Xalq qəzeti.-2017.-21 fevral.-39.-S.8.

 

Xocalı soyqırımına aparan yol

 

Dünyamalı VƏLİYEV,

AMEA Şərqşünaslıq İnstitutunun şöbə müdiri

 

Oxuculara təqdim edilən fakt və hadisələrin xronikası faciənin baş verdiyi günlərdə Azərbaycanın   KİV-lərində çap olunmuş məlumatlar əsasında tərtib edilmişdir. Aradan keçən  30 ilə yaxın müddətdən sonra bu ağrılı, qanlı-qadalı xronikaya hopmuş gerçəklər daha aydın görünür və bir çox cəhətdən yaxın tarixin ibrət kitabı kimi vərəqlənir. Dağlıq Qarabağ münaqişəsinin dördüncü ilinin tamamında baş vermiş, XX əsrin dəhşətli faciəsi adını almış Xocalı soyqırımına aparan  yol bu xronikanın aparıcı xəttini təşkil edir.

 

Ardıcıl sıralanmış dövri mətbuat materialları ermənilərin azərbaycanlıları XX əsrdə bolşeviklərin Ermənistan adı verdikləri Qərbi Azərbaycan ərazisindən  bir nəfər kimi qovması; Ermənistanın bütün dünyadakı himayədarlarının hərtərəfli köməyi ilə Azərbaycanın yeni torpaqlarını işgal etmək üçün Dağlıq Qarabağın və ətraf rayonların azərbaycanlı əhalisini kütləvi surətdə yurd-yuvasından çıxarması;  Xocalıda və digər məntəqələrdə kütləvi soyqırımlar, qəddarlıqlar törətməsi; erməni millətçilərinin SSRİ qanunlarını və beynəlxalq hüquq normalarını tapdalayan bütün hərəkətlərini süqut ərəfəsində olan sovet imperiyasının siyasi-hərbi rəhbərliyinin açıq-gizli dəstəkləməsi; Azərbaycanın yaxınlaşmaqda olan dövət müstəqilliyinə mane olmaq, onu yenidən asılı vəziyyətə salmaq  üçün ermənilərdən bir alət kimi istifadə edilməsi; misilsiz vəhşilik, zorakılıq və bəşəri cinayətlərə baxmayaraq, Azərbaycan xalqının öz ərazi bütövlüyünü qorumaq və suverenliyini bərpa etmək uğrunda mübarizəsini hədsiz məhrumiyyət, böyük itki və qanlı faciələr bahasına inamla davam etdirməsi kimi tarixi həqiqətlərə üç onilliyin uzaqlığından şahidlik edir.

Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən əsas hadisələr 1988-ci ilin fevralından başlansa da, əslində,  1987-ci ilin may ayından 1988-ci ilin fevralına kimi erməni araqızışdıranlar Xankəndidə və muxtar vilayətin digər şəhər-rayonlarında imza toplamış, Moskvaya nümayəndə heyəti göndərərək, erməni əhalisinin Qarabağı Ermənistana birləşdirmək arzusunda olduğunu İttifaqın ali orqanlarına çatdırmışdılar. Bu tədbirlər mütəşəkkil şəkildə Qarabağ təşkilatının və Yerevandan gəlmiş erməni emissarlarının rəhbərliyi altında həyata keçirilmişdi.

Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycandan alınaraq Ermənistan SSR-ə verilməsi tələbi ilə fevralın 12-də Xankəndidə erməni millətçilərinin ilk mitinqi keçirilmişdi. Fevralın 21-də isə vilayət xalq deputatlarının növbədənkənar sessiyası Azərbaycan SSR konstitusiyasını pozaraq, vilayətin Azərbaycan SSR tərkibindən çıxarılaraq Ermənistan SSR-ə birləşməsi haqqında qərar qəbul etmişdi. Bundan bir gün sonra Əskəran qəsəbəsi yaxınlığında ermənilərlə azərbaycanlılar arasında toqquşma olmuşdu. Həmin hadisə zamanı Əli və Bəxtiyar adlı iki nəfər azərbaycanlı öldürülmüş, 19 nəfər isə yaralanmışdı.

