Xalq qəzeti.-2017.-26 fevral.-44.-S.7.

 

25 ildir haqqını gözləyən XOCALI...

 

Nailə MƏMMƏDOVA,

Azerbaijan Realities analitik qrupunun üzvü

 

Soyqırımı bəşər tarixinin ən ciddi və kompleks problemlərindəndir. Soyqırımı bir etnik toplumun dil, din, mədəniyyət və s. məlum səbəblərə görə şüurlu şəkildə məhvinə yönəlmiş  aktdır. Bir qrupun varlığının tamamilə silinməsi məqsədilə hər cür şiddət və vəhşəti ehtiva edən termindir.

Tarix boyu əzəli Azərbaycan torpaqlarına yiyələnməyə çalışan, öz mənfur və saxta niyyətlərini həyata keçirmək ümidilə yaşayan ermənilər zaman-zaman bu istəklərini reallaşdırmaq üçün fürsət qazanmışdılar.  XX əsrin sonlarında da SSRİ-nin çökməsi, yeni münaqişə ocaqlarının yaranması Böyük Ermənistan xülyası ilə çırpınan ermənilərin aktivləşməsinə şərait yaratdı. Türksüz Ermənistan şüarı altında mübarizəyə qalxan erməni millətçiləri azərbaycanlıları  öz dədə-baba yurdlarından zorla qovur, etnik təmizlənməyə məruz qoyurdular.

 

Əsrin vəhşəti...

 

Xocalı soyqırımı əsrlərdir azərbaycanlılara qarşı təcavüzkar siyasət yürüdən erməni şovinistlərinin ən iyrənc və xain əməllərindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni-daşnak silahlı qüvvələri və keçmiş sovet 366-cı motoatıcı alayı Xocalıya divan tutdu, əsrin ən dəhşətli soyqırımlarından biri törədildi. Hələ 1991-ci ilin payızından erməni silahlı dəstələri tərəfindən Xocalı əsasən blokadaya alınmışdı, Dağlıq Qarabağdan daxili qoşunlar çıxarılandan sonra isə tam blokadada idi. Lakin müstəqil dövlət quruculuğu yoluna yenicə qədəm qoymuş Azərbaycanın hakimiyyətpərəst dairələri Xocalıdan daha vacib dəyərləndirdikləri şəxsi mənfəətləri ilə məşğul idilər. Dövlət rəsmilərinin aciz və susqun mövqeləri də Xocalı faciəsi üçün zəmin yaratmışdı.

Xocalının ələ keçirilməsi üçün həyata keçirilmiş hərbi əməliyyat zamanı şəhərin dinc əhalisinə qarşı kütləvi zorakılıq törədilmişdi. Azad dəhliz barədə isə Xocalı sakinləri, demək olar ki, məlumatlandırılmamışdı. Hadisə şahidlərinin çıxışlarından, Xocalı soyqırımına dair dünya mətbuatında çıxarışlardan, fotoşəkillərdən, erməni iştirakçıların etiraflarından göründüyü kimi, Xocalı faciəsi erməni millətçilərinin Azərbaycan xalqına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin ən qanlı formasıdır ...

 

Xocalı soyqırımına siyasi qiymət...

 

Xocalı soyqırımına siyasi qiymətin verilməsi məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Hələ prezident səlahiyyətlərini  həyata keçirərkən Ali Sovetin sədri Heydər Əliyev erməni təcavüzünün qarşısının alınması məqsədilə təcili tədbirlər görülməsi üçün BMT Təhlükəsizlik Şurasının dərhal çağırılması xahişi ilə Təhlükəsizlik Şurasının sədrinə 26 iyul 1993-cü il tarixli yazılı müraciət etmişdir.1994-cü il 24 fevralda Milli Məclisin qərarı ilə hər il fevralın 26-sı Xocalı Soyqırımı Günü kimi yad olunması və bu barədə beynəlxalq təşkilatlara məlumat verilməsi ilə Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verilmiş oldu. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə əsrin bu böyük faciəsi dövlət tərəfindən öz layiqli qiymətini aldı. 1995-ci il 24 fevralda Milli Məclisin dünya parlamentlərinə və beynəlxalq təşkilatlara Xocalı soyqırımı ilə bağlı müraciəti oldu.

