Respublika.-2017.-26 fevral.-43.-S.4.

 

Xocalı soyqırımı - Azərbaycan xalqının qan yaddaşı

 

Nuru MƏMMƏDOV,

Bakı Dövlət Universiteti, Azərbaycan tarixi kafedrasının professoru.

 

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbçiləri 7 min nəfər əhalisi olan, Azərbaycanın qədim yaşayış məskənlərindən biri olan Xocalı şəhərinə vəhşicəsinə hücum etdilər, heç kimə aman vermədən dinc sakinləri kütləvi şəkildə məhv etdilər, şəhərə od vurub yandırdılar, ağlasığmaz qəddarlıqlar, amansız qırğınlar törətdilər. İyirminci yüzilliyin ən qəddar və amansız cinayətlərindən biri olan Xocalı faciəsi bəşər tarixində analoqu olmayan dəhşətli soyqırımı idi. Erməni cəlladları tərəfindən törədilən Xocalı soyqırımı bəşər övladına qarşı, azəri türklərinə qarşı ağıla gətiriləsi mümkün olmayan ən qanlı cinayət aksiyası idi. XX əsrin ən dəhşətli faciələrindən hesab olunan Xatın, Xirosima, Naqasaki, Sonqmi kimi insan fəlakətləri və kütləvi insan qırğınları sırasına 1992-ci il fevralın 26-da törədilmiş Xocalı soyqırımı da əlavə edildi.

Xocalı faciəsi Azərbaycan xalqının qan yaddaşına həkk olan acı bir kədər, dərin bir üzüntüdür. Xocalı faciəsini Azərbaycan xalqının qan yaddaşı olduğunu dəfələrlə bəyan edən ümummilli lider Heydər Əliyev hadisələrə beynəlxalq müstəvidə əsl hüquqi-siyasi qiymət verilməsinin zəruriliyini vurğulamış, Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasına xüsusi səy göstərmişdir. Xocalı faciəsinin xalqımız üçün dərin kədər və böyük dərd olmasını deməklə yanaşı, eyni zamanda xalqımızın bu kədər içərisində özünün azadlıq və müstəqillik uğrunda qətiyyətli mübarizə yolunun möhkəm və uğurlu sonluğunu da göstərmişdir.

1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə azğınlaşmış erməni silahlı cəlladları keçmiş SSRİ-yə məxsus olan o dövrdə Xankəndidə yerləşən və tərkibi erməni zabitlərindən və proporşiklərindən ibarət olan 366-cı motoatıcı alayının iştirakı ilə 7 min nəfər əhalisi olan Xocalı şəhərinə 5 istiqamətdən güclü hücum etdilər və dəhşətli cinayət aktı törətdilər. Vəhşiləşmiş erməni cinayətkarları şəhəri yerlə-yeksan etdilər, yüzlərlə köməksiz və günahsız insanı amansızcasına qətlə yetirdilər, uşaqlara, qocalara, xəstələrə, hamilə qadınlara belə aman vermədilər, dinc mülki əhalini ucdantutma qırdılar, şəhəri yandırdılar. Ermənilər öz alçaq və yaramaz hərəkətləri və qanlı cinayətləri ilə bəşər tarixində növbəti cinayət aksiyasını Xocalı soyqırımını törətdilər. Xocalı müsibəti ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi genosiddir soyqırımıdır. Cinayətkar erməni hərbi quldurlarının vəhşiliyi nəticəsində 613 nəfər Xocalı sakini qətl edildi, 1275 nəfər əsir götürüldü, 1000-dən artıq sakin yaralandı və şikəst oldu. Qətl edilənlərin 106 nəfəri qadın, 63 nəfəri isə azyaşlı uşaqlar, 70 nəfəri qocalar idi. Şikəst olanların 76 nəfəri yetkinlik yaşına çatmamış oğlanlar və qızlar idi.

Ermənilərin törətdiyi bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla öldürülmüş, diri-diri yandırılmış, başlarının dərisi soyulmuş, başları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların qarınları süngü ilə deşik-deşik edilmişdir. Meyitlər üzərində dilə gətiriləsi mümkün olmayan təhqiramiz həqarətlər edilmişdir. Bu qeyri-insani əməllər XX əsrin sonunda dünyanın gözü qarşısında özünü dünyaya mədəni və məzlum xalq kimi tanıtmağa çalışan erməni vandalları tərəfindən törədilmişdir.

