Səs.-2017.-24 fevral-¹ 35.-S.6.

 

Azərbaycan-Qazaxıstan dostluğu Cənubi Qafqazda və Mərkəzi Asiyada sabitliyə, inkişafa və təhlükəsizliyə xidmət edir

 

“Yeni Azərbaycan” qəzetinin redaksiyasında Qazaxıstan Respublikasının BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyətə başlamasına həsr olunan “dəyirmi masa” keçirilib

 

Mübariz Abdullayev

 

Dünən “Yeni Azərbaycan” qəzetinin redaksiyasında Qazaxıstan Respublikasının BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyətə başlamasına həsr olunan “dəyirmi masa” keçirilib. Xatırladaq ki, Qazaxıstan BMT Baş Assambleyasının 28 iyun 2016-cı il tarixində keçirilən iclasında BMT Təhlükəsizlik Şurasının 2017-2018-ci illər üçün qeyri-daimi üzvü seçilib. 2017-ci ilin əvvəlindən isə Qazaxıstan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyətə başlayıb.

“Dəyirmi masa”nı “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu açaraq dost Qazaxıstan Respublikasının BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini çox əlamətdar hadisə kimi səciyyələndirib. O deyib: “Azərbaycanın strateji müttəfiqi olan Qazaxıstan ötən il BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Əlbəttə ki, bu hadisə bizi sevindirir. Çünki Qazaxıstanla Azərbaycanın strateji münasibətləri var. Bizi qazax xalqı ilə bir sıra dəyərlər - dil, ortaq mədəniyyət, etnik köklər və ümumi siyasi keçmiş birləşdirir. Hazırkı mərhələdə isə Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Qazaxıstan Prezidenti cənab Nursultan Nazarbayev arasında dostluq münasibətləri formalaşıb və bu münasibətlər, əlbəttə ki, xalqlarımızın tarixi ənənələrindən qaynaqlanır. Məlum olduğu kimi, Azərbaycan 2011-ci ildə eyni müvəffəqiyyətlə BMT TŞ-nin qeyri-daimi üzvü seçilib və 2012-2013-cü illərdə iki dəfə bu təşkilata böyük uğurla sədrlik edib. Bu gün isə artıq mötəbər quruma sədrlik hüququnu Qazaxıstan qazanıb. Xüsusi olaraq vurğulamaq yerinə düşər ki, Qazaxıstan Orta Asiya respublikaları arasında bu yüksək etimadı qazanan ilk dövlətdir. Biz dost ölkənin BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsini alqışlayırıq”.

Hikmət Babaoğlu Qazaxıstanın BMT TŞ-nin qeyri-daimi üzvü kimi fəaliyyətə başlaması ilə bağlı Azərbaycan ictimaiyyətinin də məlumatlandırılmasının aktuallıq daşıdığını diqqətə çatdırıb.