Soyqırımı qurbanlarını daim yad edən, şəhidlərin xatirəsini əziz tutan ümummilli lider Heydər Əliyev 1997-ci il fevralın 25-də "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" fərman imzaladı.

2003-cü il 15 fevralda  Xocalı qaçqınlarının Birləşmiş Millətlər Təşkilatına, Avropa Şurasına, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına müraciəti oldu. Müraciətin əsas məqsədi  dünyanın nüfuzlu beynəlxalq təşkilatları olan Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına 1992-ci ilin fevralında Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq və bu qanlı cinayətə hüquqi-siyasi qiymət verilməsinə nail olmaqdan ibarət idi.

Ölkə başçısı İlham Əliyev tərəfindən də hər il soyqırımı ümumrespublika səviyyəsində xatırlanır, soyqırımı qurbanları yad edilir. Soyqırımının 20 illiyi isə 2012-ci ildə ümumxalq yürüşü ilə qeyd olunmuşdur. Paytaxtın Azadlıq meydanından başlayan, 60 mindən çox insanın iştirak etdiyi ümumxalq yürüşü Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək və erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədi daşıyırdı. Dövlət başçısı bu il də soyqırımının 25 illiyinin qeyd olunması haqqında sərəncam imzalamışdır.

 

"Xocalıya ədalət Qarabağa azadlıq!" beynəlxalq məlumat və təşviqat kampaniyası

 

Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması və  qətliamın obyektiv qiymətləndirilməsi istiqamətində atılan addımlarda Heydər Əliyev Fondunun müstəsna rolu danılmazdır. Məhz fondun gərgin əməyi və məqsədyönlü fəaliyyəti  nəticəsində dünya ölkələri erməni qəsbkarlarının insanlığa sığmayan qətlləri haqqında daha dolğun məlumatlandırılır. Bir sıra dövlətlər, beynəlxalq təşkilatlar, nüfuzlu qurumlar bəşəriyyətə qarşı törədilmiş bu cinayətin əsl mahiyyətini anlayaraq, qətliamı kəskin şəkildə pisləyirlər. Heydər Əliyev Fondu tərəfindən ölkəmizdən kənarda Xocalı soyqırımı ilə bağlı 100-ə qədər materialın sərgisi təşkil olunub, Azərbaycan mədəni irsinin düşmən tərəfindən tapdalanması, mədəni-tarixi abidələrin dağıdılması ilə bağlı müxtəlif dillərdə nəşr olunan kitab və bukletlər yayımlanıb.

 Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Təşkilatının (2011-ci ildən İslam Əməkdaşlıq Təşkilatı) Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən etibarən fəaliyyətə başlamış "Xocalıya ədalət!" kampaniyası Xocalı gerçəkliklərinin bəyan olunması istiqamətində yorulmaz fəaliyyət nümayiş etdirir. Ötən dövrlər ərzində uğurlu təbliğatı ilə aksiyaya dünyanın əksər ölkələrindən yüzlərlə könüllü qoşulub. Təbliğat-təşviqat kampaniyası yalnız Xocalı soyqırımını dünyaya tanıtmaqla kifayətlənmir, eyni zamanda, Ermənistanın destruktiv və təcavüzkar  siyasətinin ifşası ilə bağlı aktiv iş aparır.