Ulu öndər hər il Xocalı soyqırımının ildönümü ilə bağlı keçirilən tədbirlərdə çıxışlar etmiş və bu çıxışlarında hər hansı bir faciənin Azərbaycan xalqının iradəsini qıra bilmədiyini bildirmişdir. Hələ 1995-ci ildə Xocalı soyqırımının 3-cü ildönümü zamanı Heydər Əliyev demişdir: ...Biz kədər içindəyik, qəm içindəyik, üç ildir ki, qəm-dərd çəkirik. Xocalı faciəsinin nə qədər dəhşətli faciə olduğunu və Azərbaycan xalqına nə qədər böyük zərbə vurduğunu bir daha dərk edirik... Xalqımız çoxəsrlik tarixində belə bəlalardan çox keçibdir. Ancaq heç vaxt başımızı aşağı salmamalıyıq.., gücümüzü toplamalıyıq. Azərbaycan xalqının haqq işi qələbə çalacaq. Azərbaycan xalqı bütün ərazisinin sahibi olacaq, müstəqilliyini bərqərar edəcək....

Xocalı soyqırımının 25-ci ildönümü haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamında deyilir: Xocalı faciəsini törətməklə Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirən və Dağlıq Qarabağın hüdudlarından kənara çıxaraq Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını işğal edən Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində 20 min soydaşımızın həyatına son qoyulmuş, 50 mindən çox insan yaralanmış və əlil olmuş, torpaqlarımızın 20 faizi işğala məruz qalmışdır.

Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbərinin sərəncamı ilə Xocalı soyqırımının 25-ci ildönümünün keçirilməsinə dair tədbirlər planı tərtib edilib. Bu tədbirlər planı Azərbaycan Respublikası Prezidentinin Xocalı soyqırımının 25-ci ildönümü haqqında 2017-ci il 24 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədilə hazırlanıb. Tədbirlər planında Bakının Xətai rayonunda və digər rayon mərkəzlərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önündə əklil qoyulması mərasiminin keçirilməsi, bu soyqırımı ilə bağlı xarici və yerli kütləvi informasiya vasitələrində materialların əks etdirilməsi, idarə və müəssisələrdə tədbirlərin keçirilməsi, ali və orta təhsil məktəblərində dərslərin keçirilməsi, həmin gün saat 17:00-da Xocalı soyqırımı qurbanlarının xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi, respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində Azərbaycanın dövlət bayrağının endirilməsi nəzərdə tutulmuşdur.

Bütünlükdə Azərbaycan xalqının məhvinə yönəldilmiş Xocalı müsibəti erməni millətçilərinin məqsədyönlü soyqırımı siyasətinin davamıdır. Etnik təmizləmə siyasəti aparan erməni millətçi-şovinistləri zaman-zaman Azərbaycan xalqına qarşı amansız olmuş, dəhşətli qırğınlar törədərək bu torpaqları ələ keçirməyə çalışmış, böyük Ermənistan yaratmağa ciddi cəhdlər etmişlər. Ermənistanda yaşayan azərbaycanlıları tamamilə və zorakılıqla didərgin salandan sonra Azərbaycan torpaqlarının işğalına başlayan ermənilər ərazimizin 20 faizini zəbt etdilər, 1 milyon 200 mindən çox həmyerlimizi məcburi qaçqına, köçkünə və didərginə çevirdilər.

Azərbaycan xalqının ümummilli lideri, dahi öndər Heydər Əliyevin dediyi kimi, dünya xalqlarının tarixinə, insanlığın tarixinə kütləvi terror aktı kimi daxil olan Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı cinayətdir və bəşər tarixində qara ləkə kimi qalacaqdır. Faciənin onuncu ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində ulu öndər Heydər Əliyev demişdi: Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırım siyasətinin davamıdır və ən qanlı səhifəsidir. Xocalı soyqırımı təcavüzkar erməni başkəsənlərinin və erməni millətçi şovinistlərinin Azərbaycan xalqına qarşı həyata keçirdikləri növbəti qanlı aksiyası olmaqla etnik təmizləmə siyasətinin növbəti cinayəti idi.

