Xalq qəzeti.-2018.-11 yanvar.-6.-S.6.

 

Qanlı Yanvarın sənət salnaməsi

 

M. Mükərrəmoğlu

 

20 Yanvar tariximizin qanla yazılmış səhifəsidir. Bu tarix xalqımız üçün təkcə ölüm-dirim savaşı deyildi, həm də imperiya caynağından qopmaq üçün apardığı azadlıq mübarizəsinin, qəhrəmanlıq tariximizin yeni mərhələsi idi. Qanlı Yanvar yaddaşımızın əbədi ağrısıdır. Xalqımızın azadlığı və istiqlalı yolunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsini həmişə əziz tuturuq.

 

Həmin gecə Azərbaycan xalqı, həqiqətən, böyük qəhrəmanlıq göstərərək , imperiyanın qaniçən ordusunun qarşısına çıxdı. Doğrudur, biz şəhidlər verdik, ancaq imperiya bu xalqın azadlıq ruhunu öldürə bilmədi. Əksinə, biz qələbə çaldıq, müstəqil Azərbaycanı yaratdıq.

Bu müdhiş gecədə baş verənləri xalqımız heç zaman unutmur. Hər il ölkəmizdə 20 Yanvar böyük hüznlə anılır, Şəhidlər xiyabanı ziyarət olunur. Bu il də Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə 20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq edilib. Sənədə əsasən, respublikanın şəhər və rayonlarındakı mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşaların, bədii və sənədli filmlərin nümayiş etdirilməsi də nəzərdə tutulur.

Tariximizin bu şanlı səhifəsi incəsənət xadimlərimizin qəlbində dərin iz qoyub. Musiqimizdə, rəssamlıq və heykəltaraşlığımızda, ədəbiyyat, xalça və kino sənətimizdə bu mövzuda yaradılan əsərlərdə xalqımızın qəhrəmanlıq ruhu, mübarizə əzmi, sabaha ümidi, bu qanlı olayın bədii təcəssümü öz dolğun əksini tapıb. Burada kinorejissor Vaqif Mustafayevin Tale və Bir həsədin tarixi filmlərini qeyd etmək yerinə düşərdi. Rejissor ulu öndərin Moskvadakı Azərbaycan Nümayəndəliyinə gələrək bu hadisələrə münasibətini bildirdiyi anları sənədli ekranın dili ilə ustalıqla əks etdirmişdir. Eyni zamanda, hadisələrin əsas səbəbkarı Sov. İKP MK-nın baş katibi Mixail Qorbaçovun sözləri də 20 Yanvar faciəsini daha dərindən anlamağa imkan yaradır. Bu əsərlərdən ona görə başladıq ki, 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən də ulu öndər olmuşdu. Bəli, məhz ulu öndər Azərbaycanın o ağrılı günlərində öz həyatını təhlükəyə ataraq ürəkdən sevdiyi xalqı ilə həmrəy olduğunu bildirmək üçün buraya gəlmişdi.

 Bundan başqa, sənədli kinomuzda 20 Yanvarın ürəkgöynədən hadisələrinin canlı kadrları yaşayır. Şəhidlərdən- şəhidlərə, Azadlığa gedən yollar, 20 Yanvar və başqa sənədli filmlərdə belə canlı kadrlar yer alıb.

Bakının 20 Yanvar dairəsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi qoyulmuşdur. Kompleksin tikintisinə 2009-cu ilin oktyabrında başlamış, açılışı 2010-cu ildə olmuşdur.

 Kompleksin ümumi sahəsi 1500 kvadratmetrdir. Xatirə kompleksinin mərkəzində hündürlüyü postamentlə birlikdə 8 metr olan əzəmətli abidə ucaldılıb. 147 nəfərin adı və soyadı, habelə ulu öndər Heydər Əliyevin "1990-cı il yanvarın 20-si Azərbaycanın tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur" sözləri qızılı hərflərlə həkk edilib. Çoxfiqurlu tunc kompozisiyanın memarı Ədalət Məmmədov, heykəltaraşları Azad Əliyev və Cavanşir Dadaşovdur.

Fırça ustalarımız da bu ağrılı mövzuya elə ilk vaxtlardan müraciət etməyə başlamışlar. Rəssamlarımızın əsərlərində də Qanlı Yanvarın yaddaşlardan silinməyən ağrıları yaşayır. Bu əsərlərdə rənglərin dili ilə çox həqiqətlər faciənin bədii salnaməsinə çevrilir. Vaqif Ucatayın Yenidənqurma iblisi, Rasim Babayevin Təcavuz, Hacırza Fərzəliyevin Ağlı-qaralı dünya, Fikrət İbrahimovun Gələcək naminə, Həmzə Abdullayevin Çərxi-fələk, İsmayıl İsmayılovun Həqq tərəzisi, Qafar Seyfullayevin Öncə vətəndir..., Asim Səmədovun Ruhlar və s. tablolarında qanlı gecənin ağrılı-acılı yaşantıları yaddaqalan bədii ifadəsini tapıb. Qrafika ustası Arif Hüseynovun Qara tağlı natürmort, Fəxrəddin Məmmədvəliyevin Qara yanvar və Arif Ələsgərovun 20 Yanvar qrafik əsərləri də Azərbaycan xalqının məruz qaldığı qanlı təcavüzə münasibəti təcəssüm etdirir.

