525-ci qəzet.-2017.-11mart- 45.-S.5.

 

Azərbaycan-İran əlaqələri iqtisadi müstəvidə

 

"Bakı-Tehran əməkdaşlığı möhkəm olmalı, münasibətlər daha da inkişaf etdirilməlidir"

 

Ceyhun Abasov

 

Xəbər verdiyimiz kimi, martın 5-də prezident İlham Əliyev İran İslam Respublikasına rəsmi səfər edib.

İki qonşu ölkə arasında əlaqələrin hərtərəfli inkişafı baxımından mühüm səciyyə daşıyan səfər zamanı dövlət başçısı İlham Əliyevlə İran prezidenti Həsən Ruhani məhdud tərkibdə görüş keçirdikdən sonra tərəflər nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqlar aparıblar. Görüşdə Azərbaycan prezidenti İlham Əliyevin İrana rəsmi səfərinin əlaqələrin inkişafında böyük rolu olduğu qeyd edilib, ölkələrimiz arasında əməkdaşlığın inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti xüsusi vurğulanıb.

Daha sonra İlham Əliyev və Həsən Ruhaninin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub. İki ölkə arasında "Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və İran İslam Respublikasının İqtisadi Məsələlər və Maliyyə Nazirliyi yanında Maliyyə Monitorinqi İdarəsi arasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu" və "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə İran İslam Respublikasının Dəmir Yolları Şirkəti arasında dəmiryolu əlaqəsinin birləşdirilməsinə dair Anlaşma Memorandumu" imzalanıb.

Sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra İran İslam Respublikasının Prezidenti Həsən Ruhani və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata bəyanatlarla çıxış ediblər.

İran prezidenti qeyd edib ki, son üç il ərzində Azərbaycan-İran əlaqələri yüksək səviyyədə inkişaf edib: "Bu əlaqələr istər siyasi, ikitərəfli, regional və beynəlxalq məsələləri əhatə edib, istərsə də iqtisadi və mədəni sahədə genişlənib. Son 10 ay ərzində ticarətin həcmi iki ölkə arasında əlaqələrin inkişafının göstəricisi olmaqla, hər iki dövlətin bu əlaqələrin vüsət tapması üçün səylərini nümayiş etdirir. Azərbaycan ilə İran tranzit məsələlərində, xüsusilə də Şimal-Cənub nəqliyyat dəhlizində mühüm rol oynayır və Astara-Astara dəmir yollarının birləşdirilməsi bu mühüm layihənin gerçəkləşməsində birinci vacib addımdır".

Azərbaycanın Rəşt-Astara dəmir yolunun çəkilişində iştirak edəcəyini deyən H. Ruhani qeyd edib ki, iki ölkənin səyi ilə Rəşt-Astara dəmir yolunun inşası başlanacaq: "Hər iki ölkə enerji sahəsində əməkdaşlığa hazır olduğunu bəyan edir. İran İslam Respublikası Azərbaycanın neft və neft məhsullarının cənub sularına çatdırılmasında maraqlıdır və ümidvarıq ki, bu sahədə əməkdaşlığımız genişlənəcək. Ölkələrimiz müştərək sərmayə qoyuluşu, eləcə də Azərbaycanda avtomobil zavodunun və dərman preparatları istehsal edən müəssisənin inşası üçün önəmli addımlar atıblar və bu məsələdə zəruri razılaşmalar əldə edilib. Ümidvarıq ki, yaxın gələcəkdə bu layihələr həyata keçiriləcək".

Tərəflər arasında danışıqların əsas mövzularından biri də üçtərəfli əməkdaşlıq formatı ilə bağlı olduğunu deyən İran prezidenti bildirib ki, üçtərəfli əməkdaşlıq formatı - Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə və Azərbaycan-İran-Gürcüstan gündəlikdədir: "Azərbaycan-İran-Rusiya üçtərəfli formatı çərçivəsində önəmli addımlar atılıb. Üç ölkənin dövlət başçıları səviyyəsində bu məsələ ilə bağlı toplantı da keçirilib. Azərbaycan-İran-Türkiyə üçtərəfli formatı çərçivəsində də bu günə qədər əhəmiyyətli işlər görülüb və bu sahədə işlər davam etdirilməlidir".

Regionda baş verən hərbi toqquşmalara toxunan, terrorizmlə mübarizənin gücləndirilməsinin vacibliyindən danışan H. Ruhani deyib ki, Azərbaycanın və İranın regional məsələlərlə əlaqədar mövqeləri bir-birinə yaxındır: "Biz bu fikirdəyik ki, terrorist fikirlər və terrorist ideyalar bu bölgədə həmişəlik yox olsun. Suriya və İraq məsələləri ilə bağlı ortaq mövqelərimiz var. Bugünkü görüşlərimizdə ümid etdiyimizi bildirdik ki, üç ölkənin - Rusiya, İran və Türkiyənin səyləri Suriya məsələsində nəticə versin. Astanada başlanan yol nəticədə uğurla başa çatsın və Suriya məsələsi danışıqlar yolu ilə həllini tapsın". Ölkələrin ərazi bütövlüyünə hörmət edilməli, regiondakı münaqişələr danışıqlar və diplomatik yollarla tənzimlənməli olduğunu qeyd edən İran prezidenti onu da bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllini tapacağına ümid edirik".

