Azərbaycan.-2017.-3 mart.-48.-S.1-2.

 

Dünyada İslam həmrəyliyinin möhkəmləndirilməsi Azərbaycan üçün prioritetə çevrilir

 

Ölkəmiz İslam aləmində çox böyük hörmətə malikdir

 

Elnur HACALIYEV

 

Azərbaycan yerləşdiyi coğrafi məkanda əməkdaşlıq üçün olduqca mühüm, bir çox hallarda isə həlledici dövlət olmaqla xüsusən enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində əvəzsiz rola malikdir. Bu ümumi strategiyanın başlıca məqsədi Azərbaycan Respublikasının davamlı inkişafı və əhalinin rifahının təmin edilməsindən, eləcə də regionda təhlükəsizlik və sabitliyin təmin olunmasına töhfə verməkdən ibarətdir. Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra yaxın və uzaq ölkələrlə milli maraqlarına uyğun əməkdaşlıq əlaqələri qurub.

Azərbaycanın İslam ölkələri ilə əməkdaşlığı da ildən-ilə güclənir. Prezident İlham Əliyevin dünyadakı mühüm geosiyasi reallıqlar fonunda bu günlərdə Qətər və Pakistan dövlətlərinə səfəri də adıçəkilən ölkələrlə münasibətlərin inkişafında yeni mərhələ oldu. Xatırladaq ki, Qətər Dövləti ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələr 14 sentyabr 1994-cü il tarixində yaradılıb. 2007-ci ildə Azərbaycan Respublikasının Dohada, Qətər Dövlətinin isə Bakıda səfirliyi fəaliyyətə başlayıb. 2004-cü ilin noyabrında Prezident İlham Əliyevin Qətərə rəsmi səfəri zamanı iki ölkə arasında müxtəlif sahələrə dair əməkdaşlıq sazişləri imzalanmışdır. Dövlət başçılarının müxtəlif beynəlxalq qurumlarda keçirdikləri səmərəli görüşlər münasibətlərin inkişafına ciddi təkan verir. İki ölkə arasında qarşılıqlı faydalı münasibətlər eyni zamanda dünyada və regionda sülhün, əmin-amanlığın möhkəmlənməsinə xidmət edir.

Prezident İlham Əliyevlə Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani arasında keçirilən geniş tərkibdə görüşdə son vaxtlar iki ölkə arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq münasibətlərinin sürətlə inkişaf etdiyi xüsusi vurğulandı. Ölkəmizə səfərini xatırladan əmir respublikamızın sürətlə inkişafının şahidi olduğunu diqqətə çatdıraraq bildirdi ki, Azərbaycanda sabitlik və təhlükəsizlik mövcuddur. Bu da həm iqtisadi, həm turizm sahələrində inkişafa imkan yaradır. Qətər Dövlətinin Əmiri qarşılıqlı səfərlərin ölkələrimiz arasında əməkdaşlığın inkişafına xidmət edəcəyini vurğuladı.

Prezident İlham Əliyev Qətərə əvvəlki səfərini məmnunluqla xatırladı və ötən müddət ərzində bu ölkədə böyük inkişafın şahidi olduğunu dedi. Dövlət başçısı Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində aparılan islahatlardan, qeyri-neft sektorunun inkişafından danışaraq vurğuladı ki, əsas məqsəd qeyri-neft sektoru məhsullarının xarici bazarlara ixrac edilməsidir. Görüş zamanı kənd təsərrüfatı, turizm, mədəniyyət, infrastruktur sahələrində əlaqələrin genişləndirilməsinin önəmi vurğulandı, o cümlədən digər ölkələrdə müxtəlif sahələrdə layihələrin icrasına birgə sərmayə qoyuluşu, neft və qaz sahəsində əməkdaşlıq imkanları müzakirə olundu.

Səfər zamanı Prezident İlham Əliyevin və Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin iştirakı ilə sənədlərin imzalanma mərasimi keçirildi.

Bu sırada Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında, Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC və Qətər Limanları İdarəetmə Şirkəti MWANİ Qatar arasında, Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında kökü kəsilmək təhlükəsi qarşısında olan vəhşi təbiətin qorunması və onun təbii mühitinin mühafizəsi sahəsində əməkdaşlığa dair, Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyası və Qətər Dövləti Mülki Aviasiya Administrasiyası arasında anlaşma memorandumları imzalandı. Həmçinin Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında hava daşımalarına dair sazişə əlavə də təsdiqləndi.

