Ekspress.-2017.-12 yanvar.-5.-S.10.

 

Demokratik dövlət quruculuğu və milli iqtisadiyyat

 

Rəşid Rəşad

 

Dünya ölkələrinin təcrübəsi göstərir ki, bazar iqtisadiyyatına keçmədən ölkəni sosial-siyasi, iqtisadi və mənəvi böhrandan xilas etmək qeyri-mümkündür. Bu baxımdan iqtisadiyyatda inzibati vasitələrin lazımi səmərə vermədiyi bir dövrdə milli iqtisadiyyatı formalaşdırmaq, cəmiyyət üzvlərinin tələbatlarını ödəmək və milli inkişafı təmin etmək üçün bazar elementlərinin tətbiqi mühüm əhəmiyyət kəsb edir.

Ekspertlərin fikrincə, keçid iqtisadiyyatı mahiyyət etibarilə köhnə sistemdən yeni sistemə keçid dövrünün sistemlilik baxımından qeyri-müəyyənliyi deməkdir. Belə ki, keçid iqtisadiyyatı hər iki sistemin elementlərindən istifadə etməklə yeni sistemin tədrici təkamülünə, formalaşmasına, qurulmasına yönəldilib. Burdan da belə nəticəyə gəlmək olar ki, əgər bazar münasibətlərinin inkişaf səviyyəsi göstərilən optimallığa çatmamışsa, onda ölkə iqtisadiyyatının sahə və sferaları arasında inteqrativ bağlılıqdan danışmaq olmaz. Bu isə o deməkdir ki, milli iqtisadiyyat müəyyən keyfiyyət xassələrinə malik vahid məcmuluq kimi yoxdur.

İqtisadçı Rasim Nəbiyev bildirib ki, ölkəmiz dünya miqyasında iqtisadi artım sürətinə görə ön sıralarda gedərək islahatçı ölkə kimi tanınır: Azərbaycanın enerji təhlükəsizliyi təmin olunub. Yeni infrastruktur formalaşır, beynəlxalq aeroportlar istismara verilir, minlərlə kilometr yol və müasir körpülər salınır. Yəni, göründüyü kimi, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan davamlı inkişaf və tərəqqi kursu bu gün bütövlükdə müstəqil Azərbaycanın siyasi simasını müəyyən edir. Əsrin müqaviləsinin bağlanması ilə Azərbaycan tez zamanda iqtisadi böhrandan çıxdığını qeyd edən iqtisad elmləri doktoru, onu da qeyd edir ki, 2001-ci ilə qədər dünyanın 15 ölkəsinin 33 şirkəti ilə 23 beynəlxalq müqavilə imzalandı, bunun nəticəsində 6 il yarım ərzində Azərbaycan iqtisadiyyatına 11,4 milyard dollar investisiya qoyuldu. Bunun da 8,3 milyard dolları xarici investisiyalar idi. Keçid dövrünün sonuncu - 2009-cu ilini nəzərdən keçirsək görərik ki, bir ildə Azərbaycana qoyulmuş 9,2 milyard dollar investisiyanın 1,9 milyard dolları xarici, 7,3 milyard dolları isə daxili investisiyalardır. Halbuki, 2001-ci ilə qədər ölkə iqtisadiyyatına yatırılan investisiyaların 72,8 faizini xarici, 27,2 faizini daxili investisiyalar təşkil edirdi.

Onun sözlərinə görə, Azərbaycanın iqtisadi qüdrətinin yüksək dinamizmlə artmasının nəticəsidir ki, 2009-cu ildə daxili sərmayələr 79,3, xarici sərmayələr 20,7 faiz təşkil edib. 2010-cu ildə isə respublika iqtisadiyyatına 13,9 milyard və ya əvvəlki ildəkindən 32,4 faiz çox investisiya qoyulub. Əsas kapitala yönəldilmiş sərmayələrin məbləği 21,2 faiz artaraq 9,7 milyard manata çatmışdır və onun da 75,2 faizi daxili investisiyalar olub.

