Xalq qəzeti.-2017.-13 yanvar.-7.-S.5.

 

Bakıda törədilən 20 Yanvar faciəsi xalqımızın mübarizliyini və əyilməzliyini nümayiş etdirdi

 

İttifaq MİRZƏBƏYLİ

 

 

Azərbaycanda haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş Vətən övladları Qanlı Yanvarda xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 

Zaman bizi o qanlı faciənin dəhşətlərindən uzaqlaşdırdıqca, sanki, üzərimizə daha böyük, daha müqəddəs vəzifələr  düşürmüş kimi, həmin səhifələri tez-tez vərəqləyirik. Bizim üçün Azərbaycanın dövlət müstəqilliyinin əbədiləşdirilməsindən müqəddəs vəzifə ola bilməz.

 

Təbii ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün dünyanın hər yerindəki soydaşlarımızın dəstəklədiyi siyasi kurs dövlət müstəqilliyimizin əbədiləşdirilməsini təmin edir. Ancaq bizim hər birimiz həmin amala xidmət  olaraq,  20 Yanvar, Xocalı, Qarakənd faciələrinin təkrarlanmaması üçün, sözün həqiqi mənasında, mütəşəkkillik nümayiş etdirməliyik və etdiririk. Adıçəkilən  və çəkilməyən bütün faciələrimizi törədənlər bir məqsədə xidmət edirdilər Azərbaycanın dövlət müstəqilliyi növbəti dəfə uğursuzluqla nəticələnsin. Buna nail ola bilmədilər. Çünki XX  əsrin sonlarında  həmin məqsədlə  törədilən çoxsaylı xəyanətlərin qarşısını almaq üçün  xalqımızın arxasında  böyük öndərimiz, ümummilli liderimiz var idi. Bu qısa yazıda həmin dövrün hadisələrini yığcam şəkildə, növbəti dəfə xatırlatmaq istəyirik.

1990-cı ilin yanvarında işğal, təzyiq, faciə, qırğın  və qan-qada ilə üz-üzə qalmış Azərbaycan haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına maneçilik törədənlər ciddi informasiya blokadası yaratmışdılar. Böyük dövlət xadimi Heydər Əliyev hələ Moskvada olarkən xalqımızın azadlıq arzularını boğmaq istəyənləri ifşa edərək, onların mənfur əməllərini pisləmişdi. Bu gün Azərbaycan həqiqətlərinin dünya miqyasında ən gur səslə hamıya eşitdirilməsi üçün kosmosda müasir  rabitə peykimiz və bir də  qətiyyətli dövlət başçımız vardır. Bugünkü Azərbaycan həqiqətlərini eşidənlər inana bilmirlər ki,  90-cı ilin ilk ayında  böyük bir imperiya bu xalqın ruhunu və əzmini qırmaq üçün sovet ordu hissələrinə Azərbaycan paytaxtını darmadağın etmək əmrini vermişdi. Bu, bir tarixi fakt idi. Ulu öndər Heydər Əliyevin dediyi kimi, həmin gün biz tariximizin təkcə qanlı deyil, həm də şanlı səhifələrindən birini yaşadıq.

Heydər Əliyev  20 Yanvar hadisəsinin (ümummilli liderimiz həmin qanlı hadisənin xalqımız üçün həm faciə,  həm də qəhrəmanlıq səhifəsi olduğunu deyirdi)  bu günümüz və gələcəyimiz üçün olan əhəmiyyətini nəzərə alaraq, demək olar ki, keçirdiyi hər görüşdə bu hadisənin tarixi dərslərindən bəhs etmişdir.  1997-ci il yanvarın 31-də Milli  Elmlər Akademiyasının rəhbərliyi, həqiqi və müxbir üzvləri, institut direktorları və aparıcı alimləri ilə görüşdə çıxış edən ulu öndər demişdir: ...Xalqımız bundan tarixi nəticə çıxarmalıdır. Biz gərək heç vaxt əyilməyək, heç vaxt sınmayaq. Bilirsiniz, millətin mənafeyi hər bir insanın həyatından üstün olmalıdır.

Təkcə Bakıda deyil, eləcə də əliyalın azərbaycanlıların üzərinə nizami ordu göndərən Kremldəkilər də yaxşı bilirdilər ki, Yanvar faciəsi ilə bağlı Heydər Əliyevin verdiyi ən kəskin bəyanat  məhz 1990-cı il yanvarın 21-də, Kremlin qulağının dibində, Azərbaycana düşmənçilik mövqeyindən əl çəkə bilməyən Mixail Qorbaçovun adamlarının gözü qabağında səsləndirilmişdi. Həmin bəyanat Azərbaycan tarixində yeni siyasi dövrün başlandığını bildirirdi. Heydər Əliyevin növbəti sərt addımı isə SSRİ Nazirlər Sovetinin partiya təşkilatına ünvanladığı 19 iyul 1991-ci il tarixli ərizəsində gətirdiyi faktlar idi. Ulu öndər həmin müraciətdə  20 Yanvar hadisəsi ilə bağlı bildirirdi: Bu antihumanist, konstitusiyaya və hüquqa zidd hərəkəti ittiham edərkən Sov. IKP və Azərbaycan KP MK-nın bu cinayətin üstünü açacağına və günahkarları üzə çıxaracağına ümid edirdim. Artıq yarım il keçib. Nəinki bu dəhşətli cinayətlərin hamıya çoxdan məlum olan günahkarları üzə çıxarılmayıb, əksinə, bunları ört-basdır etmək üçün əllərindən gələni edirlər. Ümid edirlər ki, bu faciə unudulacaq. Ancaq tarix dəfələrlə sübut etmişdir ki, doğma xalqa qarşı yönəldilmiş qanlı cinayətləri on illər keçsə də, unutmaq və bağışlamaq mümkün deyil.

