Kaspi.-2017.-15 mart- 47.-S.11.

 

Türk xalqlarının milli təşəkkülü

 

Aytək Zakirqızı (Məmmədova)

fəlsəfə doktoru 

 

İnsanların ərazi, dil, iqtisadi və mənəvi cəhətdən birliyini ifadə edən millət anlayışına, həmçinin, millətə, xalqa məxsus xüsusiyyətləri göstərən milliyyət anlayışına alimlər, mütəfəkkirlər müxtəlif baxımdan yanaşmışlar. Bu mənada Türkiyənin görkəmli ictimai xadimi Ziya Gökalp (1876-1924) və böyük mütəfəkkiri Hilmi Ziya Ülkənin (1901-1974) türk xalqlarının milli təşəkkül haqqında fikirləri maraqlıdır.

Hilmi Ziya Ülkən dünyada kültürlər yaradaraq meydana çıxan milləti, cəmiyyətin çox yeni bir təşəkkülü kimi dəyərləndirmişdir. Əski çağlarda millət yoxdur, ancaq onu hazırlayan başqa ictimai formalar və başqa mədəniyyətlər vardır. Mütəfəkkir "milli təşəkkül Qərb mədəniyyətinin əsəridir fikrini irəli sürərək, bu mədəniyyəti mənimsəyən, onun texnikasını, ruhunu alan başqa cəmiyyətlərin də getdikcə millət halını aldıqlarını göstərmişdir. Bu millətləşmə hərəkətlərinin başında milli iradəni təmsil edən istiqlal savaşları gəlir və bununla öz tarixlərinə çevrilən şüurla kültürlərini meydana gətirir. Müasir mədəniyyət öz kültürünü yaratma qüdrətində olan millətlər mədəniyyətidir. Hilmi Ziya Ülkən milli təşəkkülün bir anda meydana gəlmədiyini qeyd etmişdir: Vətən və onun üzərində yaşayan millətin idealları, heç bir qüvvə və fərd tərəfindən bağışlana bilməz. Onlar, tarixi bir təkamülün əsəridir.

Millət və ümmət sözləri müxtəlif mənalar daşıyır. Hilmi Ziya Ülkən yazmışdır ki, millət sözünün müasir mənasıyla "nation qarşılığı olaraq işlədilməsi yenidir. Keçmişdən bu söz, İslam dininə girənlərin təşkil etdiyi böyük camaatı ifadə edirdi. "Millət-i İslamiyyə bütün müsəlmanları topladığı üçün, bugünkü millət anlayışından tamamilə fərqli idi. Belə ki, ümmət sözü də bir kökdən gələn insanlar deməkdi. Ümmət-i Məhəmməd, peyğəmbərin nəsli olduğu halda sonradan bu iki söz mənalarını dəyişdirdi; "ümmət bütün İslam camaatı, millət də İslam camaatında ayrı-ayrı əsrlərdən gələn qolları ifadə etməyə başladı.

Ziya Gökalp "ümmət sözünün din ilə sıx bağları olan insanların hamısına, "dövlət sözünün bir hökumətin idarəsi altında olan insanların bütününə, "millət sözünün eyni dili danışan insanların cəminə deyildiyini bildirərək yazmışdır: "Bir tərəfdən islamçılar deyirlər ki, "millət sözü, sizin "ümmət dediyiniz mənanı qarşılayır. Bir dinə bağlı olan insanların toplamına "ümmət və bir dilə bağlı olan, yəni eyni dili danışan insanların bütününə də "millət deyilməyə başlanmışdır.