Ekspertlər bildirirlər ki, keçid ölkələrində bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan vergi sistemi o qədər də əhəmiyyətli deyildi, çünki, hökumət ümumi məhsul buraxılışından əldə edilən gəlirləri öz istədiyi şəkildə istifadə edirdi. Bundan başqa, vergilər yalnız bir fəaliyyət sahəsindən digərinə ötürülürdü. Vergi sahəsində çalışan məmurlar yalnız gəlirlərin hökumət kitabçasına salınmasına nəzarət edirdilər. Bu ölkələrdə nə büdcə qurumu, nə büdcə haqqında qanun, nə də ki, xəzinədarlıq vardı. O da qeyd olunur ki, vergi gəlirləri üç əsas mənbədən toplanırdı - dövriyyə vergisi, müəssisələr üzərində vergi və gəlir vergisi-bu gəlirlər ÜDM-nin 50%-dən artığını təşkil edirdi. Bu cür sistemdə vergilər gizlədilirdi və insanlar nə qədər böyük həcmdə vergi verdiklərindən xəbərsiz idilər. Vergilər hökumət rəsmiləri ilə aparılan sövdələşmələr əsasında toplanılırdı və hökumət istədiyi vaxt vergilərin həcmini dəyişməkdə sərbəst idi. Məsələn, hökumətə əlavə maiyyə lazım olduqda, vergiləri qaldırırdı. Və ya maliyyə çətinliyi ilə üzləşən hər hansı bir müəssisə hökumətlə danışığa girərək vegilərin azaldılmasına nail olurdu ki, bu da müəssisələrin inkişafına mənfi təsir göstərirdi.

İqtisad elmləri doktoru Vahid Novruzov dünya iqtisadiyyatında bazar iqtisadiyyatına keçidin 2 əsas yolu mövcud olduğunu qeyd edir: Liberal-monetarist və sosial təmayüllü modellər. Liberal-monetarist doktrinaya əsaslanan keçid modelində xüsusi mülkiyyətin şəriksiz, mütləq hökmranlığı, işgüzarlığın tam azadlığı, keçid dövründə əhalinin minimal sosial təminatı nəzərdə tutulur. İkinci variant isə bazar mexanizmlərinə əsaslanan qarışıq, səmərəli iqtisadiyyata keçilməsini nəzərdə tutur. Dövlətin keçid dövründə güclü tənzimləmə roluna üstünlük verilir, mülkiyyət formaları - xüsusi və dövlət mülkiyyəti formaları bir-birini tamamlayır, onların hüquqlarının bərabərliyi qəbul edilir. Dövlət əhalinin gəlirləri, məşğuliyyət, səhiyyə, təhsil, mədəniyyət və iqtisadiyyatın sosial müdafiəsi zəif olan digər sahələrində güclü sosial təminat siyasətini yeridir. Avropa dövlətlərinin iqtisadi tarixindən fərqli olaraq, Şərqdə iqtisadi quruculuq siyasətində dövlətin tənzimləyici roluna həmişə üstünlük verilib. Avropa dövlətlərindən Fransa, İsveçrə və digər ölkələr Şərq üsulunu mənimsəyərək qabaqcıl iqtisadi sistem yarada bilmişlər. Ulu öndər Heydər Əliyev ərazi və sahələrarası baxımdan balanslaşdırılmış iqtisadiyyatın yaradılmasını hələ ötən əsrin 70-80-ci illərində - milli iqtisadiyyatımızın əsaslarının yaradılması dövründə olduğu kimi, ikinci hakimiyyəti dövründə də mühüm sayıb.

İqtisadçı onu da qeyd edir ki, dövlət müxtəlif mülkiyyət və təsərrüfat formalarına bərabər rəqabət mühiti formalaşdırmaqla yanaşı, respublikanın cari vəziyyəti və perspektivi üçün son dərəcə əhəmiyyətli olan iqtisadiyyatın üstün sahələrini müəyyənləşdirməli və onları himayə etməlidir: Ulu öndərin iqtisadi siyasət proqramında neft amilinin aparıcı rolu təmin olunmaqla, digər təbii ehtiyatlardan səmərəli istifadə edilməsi bir daha göstərdi ki, ölkənin inkişafı üçün sistemli bir proqram mövcuddur. Buna görə ikinci sistemli addım - neftlə birlikdə ölkənin digər təbii ehtiyatlarının iqtisadi inkişafa xidməti strategiyası həyata keçirildi: ölkənin qızıl, mis və gümüş ehtiyatlarının xarici investorlarla birlikdə istismarı haqqında qərar verildi. Beləliklə, makroiqtisadi sabitliyin dayanıqlığı üçün neftdən başqa, ölkənin digər qiymətli təbii sərvətlərindən səmərəli istifadə olunması zərurəti yarandı.