Prezident İlham Əliyevin səfəri çərçivəsində Dohada Al Faisal Holding şirkətinin rəhbəri və Qətər İş Adamları Assosiasiyasının sədri Şeyx Faisal bin Qassim bin Faisal Al Tani, Qatar Petroleumun prezidenti və icraçı direktoru Saad Şerida al-Kaabi ilə görüşü də baş tutub. Görüşdə ticarət və investisiya sahələrində əməkdaşlığın perspektivləri, həmçinin Azərbaycan ilə Qatar Petroleum arasında əməkdaşlıq imkanları müzakirə edilib, bir sıra layihələrdə birgə iştirakın mümkünlüyü vurğulanıb. Qatar Petroleumun gələcəkdə Xəzər dənizində və ya SOCAR-ın digər ölkələrdə həyata keçirdiyi layihələrdə Azərbaycan ilə birgə iştirakı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Siyasi münasibətlərin möhkəmləndirilməsi bilavasitə iqtisadi münasibətlərin dinamik inkişaf zərurəti ilə şərtlənir. Ölkələrimiz və xalqlarımız arasında siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində əldə edilən nəticələr ümumilikdə dövlətlərarası münasibətlərin inkişafında öz sözünü deyir. Qətərin iqtisadi cəhətdən inkişaf etməsi, eyni zamanda Azərbaycanın iqtisadi baxımdan bölgədə lider rolunu oynaması, regionda və beynəlxalq aləmdə nüfuzunun artması əlaqələrimizin genişlənməsi üçün yaxşı zəmin yaradır.

Azərbaycanın bütün sahələrdə əməkdaşlıq əlaqələrinin ildən-ilə inkişafına mühüm önəm verdiyi ölkələrdən biri də Pakistan İslam Respublikasıdır. Rəsmi İslamabadın da Azərbaycanla əməkdaşlığa olan marağı təkcə ölkəmizin malik olduğu strateji-coğrafi mövqe və zəngin karbohidrogen ehtiyatları ilə deyil, həm də möhkəm siyasi sabitliyə, demokratik inkişafa, beynəlxalq birliklə fəal inteqrasiyaya söykənən dövlətçilik kursunun dönməzliyi ilə şərtlənir. Diplomatik münasibətlərin uğurla qurulmasında xalqlarımızın tarixi bağlılığı da mühüm rol oynadığından rəsmi Bakı Pakistanla əlaqələrin inkişafında bu amili daim diqqətdə saxlamışdır.

Rəsmi İslamabad Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair BMT-nin müvafiq qətnamələrinin yerinə yetirilməsinə və bu münaqişənin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında həllinə tərəfdar olduğunu dəfələrlə bəyan edib. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ BMT-nin Təhlükəsizlik Şurasında müzakirə edilərkən Pakistanın birmənalı şəkildə ədalətli mövqe tutaraq Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, Ermənistanın hərbi təcavüzünün pislənilməsi barədə verdiyi bəyanatlar və Azərbaycanın haqq işini müdafiə etməsi ölkəmizdə yüksək qiymətləndirilir.

Azərbaycan Pakistanla humanitar sahədə də əməkdaşlığını genişləndirir. Fəaliyyətində ümumbəşəri dəyərləri uca tutmaqla beynəlxalq miqyaslı qeyri-hökumət təşkilatına çevrilmiş Heydər Əliyev Fondunun Pakistanda həyata keçirdiyi mühüm işləri də xüsusi vurğulamaq lazımdır. Heydər Əliyev Fondu 2007-ci ildə Müzəffərabadın Rara qəsəbəsində zəlzələ nəticəsində dağılmış qızlar məktəbinin tikintisi kimi müxtəlif humanitar layihələrdə fəal iştirak etmişdir. 2011-ci ildə daşqınlar nəticəsində zərər çəkmiş məktəb 2012-ci ildə tam şəkildə yenidən qurulmuş, təmir və təchiz edilmiş, davamiyyəti ilə seçilmiş tələbələrə isə təqaüdlər verilmişdir. 2012-ci ildə hepatit B peyvəndi İslamabadda Edhi və KPK kimsəsiz evlərinə çatdırılmış, 40 min nəfərə yaxın şəxsə həmin peyvənd vurulmuşdur. Fond həmçinin qanköçürmə məqsədilə Həmzə Fonduna tam təchiz edilmiş təcili tibbi yardım maşınını və 2000 qan paketini çatdırmış, Peşəvərdə Xayber Göz Fondunun klinikasının yeni blokunun tikintisinə maliyyə yardımı ayırmışdır. 2013-cü ildə isə fond Azərbaycanın 12 nüfuzlu universitetində pakistanlı tələbələr üçün sosial elmlər üzrə universitetlərarası konsorsiuma 36 təqaüd ayırmışdır.

Dövlət başçısının Pakistan İslam Respublikasına budəfəki səfəri də ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini bir daha təsdiqlədi. Prezident İlham Əliyev və Pakistan Prezidenti Məmnun Hüseyn arasında keçirilən görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu qeyd edildi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Kəşmir problemi ilə bağlı Azərbaycanın və Pakistanın bir-birinin ədalətli mövqeyini dəstəkləməsində qətiyyət göstərdikləri vurğulandı. Söhbət zamanı regional təhlükəsizlik və əməkdaşlıq məsələləri də müzakirə olundu.

Səfər çərçivəsində Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərif ilə keçirdiyi görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin yüksək səviyyədə olduğu bildirildi. Azərbaycan ilə Pakistan arasında siyasi əlaqələr müzakirə edildi, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyəti vurğulandı. Görüşdə müdafiə və müdafiə sənayesi sahəsində konkret layihələr müzakirə olundu. Azərbaycanın Pakistanın inkişaf etmiş hərbi sənaye kompleksinin məhsullarını idxal etməsi ilə bağlı razılaşma əldə edildi. Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında enerji sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması da bu baxımdan mühüm əhəmiyyət daşıdı.

