Respublika.-2017.-4 mart.-49.-S.6.

 

2017-ci il Azərbaycanda İslam Həmrəyliyi ili elan edilmişdir

 

İradə Ələsgərova,

Əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru

 

1991-ci ildə, qloballaşdırma şəraitində müstəqilliyini bərpa etmiş Azərbaycan bu gün sosial-iqtisadi cəhətdən sürətlə inkişaf edən, yerləşdiyi regionda söz sahibi olan güclü dövlətə çevrilmişdir. Aparılan islahatlar və quruculuq işləri, uğurlu daxili və xarici siyasət nəticəsində dövlətin beynəlxalq nüfuzu getdikcə yüksəlir, dünya, o cümlədən Avropa ölkələri ilə əməkdaşlıq sahəsində ciddi addımlar atılır.

Əminliklə demək olar ki, Azərbaycan dünya miqyasında konstruktiv əməkdaşlıq və multikultural mövqeyi ilə tanınır. Bu baxımdan ölkəmizdə İslam həmrəyliyi ili elan olunması mühüm əhəmiyyət kəsb edir.

SSRİ-nin süqutundan və ikiqütblü sistemin sosialist qanadının dağılmasından sonra daha da sürətlənən qloballaşdırma prosesi ölkələrdən vahid iqtisadi sistemə qoşulub iqtisadiyyatlarını liberallaşdırmağı tələb edir. Dünyanı informasiyanın, məhsul və xidmətlərin, kapital, ideya və onların daşıyıcılarının daim hərəkətdə olduğu vahid məkanına çevirir. Beynəlxalq təşkilat və institutların (BMT, Avropa Şurası, BVF, Dünya Bankı, Dünya Ticarət Təşkilatı, Numan Rights Watch, Amnesty International, Transparency International və s.) transmilli korporasiya və maliyyə qurumlarının funksiyalarını artırması dövlətin ölkə iqtisadiyyatına təsir imkanlarını məhdudlaşdırır. Mövcud baryerləri aşmağa istiqamətləndirilən milli-mədəni dəyərlərin vahid lokal normalara uyğunlaşdırılması prosesi gedir. Təhsil, bank sistemi, səhiyyə və s. sahələrdə vahid yanaşmanın ortaya qoyulması beynəlxalq təşkilatların strateji sahələrə təsir imkanlarını genişləndirir, bu da, iqtidardan ölkədaxili siyasi-ideoloji durum, istehsal və maliyyə qaynaqlarına nəzarət kimi məsələləri beynəlxalq normalar çərçivəsində həll etməyi tələb edir. Dövlət daxilində strateji sahələrə nəzarət rıçaqlarının zəiflədilməsi güclü dövlətlərə, bəzən bu və ya digər ölkədə vəziyyətdən öz geosiyasi rəqiblərinin zəiflədilməsi və ya məhv edilməsi məqsədilədə istifadə etmək imkanı verir. 2011-ci ildən bəri ərəb dünyasında baş verənlər və 2016-cı ilin axırında Türkiyədə qarşısı alınmış dövlət çevrilişi cəhdi, əslində Qərbin ikili standartlar siyasətinin nəticəsi, dünya hegemonluğuna istiqamətlənmiş qloballaşma planının tərkib hissəsi idi.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbəri Aleksandr Bortnikov Moskvada keçirilən MDB ölkələri təhlükəsizlik orqanları rəhbərlərinin görüşündə İŞİD terror təşkilatının 40 faizinin xarici muzdlulardan ibarət olduğunu, 10 qruplaşmanın Rusiya, Gürcüstan, Ukrayna və Mərkəzi Asiya ölkələrinin vətəndaşlarından təşkil edildiyini deyib. Ümumilikdə, İŞİD və Əl-Nusranın tərkibində 100-dən çox ölkədən olan terrorçuların döyüşdüyünü deyən FTX rəhbəri terror təşkilatının sıralarına yeni qəbul olunanların Suriya, İraq və həmsərhəd dövlətlərin ərazisində təlim keçdiyini, Afrika, Avropa və Cənub-Şərqi Asiya ölkələrində olan regional terror təşkilatları rəhbərlərinin də İŞİD-ə sədaqət andı içdiklərini qeyd edib. Dünya və regional güc mərkəzlərinin öz maraqlarını terror taranının köməyi ilə reallaşdırmaq istədiklərini, bu səbəbdən də İŞİD-i gücləndirib ikili standartlar siyasəti yürütdüklərini deyib. Məhz, ikili standartlar siyasəti bu gün dünyanı dağıdıcı qlobal münaqişələrlə üz-üzə qoyub. Təbliğat maşınını işə salmaqla Bəhreyn və Qətərdə sünni və şiələri, Səudiyyə Ərəbistanında müxtəlif tayfa və dini təriqətləri, Türkiyədə sünni və ələviləri bir-birinə qarşı çıxış etməyə təhrik edənlər Yaxın və Orta Şərqin, demək olar ki, bütün ölkələrində mövcud olan dini təriqətçiliyi qızışdırmaqla məsələni siyasiləşdirməyə, Suriyada kürd faktorundan istifadə edib baş verən hadisələrə dini rəng verməklə vəziyyəti gərginləşdirməyə çalışırlar. İrandan söhbət gedəndə sünni təhlükəsini, Qətər, Bəhreyn və Səudiyyə Ərəbistanından danışanda şiə təhdidini önə çəkirlər. Böyük dövlətlərin hər birinin bölgədə müttəfiq hesab etdiyi dövləti haqlı çıxarmaq cəhdi real mənzərəni daha da mürəkkəbləşdirib dağıdıcı prosesləri sürətləndirir. Gerçək olanı isə, odur ki, bütövlükdə regionun daha kiçik ölkələrə parçalanmasına yönələn proses gedir, Yaxın və Orta Şərq geosiyasi məkan olaraq yenidən qurulur. Regiondakı qarışıqlıqdan yararlanıb narkotik vasitələrin qanunsuz ticarətindən varlanan beynəlxalq terror təşkilatları getdikcə daha da güclənir.

