İki sahil.-2018.-27 fevral.-ą38.-S.16.

 

Müstəqillik - əsas dəyərimiz, ən böyük nemətimiz

 

Dövlətimizin başçısı İlham Əliyevin bu dəyərləndirməsinin təsdiqi olan 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması tarixi paralellər fonunda təhlillər aparmağı bir zərurətə çevirir

 

Yeganə Əliyeva

 

“1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisə baş vermiş, Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulmuşdur. Cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoymuş, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlamışdır.” Dövlətimizin başçısı İlham Əliyevin 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə bağlı Sərəncamında əksini tapan bu fikirlər Azərbaycanın müstəqillik tarixinin məhz 1918-ci ildən başlandığına diqqəti yönəldir və eyni zamanda ulu öndər Heydər Əliyevin aforizmə çevrilən “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” tezisini xatırladır. Cənab İlham Əliyev bu sənəddən öncə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncamı imzalamışdır. Sənəddə də qeyd olunduğu kimi, 1918-ci il mayın 28-də yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.

Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. 1991-ci ildə müstəqilliyini yenidən bərpa edən Azərbaycan 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra uğurlu daxili və xarici siyasətin nəticəsində özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan Respublika Günü olaraq təntənə ilə qeyd edir. Ölkə Prezidenti İlham Əliyevin  milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirmiş Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə imzaladığı sərəncamlar müstəqillik tariximizi tarixi paralellər fonunda təhlil etməyi bir zərurətə çevirir. Ən əsası bu gün beynəlxalq aləmdə əsl söz sahibinə çevrilən, ən islahatçı ölkə, dünyanın xoşbəxt ölkələrindən biri kimi tanınan Azərbaycanın bu uğurlarını şərtləndirən amillərə işıq salır.

Dövlətimizin başçısı İlham Əliyev Yeni Azərbaycan Partiyasının VI qurultayında “Bizim əsas dəyərimiz, ən böyük nemətimiz müstəqilliyimizdir” söyləyərək bildirmişdir: “Biz müstəqil ölkə kimi yaşayırıq. Müstəqilliyimizin də banisi ulu öndər Heydər Əliyevdir. Məhz onun hakimiyyətə gəlməsindən sonra Azərbaycan, sözün əsl mənasında, müstəqillik yoluna qədəm qoydu. 1993-cü ilə qədər bizim müstəqilliyimiz şərti və yarımçıq xarakter daşıyırdı. Xarici ölkələr, onların Azərbaycandakı nümayəndələri burada hakimiyyətə göstərişlər, təlimatlar verirdi. Əlbəttə ki, bu, tariximizin bəlkə də ən biabırçı səhifələrindən biridir. O ağır vəziyyətdə məhz Heydər Əliyevin cəsarəti, müdrikliyi, - o vaxt bizim hələ ordumuz, iqtisadiyyatımız, pulumuz yox idi, - onun dəmir iradəsi, xalqın ona olan sevgisi, rəğbəti Azərbaycanı, bax, bu müstəqillik yoluna çıxarıbdır. Biz də bu müstəqil yol ilə gedirik və gedəcəyik.”

Azərbaycanın bu gün hər sahədə qazandığı uğurlar, əldə etdiyi təcrübə göz önündədir. Azərbaycan sabitləşdirici amildir. Ölkəmizin iştirakı olmadan bölgədə heç bir layihə icra edilə bilməz. Azərbaycanın yerləşdiyi coğrafi məkan, iştirakçısı və təşəbbüsçüsü olduğu layihələr dövlətlər, xalqlar arasında körpü rolunu oynayır. Məhz bu rolundan qaynaqlanaraq, 2016-cı il ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci il isə “İslam Həmrəyliyi İli” elan edilmişdir. Dövlətimizin başçısı bildirir: “Multikulturalizm bizim üçün həyat tərzidir. Ancaq yenə də əgər biz ətrafda gedən hadisələrə, Avropada, Yaxın Şərqdə, digər bölgələrdə ayrı-seçkiliyə, ksenofobiyaya rəvac verən, güclənən amillərə nəzər salsaq görərik ki, bizim bu sahədəki siyasətimiz təkcə ölkə daxili üçün deyil, dünya üçün də çox önəmlidir. Təsadüfi deyil ki, bu gün Azərbaycan dünya miqyasında multikultural ideyaların təbliği işində nümunəvi ölkə kimi tanınır.”