Sonra çıxış edən Qazaxıstanın Azərbaycandakı səfirliyinin müşaviri Darxan Kuşurbayev BMT Baş Assambleyasının iclasında Qazaxıstanın 2017-2018-ci illərdə BMT TŞ-nin qeyri-daimi üzvlüyünə namizədliyini dəstəklədiyinə görə Azərbaycana təşəkkürünü ifadə edib. D. Kuşurbayev deyib: “Qazaxıstan BMT TŞ-yə sədrliyi dövründə beynəlxalq ictimaiyyətin diqqətini nüvə silahından, müharibələrdən və münaqişələrdən azad dünya qurmaqla bağlı təşəbbüslərə cəlb etmək niyyətindədir. 2017-2018-ci illərdə Qazaxıstanın real imkanları olacaq ki, bu istiqamətdə TŞ-nin işinə öz töhfələrini versin. Eyni zamanda, Qazaxıstan milli maraqların, eləcə də Mərkəzi Asiya regionu ölkələrinin sülh və təhlükəsizlik məsələlərinin təmin olunmasına çalışacaq. Qazaxıstanın BMT TŞ-yə üzv olması bizə imkan verir ki, dünyada sülhün və təhlükəsizliyin təmin olunmasına dair Prezident Nursultan Nazarbayev tərəfindən BMT Baş Assambleyasının 70-ci sessiyasında, eləcə də Nüvə Təhlükəsizliyi Sammitində səsləndirilən sülhməramlı təşəbbüsləri reallaşdıra bilək. Qazaxıstanın bir sıra mötəbər təşkilatlara sədrlik etmək təcrübəsi ona imkan verir ki, BMT TŞ-də də bu təcrübədən yararlansın və ölkələr arasında çoxtərəfli əməkdaşlığı davam etdirsin. Qazaxıstan mövcud imkanlarından istifadə edərək nəinki Mərkəzi Asiya regionunda, eləcə də dünyada terrorizmlə mübarizə, ekoloji problemlərin həlli kimi mühüm məsələləri də diqqət mərkəzində saxlamağa çalışacaq. Həmçinin ölkəmiz BMT çərçivəsində Əfqanıstanda sülhün təmin olunması məsələlərinə dair müzakirələrin təşkil olunması, müştərək layihələrin həlli məqsədilə donorların cəlb olunması məsələlərini də gündəmə gətirməyə səy göstərəcək.

Bundan əlavə, Prezident Nursultan Nazarbayevin əsas məqsədlərindən biri də 2045-ci ilədək dünyada nüvə silahlarından tamamilə imtina edilməsinə, eləcə də qlobal antiterror koalisiyasının yaradılmasına nail olmaqdır. Mərkəzi Asiya dövlətləri arasında ilk dəfə olaraq, quruma üzv ölkə kimi, Qazaxıstan BMT TŞ-nin platformasından istifadə edərək qarşısına qoyduğu sülhməramlı məqsədlərin reallaşmasına çalışacaq”.

“Dəyirmi masa”da çıxış edən Milli Məclisin deputatı Elman Nəsirov da BMT TŞ kimi nüfuzlu bir qurumun qeyri-daimi üzvü seçilməsi münasibətilə dost ölkənin xalqının və dövlətinin ünvanına xoş sözlərini ifadə edib. Elman Nəsirov vurğulayıb: “BMT-nin Baş Məclisində 193 ölkə var. Onlardan 138-i Qazaxıstanın namizədliyini dəstəkləyib. Prezident İlham Əliyev Azərbaycanın 2011-ci ildə BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsini tarixi hadisə kimi səciyyələndirib. Eyni zamanda, Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayev də ölkəsinin belə bir mötəbər quruma qeyri-daimi üzv seçilməsini tarixi hadisə kimi dəyərləndirib. Qazaxıstan BMT TŞ-yə sədrliyi dövründə su, ərzaq təhlükəsizliyini, terrorizmə qarşı mübarizəni özünün prioritetləri kimi bəyan edib. Bizim məlumatımız var ki, Qazaxıstan TŞ-nin sədri kimi fəaliyyəti dövründə nüvə təhlükəsizliyi məsələsini xüsusi diqqət mərkəzində saxlayacaq. Qazaxıstanın nüvə təhlükəsizliyinə önəm verməsi də təsadüfi deyil. Məlumdur ki, nüvə dövləti olan Qazaxıstan 1990-cı il avqustun 29-da bu silahdan imtina etməklə dünyada bir ilkə imza atıb. Bu, çox cəsarətli bir addım idi.

Qazaxıstanın adı çəkiləndə hər bir azərbaycanlının qəlbində rəğbət hissi yaranır. Bu da təsadüfi deyil. Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətdə Qazaxıstan dost və qardaş ölkə olduğunu həmişə təsdiqləyir. Məlumdur ki, işğalçı Ermənistan Avrasiya İqtisadi Birliyinə Dağlıq Qarabağdakı qondarma separatçı rejimlə getmək istəyirdi. Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayev isə qətiyyətlə bildirib ki, Ermənistan heç bir halda Avrasiya İqtisadi Birliyinə separatçı rejimlə birlikdə daxil ola bilməz. Azərbaycan-Qazaxıstan dostluğu həm Cənubi Qafqazda, həm də Mərkəzi Asiyada sabitliyə, inkişafa və təhlükəsizliyə xidmət edir”.