Prezident İlham Əliyev İslamabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XIII Sammitində bildirib: Azərbaycan 2006-cı və 2012-ci illərdə İqtisadi Əməkdaşlıq Təşkilatının iki Zirvə görüşünə evsahibliyi edib. İqtisadi Əməkdaşlıq Təşkilatının 2012-ci ildə Bakıda keçirilmiş sonuncu Zirvə görüşündə ölkəmiz sədrliyi öz üzərinə götürmüşdür. Bu, bizim İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığa olan qəti sadiqliyimizin göstəricisidir. İqtisadi Əməkdaşlıq Təşkilatı xalqlarımızın mənafeyi naminə əməkdaşlıq üzrə siyasi iradəmizin məhsuludur. İqtisadi Əməkdaşlıq Təşkilatının uğurlu fəaliyyəti birgə maraqlarımıza cavab verir. Ölkələrimizin xalqlarını birgə tarix, mədəniyyət, ənənələr və din birləşdirir.

Sədrliyimiz dövründə Azərbaycan təşkilatımızın inkişafına və regional əməkdaşlığın dərinləşdirilməsinə böyük töhfə verib. İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan bütün dövlətlərlə gözəl münasibətə malik olduğundan Azərbaycan tərəfdaşları ilə istər ikitərəfli, istərsə də çoxtərəfli müstəvidə iqtisadi əlaqələrini möhkəmləndirib. Biz İqtisadi Əməkdaşlıq Təşkilatını yalnız Şərq və Qərb, Şimal və Cənub arasında fiziki körpü deyil, müxtəlif sivilizasiyaları və mədəniyyətləri birləşdirən məkan kimi təşviq etməkdə səylərimizi əsirgəməmişik.

Azərbaycanın İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapır. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qərar isə ölkəmizin İslam həmrəylinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaradır.

Prezident İlham Əliyevin 2017-ci ilin Azərbaycan Respublikasında İslam həmrəyliyi ili elan edilməsi ilə bağlı sərəncamı bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Dinlə bağlı sərt qadağaların mövcud olduğu sovet dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərdiyi halda, hazırda onların sayı iki mini keçib. Həmin məscidlərin 300-dən çoxu tarixi-mədəni abidə kimi qorunur. Azərbaycan dövlətinin İslam dini dəyərlərinə qayğısı sayəsində son illər İslam mədəniyyətinin qiymətli abidələrindən Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı Cümə məscidləri və Gəncə şəhərindəki İmamzadə kompleksi əsaslı şəkildə yenidən qurularaq təmir olunmuş, ölkəmizin paytaxtında Cənubi Qafqazın ən möhtəşəm məbədi Heydər məscidi inşa edilmişdir. Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatının, ISESCO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilərək İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurmuş, qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumların təşkilatçısı kimi çıxış etmişdir.

Prezident İlham Əliyev Azərbaycanın İslam aləmindəki rolunu belə qiymətləndirib: Azərbaycan İslam aləmində çox böyük hörmətə malik bir ölkədir. Baxın, İslam Əməkdaşlıq Təşkilatının rəhbərləri bizim ölkəmizə necə yüksək qiymət verirlər. Bəzən bir-biri ilə yola getməyən müsəlman ölkələri də bizə böyük hörmətlə yanaşırlar. Nəyə görə? Çünki bizim siyasətimiz səmimidir, düzgündür, ədalətlidir, prinsipialdır və cəsarətlidir. Bax, budur bizim siyasətimiz. Bütün bunları nəzərə alaraq, mən 2017-ci ili Azərbaycanda İslam həmrəyliyi ili elan edirəm.

2017-ci ilin İslam həmrəyliyi ili elan edilməsi İslam dünyasındakı mövcud problemlərin, çətinliklərin, ayrı-ayrı İslam ölkələri arasındakı müəyyən qarşıdurma və ziddiyyətlərin aradan qaldırılması istiqamətində addımların atılmasına və burada müəyyən nailiyyətlərin əldə edilməsinə çox böyük təsir göstərəcək. Bu il Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ilə Azərbaycanda İslam həmrəyliyi ilinin elan olunması bir-birini üzvi şəkildə tamamlayır. Qlobal aləmdə siyasi və sosial kataklizmlərin yaşandığı bir şəraitdə, ən əsası isə İslam dünyasının birliyinə nail olmağa ciddi ehtiyac duyulduğu bir vaxtda irəli sürülən bu təşəbbüs dünyada sülhün, əmin-amanlığın bərqərar olunması üçün yeni yol xəritəsinin ortaya çıxmasına imkan yaradacaq.

Əminliklə demək olar ki, Prezident İlham Əliyevin Qətər və Pakistan dövlətlərinə səfərləri də ölkələrimiz arasında münasibətlərin daha da inkişafına mühüm təkan verəcək, xalqlarımız arasında mövcud əlaqələrin bundan sonra da genişlənəcəyinə imkan yaradacaq.