26 fevral günü XX əsrin ən böyük insan faciələrindən biri oldu. Azərbaycanın Milli Məclisinin qərarı ilə 26 fevral Xocalı soyqırımı (genosidi) və Milli Matəm Günü elan olunmuşdur. Respublika prezidenti Heydər Əliyevin sərəncamına əsasən hər il fevralın 26-da saat 17:00-da Xocalı qurbanlarının əbədi xatirəsi ölkəmizin ərazisində dərin üzüntü və sükut dəqiqəsi ilə qeyd edilir. Azərbaycan xalqı hər ilin bu gününü dərin hüzn və kədər içində keçirir, günahsız şəhidlərimizin ruhu və xatirəsi hörmət və ehtiramla yad edilir.

Xocalı soyqırımına doğru gedən yolun mürəkkəb siyasi, hərbi və sosial-iqtisadi kökləri və səbəbləri vardır. Aparılan tədqiqatların və mövcud tarixi ədəbiyyatın araşdırılması nəticəsində məlum olmuşdur ki, erməni hərbçiləri müxtəlif yollarla keçmiş sovet ordusunun hərbi texnikasını və silahını ələ keçirmiş və Xocalı qətliamı ərəfəsində xeyli hərbi sursata sahib ola bilmişdir. Məlumdur ki, SSRİ-nin süqutundan sonra Xankəndidə yerləşən 366-cı motoatıcı alayının hərbi texnikası hələ də qalırdı. Bunu da ermənilər bilirdilər. Erməni siyasətçiləri əvvəlcədən hərbi silahlarını və həm də həmin silahların dilini bilən rus hərbçilərini ya pulla, ya rüşvətlə, ya oğurlamaq yolu ilə və ya da müxtəlif hiylələrlə ələ alırdılar. 366-cı alayın 13-cü və 53-cü hərbi qulluqçularının ermənilərlə bir milyon manatlıq alver etmələri barədə faktlar vardır. Bundan başqa, ermənilər 1990-1992-ci illərdə Zaqafqaziya Hərbi Dairəsinin silah anbarına bir neçə dəfə hücum etmiş və çoxlu silah ələ keçirmişdilər. Deyilənlərdən əlavə, erməni hərbçiləri ilə sovet-rus hərbçiləri arasında silah alveri ilə razılaşmaları da olmuşdur. Bu barədə xeyli faktlar vardır.

1991-ci ilin axırlarında Ermənistan ilə Rusiya Federasiyası arasında Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə imzalandı. Müqavilədən sonra ermənilərə çoxlu silahın ötürülməsinə beynəlxalq ictimaiyyət göz yumdu və bundan istifadə edən erməni millətçi-şovinistləri daha da azğınlaşdılar və intensiv hücumlarını gücləndirdilər. Ermənilərin müasir silahlarla silahlandırılması bölgədə qüvvələr nisbətini kəskin şəkildə dəyişdirdi və erməni-rus hərbçilərinin güc potensialını xeyli artırdı. 1991-ci ilin sonu- 1992-ci ilin əvvəllərində isə Azərbaycanın ayrı-ayrı bölgələrində özünümüdafiə taborları yaranırdı. Belə taborların isə lazımi döyüş qabiliyyəti və təcrübəsi yox idi. Azərbaycanda güclü ordu və vahid komandanlığın olmaması ağır və faciəli nəticələrə səbəb oldu. Ayrı-ayrı könüllü hərbi birləşmələrimiz isə düşmənin hərbi texnika ilə güclü hücumlarına duruş gətirə bilmir, cəbhə bölgələrində ağır məğlubiyyətlərə uğrayır və bir-birinin ardınca kəndlərimiz və strateji məntəqələrimiz ermənilər tərəfindən işğal olunurdu. 1991-ci ilin oktyabrından 1992-ci ilin yanvarınadək Xocalı rayonunun Cəmilli, Meşəli kəndləri, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsi, Ağdam rayonunun Qərvənt kəndi, Xocavənd rayonunun Xocavənd və Tuğ kəndləri, keçmiş Hadrut rayonunun Axullu, Salakətin kəndləri, Goranboy rayonunun Ballıqaya və Başqışlaq kəndləri ermənilər tərəfindən işğal edilmiş, yandırılmış və məhv edilmişdi. 1992-ci il yanvarın 25-26-da uğursuz Daşaltı əməliyyatı göstərdi ki, Azərbaycan ordusunda vahid komandanlıq yoxdur, hətta xainlər də vardır, bəzi daxili satqınlar düşmən tərəfə informasiyalar ötürür.