Hərtərəfli inkişaf üçün ölkədə sabitliyin rolu inkaredilməzdir. Azərbaycanda sabitlik təmin edilir, xalqımız təhlükəsizlik şəraitində, rifah içində yaşayır. Azərbaycanda vətəndaş birliyi, həmrəyliyi möhkəmlənir və bütün xalq bir amal uğrunda birləşib - Azərbaycanı gücləndirmək, Azərbaycanda sabitliyi daha da möhkəmləndirmək və sosial-iqtisadi inkişafı davam etdirmək. “Əlbəttə, müstəqil siyasət aparmağımız bizə bəzi problemlər də yaradır” söyləyən cənab İlham Əliyev bildirir ki, çünki bu gün dünyada qütbləşmə göz qabağındadır. Böyük dövlətlər öz təsir dairələrini genişləndirmək yönümündə səylər göstərirlər. Bu məqamla rastlaşanda ki, dünyada müstəqil, öz sözünü deyən, heç kimdən çəkinməyən, prinsipial ölkə var, bu, təbii ki, onları qıcıqlandırır. Amma bu etiraf da diqqətə çatdırılır: “Ancaq bu bizi narahat etməməlidir. Bu məsələlərə, ümumiyyətlə, mən fikir vermirəm. Çünki mənim üçün əsas məsələ ölkəmizin təhlükəsizliyi, inkişafı və sabitliyidir. Ona görə, Azərbaycan bundan sonra da müstəqillik yolu ilə gedəcək.”

Yazılarımızda hər zaman təkrarlanan bu faktı yenə də qeyd etmək istərdik ki, Azərbaycan yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə daim dünyanın diqqətində olub. Amma bu diqqət və maraq müxtəlif dövrlərdə müxtəlif şəkildə diqqət çəkib.  Məlum olduğu kimi, müstəqilliyimizin ilk illərində Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlər ölkədə ictimai-siyasi durumun gərginliyindən qoyacaqları investisiyaların təhlükəsizliyinə tam əmin deyildilər. Dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışı, ölkədə daxili sabitliyin yaradılması bu tərəddüdləri aradan qaldırdı. Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Bu gün ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcminin 231 milyard dollara çatması ölkəmizin bu gününə və gələcəyinə, ən əsası həyata keçirilən siyasətə inamı nümayiş etdirir.

İqtisadi tərəqqi demokratik islahatların sürətini artırır. Demokratik cəmiyyətin varlığını şərtləndirən bütün amillər ölkəmizdə bərqərar olunub. Konstitusiyada əksini tapan maddələrin üçdə iki hissəsi insan hüquq və azadlıqlarının qorunmasına xidmət edir. Ölkədə vətəndaşlara bütün azadlıqlar verilib. Sərbəst toplaşmaq azadlığı yüksək səviyyədə təmin edilir. Çoxpartiyalı sistem yaradılıb. Bu gün ölkəmizdə 40-dan artıq siyasi partiyanın, 3 minə yaxın qeyri-hökumət təşkilatının qeydiyyatdan keçməsi, onların normal fəaliyyəti üçün təkmil qanunvericilik bazasının yaradılması da demokratik inkişafın, sabitliyin əsas göstəricilərindəndir. Ulu öndər Heydər Əliyev bildirirdi ki, nə qədər partiya olur olsun, onların hamısı bir məqsədə- Azərbaycanın müstəqilliyini qorumaq, torpaqlarımızı düşməndən azad etmək işinə xidmət etməlidir. Ölkədə seçkilərin demokratik, azad, şəffaf və beynəlxalq standartlara uyğun keçirilməsi üçün təkmil seçki sistemi formalaşdırılıb. 2003-cü ilin mayında Azərbaycan hökumətinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, həmçinin Avropa Şurası Venesiya Komissiyası ilə birgə əməkdaşlığı nəticəsində Seçki Məcəlləsi qəbul olunub. Daim təkmilləşən, bütün yenilikləri özündə əks etdirən bu sənəd ölkədə prezident, parlament və bələdiyyə seçkilərinin, ümumxalq səsverməsinin beynəlxalq standartlara uyğun keçirilməsini şərtləndirir. Cari il ölkəmizdə prezident seçkiləri ilidir. Aprelin 11-də keçiriləcək prezident seçkilərinin demokratikliyini, şəffaflığını təmin etmək üçün dövlətimiz bütün zəruri addımları atır.  Bütün bunlar ölkəmizin beynəlxalq nüfuzunu gücləndirir, Azərbaycan dünyanın ən nüfuzlu təşkilatlarından həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırır. 2001-ci ilin yanvarında Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması dövlətimizin demokratik prinsiplərə sadiqliyinin bariz nümunəsidir. Ulu öndər Heydər Əliyev bildirirdi ki, demokratiya bizim strateji kursumuzun əsas mahiyyətini təşkil edir. Heç bir qüvvə bizi bu yoldan döndərə bilməz.