Bu dövrdə türklərin ictimai-siyasi və elmi-mədəni həyatında İslamçılıq, Avropaçılıq, yaxud Qərbləşmə, Türkçülük cərəyanları yaranıb, fəaliyyət göstərirdi. Türkçülüyün yaranıb formalaşması uzun bir tarixi dövrü əhatə edir. Türkçülük tarixində bütün türk xalqları, xüsusilə Azərbaycan və Türkiyə mütəfəkkirləri bir-birləriylə qarşılıqlı münasibətdə fəaliyyət göstəriblər. Türkçülük düşüncəsinin görkəmli nümayəndələrindən Yusif bəy Akçura (1879-1935) Türkiyə xaricindəki türklərlə Türkiyə türkləri arasında fərq olmadığı, türklüyün birlik olduğu fikrini müdafiə edirdi. Ona görə üç siyasət tərzi vardır: 1) Osmanlı birliyi, 2) İslam birliyi (panislamizm), 3) Türk birliyi (pantürkizm). Hilmi Ziya Ülkən Yusif bəy Akçuranın fikirlərini belə izah etdiyini yazmışdır: Birinci hədəf: Amerika Birləşmiş Ştatları kimi ayrı cinsdən ünsürləri bir araya gətirən bir "Osmanlı milləti yaratmaq istəyir. Bu fikir II Mahmud zamanında yarandı. O zaman üçün bu, təbii idi. Fəqət 1870-ci il zəfərindən sonra alman millətçiliyi hər tərəfdə yayılmağa və Osmanlı milləti fikri zəifləməyə başladı. İkinci hədəf: İslamiyyət siyasətidir. Bu fikir yenə Osmanlılıq şüurundan yarandı. Müsəlman osmanlılar sonradan sərhəd xaricindəki müsəlmanlarla bir olacaqlarını söylədilər. Onlara görə bütün müsəlmanlar birləşəcəklər. Əbdüləzizin son zamanlarında panislamizm sözü diplomatik danışıqlara qədər getdi. II Əbdülhəmid buna tərəfdar oldu. Hocaları, şeyxləri, təriqətləri tutdu, əski əsərləri tərcümə etdirdi. Fəqət beləcə Qərb düşüncəsinə vida etmək və orta əsr sistemində teokratik bir dövlətə sığınmaq lazımdı. Üçüncü hədəf: İrq üzərində qurulmuş bir türk birliyi fikridir. Türklük siyasəti də islam siyasəti kimi ümumidir. Sərhədlə əhatəli deyildir. Harada türk varsa, oraya uzanır.

Hilmi Ziya Ülkən "Əcaba bu üç siyasətdən hansı faydalı və tətbiqə əlverişlidir sualını Yusif bəy Akçuranın tez cavablandırmadığını, onun "Osmanlı, milləti təşkili dövlət sərhədlərini qorumaq üçün biricik çarədir fikrini təqdim etmişdir. Yusif bəy Akçuranın İslam birliyi və Türk birliyi barədə fikirlərini Hilmi Ziya Ülkən belə izah etmişdir: "İslam birliyi siyasəti də Akçuraya görə, İslam olmayanların işinə gəlmirdi. Ayrıca hər qövm öz milliyyətini duymağa başladığı üçün bütün İslamlar da istəməyəcəkdilər. Türk birliyi siyasətinə gəlincə, Osmanlı dövlətindəki türklər həm dini, həm irqi baxımdan birləşəcəklər, məmləkət xaricindəki türklər də bunu istəyəcəkdir. Fəqət türkləri birləşdirmək siyasətinin həyata keçməsindəki daxili güclər İslam siyasətindən daha böyükdür. Hər nə qədər Qərb təsiri ilə türklər arasında milliyyət fikirləri girmişsə də, bu, hələ çox yenidir. Fəqət İslamiyyət türklərin birləşməsində önəmli bir təsir ola bilər.

Ziya Gökalp milliyyət ideyasının öncə müsəlman olmayanlarda, sonra alban və ərəblərdə, ən sonra da türklərdə ortaya çıxdığını bildirmişdir. Türklərin ən sona qalması səbəbsiz deyildir. Osmanlı dövlətini türklər qurmuşdular. Dövlət, var olan bir millət, milliyyət duyğusu isə, var edilməsi istənilən millətin özü deməkdir. XIX əsrdən başlayaraq Türk xalqlarını düşündürən əsas məsələlərdən biri Türkçülüklə bağlı idi. Ziya Gökalpa görə, milliyyətçilik ideyasının güclənməsi üçün iki duyğunun yardımına ehtiyac vardır. Bunlardan birincisi millət sevgisidir ki, milli qürur duyulacaq səbəbləri ilə ənənələrdən qaynaqlanıb yaranar. İkincisi isə milli kindir ki, hər hansı bir zülm və təzyiqə qarşı nifrət və düşmənlik oyanması ilə əmələ gəlir.

