Xalq qəzeti.-2017.-5 mart.-50.-S.1.

 

Prezident İlham ƏLİYEV: Azərbaycan müsəlman ölkələri arasında
həmrəyliyə xüsusi əhəmiyyət verir

 

Bu fikir İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XIII Sammitində səslənib

 

Əliqismət BƏDƏLOV

 

Martın 1-də Pakistan İslam Respublikasının paytaxtı İslamabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XIII Sammiti öz işini başa çatdırmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sammitdəki çıxışı böyük maraqla qarşılanmışdır. Mötəbər beynəlxalq təşkilatların bütün tədbirlərində olduğu kimi, bu dəfə də ölkəmizin son illərdə qazandığı nailiyyətlər, qlobal və maliyyə böhranının davam etdiyi bir zamanda iri layihələrin reallaşdırılması istiqamətində atılan addımlar, həmçinin Ermənistanın işğalçılıq siyasətini hələ də davam etdirməsi, tez-tez cəbhəboyu ərazilərdə təxribatlar törətməsi sammit iştirakçılarının diqqətinə çatdırılmışdır. Ermənistanın beynəlxalq  hüququn norma və prinsiplərinə hörmətsizliyi, mötəbər təşkilatların qəbul etdiyi qətnamələrə saymazlığı bir daha bəyan edilmişdir.

 

İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) 1985-ci ildə  üç böyük müsəlman ölkəsi İran, Türkiyə və Pakistan arasında regional iqtisadi əməkdaşlıq təşkilatı kimi yaradılmışdır. Bu təşkilat sonrakı illərdə  bölgənin başqa ölkələrini də Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanı özündə birləşdirərək regional iqtisadi birliyə çevrilmişdir. Böyük inkişaf yolu keçən  İqtisadi Əməkdaşlıq Təşkilatı nüfuzlu beynəlxalq qurum kimi təşəkkül taparaq, yüksək mövqeyə malikdir.

Azərbaycan 1993-cü ildən bu qurumla əməkdaşlıq edir. Həmin ilin iyulunda  İstanbulda İƏT ölkələri dövlət başçılarının II görüşündə Azərbaycan da təmsil olunmuşdur.

Bu təşkilat digər beynəlxalq birliklər tərəfindən ciddi qəbul olunmuş və hökumətlərarası regional qurum kimi BMT tərəfindən rəsmən tanınmışdır. Məhz bu amil sonradan ECO-ya İslam Konfransı Təşkilatı və BMT-də müşahidəçi statusunun verilməsini, BMT Baş Məclisinin 50-ci sessiyasında onunla əməkdaşlıq haqqında ayrıca qətnamənin qəbul edilməsini şərtləndirmişdir. Hazırda ECO 30-a qədər beynəlxalq təşkilat, o cümlədən Avropa İttifaqı, ASEAN, UNESCO, FAO, Şanxay Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Miqrasiya Təşkilatı və digərləri  tərəfindən tanınır, onlarla əməkdaşlıq münasibətlərinə malikdir. Regional dövlətlərarası iqtisadi təşkilat olan İƏT bu gün öz sıralarında İran, Pakistan, Türkiyə, Əfqanıstan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanı birləşdirir.

Yarandığı gündən etibarən ECO-nun əsas məqsədi üzv ölkələr arasında regional iqtisadi əməkdaşlığı gücləndirməkdən ibarət olmuşdur. Bu vaxta qədər keçirilən zirvə görüşlərində  qəbul edilmiş sənədlərdə və bəyannamələrdə üzv ölkələr  arasında sosial-iqtisadi və siyasi əlaqələrin əsas prinsipləri, regional münasibətlərin prioritetləri və istiqamətləri öz əksini tapmışdır. İslamabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XIII Sammiti bu baxımdan böyük əhəmiyyət kəsb etmiş və beynəlxalq birliyin maraq dairəsində olmuşdur.

Qeyd edək ki, Azərbaycan daim İslam ölkələrini beynəlxalq arenada birləşməyə, həmrəy olmağa çağırış edən ölkədir. Dünyanın indiki mürəkkəb və gərgin dövründə, münaqişələrin  daha da alovlandığı, miqrant axınının getdikcə gücləndiyi zamanda İqtisadi Əmakdaşlıq Təşkilatının sammitlər keçirməsi  İslam dünyası üçün böyük əhəmiyyət kəsb edir. Sammitdə iştirak edən dövlətlərin qarşıda duran məsələlərin həlli üçün səylərin gücləndirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi, qarşılıqlı investisiya yatırımlarının artırılması və digər zəruri məsələlər ətrafında müzakirələr aparması İslam həmrəyliyinə böyük təkan verir. Belə nüfuzlu tədbirlərdə ölkəmizin təmsil olunması, dövlətimizin başçısının tədbir iştirakçılarını respublikamızın daxilində və xaricində baş vermiş hadisələr və qazanılan uğurlar barədə məlumatlandırması Azərbaycanın mövqelərini daha da möhkəmləndirir. Bununla yanaşı, Dağlıq Qarabağ probleminin ədalətli həlli üçün dünyaya inteqrasiyanı da genişləndirir.