Bundan başqa,  20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməməsi də Heydər Əliyevi çox düşündürən və olduqca narahat edən məsələlərdən biri idi. Ona görə də, ulu öndər 1994-cü il yanvarın 12-də keçirdiyi müşavirədə  bu barədə deyirdi: Xalqa təcavüz olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir. Görünür ki, ötən yaxın illərdəki Sovetlər Birliyi, respublika rəhbərliyi, məsul şəxslər öz mənafeləri naminə bu böyük faciənin əsl mahiyyətini xalqa bəyan etməmişlər.

Ulu öndər həmin həqiqətlərin Azərbaycanda və dünyada hamıya məlum olması üçün bütün addımları atdı. Hamı bildi ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən azadlıq fədailəri Bakının küçələrinə və meydanlarına çıxaraq Kremlin siyasətinə  öz qəti etirazlarını bildirirdilər. Öz haqqını tələb edən xalqın üzərinə sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxarmışdı.  Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi  Mixail Qorbaçov başda olmaqla, cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi.

Bu gün istənilən soydaşımız məmnunluqla qeyd edir ki, ulu öndər Heydər Əliyevin bütün xarici səfərlərində və beynəlxaq tədbirlərdəki çıxışlarında  olduğu kimi,  Prezident İlham  Əliyevin  də istənilən dostumuz və  bədxahımız olan  siyasətçilərlə görüşlərində bu məsələlər çox böyük ustalıqla gündəmə gətirilir və Azərbaycanın mənafeyi baxımından müzakirəsinə nail olunur. Xatırladaq ki, Prezident İlham Əliyev 20 Yanvar faciəsində qətlə yetirilənlərin, müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub.

Bu istiqamətdə böyük tədbirlər həyata keçirilir. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da yaxşılaşdırılır. Ölkənin iqtisadi durumunun yüksəlməsi özünü bu qəbildən olan insanların həyat və məişətində daha qabarıq göstərir. 2006-cı il yanvarın 19-da  ölkə başçısının fərmanı ilə 20 Yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib. Dövlət başçısının fərmanı ilə 140 nəfər 20 Yanvar şəhidi fəxri adı almış şəxslərin 180 nəfər ailə üzvünə hər ay Prezident təqaüdü ödənilir. 2006-cı il yanvarın 1-dən qüvvəyə minən Əmək pensiyaları haqqında Qanuna əsasən, 20 Yanvar şəhidlərinin əmək pensiyasını alan hər bir ailə üzvünə əlavə ödəniş də verilir.

Bakının ən möhtəşəm məkanında Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanı  xalqımız üçün müqəddəs bir and yerinə, milli iradəmizin şanlı-şərəfli ünvanına çevrilib. İnanırıq ki, şəhidlərimiz və Şəhidlər xiyabanı azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərin də qürur mənbəyi olacaqdır. Bizim qurub-möhkəmləndirdiyimiz qüdrətli, müstəqil Azərbaycan dövləti isə şəhidlərimizin xatirəsinə göstərdiyimiz ən böyük ehtiram kimi qəbul edilir.

Daha bir mühüm məqamı yada salaq. Qanlı 20 Yanvar faciəsindən  sonra öz himayədarlarının köməyi ilə Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş və həmin ərazilərdə beynəlxalq aləmdə terrorçu kimi tanınan qurumların təlimlərini,  bütün dünya üçün təhlükə mənbəyi olan narkoticarəti reallaşdıran Ermənistan dövləti uzun illər idi ki, özünü qalib kimi göstərməyə çalışırdı. 2016-cı ilin aprelində isə Azərbaycan əsgəri işğalçılara, sözün həqiqi mənasında, sarsıdıcı zərbə vurdu. Azərbaycan əsgərinin Silahlı Qüvvələrimizin Ali Baş Komandanının rəhbərliyi ilə dördgünlük aprel döyüşlərində qazandığı qələbə 20 Yanvar şəhidlərinin ruhuna bəxş etdiyimiz ən böyük  sevinc oldu.

Daha böyük sevinclər isə torpaqlarımızın işğaldan tamamilə azad ediləcəyi  günlərdə olacaq. Həmin gün isə uzaqda deyil.