DQMV-də erməni millətçilərinin separatçı çıxışları tezliklə Ermənistan SSR-də əks-sədasını taparaq kütləvi şəkil almışdı. Qafan rayonunda iğtişaşlar baş vermiş və nəticədə yüzlərlə azərbaycanlı ailəsi doğma yurdlarını tərk etməli olmuşdular. Qaçqınlar məsələsi də həmin vaxtdan meydana çıxmışdı. Az sonra Ermənistandan gələn qaçqınlara Dağlıq Qarabağın qaçqınları da əlavə olundu. Bir neçə gün ərzində Xankəndidən 3 min azərbaycanlı qovulmuşdu.

Uzun müddət DQMV-də baş verən hadisələri respublika ictimaiyyətindən gizlətməyə çalışan Azərbaycan KP MK və Nazirlər Soveti vəziyyətin getdikcə qorxulu şəkil almasından və xalqın qəzəbindən ehtiyat edərək, nəhayət, fevralın 23-də Kommunist qəzetində bu haqda qısa məlumat verilməsinə razı olmuşdu.

DQMV-də baş verən hadisələrdən bəhanə kimi istifadə edən erməni millətçiləri Ermənistan SSR ərazisində yaşayan azərbaycanlıları ata-baba yurdlarından qovmaq üçün əvvəlcədən hazırladıqları mənhus planlarını həyata keçirməyə başladılar. Əsas zərbə Dağlıq Qarabağa yaxın olan Qafan rayonundakı azərbaycanlı kəndlərinə endirildi. Erməni quldurları minlərlə azərbaycanlını döyüb təhqir edərək, onları silah gücünə doğma yurdlarından qovdular.

2223 fevralda Bakı və Sumqayıt zəhmətkeşləri erməni millətçilərinin DQMV-də törətdikləri hadisələrə və separatçı tələblərə qarşı etiraz əlaməti olaraq ilk mitinqlər keçirdilər. Yalnız bundan sonra 24 fevralda M.S.Qorbaçov Azərbaycan və Ermənistan zəhmətkeşlərinə riyakarlıq nümunəsi olan müraciətlə çıxış etdi.

2729 fevralda isə Sumqayıtda erməni ekstremistlərinin əvvəlcədən hazırladıqları ssenari üzrə qanlı hadisələr baş verdi. Ekstremistlər uzun illər Krunk və Qarabağ təşkilatlarına pul köçürmüş Sumqayıt erməni mafiyasını baş verəcək hadisələrdən xəbərdar etdiyinə görə onlar bir neçə gün əvvəl əmanət kassalarındakı pullarını da götürərək şəhəri tərk etmişdilər. Qafan və Mehri ətrafından qovulmuş minlərlə azərbaycanlının toplaşdığı Sumqayıtda sosial-siyasi gərginlik son dərəcə qorxulu vəziyyət almışdı. Bundan istifadə edərək təhrikçilər şəhərə soxulub kütləvi iğtişaşlar təşkil etdilər.

Həmin hadisələrdə 32 nəfər həlak oldu (onların 6-sı azərbaycanlı idi),  400 nəfər yaralandı. Bu cinayəti törədənlərdən Eduard Qriqoryan erməni təşkilatçıların təhriki ilə qeyri-insani qəddarlıqda 7 erməni öldürmüşdü. Şəhərin müxtəlif rayonlarında gizlənmiş erməni rejissor və operatorlar təşkil olunmuş hadisələri videoya çəkərək dünya ictimaiyyətini aldatmaq məqsədilə Sumtayıt soyqırımı deyilən əfsanəni yaratdılar.

Bu fitnəkarlıq erməni millətçilərinə həm dünyanı azərbaycanlılarla birgə yaşamağın mümkünsüzlüyünə inandırmaq və DQMV-ə yiyələnmək, həm də Ermənistanda yaşayan azərbaycanlıları qovmağa bəhanə yaratmaq üçün lazım idi. Həqiqətən, bu hadisədən sonra azərbaycanlıların Ermənistandan qovulması İrəvanda dövlət siyasəti səviyyəsinə qaldırıldı.

Martın 2-də Xankəndidə DQMV-nin Ermənistan SSR-yə birləşdirilməsi uğrunda mübarizə komitəsi yaradıldı. Dağlıq Qarabağda erməni millətçilərininin əsas məkanı olan bu komitə az sonra Kurunk adı ilə Ermənistandakı Qarabağ təşkilatının əlaltısına çevrildi. Sonra isə DQMV ərazisində azərbaycanlılar kütləvi şəkildə işdən çıxarıldılar. Azərbaycanlıların işdən qovulması kampaniyası mütəşəkkil olaraq vilayətin partiya və dövlət orqanlarının rəhbərliyi altında həyata keçirilirdi.