Azərbaycan Prezidenti İlham Əliyevin sammitdəki çıxışı böyük maraqla qarşılanmışdır. Dövlətimizin başçısı yüksək qonaqpərvərliyə və İqtisadi Əməkdaşlıq Təşkilatının XIII Sammitinin mükəmməl təşkilinə görə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərifə minnətdarlığını bildirmişdir. Azərbaycan ilə Pakistan arasında dostluq və qardaşlıq münasibətlərinin qarşılıqlı etimada və dəstəyə əsaslandığını qeyd edən dövlətimizin başçısı bunun əyani nümunəsi kimi, Azərbaycan ərazisinin 20 faizini işğal edən Ermənistan ilə diplomatik münasibətlər qurmadığını diqqətə çatdırmış və buna görə Pakistana Azərbaycan xalqı adından bir daha minnətdarlığını çatdırmışdır.

Azərbaycan Prezidenti 2006-cı və 2012-ci illərdə İslam Əməkdaşlıq Təşkilatının iki sammitinə  respublikamızın ev sahibliyi etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır: Sədrliyimiz dövründə Azərbaycan təşkilatımızın inkişafına və regional əməkdaşlığın dərinləşdirilməsinə böyük töhfə verib. İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan bütün dövlətlərlə gözəl münasibətə malik olduğundan Azərbaycan tərəfdaşları ilə istər ikitərəfli, istərsə də çoxtərəfli müstəvidə iqtisadi əlaqələrini möhkəmləndirib. Biz İqtisadi Əməkdaşlıq Təşkilatını yalnız Şərq və Qərb, Şimal və Cənub arasında fiziki körpü deyil, müxtəlif sivilizasiyaları və mədəniyyətləri birləşdirən məkan kimi təşviq etməkdə səylərimizi əsirgəməmişik.

Respublikamızın rəhbəri, həmçinin ölkəmizin 2013-cü və 2014-cü illərdə enerji, regional inteqrasiya və sosial-iqtisadi inkişaf üzrə birinci və ikinci beynəlxalq konfransların təşəbbüskarı olduğunu bildirmiş, həmin konfranslarda İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığa xüsusi diqqət yetirildiyini vurğulamışdır. Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı regionunda informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığa da sadiqliyi qeyd edilmiş və bundan sonra da bu istiqamətdə səylərimizin davamı olaraq bu il aidiyyəti nazirlərin toplantısının təşkilinin planlaşdırıldığı barədə məlumat verilmişdir. Azərbaycanın Prezidenti həmin toplantının nəticələrinin ümumi məqsədlərimizə nail olunmasına töhfə verəcəyinə əminliyini ifadə etmişdir.

Pakistanın Baş naziri Məhəmməd Nəvaz Şərif İqtisadi Əməkdaşlıq Təşkilatının XII Sammitindən ötən müddətdə görülən işləri yüksək qiymətləndirərək, Prezident İlham Əliyevə minnətdarlığını bildirmiş və hazırkı Zirvə görüşünün ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayacağını bildirmişdir.

İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Xəlil İbrahim Akça da 2012-ci ildən bəri quruma yüksək səviyyədə sədrlik etdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmiş və bu sammitin ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün mühüm fürsət olduğunu vurğulamışdır.

 Qarşılıqlı etimad və dəstəyə arxalanan Azərbaycan-Pakistan münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmiz üçün ağır nəticələrini, işğalçı Ermənistanın beynəlxalq hüquqa məhəl qoymamasını konkret faktlar əsasında ətraflı xarakterizə etmişdir. Dövlətimizin başçısı  Pakistanın Xocalı soyqırımını rəsmi şəkildə tanıyan 10-dan çox dövlətdən biri olduğunu diqqətə çatdırmışdır. Qeyd etmişdir ki,  Azərbaycan müsəlman ölkələri arasında həmrəyliyə xüsusi əhəmiyyət verir. Respublikamızda 2017-ci ilin İslam Həmrəyliyi İli elan edildiyi də bunun bariz nümunəsidir. Təhlükəsizliyin və sabitliyin təmin edilməsini regional əməkdaşlığın qurulmasının mühüm elementi hesab edən Prezident İlham Əliyev demişdir ki,  yeni münaqişələr yarandıqca regionumuzda təhlükəsizlik və sabitlik daha da kövrək olur. Bu da insan faciəsi ilə nəticələnir, çoxlu sayda insan həyatını itirir, milyonlarla insan doğma yurdlarını tərk edir.

