İki sahil.-2017.-11 yanvar.-№4.-S.11.

 

Tariximizin şərəfli səhifəsi

 

20 Yanvar faciəsinin 27-ci ildönümünün keçirilməsi ilə bağlı tədbir planı təsdiq edilib

 

Günel Eyyubova

 

Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin Sərəncamı ilə “20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiq edilib. Həmin tarixə qısa bir nəzər salaq. Tariximizə əbədi həkk olunan 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə mərkəz Bakıya və rayonlarımızın bəzilərinə keçmiş Sovet İttifaqının qoşun hissələri yeridilərək, əliyalın dinc əhali qətlə yetirildi, yüzlərlə insan yaralandı və itkin düşdü. Qoşunların Bakıya yeridilməsi nəticəsində paytaxtda və respublika rayonlarında 147 nəfər öldürüldü,  744 nəfər yaralandı, 841 nəfər həbs olundu. O müdhiş gecədə sanki xalqımızın iradəsi, Vətənə sevgisi sınandı. Sovet imperiyasının azğınlaşmış ordusu  qarşısına silahsız, lakin ürəyi vətən sevgisi ilə döyünən oğullarımız canlarından, qanlarından keçərək müasir tariximizin qəhrəmanlıq zirvəsini fəth edərək şəhidlik zirvəsinə ucaldılar.

Xalqa bu qədər  zülm etmək, günahsız əhalini tankın tırtılları altında əzməkdə məqsəd nə idi?! Əlbəttə, məqsəd Azərbaycanda güclənən müstəqillik hərəkatını boğmaq, xalqın əzmini qırmaq idi. Lakin Bakıda və bəzi rayonlarımızda törədilən bu qanlı hadisələr xalqın müstəqillik arzusunu məhv edə bilmədi, əksinə daha da alovlandıraraq, öz amalları uğrunda daha qətiyyətlə mübarizə aparmasına səbəb oldu. Həmin gün azadlığı hər şeydən uca tutan Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

Sərəncamda da qeyd edildiyi kimi, respublikanın şəhər və rayonlarında, o cümlədən idarə və təşkilatlarda 20 Yanvar hadisələri ilə bağlı konfrans, toplantı və mühazirələrin təşkili, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşaların göstərilməsi, bədii və sənədli filmlərin nümayiş etdirilməsi, bu tədbirlərin kütləvi informasiya vasitələrində geniş işıqlandırılması, dünya ictimaiyyətinin diqqətini faciəyə yönəltmək məqsədilə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri və icmaları vasitəsilə müvafiq tədbirlərin keçirilməsi, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində 20 Yanvar faciəsi barədə materialların verilməsi nəzərdə tutulub.

Xatırladaq ki, Azərbaycanın qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılan bu hadisəyə də elə ilk qiyməti  müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev verib. 1993-cü ildə yenidən hakimiyyətə qayıdan Ulu Öndər dünyanın diqqətini Azərbaycan həqiqətlərinə, başımıza gətirilən faciələrə yönəltdi, xalqın haqq səsini dünyaya çatdırdı. Faktların dili ilə əsl həqiqət beynəlxalq ictimaiyyətə bəyan edildi. Daha sonra ümummilli lider Heydər Əliyevin 1994-cü ildə 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı Fərmanında Milli Məclisə faciəyə tam və əsaslandırılmış siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu. Milli Məclis həmin ilin martın 29-da 20 Yanvar faciəsi ilə bağlı qərar qəbul etdi.

Son 13 ildə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın iqtisadi və siyasi mövqeyinin daha da möhkəmləndirilməsini şərtləndirdi. Azərbaycan həqiqətləri əsaslı şəkildə dünyaya çatdırıldı. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın, Fondun vitse-prezidenti Leyla Əliyevanın Azərbaycan həqiqətlərinin beynəlxalq miqyasda təbliği istiqamətində gördükləri işlər də danılmazdır. Qeyd etdiyimiz kimi, Heydər Əliyev Fondu və onun xarici ölkələrdəki nümayəndəlikləri, eləcə də səfirliklərimiz həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində biri-birindən əhəmiyyətli tədbirlər həyata keçirirlər. Hər il 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar konfranslar, sərgilər, görüşlər təşkil olunur, kitablar, foto-albomlar və broşürlər çap edilərək paylanılır. Xatırladaq ki, Fondun dəstəyi ilə hər il dünyanın müxtəlif bölgələrində, o cümlədən ABŞ-da 20 Yanvar hadisələri barədə məlumatlandırma kampaniyası aparılır. Azərbaycanın ABŞ, Çin, Yaponiya, Fransa, Böyük Britaniya və başqa dövlətlərdəki səfirlikləri Azərbaycan və türk diaspor təşkilatları ilə birlikdə genişmiqyaslı tədbirlər keçirir və həmin ölkələrin ictimaiyyəti məlumatlandırılır. Eləcə də ABŞ-ın federal və yerli hakimiyyətlərinə, ictimaiyyətinə və mətbuata 20 Yanvar hadisələri ilə bağlı minlərlə məktub göndərilir. Bu səylərin nəticəsində tarixi hadisələrə həsr edilən məqalələr Nyu-York, Nyu-Cersi, Pensilvaniya ştatının yerli qəzetlərində dərc edilir.

Göstərildiyi kimi, tədbirlər planına əsasən, respublikanın bütün tədris müəssisələrində faciəyə həsr edilmiş xüsusi dərs keçiriləcək, 20 Yanvar hadisələri zamanı şəhid olanların ailələrinə humanitar yardım veriləcək, Şəhidlər xiyabanı ərazisində lazımi işlər aparılacaq, Azərbaycanda fəaliyyət göstərən əsas dini konfessiya və qurumlar tərəfindən faciə qurbanlarının xatirəsinə dini mərasimlər təşkil ediləcək.

Bundan başqa, Sərəncamda paytaxt ictimaiyyətinin yanvarın 20-də Şəhidlər xiyabanına ziyarətinin təşkili, saat 12:00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, gəmilər, avtomobillər və qatarlar vasitəsilə səs siqnallarının verilməsi, gün ərzində Şəhidlər xiyabanında matəm musiqisinin səsləndirilməsi, respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində hüzn əlaməti olaraq dövlət bayraqlarının endirilməsi və digər tədbirlər də  nəzərdə tutulub. Təbii ki, məqsəd Azərbaycan reallıqlarını, ən əsası Azərbaycanın dövlət müstəqilliyinin əbədi, dönməz və sarsılmaz olduğunu bir daha dünyaya çatdırmaqdır.