Azərbaycan.-2017.-10 mart.-53.-S.1,3.

 

İslam ölkələri arasında birliyin və əməkdaşlığın güclənməsinə böyük töhfə

 

Prezident İlham Əliyevin İslam həmrəyliyi təşəbbüsü dünyada sülhün,
əmin-amanlığın bərqərar olmasına müsbət təsirini göstərəcək

 

Elnur HACALIYEV

 

Sivilizasiyalararası toqquşma və ziddiyyətlər hər bir xalqın milli-mənəvi, dini dəyərlərinin qorunması zərurətini zamanın aktual məsələlərindən birinə çevirib. İqtisadi, ekoloji və demoqrafik problemlərlə yanaşı, əxlaqi-etik dəyərlərə lazımi diqqət yetirilməməsi nəticəsində müasir dünyada mənəviyyat problemləri də kəskinləşib.

Belə zərərli meyillər bəzi hallarda sivil bəşər cəmiyyətinin minilliklər boyu əxz etdiyi fenomen dəyərlərdən olan tolerantlığa da kölgə salır, onun etnik, irqi, dini və siyasi dözümsüzlüklə əvəzlənməsinə rəvac verir.

Milli özünəməxsusluğu qoruma instinkti, yaxud da bəhanəsi altında son nəticədə başqa mədəniyyətlərə, dinlərə, hətta millətlərə münasibətdə dözümsüzlük, ksenofobiya halları artır. Belə bir şəraitdə bəşər sivilizasiyasının müxtəlif mədəniyyətlərinin qorunması üçün dinlər və mədəniyyətlər arasında dialoqun yaranması böyük əhəmiyyət kəsb edir. Ümumilikdə sivil bəşər cəmiyyəti formalaşandan bəri ayrı-ayrı insan cəmiyyətləri həmişə inteqrasiyaya can atmış, vahid siyasi, iqtisadi, yaxud sosiomədəni məkanın bir hissəsi olmaqla maraqlarını təmin etməyə çalışmışlar. Fərqli məkanlarda formalaşan etnosların sivil dialoqu, qarşılıqlı anlaşması antik dövrlərdən başlayaraq mürəkkəb təkamül və inkişaf mərhələləri keçməklə tolerantlıq düşüncəsi sayəsində mümkün olmuşdur. Milli, irqi, dini, siyasi dözümlülük tədricən bəşəriyyətin zəngin mədəniyyətinin qəbul olunması, dərk edilməsi, insanın öz fərdiliyini, etnosun özünəməxsusluğunu təsdiqləmək forması kimi dəyərləndirilmişdir. Ən müxtəlif baxış bucaqlarını uzlaşdıraraq ortaq məxrəci təmin edən tolerantlıq düşüncəsi həm də söz, fikir, vicdan, etiqad və s. azadlıqların inkişafında, plüralizmə geniş meydan verilməsində həlledici rol oynamışdır.

Azərbaycan Prezidenti İlham Əliyev həmişə azsaylı xalqlara, milli-dini azlıqların nümayəndələrinə həssaslıqla yanaşır, onların problemlərinin həlli üçün lazımi tədbirləri həyata keçirir. Dövlət başçısı respublikamızda bütün milli və dini azlıqların birgəyaşayışı üçün kifayət qədər tolerant mühitin olduğunu məmnunluqla bildirir: Azərbaycanda milli və dini dözümlülüyün, tolerantlığın yüksək səviyyədə olması artıq faktdır və bu, bizim güc mənbəyimizdir. Hər bir cəmiyyətin gücü onun dini və milli müxtəlifliyindədir. Biz tam əminik ki, dini və milli amildən asılı olmayaraq, istənilən cəmiyyətdə normal münasibətlər qurmaq mümkündür.

2016-cı ildə ölkə başçısının sərəncamı ilə Azərbaycanda Multikulturalizm ili elan edildi. Bu da dünya miqyasında nadir bir hadisə idi. Avropa ölkələrində miqrantlara qarşı alçaldıcı hərəkətlər, islamofobiya ilə bağlı açıq-aşkar aqressiv addımların atıldığı bir vaxtda ölkəmizdə Multikulturalizm ili elan edilməsi uğurla aparılan siyasəti təsdiqlədi. Azərbaycandakı çoxmədəniyyətli dialoq müxtəlif dinlərə və mənşəyə malik olan insanlar arasında sülh şəraitində birgəyaşayışın yaxşı nümunəsi kimi istifadə oluna bilər. Azərbaycan xalqını vahid ideologiya ətrafında birləşdirən onun zəngin mədəniyyəti, mənəvi dəyərləri, adət-ənənələri ilə yanaşı, həm də İslam dinidir. Son illər dövlət funksional imkanlarını işə salaraq xalqın dini dəyərlərinin və mədəniyyətinin qorunması istiqamətində ardıcıl addımlar atır. Xalqın tarixi yaddaşının, dini və milli-mənəvi irsinin mühafizəsinə xidmət edən irimiqyaslı fəaliyyətin həyata keçirilməsi, milli ruhlu nəslin yetişdirilməsi, zəngin daxili aləmə malik azərbaycanlı obrazının dünyada tanıdılması üçün zəruri qüvvə və potensialın səfərbər olunması İlham Əliyevin dövlət başçısı kimi daim diqqət mərkəzində saxladığı məsələlərdir.

