Yeni Azərbaycan.-2017.-11 mart-¹ 45.-S.4.

 

Azərbaycanla İran arasında iqtisadi münasibətlər böyük inkişaf perspektivlərinə malikdir

 

Aydın Hüseynov,

Milli Məclisin İqtisadi siyasət,

sənaye və sahibkarlıq komitəsinin üzvü, YAP Siyasi Şurasının üzvü

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu günlərdə İran İslam Respublikasına baş tutan rəsmi səfəri ölkəmizin regional iqtisadi güc mərkəzinə çevrilməsi istiqamətində başladılan böyük və uğurlu prosesin tərkib hissəsi olaraq mühüm əhəmiyyət kəsb edir.

Cənab Prezidentin bilavasitə rəhbərliyi ilə Azərbaycan, bir tərəfdən, Ələtdə böyük və ən müasir tipli beynəlxalq dəniz limanını inşa edir, eyni zamanda, onun yanında Azad Ticarət Zonasının yaradılması üçün sürətlə iş aparılır. Bundan əlavə, Azərbaycanın bilavasitə təşəbbüsü ilə həyata keçirilən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi yekunlaşmaq üzrədir. Bu layihələrin uğurlu fəaliyyətini təmin etmək üçün Azərbaycan regional və beynəlxalq yükdaşımaların öz ərazisindən keçməsi istiqamətində qətiyyətli addımlar atmaqdadır.

Azərbaycan Prezidentinin İrana səfəri bu nəhəng prosesin irəliləməsi baxımından çox böyük önəmə malikdir. Çünki İran Azərbaycan ərazisindən keçən beynəlxalq və regional yükdaşıma marşrutlarının açar nöqtələrindən biridir.

Qeyd edim ki, Azərbaycanla İran arasında iqtisadi münasibətlər ölkəmiz müstəqillik əldə edəndən dərhal sonra başlanıb. Qərbin İrana qarşı sanksiyalar tətbiq etdiyi çətin vaxtlarda belə Azərbaycan ona obyektiv və mehriban qonşuluq münasibətini saxlayıb. Rəsmi Bakı beynəlxalq geosiyasi vəziyyətin dəyişməsindən asılı olmayaraq müstəqil mövqeyini qoruyub. Müstəqilliyimizin ilk onilliyində bu proseslərdə Ulu öndər Heydər Əliyevin güclü siyasi iradəsi böyük rol oynayıb. Son 14 ildə isə Onun layiqli davamçısı, Prezident İlham Əliyev möhkəm bünövrəli bu siyasəti qətiyyətlə davam etdirir ki, onun da bəhrələri görünməkdədir.

Belə ki, ölkələrimiz arasında iqtisadi-siyasi münasibətlər 2014-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfərindən sonra xüsusi inkişaf dövrünə qədəm qoyub.

İran Prezidenti ilə Azərbaycanın dövlət başçısı 2014-cü il ərzində 4 dəfə görüşüblər. Ümumilikdə Prezident İlham Əliyevin 2014-cü ilin aprelində İran İslam Respublikasına səfərindən sonra ölkələrimiz arasında 60-dan çox qarşılıqlı səfər həyata keçirilib, 30-dan çox sənəd imzalanıb, iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə ikitərəfli Dövlət Komissiyasının iki iclası və bir sıra görüşlər təşkil olunub. 2014-2017-ci illərdə Azərbaycan və İran prezidentlərinin 7 görüşü olub.

2014-cü ildə qarşılıqlı iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində başladılan fəaliyyətlər mühüm nəticələrin əldə olunmasına səbəb olmaqdadır. Belə ki, 2016-cı ildə Azərbaycanla İran arasında ticarət dövriyyəsinin həcmi əvvəlki ilə nisbətən 70 faizədək artıb. Hazırda Azərbaycanda 538 İran şirkəti qeydiyyatdan keçib. Bu şirkətlər tikinti, ticarət, kənd təsərrüfatı və bank sektorlarında fəaliyyət göstərirlər. Azərbaycan və İran arasında Dövlətlərarası Komissiya, müxtəlif sahələr üzrə işçi qrupları fəaliyyət göstərir, birgə biznes forumu, işgüzar görüş və sərgilər təşkil olunur.