Öz növbəsində prezident İlham Əliyev isə çıxışında qeyd edib ki, son üç il ərzində İran İslam Respublikasına üçüncü səfəri reallaşıb, bütövlükdə, bu illər ərzində prezident Ruhani ilə səkkiz dəfə görüş keçirib: "Bu, özlüyündə bir göstəricidir. Bu, göstərir ki, İran-Azərbaycan dostluq, qardaşlıq əlaqələri çox uğurla və sürətlə inkişaf edir. Bizim əlaqələrimiz qədim tarix, mədəniyyət, ortaq din əsasında qurulub. Bu möhkəm təməl əsasında biz gözəl əməkdaşlıq qurmuşuq. Siyasi əlaqələrimiz yüksək səviyyədədir. Biz bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi əsasında həll olunması istiqamətində səylərinə görə İran İslam Respublikasına minnətdarlığımızı bildiririk. Bu mövqe beynəlxalq prinsiplərə, qanuna və ədalətə əsaslanır. Hər bir ölkənin ərazi bütövlüyü toxunulmazdır".

İki ölkə arasında iqtisadi sahədə əldə olunan bir sıra uğurlara toxunan dövlət başçısı qeyd edib ki, keçən il bizim ticarət dövriyyəmiz 70 faizdən çox artıb: "Bu, əldə edilmiş razılaşmaların nəticəsidir. İmzalanmış bütün sənədlər həyatda öz əksini tapır və reallaşır. Təkcə keçən il mənim İrana və Prezident Ruhaninin Azərbaycana səfərlərimiz çərçivəsində 18 sənəd imzalanıb. Bu gün isə əlavə iki sənəd imzalanıb. Bu, əlaqələrimiz üçün möhkəm hüquqi baza yaradır".

Prezidentin İran səfəri ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Fəzail İbrahimli qeyd edib ki, bizim İranla islam uyğunluğu, ortaq mədəniyyətimiz, dəyərlərimiz var. O, "milli.az"a bildirib ki, İran ən azından bunları nəzərə alıb bizə münasibətdə daha istiqanlı olmalıdır, nəinki Ermənistana: "Amma nə etmək olar?! Hər dövlətin öz iş prinsipi, maraqları, buna uyğun siyasəti var. Buna baxmayaraq, Azərbaycan öz xarici siyasətində çox sərbəst və sərrastdır".

F. İbrahimlinin fikrincə, Azərbaycanla İran arasında iqtisadi-siyasi əməkdaşlığın bundan sonrakı inkişafı İranın özünü necə aparmasından daha çox asılıdır: "Bəzən protokollardan kənar münasibətlər çox şeyi həll edir, bəzən isə ən böyük müqavilələr heç bir əhəmiyyət kəsb eləmir. İranla birgə imzalanan müqavilələr, atılan addımlar rəsmi Tehranın özünü necə aparmasına bağlıdır. Bu baxımdan prezident İlham Əliyevin İrana rəsmi səfərinin böyük siyasi və iqtisadi əhəmiyyəti var. Fikrimcə, bizim İranla əlaqələrimiz daha möhkəm olmalı, münasibətlər qarşılıqlı bərabər əsasda qurulmalı və inkişaf etdirilməlidir. Dövlət başçısının İran səfəri zamanı keçirdiyi görüşlərdə də bu məsələlər aydınlığı ilə üzə çıxırdı. Ona görə də güman edirəm ki, bu səfər qarşılıqlı dövlətlərarası əlaqələrin inkişafına böyük töhfə verəcək".

Siyasi ekspert Bəhruz Quliyev isə qeyd edib ki, İslam Həmrəyliyi Oyunları ərəfəsində ölkə prezidenti İlham Əliyevin müsəlman ölkələrinə səfərləri özündə bir çox mühüm məqamları əks etdirir: "Bu mənada, prezidentin qonşu İrana səfəri və orada keçirdiyi görüşlər birmənalı olaraq Azərbaycanın regionda oynadığı əhəmiyyətli rolun, ölkəmizin və bilavasitə dövlət başçımızın yüksək nüfuzunun İslam dünyasında mövcud göstəricisidir".