Son 14 ildə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın ən yüksək zirvələri fəth etməsini şərtləndirir. Hazırda Azərbaycanın adı dünyanın xoşbəxt, islahatçı ölkələrinin sırasında çəkilir. İqtisadi imkanlarını günbəgün genişləndirən ölkəmizin beynəlxalq nüfuzu artır, əsl söz sahibinə çevrilir. Azərbaycanda sabitliyin, iqtisadi inkişafın davamlılığı yeni-yeni hədəflərə yol açmaqla yanaşı, yeni-yeni tərəfdaşlar qazanmasına da stimul verir. “Əsrin müqaviləsi”nin imzalanmasının 20 illiyində “Cənub Qaz Dəhlizi”nin təməlinin qoyulması, ötən il “Yeni əsrin müqaviləsi”nin imzalanması çoxtərəfli əməkdaşlığın genişləndirilməsinə yönələn addımların əsas tərkib hissələridir.  Təbii ki, bu uğurları şərtləndirən amillər sırasında iqtisadi və siyasi islahatların paralel şəkildə aparılması hər zaman  xüsusi qeyd edilir. Ölkəmizin demokratiya təcrübəsi digər dövlətlərə nümunə göstərilir. Bu gün Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlər üçün əsas məkan seçilməsində də demokratik inkişafı əhəmiyyətli rol oynayır. Ölkəmizdə olan qonaqlar inkişafdan heyrətlərini gizlətməyərək, dövlətimizin həyata keçirdiyi siyasətə xalqın dəstəyini böyük məmnunluq hissi ilə qeyd edirlər.

Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu tutan Azərbaycan atdığı hər addımında bu prinsiplərə sadiqliyini təsdiqləyir. Dövlətimizin başçısı İlham Əliyev daim bildirir ki, atılan addımlar hansısa təşkilata, dövlətə xoş gəlmək deyil, Azərbaycanın uğurlu gələcəyi üçündür. Məlum olduğu kimi, qarşıdakı illər üçün əsas hədəf Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görməkdir.

Uğurlarımıza qısa baxış bu gerçəkliyi bir daha təsdiqləyir ki, möhkəm təməl üzərində qurulan Azərbaycan iqtisadiyyatı inkişaf yolunda inamla irəliləyir. Qarşıdakı illərdə ölkəmizi daha böyük uğurlar gözləyir. Bu inama əsas verən əsas amil isə Heydər Əliyev siyasəti və xalqın bu siyasətə böyük dəstəyidir. Dövlətimizin başçısı İlham Əliyevin bu fikirlərini yada salmaq istərdik: “Qürur hissi ilə deyə bilərəm ki, bugünkü Azərbaycan Ulu Öndərin görmək istədiyi kimi inkişaf edir, onun qoyduğu yolla gedir, güclənir, möhkəmlənir və çox güclü regional amilə çevrilibdir.”

Təbii ki, uğurlarımıza sevinən qüvvələrlə yanaşı sevinməyənlər də var. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında bu məqama da xüsusi diqqət yönəldir. “Bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı getdikcə artır və beynəlxalq aləmdə Azərbaycanın çox gözəl nüfuzu vardır. Əgər belə olmasaydı bir neçə il bundan əvvəl 155 ölkə Azərbaycanı BMT Təhlükəsiz Şurasına qeyri-daimi üzv seçməzdi” söyləyən cənab İlham Əliyev bildirir ki, Azərbaycana qarşı beynəlxalq mediada ədalətsiz kampaniya aparılır. Bu kampaniya ona görə ədalətsizdir ki, ikili standartlar əsasında qurulubdur: “Hər bir ölkədə qüsurlar, çatışmayan cəhətlər və sair var. Biz özümüz onları yaxşı bilirik və həll etməyə çalışırıq. Ancaq ümumi regional kontekstdən Azərbaycanı seçib hədəfə çevirmək, əlbəttə ki, ikili standartlar və anti-Azərbaycan siyasətinin əlamətidir... Ümumiyyətlə, hər bir ölkənin yerinin müəyyən edilməsi siyasəti var. Elə bil ki, kimsə burada bu ölkələrin reytinqini, yaxud da, tutduğu yerləri müəyyən etməyə çalışır.” Amma dünyanın  bu reallıqları fonunda bu fikri də böyük inam və qətiyyətlə bildiririk ki, bu kampaniya Azərbaycanın daxili və xarici siyasətinə heç bir təsir etməmişdir və heç vaxt etməyəcək. Çünki dövlətimizin siyasətinin mənbəyi Azərbaycan xalqıdır, onun iradəsidir və onun maraqlarıdır. İqtisadi tərəqqi, daxili sabitlik, xalq-iqtidar birliyinin sarsılmazlığı qarşıya qoyulan hər bir məqsədə yüksək səviyyədə nail olmağa əsas verir. Azərbaycan qarşıdakı illərdə inkişaf etmiş ölkələr sırasında addımlamaqla bir daha düzgün qurulan siyasətin uğurlarını dünyaya təqdim etmiş olacaq. Cənab İlham Əliyev uğurlarımıza söykənərək bildirir:” “Azərbaycanda düşünülmüş, müstəqil siyasət aparılır. Biz öz yolumuzla gedirik. Bu yol inkişaf yoludur, tərəqqi yoludur və bu yolda böyük nailiyyətlərə imza atmışıq.”

Azərbaycanın müstəqillik tarixində keçdiyi yolu, əldə etdiyi uğurları və təcrübəni bir yazı çərçivəsində əhatə etmək qeyri-mümkündür. “Azərbaycan Xalq Cümhuriyyəti İli” bu yolun ayrı-ayrı mərhələlərinə geniş işıq salmağa yardımçı olacaq.