Azərbaycan əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olub. İslam dininin yayılmasında, eyni zamanda müsəlman intibahının bərqərar olmasında mühüm rol oynayıb. Bütün bunlar Azərbaycan ərazisində ilk vaxtlardan İslam dininin maddi və qeyri-maddi irsinin formalaşmasına zəmin yaradıb. Müxtəlif dinlərin və mədəniyyətlərin birgəyaşayışı və həmrəyliyi istiqamətində ardıcıl siyasət yürüdən Azərbaycan İslam ölkələri arasında qarşılıqlı əlaqələrin genişlənməsi üçün mühüm addımlar atır. Bakı şəhərinin 2009-cu, Naxçıvan şəhərinin isə 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi, IV İslam Həmrəyliyi Oyunlarının təşkilatçısı kimi Azərbaycanın seçilməsi qeyd olunan faktların məntiqi nəticəsidir. Bu sahədə UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini də xüsusilə vurğulamaq lazımdır.

Azərbaycan sivilizasiyalararası və mədəniyyətlərarası, dini dözümlülük, birgəyaşayış ənənəsi, həmrəylik ideyasının təşviqi ilə bağlı regional və beynəlxalq konfransların, yüksək səviyyəli forumların keçirildiyi əsas məkana çevrilib. Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində həyata keçirilən siyasət dünya ictimaiyyəti tərəfindən diqqətlə izlənilir və yüksək qiymətləndirilir. Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycan Respublikasında İslam həmrəyliyi ili elan olunması qlobal məkanda ciddi kataklizmlərin yaşandığı bir vaxtda zamanın çağırışlarına cavab verən addımdır.

Prezident İlham Əliyevin İslam həmrəyliyi təşəbbüsünü irəli sürməsi çox mütərəqqi addım oldu. İndiyədək müsəlman ölkələrini din ətrafında birləşməyə çağıran müəyyən təşəbbüslər göstərilib. Dövlət başçısı isə tarixdə ilk dəfə İslam dünyasına siyasi mesaj ünvanladı, vahid mövqedən çıxış etməyin, birliyə nail olmağın, eyni zamanda dünyaya inteqrasiyanın vacibliyinə işarə etdi. İslam ölkələri arasında ədavəti qızışdırmaq, onlar arasında məzhəb və təriqət savaşlarına rəvac vermək istəyən xarici dairələr əvvəllər də olub, bu gün də xüsusi fəallıq göstərirlər. Şübhəsiz ki, 2017-ci ilin respublikamızda İslam həmrəyliyi ili elan edilməsi müsəlman dünyasında baş verən qarşıdurmaların qarşısının alınması və İslam ölkələri arasında həmrəyliyin yaradılması işinə öz töhfəsini verəcək. Bu il Azərbaycanda həm də IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. 2017-ci ilin İslam həmrəyliyi ili elan edilməsi İslam dünyasındakı mövcud problemlərin, çətinliklərin, ayrı-ayrı İslam ölkələri arasındakı müəyyən qarşıdurma və ziddiyyətlərin aradan qaldırılması istiqamətində addımların atılmasına və burada müəyyən nailiyyətlərin əldə edilməsinə böyük təsir göstərəcək. İslam həmrəyliyi ili çərçivəsində görüləcək işlərdə təkcə din amili nəzərə alınmayıb. Din burada müəyyən rol oynayır, amma İslam ölkələrinin müxtəlif sahələrdə bir-birinə dəstək olması, nəzərdə tutulan fəaliyyət istiqamətləri tədbirlər planında da öz əksini tapacaq.

Prezident İlham Əliyev bildirib: Bu il Azərbaycanda İslam həmrəyliyi ili elan edilmişdir. Biz çalışırıq ki, İslam aləmində birliyi, həmrəyliyi möhkəmləndirək. Biz öz milli-mənəvi, dini dəyərlərimizə çox sadiqik. İki aydan sonra Bakıda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bu, təkcə idman yarışı olmayacaq. Bu, İslam aləminin birləşməsi deməkdir.

İslam həmrəyliyi ili müsəlman ölkələrinin həm iqtisadi, həm mədəniyyət, həm də mənəviyyat sahəsində bir-birinə dəstək, həmrəy olması məsələsini özündə əks etdirir və onlar arasında düşmənçilik salmaq istəyənlərə tutarlı cavabdır. Bu il Azərbaycanda beynəlxalq tədbir olan IV İslam Həmrəyliyi Oyunlarının da keçiriləcəyi onu deməyə əsas verir ki, müstəqil respublikamız dünyada böyük nüfuz sahibidir.

Prezident İlham Əliyevin İslam həmrəyliyinin möhkəmləndirilməsinə xidmət edən uğurlu siyasəti müsbət nəticələr verməkdədir. Ölkə başçısının bir həftə ərzində Qətər, Pakistan və İran dövlətlərinə rəsmi səfəri İslam ölkələri arasında birliyin və əməkdaşlığın daha da güclənməsinə böyük töhfə olacaq. Azərbaycan Prezidenti ölkəmizi İslam aləmini müasirlik və əməkdaşlıq mərkəzi kimi təqdim etdi. İslam dünyasının birliyinə nail olmağa ciddi ehtiyac duyulduğu bir vaxtda İslam həmrəyliyi təşəbbüsünün irəli sürülməsi dünyada sülhün, əmin-amanlığın bərqərar olmasına imkan yaradacaq.