Siyasi ekspert "Trend"ə bildirib ki, Azərbaycanın strateji hədəflərindən biri də bu çərçivədə əsas oyunçuya çevrilmək idi ki, hazırda bunun uğurlu nəticələrini müşahidə edirik: "Həmçinin, prezident İlham Əliyevin İrana səfərini təhlil edərkən, biz burada, ilk növbədə, iqtisadi tərəflərə xüsusi diqqət ayırmalıyıq. Bu gün həm Azərbaycan, həm də İran qarşılıqlı olaraq tranzit ölkələr qismində regionun iqtisadi zonasında öz sözlərini deməkdədirlər. Məsələn, Şimal-Cənub nəqliyyat dəhlizi faktoru burada strateji əhəmiyyətli hadisədir. Çünki İranla yanaşı, digər qonşumuz Rusiya da həmin layihənin reallaşmasında çox maraqlıdır. Azərbaycan isə tranzit ölkə kimi bu layihəyə dəstək verir. Bu baxımdan, belə qənaətə gələ bilərik ki, müasir mərhələdə iqtisadi və maliyyə böhranlarının kəskinləşməsi, enerji daşıyıcıları uğrunda mübarizənin daha da gərginləşməsi Şimal-Cənub dəhlizinin əhəmiyyətini dəfələrlə artırır. Eləcə də Rəşt-Astara dəmir yolunun bu layihə çərçivəsində yer alması iki ölkə arasında olan bağların möhkəmləndirilməsində əvəzsiz rol oynayacaq. O cümlədən, həm ikitərəfli maraq doğuran faktorlara, həm də regional və qlobal amillərə görə Azərbaycan-İran əməkdaşlığının yeni və daha yüksək səviyyəyə qaldırılması təbii görünür. Onu da qeyd edim ki, Xəzərin hüquqi statusunun müəyyənləşməsi məsələsində də ölkələr arasındakı fikirlər, demək olar, üst-üstə düşür".

Ekspertin sözlərinə görə, əbəs yerə deyil ki, İran Prezidenti Həsən Ruhani bu barədə danışarkən deyib ki, Azərbaycan və İran Xəzər dənizinin sahilində yerləşdiklərinə görə, dənizin çirklənməsinin qarşısının alınması və ekosistemin qorunması hər iki ölkə üçün böyük əhəmiyyət kəsb edir: "Məhz bu amil çərçivəsində qonşu ölkənin dövlət başçısı bildirib ki, Xəzər dənizi ilə bağlı iki vacib məsələ də var ki, onlardan biri sahilyanı beş ölkə arasında dənizin hüquqi statusu ilə bağlı razılaşmanın əldə olunmasıdır və əgər bunu nəzərə alsaq belə bir nəticəyə də gəlmək mümkündür ki, bu məsələdə Azərbaycan və İran arasında fikir birliyi və qarşılıqlı tərəfdaşlıq mövcuddur. Çünki hər iki ölkə arasında ötən illər ərzində də bu məsələ müzakirə edilib. Eləcə də Xəzər dənizindəki neft mənbələrinin birgə istifadəsinə dair əməkdaşlıq, davamlı fikir mübadilələrinin aparılması bu konteksti ehtiva etməkdədir".

B. Quliyev daha bir amilə toxunaraq bildirib ki, Azərbaycanın regionda üçtərəfli formatların təşkil edilərək formalaşdırılmasında atdığı addımlar da xüsusi diqqət cəlb edir: "Bu, həm də Azərbaycan Prezidenti İlham Əliyevin regiondakı liderlik faktorunun göstəricisidir. Məsələn, Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə kimi üçtərəfli formatlara daha bir mühüm formatın - Azərbaycan-İran-Gürcüstan formatının yaradılması prosesinin gündəliyə çıxarılması bu mənada çox önəmli nüansları ehtiva etməkdədir. Əlbəttə ki, bütün bu kimi amillər eyni zamanda ölkə başçımızın istər regionda, istərsə də beynəlxalq aləmdəki nüfuzunun qəbul olunmasıdır. Qeyd etmək istərdim ki, energetika sahəsində də əməkdaşlıq yüksək səviyyədə inkişaf xəttini götürüb. Bütün bunlar onu təsdiq edir ki, İran rəhbərinin Azərbaycana son rəsmi səfərinin geosiyasi, iqtisadi, mədəni və başqa baxımdan tarixi əhəmiyyəti var. İki qonşu ölkə arasında əlaqələrin inkişafı üçün geniş imkanlar var. Regional əməkdaşlığın perspektivləri kontekstində bu məqamın ayrıca yeri olduğunu qəbul etmək lazımdır".

Siyasi ekspertin fikrincə, Azərbaycan və İran arasındakı mövcud münasibətlər beynəlxalq terrora qarşı mübarizədə və digər faktorlarda öz sözünü deməkdədir və daha bir diqqətçəkici məqam son zamanlar İran turistlərinin Azərbaycana axın etmələri və ölkəmizin turizm potensialına töhfə vermələridir:

"Bu, ilk növbədə, xalqlararası münasibətlərin uzun əsrlərdən bəri formalaşmış müsbət tərəfləri kimi qiymətləndirilə bilər. O cümlədən, Azərbaycan-İran münasibətlərinin inkişaf etməsində turizm sahəsinin rolu burada öz uğurlu sözünü deməkdədir. Ümumiyyətlə, biz burada əsas olaraq Prezident İlham Əliyevin apardığı regional və xarici siyasətin uğurlarının şahidi oluruq. Xüsusilə, Prezident İlham Əliyev tərəfindən ölkəmizdə elan edilmiş "İslam Həmrəyliyi ili"ndə, həmçinin İslam Oyunları ərəfəsində bu kimi vacib faktorların reallaşdırılması Azərbaycan dövlətinin dünyada söz sahibinə çevrilməsini aşkar şəkildə sübuta yetirir".