Erməni hərbçiləri 366-cı alayın nəzdində Klukin erməni cəbhəsi adlı rota yaratmışdılar. Klukin erməni cəbhəsinə quldur, cani Xaçik Vartanyan rəhbərlik edirdi. Bu rotanın özəyini Livan, ABŞ, Kanada, İran, İsveç və Hollandiyadakı erməni icmaları təşkil edirdi. Onların beyninə zəhərli təbliğat yeridərək böyük Ermənistan xəritəsini həyata keçirməyə çalışırdılar. Deyilənlərdən əlavə, uydurma Qarabağ problemi yaranan gündən erməni təbliğatçıları hələ 1988-ci ilin fevralından təşkilatlanmağa başlayan gənc qızlardan ibarət Şuşanik adlı erməni şovinist ruhlu snayperçilər dəstəsi də yaradılmağa başlandı və onlar 366-cı alayın tərkibində yerləşdirildi. Onların düşüncələrinə və beyninə türk düşmənçiliyi hopdurulmuşdur. İnsan idrakından uzaq olan bu qatillər Livandan gətirilmiş muzdlu döyüşçülər idi. Xocalı soyqırımını araşdırarkən məlum olmuşdur ki, erməni hərbçilərinə beynəlxalq erməni lobbisi tərəfindən xeyli vəsait və hərbi sursat verilmişdi. Xocalı soyqırımında ASALA və Haydad terrorçu təşkilatları da fəal iştirak etmiş və amansız qırğınlar törətmişlər.

Erməni silahlı qüvvələri Azərbaycanda düşmənə qarşı müqavimət göstərə bilən güclü ordunun olmadığını bilərək çox böyük sürətlə torpaqlarımızı, kəndlərimizi və strateji əhəmiyyətli məntəqələri işğal edir, Xocalıya doğru lap yaxınlaşmışdılar. Xocalı faciəsi ərəfəsində ermənilər Qaradağlı, Əmiralar, Umudlu, Malıbəyli və Quşçular kəndlərini mühasirəyə almışdılar. Ermənilər hərbi üstünlüklərindən istifadə edərək Xocalıya doğru sürətlə irəliləyirdilər.

Xocalı şəhəri Dağlıq Qarabağın böyük şəhərlərindən biri, Şuşa şəhərinin strateji məntəqəsi, Xankəndiyə gedən yolun açarı idi. Hərbi və mülki aeroport, Dağlıq Qarabağın hava limanı burada yerləşirdi. Xankəndiyə təyyarə ilə gələnlər Xocalı aeroportunda enməli idi. Xocalı Azərbaycan xalqının qədim yaşayış mərkəzlərindən biri, sivilizasiyaya yüksək maddi-mədəniyyət bəxş etmiş Xocalı-Gədəbəy mədəniyyətinin (e.ə. XIV-VIII əsrlər) mərkəzi idi. Xocalı çox böyük strateji əhəmiyyətə malik yaşayış məntəqəsi idi və 1991-ci ildə şəhər statusu almışdı. Son vaxtlardan şəhərdə böyük tikinti-quraşdırma və abadlaşdırma işləri aparılırdı. 7 min əhalisi (digər faktlara görə 9 min əhalisi), 3 min hektardan çox əkin sahəsi, çoxlu məktəbləri və mədəniyyət evləri vardı.

Xocalıya hücum edərkən erməni silahlı qüvvələri bütün istiqamətlərdə şiddətli döyüş əməliyyatları aparırdılar. Bu hücumda erməni hərbçiləri, 366-cı hərbi alayın qüvvələri, 1000-dən artıq silahlı quldur dəstələri, xaricdən gətirilən və pulla ələ alınan muzdlu qatillər, terrorçu təşkilatların dəstələri, Dağlıq Qarabağın erməni bölmələri və bütün Ermənistan silahlı qüvvələri iştirak edirdi.