2011-ci ildə İslam Konfransı Təşkilatı Parlamentlər İttifaqı (İKT Pİ) Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" beynəlxalq kampaniyasına dəstək olaraq bəyannamə qəbul etdi. İKT Parlamentlər İttifaqı Şurasının Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə keçirilən 13-cü sessiyasında şuraya üzv dövlətlərin qəbul etdikləri Əbu-Dabi Bəyannaməsində Xocalı faciəsini insanlığa qarşı törədilmiş kütləvi cinayət kimi tanımağa çağırdı. Qətnamənin 3-cü bəndində qeyd edilib ki, İKT Pİ-yə üzv parlamentlər erməni silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının Xocalı şəhərində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş kütləvi qırğını insanlıq əleyhinə cinayət kimi tanıyır. Sənədə üzv dövlətlər qeyd olunan cinayətə milli səviyyədə lazımi qiymətin verilməsinə çağırıldılar.

Kampaniya çərçivəsində görülən məqsədyönlü fəaliyyət nəticəsində 2013-cü ilin fevralında Qahirədə keçirilən İƏT-in ali orqanı olan dövlət başçılarının Zirvə görüşündə də Xocalı faciəsi insanlığa qarşı cinayət və soyqırımı aktı kimi tanındı.

"Xocalıya ədalət!" beynəlxalq məlumat və təşviqat kampaniyası hazırda dünyanın bir çox ölkəsində yüzlərlə könüllü tərəfindən uğurla həyata keçirilir. Bu il də kampaniya təbliğata start verib və artıq dünyanın bir sıra dövlətlərində anım tədbirlərini reallaşdırmışdır.

 

Xocalı soyqırımını tanıyan dövlətlər

 

Xocalı faciəsi Ermənistanın Azərbaycana qarşı uzun illərdir apardığı məqsədyönlü soyqırımı siyasətinin tərkib hissəsi idi. Təsadüfi deyildir ki, XX əsrin ən qanlı və dəhşətli cinayətlərindən biri olan Xocalı soyqırımının dünya dövlətləri tərəfindən tanınması və soyqırımı kimi qəbul olunması, ona siyasi qiymət verilməsi istiqamətində həyata keçirilən siyasət artıq öz müsbət nəticələrini göstərməkdədir. Dünyanın  bir çox dövlətləri tərəfindən  bu soyqırımı aktı pislənmişdir. Amerikada yaşayan azərbaycanlılar 2013-cü il yanvarın 25-dən etibarən Xocalı soyqırımının tanınması, qurbanlarının anılması və ABŞ Prezidentinin bununla bağlı bəyanat verməsi məqsədilə Ağ evin rəsmi veb-səhifəsində Biz xalqıq bölməsində petisiya yerləşdirib. Az vaxtda petisiyaya dünyanın müxtəlif ölkələrindən 100 mindən çox insan imza atmışdı.  Avropa İnsan Haqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər kimi müəyyən etmişdir. Xocalıda törədilmiş cinayətləri soyqırımı kimi tanıyan yeganə təşkilat İslam Əməkdaşlıq Təşkilatıdır. İslam Əməkdaşlıq Təşkilatının 20 noyabr 2012-ci ildə Cibutidə keçirilmiş Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasında soyqırımının tanınması ilə bağlı qətnamə qəbul edilmişdir.

Xocalını tanıyan dövlətlər:  Meksika, Pakistan, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Peru, Panama, Sudan, Honduras, İordaniya, Cibuti, Şotlandiya.

Xocalını tanıyan ABŞ ştatları: Massaçusets, Texas, Nyu-Cersi, Corciya, Men, Nyu-Meksiko, Arkanzas, Missisipi, Oklahoma, Tennessi, Pensilvaniya, Vest Virginia, Konnektikut, Florida, İndiana, Arizona, Yuta, Nebraska, Havay, Montana, Aydaho, Arizona

 

Xocalı soyqırımı erməni faşistlərinin dili ilə...