“Dəyirmi masa”da söz alan Milli Məclisin deputatı Aydın Hüseynov Qazaxıstanın BMT TŞ-nin 2017-2018-ci illərdə qeyri-daimi üzvü seçilməsinin bu ölkə üçün böyük siyasi, diplomatik qələbə olduğunu bildirib. Azərbaycanla Qazaxıstanın beynəlxalq qurumlarda, o cümlədən də BMT TŞ-də bir-birinə dəstək ifadə etdiklərini nəzərə çatdıran Aydın Hüseynov iki ölkə arasında dostluğun tarixinin daha dərin olduğunu bildirib: “Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevlə Nursultan Nazarbayev arasında yaranan möhkəm dostluq əlaqələri iki ölkə arasında münasibətlərin dərinləşməsində mühüm rol oynayıb. Bu siyasətin davamı olaraq Azərbaycanın dövlət başçısı İlham Əliyev Qazaxıstanla əlaqələrin strateji müttəfiqlik səviyyəsində qorunub saxlanılmasına və daha da inkişaf etdirilməsinə güclü siyasi iradə nümayiş etdirir”.

İki ölkə arasında münasibətlərin yüksək səviyyəsindən bəhs edən millət vəkili bildirib ki, Qazaxıstanla Azərbaycan yalnız siyasi platformada deyil, eyni zamanda, iqtisadi müstəvidə də ortaq maraqlara malikdirlər. Respublikamızın moderatorluğu ilə inşa edilən Bakı-Tbilisi-Qars dəmir yolu Şərqlə Qərbi birləşdirən ən böyük nəqliyyat dəhlizidir. Azərbaycan Uzaq Şərqə, Çinə çıxış yolunu Qazaxıstan vasitəsilə görür, eyni zamanda, bəhs olunan layihənin reallaşdırılması ilə dost ölkənin Avropaya iqtisadi baxımdan sərfəli çıxışı təmin ediləcək. Millət vəkili onu da əlavə edib ki, Xəzər dənizinin şərq və qərb sahillərində yerləşən iki ölkənin coğrafi mövqeyi və iqtisadi potensialı yalnız bir-biri üçün deyil, eyni zamanda, bütövlükdə, Avropanın və Asiyanın iqtisadi əlaqələrinin möhkəmlənməsi, inteqrasiyanın dərinləşməsi üçün çox önəmlidir.

“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxışında bildirib ki, Qazaxıstanın BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsi yalnız Qazaxıstan üçün deyil, həmçinin bu ölkənin dostları, o cümlədən də Azərbaycan üçün çox önəmli hadisədir. Bizim ölkələrimiz arasında bir çox sahələrdə tarixən sıx əlaqələr formalaşıb və bu əlaqələr bu gün də yüksələn xətlə inkişaf edir. V.Rəhimzadə Qazaxıstanın BMT TŞ-nin qeyri-daimi üzvü kimi fəaliyyəti dövründə diqqət mərkəzində saxlayacağı məsələlərin aktuallığına diqqət çəkib: “Qazaxıstanın prioritetliyini bəyan etdiyi su, ərzaq, nüvə təhlükəsizliyi, terrorizmə qarşı mübarizə məsələləri təkcə bir ölkə və yaxud region üçün deyil, bütün dünya üçün strateji önəm kəsb edir. Eyni zamanda, bizim Qazaxıstanın BMT TŞ-də fəaliyyətindən müəyyən gözləntilərimiz də var. Məlumdur ki, indiyədək Qazaxıstanın dövlət başçısı Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə çox həssaslıqla yanaşıb. Ümid edirik ki, Qazaxıstan BMT TŞ-yə sədrlik edəcəyi dövrdə də dünyada həll olunmamış münaqişələri, o cümlədən də Dağlıq Qarabağ problemini diqqət mərkəzində saxlayacaq və ədalətin bərqərar olmasına yönələn yeni təşəbbüslərlə çıxış edəcək”.

