Xalq qəzeti. - 2017.- 15 yanvar. -  9. - S. 4.

 

20 Yanvar faciəsi insanlığa qarşı törədilmiş ən qanlı terror aktlarından biridir

 

Nüşabə MƏMMƏDOVA,
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun böyük elmi işçisi,
tarix üzrə fəlsəfə doktoru

 

Xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir.

 

"20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında"
Azərbaycan Respublikası Prezidentinin
5 yanvar 1994-cü il tarixli fərmanından

 

Həm sərlövhəyə çıxartdığımız arqumentdə, həm də təqdim etdiyimiz sitatda ulu öndər Heydər Əliyevə istinad etdik. Çünki Kreml rəsmilərinin Azərbaycanda baş qaldıran milli azadlıq hərəkatının qarşısını almaq üçün Bakıda törətdiyi həmin qırğınlardan dəhşətli dərəcədə sarsılmış xalqımızın ilk dayağı da məhz Heydər Əliyev olmuşdu, həmin cinayət aktına siyasi-hüquqi qiymət verilməsinə nail olan da.

XX əsrin sonlarında dünyada baş verən ictimai-siyasi proseslər fonunda öz ağır günlərini yaşayan SSRİ rəhbərliyi hakimiyyətinin ömrünü uzatmaq üçün ən iyrənc addımlara belə əl atırdı. Həmin addımlardan biri də Bakıda reallaşdırılmışdı. Ancaq Moskva  rəhbərliyinin milli azadlıq arzusu ilə yaşayan insanlara düşmənlik etmək  məqsədilə atdığı həmin addım 1990-cı ilin 20 Yanvar hadisəsi Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil oldu. Həmin gün ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi  respublikamızda  misli görünməmiş faciəyə gətirib çıxartdı.

1990-cı il yanvarın 20-də Azərbaycan paytaxtına və respublikanın bir sıra rayonlarına sovet ordusu hissələrinin yeridilməsi, dinc əhalinin qətliama məruz qalması totalitar rejimin törətdiyi ən qanlı aktlardan biri, bütün bəşəriyyətə qarşı yönəldilmiş cinayət idi. Bunun öz tarixi kökləri vardır. 1826-1828-ci illər Rusiya-İran müharibəsi zamanı Naxçıvan və İrəvan xanlıqlarının ərazilərinin  işğalından sonra bu ərazidə yüzlərlə kənd dağıdıldı, on minlərlə azərbaycanlı əhali məhv edildi. 1918-ci ildə qədim Azərbaycan torpaqlarında İrəvan və onun ətrafında  9  min kvadratkilometr sahəsi olan torpaqlarda yaradılan və Qafqazda ilk erməni dövləti olan Ermənistan çox keçmədən, Azərbaycan torpaqları hesabına yenidən öz ərazilərini genişləndirmək iddiasına düşdü. Ermənistan dövləti müxtəlif dövrlərdə Moskvanın birbaşa köməyi ilə daha 20,8 min kvadratkilometr  Azərbaycan torpağını ələ  keçirərək ərazisini 29,743 min kvadratkilometrə çatdırdı. Bu gün isə Azərbaycan Respublikasının 20 faizdən çox hissəsi erməni işğalındadır. 

İki əsrdən çoxdur ki, azərbaycanlılar ərazi işğallarına məruz qalır.  Düşünülmüş və planlı şəkildə həyata keçirilən bu məkrli siyasət, tarix boyu kütləvi deportasiya və soyqırımı ilə müşayiət olunmuşdur. Nəticədə yüz minlərlə azəri türkü öz qədim tarixi torpaqlarından sıxışdırılıb çıxarılmışdır. Ölkəmizə  qarşı qərəzli, ədalətsiz münasibətin əsasını uzaq hədəfli coğrafi-siyasi planlar təşkil edirdi. 20 Yanvar faciəsi XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycan xalqına qarşı törədilmiş cinayətkar əməllər silsiləsində yalnız bir səhifədir.