Görkəmli alim Osmanlı İmperiyasındakı zülmün bir türk zülmü kimi qəbul edildiyini, buna görə də türk olmayan millətlərin türk adına qarşı olduqlarını, ümumiyyətlə, o dövrdə türk millətlərinə bir nifrətin yarandığını, "o zaman, doğrusu, türk adını mənimsəyən bir tək Allahın qulu yox kimiydi faktını göstərmişdir. Mütəfəkkir Türk qövmünün ortaya çıxıb "Mən varam! deyə bilmədiyi bir zamanda belə, Avropanın ölkədəki rəzalətə görə yalnız türkləri günahlandırdığını, daxildə də müsəlman olan və olmayan qövmlərin sarayın təzyiqindən, dövlət məmurlarının etdiyi əziyyətlərin məsuliyyətinin də türklərin üzərində olduğunu yazmışdır: "Orada türkə yüklənən bu məsuliyyət yükü vardı, amma onu mənimsəyən bir çiyin yoxdu. Türklər milli bir vəzifəyə yüklənməmiş olan, özbaşına qalmış fərdlərdən meydana gəlirdi: Milli şüur, milli ideyaya sahib olmayan bir cəmiyyətdən, əxlaq, milli birlik, fədakarlıq gözləmək boşunadır, məhz yaradılış baxımından soylu bir şəxsiyyətə sahib türklərin, ictimai bucaqdan tənəzzülü, ancaq "öz mənliyini tanımamaq və "milli məsuliyyətlərini bilməmək səhvlərindən ortaya çıxırdı. Ziya Gökalp bunun səbəbini belə izah etmişdir: Türk qövmü "Mən varam dedikdən sonra məsuliyyətinin önəmini və lüzumunu daha yaxşı anlayır və bu gün millilik duyğularından uzaqlaşmaları imkansız olan eyni dinə və dövlətə mənsub olanlarla daha gözəl anlaşmaq yollarını tapır. Türk qövmü öz varlığını anlar anlamaz, ərəblərin və başqa azlıqların irəliləmək üçün ehtiyac duyduqları şeyin nə olduğunu da bu yeni duyğunun işığıyla gördü.

Bu mənada 18 mart 1915-ci il Çanaqqala zəfəri türklərin birliyini, böyük Türk vətəni uğrunda mübarizəsinin ifadəsidir. Türkiyənin məşhur mütəfəkkiri, İstiqlal Marşını yazan, şair, siyasətçi, hafiz Mehmet Akif Ersoy (1873-1936) "Safahat əsərinin altıncı kitabında "Asım şeir külliyyatında Çanaqqala müharibəsi haqqında, döyüşçülərin qəhrəmanlığından, Çanaqqala şəhidlərindən bəhs edir. Şair Çanaqqala müharibəsinin geniş təsvirini vermiş, döyüşçülərin qəhrəmanlığını göstərmişdir. Ümumiyyətlə, Çanaqqala zəfəri qəhrəmanlıq salnaməsidir. Buna görə Çanaqqala müharibəsini əks etdirən bir çox filmlər çəkilmişdir. Balkan müharibələrinə qədər Osmanlı imperiyasının tərkibində olan ölkələrdən də gəlib Çanaqqala zəfərinin qazanılmasında mühüm xidmətlər göstərənlər olub. 2015-ci ildə çəkilən "Çanakkalede Unutulan Avazımız (Yönetmen: Muhlis Durak; Yapımcı: Feridun Cesur) sənədli filmində Albaniya Respublikası, Kosova, Makedonya, Bosniya və Herseqovina, Qaradağ (Monteneqro), Serbiya kimi ölkələrdən bu müharibədə iştirak edənlərin olduğu vurğulanır.

XIX əsrin əsrin sonlarından başlayan və XX əsrin əvvəllərində davam edən milli oyanış hərəkatı, müstəqil dövlətçiliyin qurulmasının nəzəri əsasları Azərbaycan tarixində parlaq şəkildə öz əksini tapmışdır. Maarif xadimi, təbiətşünas alim Həsən bəy Zərdabi (Məlikov) (1842-1907) 1875-ci ildə "Əkinçi qəzetinin əsasını qoymaqla tarixdə milli mətbuatımızın banisi kimi şərəfli bir yer tutmuşdur. Türkçülüyün inkişafı və təkamülü tarixində türkdilli xalqların ortaq çalışmaları, xüsusilə Azərbaycan və Türkiyə mütəfəkkirlərinin bir-biri ilə qarşılıqlı nəzəri dialoq və mükalimələri mühüm yer tutmuşdur. Bu mənada Əhməd bəy Ağaoğlu (1869-1939), Əli bəy Hüseynzadənin rolu (1864-1940) xüsusi qeyd olunmalıdır. Onlar həm Azərbaycanın, həm  də Türkiyənin ictimai-siyasi həyatında özünəməxsus mövqe qazanmış dahi şəxsiyyətlər idi.