İran şirkətlərinin Azərbaycanın qeyri-neft sektorundakı ən böyük layihələrindən biri Pirallahı Sənaye Zonasında dərman zavodunun tikintisidir. Bu müəssisəyə ilkin mərhələdə 20,6 milyon ABŞ dolları investisiya qoyulacaq. “Caspian Pharmed” əczaçılıq zavodu Azərbaycanda əczaçılıq sənayesinin inkişafında əhəmiyyətli rol oynamaqla, yerli istehsal hesabına əhalini keyfiyyətli dərman məhsulları ilə təmin edəcək, bu sahədə idxaldan asılılığı azaldacaq və ixrac potensialını artıracaqdır. Zavodun fəaliyyəti nəticəsində 90 nəfər daimi iş yeri ilə təmin olunacaq.

İran şirkətləri ilə Azərbaycan şirkətlərinin daha bir əməkdaşlığı Neftçala Sənaye Zonasında yeni avtomobil zavodunun tikintisi ilə bağlıdır. Zavodun illik istehsal gücü 10 min ədəd avtomobil olacaq ki, nəticədə 300 yeni iş yeri açılacaq. Layihənin dəyəri 15 milyon dollar təşkil edir.

İran Azərbaycanın neft sektoruna böyük məbləğdə - 2,6 milyard dollar investisiya yatırıb. İranın dövlət şirkəti olam NİCO Azərbaycanın ən böyük qaz yatağı olan “Şahdəniz”in işlənməsi layihəsində 10 faizlik paya malikdir.

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi-siyasi əlaqələrin ən mühüm həlqəsi isə, əlbəttə, Şimal-Cənub nəqliyyat dəhlizində iştirakla bağlıdır. Azərbaycanın regional tranzit mərkəzinə çevrilməsi istiqamətində başladılan böyük prosesin əsas hissələrindən biri olan Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasında əsas məqsəd yük və sərnişin daşımalarının təşkilində nəqliyyat əlaqələrinin səmərəliliyinin yüksəldilməsi, üzv ölkələrin dəmir yolu, avtomobil, dəniz, çay və hava nəqliyyatı xidmətlərinin beynəlxalq bazarına çıxışına şəraitin yaradılması, beynəlxalq daşımaların həcminin artırılmasına yardım göstərilməsi, üzv dövlətlərin ərazisi ilə tranzit yük və sərnişin daşımalarında vaxtın qısaldılması və tranzit daşımaların dəyərinin minimuma endirilməsini təmin etmək üçün razılaşdırılmış nəqliyyat siyasətinin həyata keçirilməsi və dəhliz boyunca hərəkət edən nəqliyyat vasitələrinin təhlükəsizliyinin təmin olunmasıdır.

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi Hindistan, Oman, İran, Xəzər hövzəsi ölkələri, Rusiya Federasiyası, Baltikyanı dövlətlər, daha sonra Şimali və Qərbi Avropa və əksinə, istiqamətdə magistral nəqliyyat kommunikasiyalarının (istər mövcud olan, istərsə də yeni yaradılacaq) bütöv bağlılığını əks etdirir. Dəhliz üzrə əsas daşımalar Şimali və Qərbi Avropadan başlayaraq Rusiya ərazisindən keçməklə İran istiqamətində həyata keçirilməlidir ki, buradakı 3 əsas marşrutdan biri - Qərb marşrutu Azərbaycan ərazisindən keçir. Bu marşruta əsasən yüklər Rusiya ərazisində Həştərxan və Mahaçqaladan keçməklə Azərbaycan ərazisindən dəmir yolu ilə Samurdan Astaraya, oradansa Astara (Azərbaycan)-Astara (İran)-Rəşt-Qəzvin dəmir yolu xətti ilə İran ərazisinə daşınmalıdır.

Qeyd etmək lazımdır ki, Qəzvin-Rəşt-Astara (İran) dəmir yolu xəttinin Qəzvin-Rəşt hissəsində tikinti işləri başa çatsa da, Astara (Azərbaycan)-Astara (İran), oradan isə Astara-Rəşt xəttinin tikintisi davam edir.