Bütün bunların arxasında isə Yaxın və Orta Şərqi bir neçə cəbhəyə ayıran xüsusi məqsəd dayanır. Bunu, Respublikaçılar Partiyasının qurultayında ABŞ prezidenti Donald Tramp da qeyd edib: Hillari Klinton dövlət katibi təyin olunanda İŞİD deyilən bir şey yox idi. Məhz onun idarəçilik dövründə terror təşkilatları bütün dünyaya yayıldı. Klintonun irəli sürdüyü rejimlərin devrilməsi siyasətindən əl çəkməli, İŞİD-i məhv etməliyik. Onun və Obamanın ucbatından Yaxın Şərqdəki siyasətimiz Liviya, İraq, Suriya və Misirdə özünü doğrultmayıb iflasa uğradı.

Ərəb baharının məntiqi nəticəsinin biri də bu oldu ki, beynəlxalq münasibətlərdə ilk dəfə 1918-ci ildə sabiq ABŞ prezidenti Vudro Vilson tərəfindən təklif edilən Gücün, prinsip və maraqların deyil, hüququn üzərində bərqərar olan dünya düzəninə alternativ olmadığı təsdiq olundu. Ərəb baharı beynəlxalq münasibətlərin tənzimlənməsində azadlıq, demokratiya, insan haqları kimi dəyərlərin önə çıxmasını şərtləndirdi. Ərəb baharı... ABŞ-ın xarici siyasətində ciddi dönüş oldu: heç kimlə hesablaşmadan verilən qərarların beynəlxalq ictimai rəyi ABŞ-a qarşı qaldırıb onu zəiflətdiyi sübut olundu. ABŞ liderləri superdövlət olmanın verdiyi üstünlüklərdən sui-istifadə etməkdənsə, liderlik etməyə önəm verməyə başladılar. Bütün qərarların Avropa Birliyi, hətta Ərəb Liqası və digər beynəlxalq və regional qurumlarla məsləhətləşməklə verilməsi ABŞ-a qarşı yönələn dünya ağalığı ittihamını aradan qaldırmağa istiqamətlənib.

Ərəb inqilablarına münasibətdə ABŞ və Aİ-nin çox vaxt birlikdə, sinxron hərəkət etməsi Aİ-nin beynəlxalq münasibətlərdə yeni keyfiyyət dəyişikliyini ortaya qoyub özünü beynəlxalq aləmə yeni statusda təqdim etməsinə şərait yaratdı. Çox böyük iqtisadi, hərbi gücə, böyük insan resurslarına malik Aİ üzvlərinin, xarici siyasət məsələlərində vahid mövqedən çıxış etməsi, ittifaqın özünə inamını artırdı. Bu iki böyük gücün birlikdə və demokratiyadan yana olması avtoritar rejimlərin manevr imkanlarını məhdudlaşdırır, strateji planda onlara heç bir şans vermirdi.