1906-cı ildə Tiflisdə əsası qoyulan "Molla Nəsrəddin jurnalının da XX əsr Azərbaycan mədəniyyəti və mətbuatı tarixində əvəzsiz yeri vardır. Böyük mütəfəkkir Cəlil Məmmədquluzadə (1869-1932) ""Molla Nəsrəddini təbiət özü yaratdı, zəmanə özü yaratdı yazmışdır. Cəlil Məmmədquluzadə "Molla Nəsrəddin jurnalının "Kürü və Arazı keçdi, bəlkə Xəzər və Qara dəryaları da vurub Türkiyəyə, Türküstana, Gilana keçdi və uça-uça Qafqaz dağlarını aşıb, Qafqaza, Krıma və sair türk ölkələrinə keçdiyini yazırdı.

Türk xalqlarının ortaq əlifba və ortaq ədəbi dilinin hazırlanması milli birlik məsələsidir. XX əsrin əvvəllərində bütün türklərin ortaq bir ədəbiyyat və elm dili olması məsələsinə də diqqət yetirilmişdir. Ziya Gökalp "Rusiyadakı türklər terminlərini ruscadan, Çindəki türklər çincədən, biz fransızcadan alsaq, türkcələrimiz bir-birindən uzaqlaşar yazırdı. Onun fikrincə, türklər terminləri ərəbcə və əcəmicədən, ya da türkcədən alsalar, tam əksinə, bir-birlərinə yaxınlaşarlar.

İstanbul türkcəsini bütün türklər tərəfindən milli dil kimi qəbul edilməsindən bəhs edərkən Ziya Gökalp İstanbulun bir paytaxt kimi yalnız Osmanlı türklərinin deyil, Türk Xaqanlığının paytaxtı olduğunu bildirmişdir: Ona görə İstanbul bütün dünya türklüyünün qibləsi sayılır. Ayrıca İstanbul, islam xilafətinin də mərkəzidir. Yəni İstanbul, milli valehediciliyindən başqa, dini müqəddəslik də daşımaqdadır. Məhz İstanbul türkcəsinin bütün türklər üçün milli dil olması, bu valehedicilik və müqəddəsliyin dilə də keçmiş olmasına görədir. Üstəlik də İstanbul türkcəsi türk ləhcələrinin ədəbiyyat və elm istiqamətindən ən zənginidir. O halda İstanbul türkcəsini ədəbi dil halına gətirmək bütün türklər üçün milli bir vəzifədir. Bu vəzifə yerinə yetirildiyi zaman bütün türklər dil və ədəbiyyatda ortaq və tək bir millət halına gəlir.

Ziya Gökalp "ümumi türk millətinin vətəni haradır? sualını belə cavablandırır: "Vətən nə Türkiyədir türk üçün, nə Türküstan; Vətən böyük və əbədi bir ölkədir: Turan.

Mütəfəkkir "Turan sözünü bu cür açıqlayır: Turan, bütün türkləri bir araya toplayan, yadları isə oraya almayan ideoloji bir vətəndir. Turan türklərin yaşadığı, türkcənin danışıldığı bütün ölkələrin tamamıdır.

Ziya Gökalp Turanın türkçülərin uzaq ideologiyası olduğunu, bu ad altında birləşən oğuzların, tatarların, qırğızların, özbəklərin, yakutların dildə, ədəbiyyatda, kültürdə birləşmək məqsədində olduqlarını yazmışdır.

Ziya Gökalp Turan ideyasını yüz milyon türkün bir millət, ulus olaraq birləşməsi kimi dəyərləndirmişdir. Turan türkçülər üçün ən güclü coşqu qaynağıdır, bu ideologiya olmasaydı, türkçülük bu sürətlə yayılmayacaqdı. Mütəfəkkir Turan ideologiyasını gerçəkləşə biləcəyi ehtimalını da qəbul etmişdir: "Kim bilir, bəlkə gələcəkdə Turan ideologiyası da gerçəkləşə biləcəkdir. İdeologiya, gələcəyin yaradıcısıdır. Dünən türklər üçün yuxu bir ideologiya olan milli dövlət, bu gün Türkiyədə gerçəkləşmişdir.

Ümumiyyətlə, müasir dövrdə türk xalqlarının milli təşəkkülü, türklər arasında milli birliyin zəruriliyi məsələsi həmişə diqqət mərkəzində olub, bu gün də aktualdır.