Ermənilərin Xocalı istiqamətində hücumları intensiv xarakter almasına baxmayaraq, o zamankı Azərbaycan rəhbərliyi heç bir müdafiə və ya hazırlıq tədbirləri görmürdü. Tək Xocalı əhalisi özləri üçün müəyyən müdafiə tədbirləri görürdülər. Belə ki, yerli əhalidən ibarət könüllü və özünümüdafiə dəstələri yaradılırdı. Tofiq Hüseynovun komandanlığı ilə 100 nəfərdən ibarət qeyrətli gənclər müxtəlif yerlərdə müdafiə istehkamlarında qərar tutmuşdular. Bundan başqa, 60 nəfərdən ibarət polis bölməsi (rəis Sabir Məmmədov) yaradıldı. Xalqımızın qeyrətli oğlu, polis mayoru Əlif Hacıyevin rəhbərliyi ilə yaradılan 29 nəfərdən ibarət kiçik bir dəstə erməni hərbçilərinə lazımi və tutarlı zərbələr endirirdi. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Əlif Hacıyev Xocalı hava limanının komendantı təyin ediləndən sonra (1990, noyabr) ermənilərə hava yolu ilə silah daşınması qeyri-mümkün oldu. Əlif Hacıyev erməni quldurlarının hücumlarına da əsas hədəf idi. Ancaq Əlif Hacıyev sözün əsl mənasında xalqımızın vicdanlı və qəhrəman övladı idi, son nəfəsinə qədər yağı düşmənlə igid və cəsur bir insan kimi döyüşdü və qəhrəmancasına həlak oldu.

Erməni hərbçiləri və erməni işbazları Xocalıya qarşı hücuma hazırlaşarkən özlərindən əlavə beynəlxalq aləmdə tanınan quldur terrorçu dəstələrdən də geniş istifadə etmişdilər. Ermənilər Fransada, Vyanada, Suriyada, Livanda, Rusiyada və başqa yerlərdə fəaliyyət göstərən terrorçuları və muzdlu qatilləri döyüşlərə cəlb etmişdilər ki, onlar da qanlı əməlləri ilə xocalılılara qarşı qanlı cinayətlər törətmişlər.

Xocalıya hücum ərəfəsində ermənilər ordu, texnika, müasir silah və canlı qüvvə cəhətdən xeyli üstünlüyə malik idilər. Eyni zamanda erməni hərbçiləri çox yaxşı bilirdilər ki, ayrı-ayrı Azərbaycan könüllü özünümüdafiə birləşmələri düşmənə müqavimət göstərmək imkanında deyil. Hərbi-texniki üstünlüklərinə arxayın olan ermənilər 1992-ci il fevralın 12-də, 13-də və 19-da Xocalıya hücumlar etdilər. Kim bilir, bəlkə də bu hücumlar kəşfiyyat xarakterli idi. Çünki bəşər tarixində çox vaxt böyük və güclü hücumlar ərəfəsində ilk kəşfiyyat xarakterli hücumlar olmuşdu. Qarşı tərəfin hərbi cəhətdən zəif olduğunu bilən düşmən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə çox böyük hərbi qüvvə ilə, müasir silahlarla, tanklarlagüclü döyüş texnikası ilə bütün istiqamətlərdə Xocalı şəhərinə hücum etdi.

Yeri gəlmişkən, bir mühüm məsələni qeyd etmək lazımdır: tarixçi alimlərin son tədqiqatlarından aydın olmuşdur ki, ermənilərlə əlbir olan, düşmən hərbçilərinə hər vasitə ilə kömək edən, Xocalı faciəsinin ən fəal və əsas icraçısı olan, 366 motoatıcı alayın komandiri polkovnik Zaviqarova 1992-ci il fevralın 24-də general-mayor rütbəsi verilmişdi. Zaviqarov əslində rus zabitinin şərəf və ləyaqətini tapdalamış, erməniləri silahla təmin və təchiz etmiş, digər tərəfdən isə alayın əsgərləri qarşısında antiazərbaycan ruhlu çıxışlar edərək erməni hərbçilərini milli, dini hücumlara təhrik etmişdir. Bu baxımdan Zaviqarovun günahları daha böyükdür. 366-cı alayın əks-kəşfiyyat şöbəsinin rəisi, Rusiya Federasiyası Baş Kəşfiyyat İdarəsinin polkovniki Vladimir Savelyev Kremlə və Baş Kəşfiyyat İdarəsinə yazdığı məktubda soyqırımda iştirak edən 19 nəfər yüksək rütbəli zabitin və 41 nəfər milliyyətcə erməni olan kiçik rütbəli şəxslərin adlarını göstərmişdir. Ermənilər, hətta Zaviqarova 36 min ABŞ dolları hədiyyə vermişdilər. Bunu bilən ordu komandanlığı Zaviqarovu zabit şərəfinə xəyanət üstündə ordudan qovulmasını tələb etmişdir.

