross 5 dəfə soyqırım termininə müraciət edib. İttihamnaməyə gəldikdə isə, bu sənəddə göstərilirdi ki, canilər "qəsdən, şüurlu surətdə sistematik soyqırım həyata keçirilməsi vasitəsi ilə irqi və milli qrupları məhv edirdilər".

İkinci dünya müharibəsinin ağır nəticələri tez bir zamanda soyqırım cinayətinin beynəlxalq hüquqi kodifikasiyasını sürətləndirmişdir. Artıq BMT-nin 11 noyabr 1946-cı il tarixli ilk sessiyasında Kuba, Panama və Hindistanın təqdim etdikləri layihə əsasında "Soyqırım cinayəti" adli qətnamə qəbul edilb, bu əməl sivil dünyanın pislədiyi və beynəlxalq hüquq nöqteyi-nəzərindən cinayət sayılmasını bəyan edərək, konvensiya layihəsinin hazırlanması haqqında BMT-nin İqtisadi və sosial şurasına müvafiq tapşırıq verilib.

Onu da qeyd edək ki, 17 fevral 2016-cı il, yəni konvensiyanın ratifikasiya statusuna aid bu günə olan rəsmi məlumata əsasən, 147 dövlət bu beynəlxalq müqavilənin iştirakçısıdır. Bütün şübhələrə baxmayaraq, "Soyqırım cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında" Konvensiya 9 dekabr 1948-ci il tarixdə qəbul edilib. Azərbaycan Respublikasının Milli Məclisi bu mühüm sənədi 1996-cı il 31 may tarixdə ratifikasiya edib.

O da danılmaz faktdır ki, Azərbaycan xalqı da soyqırıma məruz qalan xalqlar sırasında yer alır və çox təəssüflər olsun ki, ermənilənin azərbaycanlılara qarşı törətdiyi bu soyqırımı faciəsinə bu günə kimi də hüquqi qiymət verilməyib.

Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Hər il bu ərəfədə ölkəmizdə keçirilən müxtəli tədbirlərin də əsas məqsədi beynəlxalq hüquq normalarına və BMT konvensiyalarına əsaslanmaqla, gənclər arasında dünyada baş vermiş soyqırımları haqqında həqiqətlərin daha geniş yayılması işində beynəlxalq ekspertlərin imkanlarından istifadə etmək və bununla da soyqırımlara qarşı təbliğat işinin elmi səviyyədə genişləndirilməsinə dəstək verməkdir.

Bildiyiniz kimi, Azərbaycan xalqı dəfələrlə işğala, soyqırımına məruz qalmasına baxmayaraq, heç vaxt ümidsizliyə qapılmayıb. Yalnız 1918-ci ilin mart soyqırımı zamanı qətlə yetirilən 50 minədək həmvətənimizlə yanaşı, milyonlarla soydaşımız didərgin həyatı yaşamağa məcbur edilib, tarixi abidələrimiz məhv olunub. Bununla bağlı ölkəmizdə keçirilən tədbirlərin əsas məqsədi tarixi həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaqla erməni saxtakarlıqlarını ifşa etməkdir.

Eyni zamanda qeyd etmək lazımdır ki, Azərbaycanda və dünyanın müxtəlif ölkələrində baş verən soyqırımlarının acı nəticələrini, insanlara qarşı dəhşətli qətliamlara, amansız terror aktlarına son qoyulması üçün bütün səylər birləşdirilməlidir. Ancaq bu yolla dünyada multikulturalizmə, tolerantlığa nail olmaq mümkündür. Bu isə təkcə bir ölkənin öhdəsinə düşən vəzifə deyil, bəşəri bir problemdir.

Bu gün dünyanın bir çox yerlərində qeyri-stabil mühit formalaşıb. Qaynar nöqtələrin sayı artır. Hansısa qüvvələrin maraqları çərçivəsində aparılan siyasət nəticəsində milli-etnik, irqi təmizləmə və soyqrımlar baş verir. Problemlərlə daha çox gənclər üzləşir. Ona görə soyqrımı məsələsi yalnız tarixçilərə aid deyil. Bu, dövlət qurumlarının, ictimai təşkilatların, QHT-lərin də  gündəmində olmalıdır. Bildiyiniz kimi, 1918-ci ilin mart ayında ermənilərin quldur dəstələri 10 minlərlə soydaşımızı qətlə yetirib. Ermənilərin bu siyasəti müasir dövrdə Xocalı soyqırımı hadisəsinə gətirib çıxardı. 1918-ci il mart ayında baş verən soyqrımından sonra uzun zaman Sovetlər rejimi şəraitində yaşadıq. O zaman bu hadisələr ümumiyyətlə müzakirələrdən çıxarıldı, dərsliklərdə "soyqrımı" sözü digər sözlərlə əvəz olundu. Müstəqil dövlətimiz qurulandan sonra Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə bu hadisələr dövlət səviyyəsində tanındı. Ümummilli lederin Sərəncamından sonra Azərbaycan xalqı öz gələcyinə inam və ümidlə baxmağa başladı. Xalqımızın tarixində çətin günlər çox olub. Lakin heç zaman ümidisizliyə qapılmayıb. Tolerant olaraq qalıb. Tarix yaradan və tarix yazan xalqlar var. Azərbyacan xalqı bütün dövrlərdə tarix yaradıb. Amma bu tarixi sənədə köçürməyə diqqət yetirməyib. Başqalarının yazdığı tarix isə ya saxta, ya da təhrifli faktlar olub. Xalqımız işğallara, soyqrımlara məruz qalıb. Ancaq yenə də öz mentalitetində mövcud olan adət və ənənələrdən, multikulturalizm dəyərlərinə, tolerantlığa münasibətini dəyişməyib. Və bunun nəticəsidir ki, bu gün dünyanın bütün sivil dövlətləri bu faktı etiraf etmək zorundadırlar və etiraf edirlər.

 

“Paralel”in Araşdırma Qrupu