Martın 18-də Dağlıq Qarabağ Muxtar Vilayət Partiya Komitəsinin plenumu DQMV-nin Ermənistana birləşməsi haqqında qərar qəbul etdi. Üç gün sonra Sovet İttifaqının baş qəzeti Pravdada Emosiyalar və ağıl sərlövhəli  məqalə dərc olundu. Yazı  Azərbaycanda qismən rəğbətlə qarşılansa da, Ermənistanda kəskin etirazlarla qarşılandı. Həmin məqaləyə etiraz əlaməti olaraq erməni millətçiləri Xankəndidə tətillər təşkil etdilər.

Sumqayıt hadisələrini əllərində bayraq edən erməni ekstremistləri Ermənistandakı azərbaycanlı əhalisinə hər yerdə vəhşicəsinə divan tutaraq onları əzəli Azərbaycan torpaqlarını tərk etməyə və qaçqın vəziyyətinə düşməyə vadar edirdilər.

Aprelin 8-də beş nəfər silahlı erməni Jiquli maşınında Zəngibasar rayonunun Sarvanlar kəndinə girib camaatdan kəndi boşaltmağı tələb etmişdilər. Qəti etiraz cavabı aldıqdan sonra onlar maşını kənd camaatının üstünə sürərək üç nəfəri ağır yaralamışdılar. Belə olduqda kənd cavanları erməni quldurlarını tərk-silah edərək döymüşdülər. Ermənistanın inzibati orqanları daşnak quldurlarını cilovlamaq əvəzinə, hay-küy qaldıraraq guya, günahsız erməni vətəndaşlarına işgəncə vermiş 50 nəfərdən çox azərbaycanlı haqqında cinayət işi açmış və bu məsələ ilə əlaqədar Moskvadakı hamilərinə müraciət etmişdilər. Mərkəzdəki erməni dostları Azərbaycanın hüquq-mühafizə orqanlarına göstəriş verəndən sonra respublikanın əlaqədar təşkilatları həmişə olduğu kimi, yenə də öz beynəlmiləl borcuna sadiq qalaraq buraya pənah gətirmiş soydaşlarımızı həbs etmişdi.

Yenə həmin gün Gürcüstanın Baqdanovka (keçmiş Xoçabəy) rayonunun erməniləri ümummilli erməni hərəkatı ilə həmrəylik əlaməti kimi 29 avtobusla Ağbaba (Amasiya) kəndlərinə hücum etmişdilər.

Mayın 2-də Vedibasarın Şirazlı kəndində ermənilər 16 azərbaycanlının evini dağıtmış, 2 ev və bir xüsusi minik maşını yandırılmışdı. Bu kəndin 210 ailəsi (800 nəfər) dörd ay Araz sahilində sərhədyanı zonada açıq səma altında ac-yalavac yaşamalı olmuşdu. Bir gün sonra Hadrut rayonunun Tuğ kəndində Ermənistan SSR-in dövlət bayrağının asılması ilə əlaqədar olaraq 300 nəfər azərbaycanlı və bir o qədər də erməni arasında toqquşma baş vermişdi.

Bu zaman Xankəndidə ermənilərin azərbaycanlılara hücum etməsi adi hal almışdı. Ermənilər böyük dəstələrlə istər iş yerində, istərsə də küçələrdə azərbaycanlılara hücum edərək onları döyür, təhqir edirdilər. Ağır bədən xəsarəti almış 6 azərbaycanlını daxili qoşunların əsgərləri ermənilərin əlindən alaraq Şuşa xəstəxanasına aparmışdılar.

Şuşada erməni millətçilərinin törətdikləri cinayətlərə son qoyulması, günahkarların cəzalandırılması və Azərbaycanın DQMV-də suveren hüquqlarının bərpa olunması tələbləri ilə 14--15 mayda kütləvi mitinqlər keçirildi. Xankəndidəki Pedaqoji İnstitut filialının müəllim heyəti azğınlaşmış qara kütlənin köməyi ilə azərbaycanlı tələbələri institutdan qovdular. Bu zaman özlərini mədəni millət kimi qələmə verməyi sevən erməni millətçiləri adi insan simasından çıxaraq, azərbaycanlı tələbələrə qarşı vəhşi hərəkətlərə yol verdilər.