Tarixi cinayətləri açmağa vicdanı məcbur edən V.Savelyev sonradan mərkəzə verdiyi gizli sənəddə yazırdı: ...Mən bütün bunları yazmaya bilmərəm... Hər şey gözlərim önündə baş verib. İnsanların, uşaqların, hamilə qadınların kəsilmiş bədənlərini unuda bilmirəm... Biz rusların zabit şərəfi görün necə ləkələndi.... Bəli, bu, soyqırımda iştirak edən komandirlərdən birinin acı etirafı idi.

Xocalı soyqırımı ərəfəsində erməni hərbçiləri dünyanın müxtəlif ölkələrində yaşayan erməni lobbisindən xeyli miqdarda vəsait və hərbi sursat almışdılar. Hətta Roma Papası II İohan 1992-ci il fevralın 4-də Dağlıq Qarabağ özünümüdafiə dəstələrinə və rus qoşun birləşmələrinin generallarına məxfi məktub göndərmişdi. Roma Papası erməni quldurlarına dua edərək bu vuruşmada Allahdan aldığı gücü göndərdi. Ruslara isə bu vuruşmanın dini bir vuruşma olduğunu xatırladır. Məktubda bildirilirdi ki, imkan olarsa, Dağlıq Qarabağa gələcək və Xocalıda həlak olan erməni qardaşlarının qarşısında baş əyəcək. Göründüyü kimi, dünyanın bir çox təbliğat və təşviqat maşını erməni lobbisinin xeyrinə işləyirdi.

Xocalı soyqırımını ilk dəfə lentə alan cəsur və igid jurnalist Çingiz Mustafayev olmuşdur. Acı göz yaşları ilə faciəli olayı kameraya çəkərkən kamerası da ermənilər tərəfindən yaralanmışdı. Çingiz Mustafayev bu qanlı olayı belə xatırlayırdı: İlk dəfə fevralın 28-də iki hərbi vertolyotun müşayiəti ilə hadisə yerinə gəldik. Havadan gördük ki, bütün bir sahə insan meyitləri ilə doludur. Təyyarəçilər vertolyotu yerə endirməyə qorxurdular. Çünki həmin ərazi artıq ermənilərin nəzarəti altında idi. Buna baxmayaraq, biz vertolyotdan çıxdıq və bu zaman güclü atəşə məruz qaldıq. Bizimlə olan milis əməkdaşları meyitləri vertolyota götürməli idilər ki, onlar qohumlarına verilsin. Gördüyümüz vəziyyətdən şoka düşdük. İki nəfər isə huşunu itirmişdi. Martın 2-də xarici jurnalistlərlə hadisə yerinə gəlmişdik. O zaman meyitlər dəhşətli hala salınmışdı. Bir neçə sutka ərzində onların üzərində təhqiredici hərəkətlər edilmişdi.

İnsanı dəhşətə gətirən bu açıqlama, soyqırımı ilk dəfə lentə alan Çingiz Mustafayevin fikirləridir. Erməni dəhşətlərindən, vandalizmdən yaxa qurtarmaq üçün üzü Ağdama tərəf qaçan əliyalın əhali vəhşicəsinə güllələrə tuş gəlmişdi. Ahıllara, körpələrə belə aman verilməyib. İnsanları bir-birlərinə bağlayaraq, üzərilərinə neft tökərək yandırıb, uşaqları diri-diri süngüyə keçirib faşistlərin törətdiklərindən betər faciəni bəşəriyyətə bəxş etdilər. Qətlə yetirilənlərin cəsədləri üzərində vəhşicəsinə davranaraq dilə gətiriləsi mümkün olmayan əməliyyatlar aparmışlar.