Türkiyənin dünyəvi dövlət prinsipləri ilə islami dəyərləri uzlaşdırma təcrübəsi ərəb dövlətləri üçün də cəlbedici oldu. Bu da, regionda mövqeyi güclənən Türkiyənin güclü regional dövlət olaraq qəbul edilməsinə və daha aktiv siyasət aparmasına şərait yaratdı. Türkiyə liderlərinin qonşu ölkədə diktator tərəfindən günahsız insanların öldürülməsinin artıq həmin ölkənin yalnız daxili işi olmayacağını bəyan etməsi, bu dövlətin daha qətiyyətli xarici siyasət yürütməyə iddialı olduğunu göstərdi. Rəsmi Ankaranın ərəb inqilabları zamanı rejimləri deyil, xalqları dəstəkləməsi, onu regionun lider dövlətinə çevirdi. Türkiyə öz statusunu regionda problemlərdən yayınan ölkədən, problemləri həll edən ölkəyə qədər yüksəltdi. Bu da ona, bölgə dövlətləri ilə daha əlverişli ticarət əlaqələri qurub mədəni-iqtisadi əməkdaşlığı genişləndirmək imkanı verdi. Xarici siyasətdə baş verən bütün bu pozitiv dəyişikliklər, Azərbaycanın da strateji maraqlarına cavab verir.

Azərbaycanın ərəb dünyasında baş verən hadisələrə, neftlə zəngin digər dövlətləri də qarışdırıb cəmiyyətdə rezonans yaratmağa hesablanmış informasiya müdaxilələrinə (WikiLeaksin açıqlamaları və s.) münasibətdə təmkin nümayiş etdirməsi və dövlət başçısı səviyyəsində balanslaşdırılmış və ardıcıl siyasətə üstünlük verilməsi, sərvətimizi talan edib ərazimizi bölüşdürmək həvəsində olanların arzularını gözlərində qoydu. 2015-2016-cı illərdə Prezident İlham Əliyevin iqtisadi hədəflərin qarşısında olan əngəllərin (xüsusilə gömrük və sahibkarlıqla bağlı) aradan qaldırması, problemli sahələrdə əsaslı struktur dəyişikliklərinin aparılması, idarəetmə sisteminin yenilənməsi və şəffaf idarəçilik prinsiplərinin daha geniş formada tətbiqi ilə bağlı imzaladığı fərman və sərəncamlar, ölkənin gələcək daxili və xarici siyasətini, eləcə də demokratik inkişaf yolunu müəyyənləşdirdi. 2016-cı il mayın 27-də Azərbaycanın milli bayramı Respublika Günü münasibətilə Buta sarayında keçirilən rəsmi qəbulda Azərbaycanda insan hüquqlarının pozulmasından, demokratiyanın, sərbəst toplaşma azadlığının olmamasından, avtoritar rejimin hökm sürməsindən danışıb uydurma ittihamlar səsləndirənlərin diqqətini demokratiyanın beşiyi sayılan ölkələrdə nümayişçilərin vəhşicəsinə döyülüb təhqir edilməsinə yönəldən Prezident ikili siyasət yürüdənlərin dərdinin demokratiya olmadığının fərqində olduğunu diqqətə çatdırdı. Qərb dövlətləri səfirlərinin də iştirak etdiyi tədbirdə dövlətimizin, xaricdən diqtə edilən kimi idarə olunmasına cəhd edənlərin, bu alınmayanda Azərbaycanın siyasi rəhbərliyini və şəxsən onun özünü hədəfə alan kampaniyaya start verdiklərini deməklə, diqqəti, onunla təzyiq dili ilə danışmaqla nəyəsə nail olmağın qeyri-mümkünlüyünə yönəltmiş oldu.