 

Erməni soyqırımını bayraq edərək, dünyaya yalan informasiyalar yayan, tarixi və insanlığı ləkələməyə çalışan ermənilər 25 il əvvəl törətdikləri faciəni Xocalı döyüşü adlandırır və  vəhşi niyyətlərini gizlətməyə çalışırlar. Təəssüf ki, birtərəfli mövqe nümayiş etdirən beynəlxalq birlik də Azərbaycanın haqq səsinə lazımi reaksiya göstərmir. Lakin tarix heç nəyi unutmur: 18 may 2001-ci ildə Ermənistanın o vaxtkı müdafiə naziri (indiki prezident) Serj Sarkisyanın Ermənistan parlamentindəki nitqi işğalçı siyasətin bariz isbatıdır: "İşğal elədiyimiz torpaqlar var. Bunda utanılacaq heç nə yoxdur. Təhlükəsizliyimiz üçün bu torpaqları işğal etdik. Biz bunu 1992-ci ili  də və öncəsində də deyirdik, indi də deyirik. Bəlkə üslubum diplomatik deyil, amma həqiqət budur.

İngilis tədqiqatçı Tomas de Vall Qara Bağ adlı kitabını yazarkən apardığı araşdırmalar çərçivəsində o vaxt Ermənistanın müdafiə naziri olan Sarkisyandan da müsahibə götürüb. Sarkisyan özü Xocalıda dinc insanların kütləvi şəkildə, qadın, uşaq, qoca demədən qırılmasına rəhbərlik etdiyini təsdiqləyir. O deyir: ... Xocalıya qədər azərbaycanlılar bizimlə sadəcə zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə də oldu.

Xocalı faciəsinin şahidi olmuş erməni jurnalist Dayd Xeriyan "Xaç naminə" kitabında yazır: "... Bu şaxtalı qış şəhərində Daşbulaq yaxınlığındakı bataqlıqdan bizdən ölülərdən 1 kilometrlik körpü qurmaq tələb olundu. Körpüdən mən keçmək istəmədim. Onda polkovnik Ohanyan mənə işarə verdi ki, qorxmayıb meyitlərin üstündən keçim. Bu, müharibənin qanunlarından biridir. Mən ilk addımımı 9-11 yaşlı qız meyitinin qanlı sinəsi üstünə qoyub addımlamağa başladım. Mənim ayaqqabılarım və şalvarım bu "körpü"nü keçənə kimi tamamilə qana batdı. Beləliklə, mən 1200 meyidi belə addımladım". "... martın 2-də Qaflan erməni qrupu  2000-ə yaxın türkün  meyitlərini yığıb Xocalıdan 1 kilometr uzaqda ayrı-ayrı topalarla yandırmağa başladı. Axırıncı yük maşınında boyun nahiyəsindən yaralanmış 10 yaşında qız uşağı gördüm. Diqqətlə nəzər yetirəndə gördüm ki, hələ də yavaş-yavaş nəfəs alır. Şaxta, aclıq və aldığı yaraya baxmayaraq, uşaq hələ də yaşayırdı. Mən heç vaxt ölümdən qorxan bu uşağın gözlərini unuda bilmirəm. Sonra bir əsgər, deyəsən, onu Tiqranyan deyə çağırırdılar, onun qulağından tutub sürüyərək mazutlu gölməçədə mazuta bulaşdırdı, sonra isə yandırdı. Bu vaxt ətrafda kömək üçün qışqıran birinin səsini eşitdim. Mən artıq qabağa gedə bilmirdim. Lənətlənmiş türklərdən Şuşanın azad edilməsinə qatılmaq istəmirdim. Buna görə mən geriyə qayıtdım. Onlar isə Xaç naminə öz yollarına davam etdilər..."  