XX yüzilliyin əvvəllərində olduğu kimi, əsrin sonunda da Azərbaycan xalqının başına gətirilən belə qanlı faciələr bir daha onu göstərir ki, erməni cəlladları özlərinin avantürist planlarını və aksiyasını həyata keçirməyə əlverişli bir məqam axtarır və dərhal onu reallaşdırırlar.

Xocalı soyqırımına ümummilli lider Heydər Əliyevin fəal təşəbbüsü və diqqəti sayəsində hüquqi-siyasi qiymət verildi və 1994-cü il fevralın 24-də Milli Məclisdə Xocalı soyqırımı ilə bağlı qərar və bəyanat qəbul edildi və dünya parlamentlərinə, beynəlxalq təşkilatlara göndərildi. Ulu öndərin apardığı uğurlu xarici siyasət diplomatiyası respublika Prezidenti cənab İlham Əliyev tərəfindən çox böyük müvəffəqiyyətlə davam və inkişaf etdirilir və Azərbaycanın xeyrinə bir çox beynəlxalq əhəmiyyətli sənədlərin qəbul edilməsinə nail olundu. Məhz bu uğurlu siyasətin məntiqi davamı kimi, 2005-ci il yanvarın 25-də Avropa Şurasının Parlament Assambleyasının qış sessiyasında Dağlıq Qarabağ üzrə xüsusi məruzəçisi Devid Atkinsonun hazırladığı məruzə əsasında qətnamə qəbul edildi. Həmin qətnamədə Azərbaycan ərazisinin erməni silahlı qüvvələri tərəfindən işğal edilməsi Dağlıq Qarabağ bölgəsinin separatçı qüvvələrin nəzarəti altında olması və bu ərazidə etnik təmizləmələrin aparılması faktları öz əksini tapmışdır. Sənəddə deyilir ki, SSRİ-nin süqutundan sonra Dağlıq Qarabağ erməniləri Azərbaycan ərazisində dövlət yaratmaq ideyasına düşmüş, 7 Azərbaycan rayonunu işğal etmişdir. Bu sənəddə Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə müdafiə edildi.

Xocalı soyqırımı Moskvada, Almaniyada, ABŞ-da, Türkiyədə, Ukrayna, Qazaxıstan, Gürcüstan, Küveyt və dünyanın bir çox ölkələrində qeyd olunur. 2005, 2006 və 2007-ci illərin fevral aylarında Türkiyə Böyük Millət Məclisinin xüsusi iclaslarında Xocalı soyqırımı ilə bağlı məsələ geniş müzakirə olunmuşdur. Qardaş Türkiyə parlamentinin üzvləri erməni silahlı dəstələrinin Xocalıda mülki əhaliyə qarşı törətdikləri cinayətləri görünməmiş vəhşilik kimi qiymətləndirmiş, erməni cəlladlarının qanlı əməllərini pisləmişlər. Bunun Azərbaycan xalqına qarşı soyqırım olduğu vurğulanmışdır. 2006-cı il fevralın 24-də Ankarada Türkiyənin ictimai-siyasi xadimlərinin bu ölkədə akkreditə olunmuş diplomatik korpusunun nümayəndələrinin iştirakı ilə Heydər Əliyev Fondunun təşkil etdiyi Xocalı soyqırımı sənədli filmi göstərilib. Tədbirdə Fondun prezidenti, UNESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın soyqırımı ilə bağlı dünya ictimaiyyətinə müraciəti səsləndirilib. Xocalıya ədalət! kampaniyası sistemli şəkildə müntəzəm olaraq dünya ölkələrində nümayiş etdirilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi, son illərdə artıq bütün dünya etiraf edib ki, bizim torpaqlarımız işğalçı Ermənistan tərəfindən zəbt edilib, azərbaycanlılar etnik təmizləməyə məruz qalmışlar. Cənab İlham Əliyev demişdir: ... İnanmaq istəyirəm ki, Ermənistan rəhbərliyi, nəhayət, beynəlxalq hüquq prinsiplərinə riayət edəcək və işğal olunmuş torpaqlardan qoşunlarını öz xoşu ilə çıxaracaq... əks təqdirdə Azərbaycan tam sərbəstdir ki, bütün imkanlardan istifadə etsin və öz doğma torpaqlarını azad etsin.