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi Hindistan və Cənub-Şərqi Asiya ölkələrindən gələn yüklərin İranın Bəndər-Abbas limanından Azərbaycan üzərindən daşınmasını təmin edəcək. Bu marşrut üzrə ildə 10-15 milyon ton yük daşınması planlaşdırılır və Azərbaycan bu tranzitdən çox böyük gəlirlər əldə edə bilər. Bu, təxminən, ildə 250-300 milyon dollar deməkdir. Bu dəhlizlə Cənub-Şərqi Asiyadan Avropaya yüklərin daşınması 10-15 faiz ucuz başa gələcəkdir. Yüklərin Süveyş kanalı vasitəsilə daşınmasından 800 km daha az məsafə qət ediləcək. Eyni zamanda, daşıma müddəti 20 gün azalacaq və yüklər daha etibarlı yolla mənzilbaşına çatdırılacaqdır. Təqribi hesablamalara görə, hər 15 ton yükün daşınmasında 2500 dolardan çox vəsaitin qənaət edilməsi imkanı var. Finlandiyanın dəhlizə qoşulması isə nəqliyyat dəhlizinin potensialını daha da gücləndirəcək.

Bu baxımdan Azərbaycan üçün “Şimal-Cənub” nəqliyyat dəhlizinin Qərb marşrutu (Rusiya ərazisində Həştərxan və Mahaçqaladan keçməklə Azərbaycan ərazisi ilə Samurdan Astaraya, daha sonra inşası davam etdirilən Astara-Rəşt-Qəzvin yeni dəmir yolu vasitəsilə İran dəmir yollarına birləşir) strateji əhəmiyyət kəsb edir.

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin təsisçi ölkələri (Rusiya, İran, Hindistan) arasında ticarət əlaqələrinin geniş potensiala malik olması bu dəhlizin iştirakçısı qismində Azərbaycan Respublikasının əlverişli tranzit imkanlarından geniş istifadəni, habelə, Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə əlaqələndirilməsi üçün təxirəsalınmaz tədbirlərin görülməsini zəruri edib. Dəhlizin Azərbaycan üçün əhəmiyyəti nəzərə alınaraq, bu istiqamətdə görülən işlərin sürətləndirilməsi məqsədi ilə Prezident İlham Əliyev tərəfindən 7 dekabr 2015-ci il tarixində “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikası ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında Sərəncam imzalanıb. Sərəncamda qaldırılan məsələlərin həlli istiqamətində qısa müddət ərzində mühüm işlər görülüb. Prezident İlham Əliyev 2016-cı il fevralın 23-də İran İslam Respublikasına rəsmi səfəri zamanı iki ölkə arasında “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında Çərçivə Sazişi” və “Azərbaycan-İran dövlət sərhədində Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi haqqında Müqavilə” imzalanıb.

Ötən dövr ərzində Astara stansiyasından İran İslam Respublikası dövlət sərhədinə qədər birxətli 8,3 km dəmir yolunun çəkilişi və Astara çayı üzərindəki dəmir yolu körpüsünün tikintisi yekunlaşıb. Bir neçə həftə əvvəl sınaq qatarı sərhədi yeni tikilmiş körpü vasitəsilə keçib.

Qeyd edək ki, Astarada tikilən körpü simvolik əhəmiyyətə malikdir. Bu körpü Azərbaycanın əlverişli coğrafi, geosiyasi mövqeyindən istifadə edərək “Asiya-Avropa körpüsü”nə çevrilməsi istiqamətində çox mühüm irəliləyişdir. Eyni zamanda, bu, Azərbaycanın növbəti dəfə inteqrasiya layihələrinin həyata keçirilməsində böyük təcrübəsinin, lokomotiv kimi çıxış etmək bacarığının nümayişidir.

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi həm də çox mühüm geosiyasi layihədir və Cənubi Qafqaz regionunda, Xəzər bölgəsində Azərbaycanın mövqelərinin möhkəmləndirilməsi üçün yeni imkanlar açır, Ermənistanın beynəlxalq nəqliyyat dəhlizləri ilə bağlı planlarının üzərindən xətt çəkir.