Ümumiyyətlə, Heydər Əliyevin siyasi aləmə gəlişi bu problemin həlli üçün böyük imkanlar açdı. Belə ki, Azərbaycanda aparılan investisiya siyasəti spesifik xüsusiyyətlərə malikdir. Bunun mahiyyəti ondan ibarətdir ki, xarici investisiyaların cəlb olunmasında səmərəli iqtisadi mühitin yaradılmasından başqa, həm də Heydər Əliyevin dünya şöhrətinin yüksək rolu olub: Belə yanaşma investisiyaların təkanverici qüvvəsini artırmaqla onlardan iqtisadi səmərənin əldə olunması müddətini yaxınlaşdırdı. Beləliklə, Heydər Əliyev islahatları dünya təcrübəsində müşahidə etdiyimiz bütün proqramlardan əsas bir əlaməti ilə fərqlənir: onun islahatlar keçirdiyi ölkə dörd bir tərəfdən blokada, müharibə və sosial sarsıntılar (qaçqınlar problemi) içərisində olmasına baxmayaraq, Azərbaycanı 1993-cü ildən 1997-ci ilin iqtisadi artımına ardıcıl siyasi və iqtisadi addımlar həyata keçirməklə gətirdi.

Novruzov bildirib ki, 1993-cü ildə iqtisadiyyata investisiyaqoyuluşunun azalma sürətində dəyişikliklər yarandı: Tənəzzülün sürətini aşağı salmaq üçün Heydər Əliyev böyük səy göstərmiş və nəticədə ölkə iqtisadiyyatına 1994-cü ildə əvvəlki ildəkinə nisbətən 1,89 dəfə çox investisiya cəlb edildi ki, bunun da 48 faizi xarici investisiyalar olub. İqtisadi islahatların son nəticədə nəyə xidmət etməsi məsələsi barədə Heydər Əliyevin çoxsaylı dərin fikirlərini ümumiləşdirərkən belə bir qənaətə gəlmək olar ki, islahatların nəticələri özünü daha çox respublikanın mövcud iri istehsal müəssisələrində zəruri struktur-profil dəyişiklikləri aparılmasında, daxili bazarın ən zəruri məhsullarla doldurulmasında və ixracat potensialının artırılmasına xidmət edən yeni istehsalatların yaradılmasında, müəssisələrin modernləşdirilməsində və yenidən qurulmasında büruzə verməlidir.

Yeri gəlmişkən, keçid vəziyyətində olan iqtisadiyyatı iqtisadçı alimlər Keçid iqtisadiyyatı adlandırırlar. Keçid iqtisadiyyatına eyni bir iqtisadi sistemin daxilində baş verən keçid prosesini də misal göstərmək olar. Belə bir keçid vəziyyəti azad rəqabətə əsaslanan bazar iqtisadiyyatına olan keçidlə bağlı olaraq yaranıb. Eyni sistem daxilində keçid vəziyyəti bütövlükdə inhisarçı kapitalizm sistemin əsaslarının eyni olaraq qaldığı bir şəraitdə yaranır.

Ekspertlərin fikrincə, feodalizmdən kapitalizmə, bir iqtisadi sistemdən digərinə keçidin nə zaman başlandığını və nə zaman başa çatdığını söyləmək çətindir və burada xüsusi keçid dövrünün olmasından söhbət ola bilməz. Əsası müxtəlif olan iqtisadi sistemli cəmiyyətlərin birinin digərini əvəz etməsi sıçrayışla, inqilabi yolla baş verir və bu zaman köhnə cəmiyyətin sosial-iqtisadi münasibətləri yeniləri ilə əvəz olunur. Ekspertlər buna misal olaraq ruslarda kapitalizmdən sosializmə keçilməsi prosesini göstərir. Belə ki, 1917-ci il çevrilişi ilə başlayan bu proses 30-cu illərin axırlarına qədər başa çatdı. 20-25 ili əhatə edən bu dövr xüsusi Keçid dövrü adlandırılır.

Son olaraq qeyd edək ki, ölkəmizdə demokratik dövlət quruculuğunun həyata keçirilməsi və azad bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşdırılması obyektiv zərurətə çevrilib. Dünya ölkələrinin inkişaf təcrübəsinə əsasən istənilən cəmiyyətdə davamlı sosial-iqtisadi inkişafa və yeniləşməyə yalnız çoxmülkiyyətli iqtisadiyyat, azad rəqabət və liberal qiymətlər şəraitində nail olmaq mümkündür.

Qeyd etmək lazımdır ki, iqtisadi transformasiya prosesi təkamül yolu ilə baş verdiyi üçün iqtisadi münasibətlərin bütün səviyyələrini əhatə edir. Bu baxımdan Azərbaycanda bazar iqtisadiyyatına keçid dövrünü iki əsas mərhələyə ayırmaq olar: 1991-1994-cü illəri əhatə edən tənəzzül və 1995-ci ildən başlayaraq bərpa və dinamik inkişaf dövrləri.