Erməni terrorizminin ideoloqlarından biri Zori Balayan "Ruhumuzun dirilməsi" kitabında yazır: "... Ancaq ermənilər, qəlbləri dərdlə paslanmış və kədərini oda ata bilən ermənilər bu sətirlərdən qürurlana bilərlər. Mən özüm də vətəndaşlıq və müqəddəs kişilik borcuma görə bu işlə məşğul oldum ki, monqollardan qisasımı alım. Mən və Xaçatur onların saxlandığı zirzəmiyə daxil olanda artıq əsgərlərimiz bir uşağı pəncərənin çərçivəsinə tikmişdilər. Onun çox səs-küy etməməsi üçün ölmüş atasının dərisini qoparıb ağzına soxmuşdular. Sonra mən 13 yaşlı bir türkün baş, sinə və qarnından dərisini qopardım. Təxminən 7 dəqiqədən sonra uşaq qan itkisindən öldü. Mən birinci dərəcəli həkim kimi humanistəm, ona görə də uşağın başına gətirdiyim zülmlərdən xoşbəxtlik hiss eləmirdim. Lakin daxilən sevinirdim... Xaçatur uşağın cəsədini tikə-tikə doğradı və itlərə yem kimi atdı. Həmin axşam biz daha 3 türk törəməsinin başına həmin oyunu açdıq. Mən patriot, vətəndaş, erməni borcunu yerinə yetirirdim. Xaçaturun və digərlərinin gözlərində mən güclü qisas mübarizəsi görürdüm. Sonra mayor Suren (uşaqlıq dostum) mənə dedi: "Biz vəhşi deyilik, lakin soyuqqanlı olmalıyıq. Türk cəlladların əlində qətlə yetirilən ermənilərin ruhları sakitləşib, şad olmalıdı". Ertəsi gün biz kilsəyə getdik. Orada 1905-ci ildə ölən ermənilərin ruhlarına dua oxuduq və dünən gördüyümüz, törətdiyimiz vəhşiliklərə görə Allahdan bizi bağışlamasını istədik. Digər tərəfdən, biz Xocalını 30 minlik pislikdən azad etməyə müvəffəq olduq. Surenin evində olarkən arvadı bizə "Cermuk" süzdü və Suren dedi: "Ermənilər doğma torpaqlarını azad edib, böyük Ermənistan yaratmağa borcludurlar. Göylər bizdən tələb edir ki, biz əcdadlarımız qarşısında öz vicdanımızı təmizləyək".

Xocalı soyqırımından sonra Avropaya insan orqanlarının satılması prosesi  sürətləndi. Aparılan araşdırmalar nəticəsində məlum oldu ki, bu donor orqanları Xocalı soyqırımında əsir və itkin düşən azərbaycanlılara məxsus olub. "...Erməni həkimləri Qərbi Avropaya donor orqanları və qan daşınması əməliyyatında iştirakdan yazırlar. Daşınan məhsul Köln və Ştutqartdakı tibb müəssisələrinə gətirilirmiş. Təsadüfi yoxlama zamanı donor orqanlarından bəzilərinin sənədlərinin yerində olmaması polis tərəfindən araşdırma aparılmasına səbəb oldu. Yarımillik araşdırmalardan sonra polis Marvel Qalstyan adlı erməni həkimin izinə düşür. Bu həkim Tuluzdakı hərbi hospitalda işləyirmiş. Eyni zamanda, bu işdə əli olan Fransaya qanunsuz miqrasiya olunmuş Sarkis Mnatskanov (o da həkimdir), Prokor Berqer kimi ermənilər müəyyənləşdirilir. Məlum olub ki, əksər hallarda donor orqanlar Ermənistandan Almaniyaya birbaşa daşınırmış. Əsas daşınan orqanlar böyrək, qız böyrəkləri, onurğa beyni, ciyər və donor qanı olmuşdu. Tam məsuliyyətlə demək olar ki, daşınan bu orqanlar erməni əsirliyində olan türklərdən götürülüb..." (Almaniya, Duysburqda nəşr olunan "Blick" qəzeti, 1997-ci il).

Bu haqda amerikalı tədqiqatçı-jurnalist Tomas Qolts "Ötən əsrin qanlı mənzərəsi" (2001) kitabında da yazıb. Kitabda 1993-cü ilin sonunda ermənilərə əsir düşən 2000-ci ildə Qırmızı Xaç Komitəsi tərəfindən azad edilmiş Kəlbəcərdən olan mayor Səlim Həsənovun müsahibəsi dərc olunub: "Mənimlə əsirlikdə olanların (əsasən də gənclərin) bir çoxunun onurğa beyinləri götürülərək öldürülmüşlər. Bəziləri isə bir neçə gün keçəndən sonra kameraya qaytarılanda bir gözlə və ya hər iki gözü çıxarılmış formada gətirildilər. Mənimlə eyni kamerada olan 5 qoca və 18 nəfər qalmışdı ki, onların da yaşı 35-i keçmişdi" ... (səh. 26).