Elə buna görə də Azərbaycan Astara-Rəşt dəmir yolu xəttinin çəkilişinin maliyyələşdirilməsində iştirak etmək barədə qərar qəbul edib. Astara-Rəşt dəmir yolu sahəsinin tikintisinin dəyəri təqribən 1,1 milyard dollar təşkil edir ki, bunun da mühüm bir hissəsi Azərbaycanın ayıracağı kredit hesabına maliyyələşdiriləcək.

“Şimal-Cənub” nəqliyyat dəhlizi ilə bağlı həyata keçirilən işlər Azərbaycan Prezidenti İlham Əliyevin İrana reallaşan son səfərində də əsas müzakirə mövzularından birini təşkil edib. Bu məqama səfər çərçivəsində sənədlərin imzalanma mərasimindən sonra iki ölkə prezidentlərinin mətbuata bəyanatlarla çıxış etmələri zamanı da toxunulub. Həmin bəyanatı zamanı dövlətimizin başçısı İlham Əliyev qeyd edib ki, Azərbaycan-İran əlaqələri qədim tarix, mədəniyyət, ortaq dinə əsaslanır. Prezident İlham Əliyev iqtisadi əməkdaşlıq sahəsində çox gözəl nəticələr olduğunu nəzərə çatdırıb: “İqtisadi sahədə çox gözəl nəticələr var. Keçən il bizim ticarət dövriyyəmiz 70 faizdən çox artmışdır. Bu, əldə edilmiş razılaşmaların nəticəsidir. İmzalanmış bütün sənədlər həyatda öz əksini tapır və reallaşır. Təkcə keçən il mənim İrana və Prezident Ruhaninin Azərbaycana səfərlərimiz çərçivəsində 18 sənəd imzalanmışdır. Bu gün əlavə iki sənəd imzalanmışdır. Bu, əlaqələrimiz üçün möhkəm hüquqi baza yaradır. İran tərəfi Azərbaycana sərmayə qoymağa başlamışdır, buna görə də biz minnətdarıq. Eyni zamanda, Prezident Ruhani qeyd etdiyi kimi, Azərbaycan da Rəşt-Astara dəmir yolunun çəkilişi üçün böyük həcmdə öz maliyyə resurslarını səfərbər edib. Bir il bundan əvvəl bu salonda mən qeyd etmişdim ki, 2016-cı ildə Azərbaycan öz dəmir yolunu Azərbaycan-İran sərhədinə qədər çəkəcək və biz buna nail olduq, bu, artıq reallıqdır. Hətta Astaraçay üzərində dəmir yolu körpüsü də tikilib istifadəyə verilib. Bu günlərdə birinci qatar artıq sərhədi yeni tikilmiş körpü vasitəsilə keçib. Birgə icra etdiyimiz Şimal-Cənub nəqliyyat dəhlizi tarixi hadisədir”.

İran İslam Respublikasının Prezidenti Həsən Ruhani isə bildirib ki, iki ölkə arasında iqtisadi əlaqələrin artması hər iki ölkə rəhbərliyinin münasibətlərin daha da genişlənməsi ilə bağlı iradəsinin göstəricisidir: “Son 10 ay ərzində ticarətin həcmi iki ölkə arasında əlaqələrin inkişafının göstəricisi olmaqla, hər iki dövlətin bu əlaqələrin vüsət tapması üçün səylərini nümayiş etdirir. Azərbaycan ilə İran tranzit məsələlərində, xüsusilə də Şimal-Cənub nəqliyyat dəhlizində mühüm rol oynayır və Astara-Astara dəmir yollarının birləşdirilməsi bu mühüm layihənin gerçəkləşməsində birinci vacib addımdır”.

Göründüyü kimi, Azərbaycan möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə daha bir beynəlxalq əhəmiyyətli layihənin icrasında aktiv rol oynayır, eyni zamanda, bu layihədən ölkədə həyata keçirilən nəhəng iqtisadi layihələr üçün uğurlu zəmin formalaşdırmaq üçün böyük ustalıqla bəhrələnir.