2011-ci il yanvarın 14-də Nazirlər Kabinetinin geniş iclasında Prezident İlham Əliyev proqram əhəmiyyətli çıxışında demişdir: ...Biz dəfələrlə bəyan etmişik ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, beynəlxalq birlik tərəfindən Azərbaycan torpağı kimi tanınır, BMT tərəfindən tanınır, bütün beynəlxalq təşkilatlar bizim ərazi bütövlüyümüzə hörmətlə yanaşır. Möhtərəm Prezidentimizin dediyi kimi, son vaxtlarda Azərbaycanın ərazi bütövlüyünün tanınması istiqamətində daha yeni addımlar atılmışdır. Əvvəla, Avropa Parlamenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ədalətli qətnamə qəbul etmiş, Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə təsdiq etmişdir. İkincisi, NATO-nun zirvə görüşündə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul edilmişdir. Üçüncüsü, 2011-ci ilin yanvarın 13-də Avropa Komissiyasının sədri Avropa İttifaqının mövqeyini bildirmiş və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişdir.

Bütün bu mühüm sənədlər bir daha onu göstərir ki, Azərbaycanın mövqeyi ədalətlidir, doğrudur və obyektivdir. Buna görə də dünya birliyi və beynəlxalq təşkilatlar Azərbaycanın haqqını müdafiə edirlər. Ancaq təəssüflər olsun ki, Ermənistan tərəfi bu tarixi reallıqlarla nəinki hesablaşmır, hətta hər gün atəşkəs rejimini pozur, beynəlxalq qanunlara əməl etmir və beynəlxalq təşkilatların qərar-qətnamələrini tanımaq belə istəmir. Prezident İlham Əliyev 2014-cü il yanvarın 9-da demişdir: Azərbaycan öz tarixi torpağında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəkdir... Ermənistan öz işğalçı qüvvələrini zəbt edilmiş torpaqdan çıxarmalıdır. Bu sözlər cənab Prezidentimizin çıxışlarında dəfələrlə səslənmişdir.

BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli Soyqırımı Cinayətinin Qarşısının alınması və Cəzalandırılması haqqında Konvensiyasının, 1949-cu il Cenevrə Konvensiyasının, 1954-cü il Cenevrə Konvensiyasının maddələrini kobud şəkildə pozan erməni quldurlarının qanlı cinayətləri və əməlləri nəticəsində Xocalı şəhəri yerlə-yeksan edildi, əhalisi amansızcasına məhv edildi, azərbaycanlılara qarşı soyqırımı siyasəti həyata keçirildi. Beynəlxalq hüquq normalarını kobudcasına pozan erməni quldurlarının əməlləri bəşəri cinayətdir və buna beynəlxalq məhkəmə baxmalıdır.

Bu gün müstəqil Azərbaycan Respublikası dayanıqlı iqtisadiyyata və güclü orduya malikdir. Azərbaycanın iqtisadi inkişaf sürətini dünyanın iri dövlətləri və təşkilatları da açıq şəkildə etiraf edirlər. Azərbaycan Respublikası işğal edilmiş torpaqlarımızın geri qaytarılması üçün lazımi qüvvəyə və hazırlığa malikdir. Azərbaycan tərəfi işğal edilmiş torpaqlarımızı sülh yolu ilə, beynəlxalq müstəvidə azad etmək və Dağlıq Qarabağ problemini ədalətlə həll etmək tərəfdarıdır. Bununla yanaşı, dövlət və xalq hərbi-siyasi yolla torpaqlarımızı işğaldan azad etməyə tam hazırdır. Azərbaycan ordusu bu gün cənab Prezidentimizin, Ali Baş Komandanın əmrinə hazırdır. 2016-cı ilin Aprel döyüşləri bir daha onu göstərdi ki, Azərbaycan ordusu güclüdür və ərazi bütövlüyümüzü bərpa etmək iqtidarındadır.