Bu gün rəsmi Bakının Qərblə münasibətlərində qarşılıqlı ittihamlar dövrü arxada qalıb. ABŞ və Qərb dövlətlərinin yüksək rütbəli məmurları ilə keçirilən görüşlər demokratik institutlara əngəllərlə bağlı tənqidlərin nəzərə alındığını və demokratik islahatların dərinləşməsi istiqamətində səylərin davam etdirildiyini göstərir. Yüklərin Çindən Avropaya çatdırılma müddətini 2 dəfə azaldan Bakı-Tbilisi-Qars dəmir yolunun və Azərbaycanı mühüm nəqliyyat qovşağına çevirən Şimal-Cənub nəqliyyat dəhlizinin inşası regional və beynəlxalq əməkdaşlığın inkişafı işinə xidmət edəcək. Layihə çərçivəsində Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Şahdəniz-2 qaz-kondensat yatağının, Trans-Anadolu (TANAP) və Trans-Adriatik Boru Kəmərlərinin (TAP) inşası və eləcə də, Cənub Qaz Dəhlizi layihəsi üzrə Azərbaycan qazının Avropa bazarlarına çatdırılması Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verəcək. Avropa İttifaqına üzv ölkələrin üçdə biri ilə imzalanmış strateji tərəfdaşlıq haqqında sənədlər Avropa İttifaqı ilə münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini; Azərbaycanın xarici ticarətinin 47.5 faizinin Avropa İttifaqı ölkələrinin payına düşməsi, ölkə Prezidentinin çıxışında barəsində danışılan mühüm islahatların qapıda olduğunu göstərir. Aİ ilə münasibətlərdə müsbət nəticənin alınması üçün bu islahatların ardıcıl və kompleks şəkildə həyata keçirilməsi zəruridir.

Azərbaycanda, əsrlər boyu müxtəlif etnik qrup və dini icma nümayəndələrinin sülh, qarşılıqlı anlaşma şəraitində yaşaması və tolerantlıq ruhunun hökm sürməsi də ölkələrarası münasibətlərə öz müsbət təsirini göstərmişdir. Azsaylı və ya çoxsaylı olmasından asılı olmayaraq, istənilən xalqın hər bir nümayəndəsinin dünya mədəniyyətinin ümumbəşəri modelinin formalaşmasında birbaşa iştirakını təmin edən multikulturalizm bu mədəni dəyərləri özündə ehtiva edən siyasi məfkurə, düşüncə tərzi kimi də dərin mahiyyət kəsb edir: hər xalqa milli kimliyini təsdiqləyən tarixini, yaratdığı mədəniyyət nümunələrini, adət-ənənələrini, bir sözlə, milli özəlliyini qoruyub saxlamaq, zənginləşdirib inkişaf etdirmək imkanı yaradır. Mədəniyyətlərarası qarşılıqlı əlaqələrin, mədəni və dini tolerantlılığın qarantı olan multikulturalizm dövlətlərarası mədəni-iqtisadi əlaqələrin genişlənməsinə zəmin yaradır. BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun (2016) Bakıda keçirilməsi və Prezident İlham Əliyevin sərəncamı ilə 2016-cı ilin Azərbaycanda Multikulturalizm ili elan edilməsi ölkəmizin sivilizasiyalararası, dinlər və mədəniyyətlərarası dialoqların baş tutduğu mötəbər məkana çevrilməsi istiqamətində mühüm addım oldu. Roma Katolik Kilsəsinin rəhbəri Fransiskin ölkəmizə rəsmi səfəri zamanı səsləndirdiyi fikirlər, dünya katoliklərinin ölkəmizdəki multikulturalizm mühitinə münasibətinin ifadəsi idi. İlk Avropa Oyunlarına (2015) və Formula-1 Qran-Pri yarışlarına (2016) ev sahibliyi etməyimiz idman sahəsində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verməklə yanaşı, həm də ölkəyə gələn turistlərin sayını artırmış oldu. Bütün bunlar, eləcə də, Asan Viza xidmətinin yaradılması və Tax free sisteminin tətbiqi turizm sektorunun inkişafına müsbət təsir göstərir. Ölkəmizlə Aİ arasında viza rejiminin sadələşdirilməsi ilə bağlı imzalanmış saziş Azərbaycana, növbəti pillədə viza prosedurunun tamamilə aradan qaldırılması məsələsini müzakirə etmək imkanı yaradır.

Azərbaycanla əməkdaşlığın dərinləşməsində və islahatların gerçəkləşməsində Avropa Birliyinin də maraqlı olduğunu nəzərə alsaq, viza rejiminin aradan qaldırılması üçün elə bir ciddi maneə yoxdur. Əgər bu danışıqlar başlasa və razılaşma əldə olunsa, bu Azərbaycanla Avropa arasında əməkdaşlığı genişləndirib mədəni, iqtisadi münasibətlərin inkişafına yol açar. Hər il turist, iş adamı kimi Avropaya səfərə çıxan 100 minlərlə azərbaycanlının təfəkküründə demokratik dəyərlərin möhkəmlənməsi, bizi bu dəyərlərə qovuşduran prosesin sürətlənməsinə təkan verər. Bütün bunlar, tək demokratiyanın inkişafı, həmvətənlərimizin dünyagörüşlərinin genişlənməsi baxımından deyil, həm də dövlət quruculuğu baxımından mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanın Avropa Oyunları ilə yanaşı, bu il Bakıda keçirilməsi nəzərdə tutulan IV İslam Həmrəyliyi Oyunlarına da ev sahibliyi etməsi, ölkəmizin müasirliklə yanaşı, mənəvi, islami dəyərlərinə də sadiq olduğunu göstərir. Bu yarış, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında dediyi kimi tək idman tədbiri deyil, həm də Azərbaycanın bu gün islama tapınanlar haqqında geridə qalmış sivilizasiya kimi rəy formalaşdırıb islamafobiyaya rəvac verənlərə, İslamı dünyaya təhlükə kimi qələmə verib terrorizmlə eyniləşdirənlərə cavabıdır. Avropa İttifaqına üzv olan bəzi ölkələrin rəhbərləri Stop İslam deyib müsəlmanları yox, miqrantları qəbul etməyə hazır olduqlarını bildirəndə, xalqları dini mənsubiyyətinə görə bölməyin faşizmin təzahürü olduğunu, faşizmin isə İslam aləmində yox, Avropada yarandığını unutmasınlar. Bu mənada, Bakıda İslam Həmrəyliyi Oyunlarının keçirilməsi müxtəlif təriqətlərə parçalanmış İslam aləminin birləşib onları ayıran məsələlərlə bağlı ortaq məxrəcə gəlməsi, gücümüzün, imkanlarımızın, dini dəyərlərimizə sadiqliyimizin nümayiş etdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Ölkəmiz, müsəlman dövlətləri üçün nümunə ola biləcək milli-mənəvi dövlətçilik modelinə malikdir. Dövlət-din münasibətlərini dini icmalar, konfenssiyalar məzhəblərarası etimad mühitində quran Azərbaycan təmsil olunduğu hər bir beynəlxalq təşkilat çərçivəsində İslam dünyasının maraq və mənafelərini müdafiə edir. Heç bir dinlərarası qarşıdurmanın baş vermədiyi, tolerantlıq ruhunun hökm sürdüyü Azərbaycanda bütün digər dinlərin təmsilçiləri öz kilsə və sinaqoqlarına gedib dini ayinlərini sərbəst icra edirlər. Respublikamızın dinlərarası dialoq mərkəzi statusu daşıması, Azərbaycan xalqının tolerant keyfiyyətlərinin beynəlxalq səviyyədə aldığı yüksək qiymətin göstəricisidir.

İslama qarşı çirkin kampaniyaya rəvac verib müsəlmanlara qarşı haqsızlıq edənlər, aramıza nifaq salıb bizi bir-birimizə qarşı qoymaqla yenməyə çalışanlar hədəflərinə çatmamalıdırlar. Bu gün İslam aləminin siyasi birliyə, mənəvi həmrəyliyə, əqidə və məram tərəfdaşlığına ehtiyacı var. Bu baxımdan Prezident İlham Əliyevin sərəncamı ilə 2017-ci ilin Azərbaycanda İslam həmrəyliyi ili elan edilməsi müsəlman ölkələri arasında həmrəyliyin güclənməsinə yönələn əməli addım, ölkəmizin İslam birliyinə, dünyada sülhə, birgəyaşayışa olan həssas münasibətinin göstəricisidir. Bu addım, İslam dünyasına əmin-amanlıq gətirilməsinə, sülhün təmin olunmasına verdiyimiz töhfə olacaq.

Dünya qlobal siyasi-hərbi kataklizmlərin məngənəsində çalxalandığı bir dövrdə Azərbaycanın sabitlik adası olaraq qalmaqda davam etməsi, bölgənin lider dövlətinə, dinlər və sivilizasiyalararası dialoqların mərkəzinə çevrilməsi, ölkə başçısı səviyyəsində yürüdülən düşünülmüş və ardıcıl siyasətin nəticəsidir. Bu əmin-amanlığa hansı qanlı-qadalı günlərdən keçib gəldiyimizin fərqində olub yaşananları unutmamalı, hansısa xarici çevrənin bizi çirkin oyunlara alət etməsinə yol verməməliyik. Ölkə xaricində qurulan milli maraqlarımıza zidd oyunları həyata keçirmək cəhdlərinin qarşısı alınmalı, məkrli planlar güclü Azərbaycan və xalqımızın birliyi qarşısında iflasa uğramalıdır!