Mayın 16--17-də azərbaycanlıların Ermənistandan qovulmasına qarşı etiraz əlaməti olaraq Bakıda kütləvi mitinqlər keçirildi. Həmin mitinqlər zamanı erməni fitnəkarlarının Sumqayıt hadisələrini təkrar etmək üçün göstərdikləri cəhdlər iştirakçıların sayıqlığı sayəsində baş tutmadı.

Azərbaycan ərazisinə köçməyə məcbur olan 17 min azərbaycanlının doğma yurdlarına qayıtdıqdan sonra, Ermənistanın hakimiyyət orqanlarının onların təhlükəsizliyini təmin edecəyi haqda verdiyi bəyanatın boş vəd olduğu erməni quldurlarının Vedibasar rayonu kəndlərinə aramsız hücumları zamanı bir daha aydın oldu. 1918--1920-ci illərdə Abbasqulu ağa Şadlinskinin rəhbərliyi altında general Dronun mauzerçiləri üçün alınmaz qalaya çevrilən Vedibasar kəndlərini indi erməni quldurlar qarət edərək yandırdılar, dinc əhali təhqir edildi və işgəncəyə məruz qaldı.

10 iyunda Azərbaycanın dövri mətbuatında Ermənistandan respublikamızın ərazisinə qaçqınların gəlməsi haqda ilk qısa məlumat dərc olundu. Respublikanın rəhbər orqanları bəlkə də qaytardılar siyasəti yeridərək emosiyalara uymamağı vacib bildilər.

11 iyunda Bakının Vorovski qəsəbəsində milis serjantı Fazil İsmayılovu Krasnodar vilayətindən gəlmiş erməni saqqallılarından Aleksandr Aqabekyan odlu silahla öldürdü. Hadisə yerində yaxalanmış cani naməlum şəraitdə qaçırıldı.

15--17 iyunda Ermənistanın Krasnoselo rayonunun azərbaycanlı əhalisi məruz qaldığı milli zülmə etiraz əlaməti olaraq (Şorğa və Kel kəndləri) nümayiş və mitinqlər keçirdilər. Asayişi bərpa etmək üçün göndərilmiş ordu hissələrinin passiv mövqe tutmalarından istifadə edən erməni quldur dəstələri Zəngibasar rayonunun azərbaycanlı kəndlərinə soxularaq evləri qarət edir, dinc əhaliyə qanlı divan tuturdular.

18 iyunda Zəngibasar rayonunun partiya, dövlət və hüquq orqanlarının rəhbərliyi altında ermənilər Aşağı Necilli kəndinə soxularaq talan və yanğınlar törətdilər.

1819 iyunda Basarkeçər rayonunda yaşayan azərbaycanlılar Şişqaya və Nərimanlı kəndlərində mitinq keçirərək Göyçəyə muxtariyyət verilməsini tələb etdilər.

İyun ayının 20-də isə Zəngibasar rayonunun Zəngilər, Zəhmət, Dəmirçi, Dostluq, Nizami və Sarvanlar kəndləri erməni quldurlarının mütəşəkkil hücumlarına məruz qaldı. Azğınlaşmış quldurlar silah gücünə on minlərlə azərbaycanlının şəxsi əmlakını talan edərək onları kəndlərindən qovdular. Azərbaycanlılar xilas olmaq üçün SSRİ--Türkiyə sərhəd zolağına sığınmalı oldular. Bu hadisələrdə yüzlərlə azərbaycanlı ağır bədən xəsarəti aldı.

Erməni millətçiləri Xankəndidə və Dağlıq Qarabağın digər rayonlarındakı müəssisələrdə işi dayandıraraq aramsız mitinq və nümayişlər keçirir, son qələbəyə qədər mübarizə aparacaqlarını elan edirdilər. Ermənistanın Vedibasar və Əzizbəyov rayonlarından qaçmış azərbaycanlılardan  2 min adamın Şuşaya gəlişi vilayətdə milli ədavəti daha da qızışdırmışdı. Qaçqınlar yaranmış mənzil problemini həll etmək üçün ermənilərin Şuşadan qovulmasını tələb edirdilər.