1970-80-ci illərdə tarix boyu həyata keçirilən etnik  təmizləmə siyasətinin son mərhələsi olaraq, İrəvan və Dağlıq Qarabağ ərazilərindən azərbaycanlıların çıxarılması üçün yeni imkanlar yaradıldı. 1978-ci ildə Qarabağa köçüb gəlmələrinin 150 illiyini qeyd edən ermənilər, 10 il sonra bu torpaqların qədim sakinləri olduqları barədə müxtəlif uydurma fikirlərlə bütün dünyaya səs salmağa başladılar. Ermənilər istər Ermənistanda, istərsə də Dağlıq Qarabağda yerli türk əhalisinin sıxışdırılıb çıxarılması üçün bütün vasitələrdən istifadə etməyə çalışırdılar.

Həmin dövr Ermənistanın rəhbərliyi tərəfindən millətçi ünsürlərin, o cümlədən Zori Balayan, S.Xanzadyan, S.Kaputikyan, V.Hambartsumyan və digər daşnakçıların fəaliyyətinə hər cür şərait yaradılırdı. Ermənistanın kütləvi informasiya vasitələri və dövrü mətbuatı bütünlüklə millətçi ünsürlərin sərəncamına verilmişdi. Moskva rəhbərliyinin dəstəyi ilə aparılan gizli siyasi fəaliyyətin nəticəsi olaraq, 1988-ci il fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin növbədənkənar sessiyası vilayətin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın inzibati-ərazi bölgüsünə daxil edilməsi haqqında qərar qəbul etdi. Bu qərarın qəbul edilməsi ilə də Ermənistanda yaşayan azərbaycanlıların faciəsi başlandı. Minlərlə azərbaycanlı öz doğma, tarixi torpağını tərk etmək məcburiyyətində qaldı. Onların öz torpaqlarından çıxarılması üçün insanlığa yaraşmayan ən ağır cinayət vasitələrindən istifadə edilir, onları sürgünə vadar edirdilər. Yurd-yuvasından didərgin salınmış on minlərlə  qaçqının böyük əksəriyyəti Bakı və Sumqayıt şəhərlərində, müəyyən sayda əhali Azərbaycanın müxtəlif rayonlarında məskunlaşmaq məcburiyyətində qaldı. Bir qədər sonra isə Dağlıq Qarabağ ərazisindən azərbaycanlıların çıxarılması prosesi mövcud ağır vəziyyəti, əhalinin hiddətini daha da artırdı.

Tarixi torpaqlarından, doğma vətənindən didərgin düşmüş insanlar öz ərazilərinə sahib çıxmaq və Dağlıq Qarabağın geri qaytarılması uğrunda mübarizəyə qalxdılar. Bu, kütləvi xalq hərəkatı idi. Bu, həqiqətən də böyük milli-azadlıq mücadiləsi, istiqlal mübarizəsi idi. Onun şüarlarını, ideya əsasını xalqın tapdanmış konstitusion hüquqlarının bərpa olunması, Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanması tələbləri təşkil edirdi. Xalq ən gərgin məqamda öz milli müqqəddaratını özünün həll etməyə hazır olduğunu hiss edirdi.

Baş verən hadisələrdən sonra SSRİ rəhbərliyi öz ərazi bütövlüyünün müdafiəsinə qalxmış və ədalətsiz milli siyasətlə razılaşmadığını bəyan edən xalqı susdurmaq, onun azadlıq ruhunu boğmaq, eyni zamanda, sovet hökmranlığının gücünü nümayiş etdirmək məqsədilə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna sovet ordu hissələrini yeritdi və bununla da xalqa açıqca divan tutmaq yolunu seçdi. Sovet ordusunun iri kontingentinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşun hissələrinin Bakını zəbt etməsi xüsusi amansızlıq və görünməmiş vəhşiliklə müşayiət olunurdu. Bakı qətliamı əsl hərbi təcavüz idi.