Azərbaycanın öz təcrübəsindən bu ağrı və acıları yaxşı anladığını diqqətə çatdıran dövlətimizin başçısı Ermənistanın hərbi təcavüzü nəticəsində respublikamızın ərazisinin 20 faizi tarixi torpağımız olan Dağlıq Qarabağ və ətraf yeddi rayonumuzun hələ də işğal altında olduğunu bildirmişdir: Bu ərazilərdə etnik təmizləmə aparılmış və bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə bütün tarixi abidələrimiz, məscidlərimiz və qəbiristanlıqlarımız dağıdılmışdır. Ermənistan 1992-ci ildə Azərbaycana qarşı soyqırımı törətmişdir. Xocalı soyqırımı nəticəsində qətlə yetirilən 613 mülki şəxsdən 106-sı qadın, 63-ü uşaq, 70-i isə qoca olmuşdur. Min nəfərdən çox insan itkin düşmüşdür. Bu gün ondan artıq ölkə Xocalı soyqırımını tanımışdır.

Ermənistan silahlı qüvvələrinin işğal etdikləri ərazilərdən qeyd-şərtsiz çıxarılmaları barədə BMT Təhlükəsizlik Şurası və digər nüfuzlu qurumlar tərəfindən qəbul edilən qətnamələrin bu vaxta qədər kağız üzərində qalmasına təəssüfünü bildirən dövlətimizin başçısı vurğulamışdır ki, BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı dörd qətnamə qəbul etmişdir. Həmin qətnamələrdə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz və dərhal çıxarılması tələb olunur. İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, Qoşulmama Hərəkatı və digər mötəbər beynəlxalq təşkilatlar bənzər qətnamə və qərarlar qəbul etmişlər. İslam Əməkdaşlıq Təşkilatının sonuncu Zirvə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və son olaraq, 2016-cı ilin aprel ayında Ermənistan tərəfindən Azərbaycana qarşı edilmiş təcavüzlə bağlı nazirlər səviyyəsində kontakt qrupu yaradılmışdır. Ermənistan bu qətnamələrə əməl etməli və ya sanksiyalara məruz qalmalıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir.

İki aydan sonra Bakının IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəyini diqqətə çatdıran dövlətimizin başçısı bu gün islamofobiyanın dünyada ən ciddi təhlükələrdən biri olduğunun bildirmiş, bu tendensiyanı qəti şəkildə pislədiyimizi bəyan etmişdir.  İslamın terrorla əlaqələndirilməsinin yanlış və qərəzli yanaşma olduğunu deyən Prezident İlham Əliyev terrordan ən çox əziyyət çəkən məhz müsəlman dövlətlərinin olduğunu bildirmişdir: Biz sülh, mərhəmət, dözümlülük və ədalət dini olan İslamın dəyərlərinin təşviqini davam etdirməliyik. Biz üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinə xüsusi əhəmiyyət veririk. Qarşılıqlı ticarət və sərmayələrin artırılması, ixrac imkanlarının genişləndirilməsi və biznes dairələri arasında sıx əməkdaşlığın təşviqi bu məqsədə xidmət edəcəkdir. Beynəlxalq maliyyə institutlarının cəlb olunması da böyük önəm daşıyır. Bu baxımdan İqtisadi Əməkdaşlıq Təşkilatı Ticarət və İnkişaf Bankının regional əhəmiyyətli layihələrin maliyyələşdirilməsində daha fəal rol oynaması üçün onun bütün ölkələrimiz tərəfindən dəstəklənməsinə ehtiyac var.

Sammitdə çıxış edən digər natiqlər İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin qarşıda duran məsələlərin həlli üçün səylərini bundan sonra daha da gücləndirilməsinin, iqtisadi əlaqələri möhkəmləndirməyin, qarşılıqlı investisiya yatırımlarının artırılmasının və səmərəli təkliflərin nəzərə alınmasının vacibliyini vurğulamışlar.

Tədbirin sonunda İslamabad Bəyannaməsi qəbul edilmişdir.

Azərbaycan Prezidenti səfər çərçivəsində sammitdə iştirak edən  ayrı-ayrı dövlətlərin başçıları ilə görüşmüş, ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin daha da yüksəldilməsi, əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparmışdır.