Səs.-2017.-16 fevral- 29.-S.2.

 

Milli Ordu - suverenlik və müstəqilliyin təminatçısı

 

İlham Əliyev: "Bizim ordumuz bizim qürurumuzdur, müstəqilliyimizi şərtləndirən amildir"

 

Rəfiqə Kamalqızı

 

Bu, bir reallıqdır ki, ordusuz bir dövlətin və ölkənin mövcudluğu mümkün deyil. Ordu hər bir ölkənin ərazi bütövlüyünün, suverenliyinin və müstəqilliyinin təminatçısıdır. Ümummilli Lider Heydər Əliyev "Hər bir dövlətin ordusu onun əsas sütunlarından biridir. Deyə bilərəm ki, bəlkə də, onurğa sütunudur. Ordu tarixən həmişə dövlət üçün, xalq və millət üçün ən əziz anlayış olmuşdur. Bu, indi müstəqil Azərbaycan dövlətində də belədir".

Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin uğurlu davamçısı ölkə Prezidenti İlham Əliyevin gündəlik iş qrafikinin ən mühüm hissələrindən biri olan ordu quruculuğu, Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, bütün qoşun növlərinin ən müasir hərbi texnika və avadanlıqla təchiz edilməsi kimi vacib məsələlərə həsr olunur. Məhz ölkə Prezidenti bütün çıxışlarında da ordu quruculuğuna toxunaraq, dövlətin bu sahəyə daha böyük diqqətlə yanaşdığını bildirir: "İlk növbədə, biz ordu quruculuğuna daha da böyük diqqət göstərməliyik. Son illər ərzində bu istiqamətdə çox böyük addımlar atılıb, böyük işlər görülüb. Ordumuzun maddi-texniki bazası möhkəmlənib. Bu gün Azərbaycan Ordusu həm maddi-texniki təchizat, eyni zamanda, döyüş qabiliyyəti baxımından dünya miqyasında güclü ordular sırasındadır. Biz müharibə şəraitində yaşayırıq. Bizim torpaqlarımız işğal altındadır. Əlbəttə, belə olan halda, ilk növbədə, ordu quruculuğuna daha da böyük diqqət göstərilməlidir, göstərilir və göstəriləcək".

Dövlət başçısının sözlərinə görə, buna nail olmaq üçün iqtisadiyyat daha da sürətlə inkişaf etməlidir: "Ona görə, dediyim kimi, iqtisadi islahatlar, iqtisadi inkişaf bizim ümumi inkişafımızı müəyyən edir. İqtisadi müstəqillik ölkəmizin siyasi müstəqilliyini şərtləndirir. Biz bu gün müstəqil xarici siyasət aparırıq. Qeyd etdiyim kimi, bu siyasət xoşməramlıdır. Biz istəyirik ki, dünyada münaqişələr aradan götürülsün, qarşıdurma ocaqları olmasın, sabitlik yaransın, xüsusilə, bizim bölgəmizdə. Ona görə, bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan dünya miqyasında uğurlu, müstəqil xarici siyasət aparan ölkələrdən biridir".

Son illərdə ordu quruculuğu istiqamətində görülən işlər Azərbaycanda mütəşəkkil, güclü, qüdrətli ordu, silahlı qüvvələr yaratmağa imkan verib. Azərbaycan Prezidenti İlham Əliyev ötən il də ordu quruculuğu istiqamətində böyük işlərin, ordumuzun gücləndirilməsi üçün böyük tədbirlərin görüldüyünü, böyük sayda texnika, silah-sursat alındığını və infrastrukturun yaradıldığını bildirib.

Aprel döyüşləri bir daha Azərbaycan Ordusunun gücünü göstərdi

Müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi və elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür. Aprelin 2-sində baş verən döyüşlər, bir daha güclü ordu ilə güclü dövlət anlayışının vəhdət təşkil etdiyin sübut etdi. Təmas xəttində Ermənistan hərbi hissələrinin növbəti təxribatlarının Azərbaycanın Silahlı Qüvvələri tərəfindən qarşısının uğurla alınması, məhz müstəqil Azərbaycanın peşəkar hərbçi kadrlarının, güclü maddi-texniki bazaya, müasir texnika və silahlara malik olan nizami ordusunun olmasının nəticəsidir. Bu, əslində, gözlənilən idi. Çünki uzun müddət idi ki, işğalçı Ermənistan rəhbərliyi, bu rejimin Qarabağdakı yedəyi - "Dağlıq Qarabağ Respublikası" separatçıları zaman-zaman özlərinə güvənən bəyanatlarla çıxış edir, "qüdrətli və məğlubedilməz erməni ordusu"nun imicini reklam etməklə, siyasətdəki yerlərini möhkəmləndirməyə çalışsalar da, yenə də Azərbaycan Ordusu onları zamanında yerlərinə oturtdu və dərslərini verdi.

Ölkə Prezidentinin, baş verən hadisələrlə bağlı sərt bəyanatla çıxış etməsi, bir daha Azərbaycan Respublikasının Ali Baş Komandanının güclü siyasətinin bariz nümunəsidir: "Nə qədər ki, Ermənistan bu təxribatçı əməllərdən əl çəkməyəcək, Azərbaycan Ordusu onları bundan sonra da cəzalandıracaq".

Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasında

Deyilənlərin məntiqi nəticəsi də ondan ibarətdir ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bu da əsassız deyil. Dövlət başçısının sözlərinə görə, buna nail olmaq üçün iqtisadiyyat daha da sürətlə inkişaf etməlidir: "Ona görə, dediyim kimi, iqtisadi islahatlar, iqtisadi inkişaf bizim ümumi inkişafımızı müəyyən edir. İqtisadi müstəqillik ölkəmizin siyasi müstəqilliyini şərtləndirir. Biz bu gün müstəqil xarici siyasət aparırıq. Qeyd etdiyim kimi, bu siyasət xoşməramlıdır. Biz istəyirik ki, dünyada münaqişələr aradan götürülsün, qarşıdurma ocaqları olmasın, sabitlik yaransın, xüsusilə, bizim bölgəmizdə. Ona görə, bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan dünya miqyasında uğurlu, müstəqil xarici siyasət aparan ölkələrdən biridir. Əlbəttə ki, bunun da təməli, əsası həm iqtisadi müstəqillik, həm də xalq-iqtidar birliyidir. Ona görə, iqtisadi sahədə lazım olan bütün tədbirlər görüləcək və beləliklə, ölkəmizin dayanıqlı inkişafı təmin ediləcək".

Lakin Ermənistan daha çox tənəzzülə uğrayır. Dövlət başçısı çıxışlarında da dəfələrlə vurğulayıb ki, Ermənistan bu gün dərin siyasi, mənəvi, psixoloji və maliyyə böhranı içindədir: "Ölkənin inkişafı üçün heç bir resurs yoxdur. İqtisadiyyat çöküb, sənaye ölüb, insanlar ölkəni tərk edir, yəni insan resursları da yoxdur. Ona görə də, Ermənistan rəhbərliyi öz xalqını aldatmaq məqsədilə cəbhədə dövri olaraq təxribatlar törədir, atəşkəsi gündə on dəfələrlə pozur. Bu isə tələb edir ki, Azərbaycan Ordusu gündən-günə möhkəmlənsin və daha da qüdrətli olsun. Biz buna nail oluruq".

Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı ardıcıl siyasət nəticəsində, bu gün ordumuza göstərilən diqqət sayəsində silahlı qüvvələrimiz müasir silah-sursat, döyüş texnikası, o cümlədən, təyyarə, helikopter və artilleriya sistemlərinin keyfiyyəti, şəxsi heyətin sayı və döyüş əzmi baxımından düşmən ordusunu dəfələrlə qabaqlayır. Və çox böyük qürurverici haldır ki, hər dəfə olduğu kimi, aprel döyüşlərində də silahlı qüvvələrin bütün şəxsi heyəti qisas və qələbə hissi ilə yaşayır, torpaqlarımızı işğaldan azad etmək uğrunda müqəddəs borcunu yerinə yetirməyə qadir olduqlarını nümayiş etdirdilər. Təbii ki, bütün bunlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin tövsiyə və tapşırıqları əsasında reallaşdırılır.

Göründüyü kimi, artıq hər şey Ermənistanın istədiyi kimi deyil və bu dəfə Azərbaycan öz qüdrətli, güclü ordusu ilə sözünü deyir və beynəlxalq aləm bunu dərk edir.

"Hazırda biz öz gücümüzü artırırıq və eyni zamanda, danışıqlar prosesində iştirak edirik. Mən tam əminəm ki, ordumuz nə qədər güclü olsa, danışıqlar prosesində mövqeyimiz o qədər güclənər" söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, bu amillər nəticəsində, biz istəyimizə nail olacağıq, ədaləti, Azərbaycanın suverenliyini bərpa edəcəyik.