Həmçinin o dövrdə dərc olunan bir çox xarici mətbuat orqanlarında da Xocalı faciəsi, erməni vəhşiliyindən bəhs edən yazılar dərc olunub. Fransalı jurnalist Jan-İv Yunet yazırdı: "Biz Xocalı faciəsinin şahidi olduq, həlak olmuş yüzlərlə dinc sakinin, eləcə də Xocalını müdafiə edənlərin cəsədlərini gördük... Bu, dəhşətli mənzərə idi. Mən müharibələr, alman faşistləri haqqında çox eşitmişdim. Lakin 5-6 yaşlı uşaqları, dinc əhalini qətlə yetirən ermənilər faşistləri də geridə qoymuşdular..." Londonda dərc olunan "Tayms" qəzetinin müxbiri yazırdı: "Gördüyümüz adamların çoxu eybəcər hala salınmış, balaca qızcığazın isə yalnız başı qalmışdı..." Şahidlərin sayını kifayət qədər çoxaltmaq olar. Lakin ən ağrılı vəziyyət bu cür vəhşiliyin hələ də layiqli cavabını almamasıdır...

 

Dünya birliyi hələ də susur...

 

Xocalı soyqırımı humanizmə, sülhə, təhlükəsizliyə, insanların ən ali və vacib hüquqlarına  yönəlmiş terrordur. Bir şəhərin əhalisinin şüurlu, düşünülmüş şəkildə məhvi məqsədini güdən bir aktdır. Bu faciə bir daha onu göstərdi ki, ermənilər yalnız bizim torpaqlarımızı zəbt edib, ona yiyələnməklə deyil, həm də bizim bir millət kimi varlığımızın axirina çıxmaq hərisliyi ilə yaşayırlar. Erməni millətçiləri öz körpələrinə belə türk nifrəti ilə göz açdırıb, türk düşmənçiliyi aşılayırlar. Türkün əzabla məhvi, tarix səhnəsindən silinməsi bir vəzifə kimi hər bir erməninin qarşısına qoyulur. Belə bir şovinist, qəddar, cəllad, kinli bir ruhla böyümüş millətdən hansı humanizmi gözləmək olar? Bu gün Ermənistan hökumətində yüksək postlarda oturan şəxslər əlləri Xocalıda yüzlərlə uşağın, qadının, qocanın günahsız insanların qanına bulaşmış şəxslərdir. Soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 milyard rubl dəyərində ziyan vurulmuşdur.

Bu soyqırımı aktı başda Ümumdünya İnsan hüquqları Bəyannaməsi olmaqla, bir çox beynəlxalq hüquqi-normativ aktların (İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası, Cenevrə Konvensiyası və s.) kobud şəkildə pozulması deməkdir. Soyqırımına siyasi qiymətin verilməməsi, Ermənistanın destruktiv siyasətinin ifşa olunmaması, faciə təşkilatçılarının cinayət məsuliyyətinə cəlb edilməməsi dünya birliyinin ədalət və humanizmə yönələn fəaliyyətini şübhə altına salır.  Sülhü bərpa etməyə çalışan dünya birliyi bu faciənin təşkilatçıları və iştirakçılarına qarşı qəti mövqe nümayiş etdirməli, bəşəriyyətə qarşı ən böyük cinayətlərdən biri olan Xocalı soyqırımı iştirakçıları, havadarları beynəlxalq məsuliyyətə cəlb olunmalıdır. Çünki soyqırımına hüquqi-siyasi qiymətin verilməməsi  yeni soyqırımıların baş verə biləcəyi qənaətini, həmçinin, onun törəmə zəminini yaradır.