“Dəyirmi masa”da çıxış edən “Səs” Media Holdinqin rəhbəri Bəhruz Quliyev vurğulayıb ki, Qazaxıstan öz nümunəsi ilə həm regional əməkdaşlığın dərinləşməsinə, həm də qlobal təhlükəsizliyin təmin olunmasına sanballı töhfələr verən bir ölkədir. O deyib: “Bu günlərdə Münxen Təhlükəsizlik Konfransında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə ilə Rusiya arasında məlum səbəblərdən gərginləşən münasibətlərin istiləşməsinə, iki ölkənin əlaqələrinin bərpa olunmasına Qazaxıstanın dövlət başçısının da öz dəstəyini verdiyini bildirib. Biz başqa belə nümunələr də çəkə bilərik. Bax elə bu kimi amillər də beynəlxalq birlikdə bu ölkəyə dərin etimad qazandırıb. Qazaxıstanın 138 dövlətin dəstəyini qazanaraq BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsi də bu etimadın növbəti təcəssümüdür”.

B. Quliyev əminliyini ifadə edərək bildirib ki, Qazaxıstanın BMT TŞ-nin qeyri-daimi üzvü statusunda fəaliyyəti Azərbaycan üçün əhəmiyyətli olacaq. “Səs” Media Holdinqin rəhbəri Qazaxıstana dünyada sülhün, təhlükəsizliyin möhkəmlənməsi naminə fəaliyyətində uğurlar arzulayaraq deyib: “İnanırıq ki, Qazaxıstanın BMT TŞ-nin sədri kimi fəaliyyəti dövründə qəbul edəcəyi mühüm qərarlar dünyada təhlükəsizliyin təmin olunmasına yeni töhfələr verəcək”.

Politoloq Fikrət Sadıqov da Qazaxıstanla Azərbaycanı bir sıra ortaq dəyərlərin birləşdirdiyini və bu iki dövlətin, iki xalqın bir-birinə çox yaxın olduqlarını diqqətə çatdırıb. Bu il iki ölkə arasında diplomatik münasibətlər qurulmasının 25 ilinin tamam olacağını deyən F. Sadıqov ötən müddətdə çox əlamətdar hadisələrin baş verdiyini nəzərə çatdırıb. “Qazaxıstan indiyədək nüvə silahından imtina, regional təhlükəsizlik, terrorizmə qarşı mübarizə kimi məsələlərlə bağlı təşəbbüslərlə çıxış edib. Elə bu günlərdə Astanada Suriya ilə bağlı mühüm bir görüş təşkil edilib. Şübhəsiz ki, burada Qazaxıstanın da rolu az deyil”.

“Dəyirmi masa”da çıxış edən “Dədə Qorqud” fondunun prezidenti, “Azərbaycan dünyası” Beynəlxalq jurnalının baş redaktoru Eldar İsmayılov Qazaxıstanın BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsini bütövlükdə Türk dünyasının böyük uğuru kimi dəyərləndirib. O, Qazaxıstanın uğurlarının əldə olunmasında güclü lider kimi bu ölkənin dövlət başçısı Nursultan Nazarbayevin böyük rol oynadığını deyib.

Müzakirələrə qatılan siyasi icmalçı İlqar Vəlizadə son beş ildə iki türkdilli dövlətin BMT TŞ kimi nüfuzlu qurumun qeyri-daimi üzvü seçilməsinin olduqca əlamətdar hadisə olduğunu bildirib. İ. Vəlizadə xüsusi olaraq vurğulayıb ki, həm tarixi amillər, həm də müasir reallıqlar baxımından Azərbaycanla Qazaxıstanı ortaq məxrəcə gətirən dəyərlərin əhatə dairəsi kifayət qədər genişdir. Hər iki dövlət ölkələrin ərazi bütövlüyü, aqressiv separatizmə, terrorizmə qarşı mübarizə məsələlərində eyni mövqedən çıxış edir.