Totalitar kommunist rejiminin XX əsrdə həyata keçirdiyi ən qanlı terror aktlarından biri olan bu təcavüz Azərbaycan xalqına, bəşəriyyətə və humanizmə qarşı dəhşətli cinayət idi. Dinc əhaliyə qarşı yönəldilmiş və tarixdə misli görünməmiş bu qırğın öz müstəqilliyi, suverenliyi uğrunda mübarizəyə qalxmış, tarixi torpağı olan Dağlıq Qarabağın zorla əlindən qoparılıb alınmasına dinc yolla etiraz edən silahsız əhaliyə qarşı yönəldilmişdi. Bu, tarixdə misli görünməmiş bəşəri cinayət idi. Dövlət Sovet ittifaqı öz vətəndaşlarını silahsız mülki əhalini uşaqları, qadınları, qocaları silahdan keçirir, əhaliyə qəddarcasına divan tuturdu. Azərbaycanın paytaxtında və rayonlarda qan su yerinə axıdılırdı. Azərbaycan xalqını ağır faciəyə məhkum etmiş 20 Yanvar faciəsi həmin dövrdə bütün dünyada əks-səda doğurmuş, mütərəqqi qüvvələrin qəzəb və hiddətinə səbəb olmuşdu. Bir çox ölkələrin radiostansiyaları mütəmadi olaraq yanvar faciəsi haqqında məlumatlar verirdi.

1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciənin ertəsi günü Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdi. Ümummilli liderimiz  SSRİ rəhbərliyinin ikiüzlü siyasəti nəticəsində Dağlıq Qarabağda yaranan kəskin münaqişə vəziyyətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdi.  Bu addım Azərbaycan xalqının milli düşüncəsinin, haqq səsinin ən bariz nümunəsi idi.

20 Yanvar faciəsi tarixi yaddaşımıza faciə dolu gün kimi, lakin bununla bərabər, həm də Azərbaycan xalqının tarixində fədakarlıq və qəhrəmanlıq zirvəsi kimi daxil oldu. Azərbaycan xalqı yüz illiyin sonunda əvəzedilməz qurbanlar verməsinə baxmayaraq, iradə və cəsurluq, milli ruhun sarsılmazlığını və mətinliyini nümayiş etdirdi. Azərbaycan bütün dünyaya sübut etdi ki, haqq-ədalətin bərqərar olması və öz milli kimliyini qorumaq naminə hər cür qurbanlar verməyə qadirdir. 20 Yanvar tarixi hadisəsi ilə xalqımız mənən daha da ucaldı və öz qəhrəmanlıq tarixinə yeni şanlı səhifələr yazdı.

2003-cü ilin payızından sonra Heydər Əliyev siyasi kursunu böyük uğur və yaradıcılıqla davam etdirən Prezident İlham Əliyevin 20 Yanvar şəhidlərinin xatirəsinə göstərdiyi ehtiram bir vətənpərvərlik nümunəsi kimi qəbul edilir. Həmin şəhidlərin ailə üzvlərinin və faciə zamanı  əlil olmuş soydaşlarımızın dövlət tərəfindən hərtərəfli qayğı və diqqətlə əhatə olunması isə siyasi kursumuzun humanistliyindən, liderin alicənablığından qaynaqlanır. Məhz şəhid ailəsinə, Vətən uğrunda mübarizədə əlil olmuş soydaşlarımıza göstərilən qayğının, diqqətin nəticəsidir ki, ötən il aprel ayının əvvəlində Azərbaycan əsgəri çoxsaylı himayədarları olan Ermənistan ordusuna sarsıdıcı zərbələr vurdu. İnanıram ki, həmin qələbəmiz 20 Yanvar şəhidlərinin ruhunu da şad etmişdir. Əminəm ki, şanlı Azərbaycan Ordusu xalqımıza belə sevinc hisslərini hələ çox yaşadacaqdır.