Bundan başqa, xalq rəssamlarımızdan Mikayıl Abdullayev, Kamil Nəcəfzadə və başqaları bu mövzuda yaddaqalan sənət əsərləri yaradıblar. Heykəltəraşlıq sahəsində də bir neçə qiymətli əsərlər yaradılmışdır ki, onlar da artıq xalqımızın daş yaddaşına çevrilmişdir. Xalq rəssamı Xanlar Əhmədovun 20 Yanvar mövzusunda Ana harayı, Bir güllə vurulmuş ata və oğul əsərləri buna bariz nümunədir.

Bu mənada bu gün Bakıda və respublikanın bölgələrində ucaldılan abidələri, muzey və qalereyaların ekspozisiyalarını bəzəyən rəngkarlıq, qrafika və heykəltəraşlıq əsərlərini 20 Yanvar faciəsinin dəhşətlərini özündə yaşadan, gələcək nəsillərin öz tarixinə bələdçiliyinə kömək edəcək çox qiymətli qaynaq hesab etmək olar. Onların sırasında Əyyub Hüseynov, Kamil Nəcəfzadə, Sara Manafova, Nazim Rəhmanov, Eyyub Məmmədov, İlham Ənvəroğlu, Tünzalə Məmmədzadə, Eyzam Şıxəliyev, Nəvai Metin (rəngkarlıq əsərləri), Həşim Elçiyev, Kirman Abdin, Etibar Aslanovun yaratdıqları əsərlərin yüksək bədii-estetik dəyərə malik olduqlarını vurğulamaq lazımdır.

Tanınmış fırça ustası Sara Manafovanın (1932-2007) çəkdiyi Qara güllər əsərində isə faciəyə rəmzi-düşündürücü münasibətin ifadəsini görmək mümkündür. Onun bəyaz stulun üzərində görüntüyə gətirdiyi bir-neçə qara gül şəhidlərin ruhuna səslənən ağı kimi qəbul olunur.

Əməkdar incəsənət xadimi Eyyub Məmmədov (1921-1994) isə şahidi olduğu qanlı olaylara bədii münasibətini Qanlı şənbə günü, Komendant saatı və Hədəf tablolarından ibarət Yanvar hadisələri adlı triptixində ifadə etmişdir. Bu üç əsərdə xalqımızın qan yaddaşına əbədi həkk olunmuş hadisələrin mənəvi-psixoloji tutumunu təşkil edən ittiham hissi qabarıq duyulmaqdadır.

Heykəltəraşlıq sahəsində ilk nümunə elə faciənin baş verdiyi ildə Gəncə şəhərində yaradılıb. Onun müəllifi tanınmış tişə ustası Səid Rüstəmdir. Üçhissəli heykəltəraşlıq-memarlıq kompleksində süjetli relyef və yazıların sintezi ilə baş vermiş qanlı hadisənin ittihamedici obrazlı həlli tapılmışdır. Bakının Keşlə qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılmış abidədə də (müəllifi İbrahim Həsənov) xalqımızın mübariz ruhu qabarıq və yaddaqalan monumental biçimdə öz həllini tapıb.

Bəstəkarlarımız 20 Yanvar faciəsinə həsr olunmuş 100-dən çox əsər yaradıblar. Görkəmli bəstəkarımız Cövdət Hacıyevin "Şəhidlər simfoniyası" var. Həmçinin Oqtay Kazımi da bu adda simfoniya yazıb. Azər Rzayevin simfoniyası "Bakı-90" adlanır. Ramiz Mustafayev "Bu qan yerdə qalan deyil", Mobil Babayev kantata, Aydın Əzim Kərimoğlu orkestr üçün "Qətl günü", Sərdar Fərəcov simfonik poema, Sevda İbrahimova bariton səs və orkestr üçün vokal simfonik "Vətən şəhidləri", Arif Mirzəyev orqan üçün "Yanvar mərsiyələri" əsərlərini yazdılar.

Eyni zamanda, bəstəkar Faiq Nağıyev "Şəhidlərdən şəhidlərə" filminə musiqi yazıb. Cavanşir Quliyevin xor üçün "Şəhidlər"i gözəl alınıb. 20 Yanvar faciəsi mövzu kimi mahnı yaradıcılığına təsir edib. Emin Sabitoğlu Bəxtiyar Vahabzadənin sözlərinə "Şəhidlər ağısı"nı yazdı. İndi bu mahnını çoxları ifa edir, amma bunun ilk ifası Zeynəb Xanlarovaya məxsusdur. 1991-ci ildə Vasif Adıgözəlov Fikrət Qocanın sözlərinə "Bir şərqi de" mahnısını yazıb. Faiq Sücəddinov fortepiano üçün xüsusi bir əsər yaradıb. O, həm də gözəl pianoçu kimi "Şəhidlər xiyabanı" adlı əsərdə bəstəkar duyğularını ifadə edib. Ruhəngiz Qasımovanın "Şəhid oğullara" mahnısı da yaxşı alındı, indi də ifa olunur. Mərhum bəstəkar Hacı Xanməmmədov mərhum yazıçı Əzizə Cəfərzadənin sözlərinə "Əlimdə sazım ağlar" adlı əsər yazıb.

Sənət adamlarımızın bu əsərləri dünyanın bir çox muzeylərində daimi eksponata çevrilmiş, xarici ölkələrdə keçirilən kinofestivallarda, sərgilərdə göstərilmiş, musiqi festivallarında səsləndirilmişdir. 20 Yanvar sənətkarlarımız üçün tükənməyən mövzudur. Bu mövzuda hələ çox əsərlər yaradılacaq, çünki bu faciə xalqımızın azadlıq mübarizəsi salnaməsinin şərəfli səhifəsidir.