525-ci qəzet.- 2017.- 12 iyul.- 121.- S. 4.; 13 iyul .- 122.- S.4.

 

Azərbaycançılıq ideologiyasının "Açıq kitab"ı - Mir Cəlal yaradıcılığı

 

Ramiz QASIMOV,

AMEA Naxçıvan Bölməsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent

 

Azərbaycan ədəbiyyatının ideya-məzmun və bədii-estetik cəhətdən inkişaf edib zənginləşməsində görkəmli söz ustadı Mir Cəlal (1908-1978) yaradıcılığının istisnasız və özünəməxsus yeri var.

 

XX əsrin 30-cu illərindən sonra Azərbaycan nəsrinin bədii istiqamətini təyin etməkdə Mir Cəlal yaradıcılığı çox mühüm rol oynayıb. Onun qələmindən çıxan zəngin yaradıcılıq nümunələri Azərbaycan xalqının müxtəlif ictimai-tarixi mərhələlərdə psixoloji-mənəvi yaşantılarını, üzləşdiyi tarixi hadisə və prosesləri öyrənmək üçün qiymətli bədii məxəz rolunu oynayır. Görkəmli yazıçı "Dirilən adam" (1934-1935), "Bir gəncin manifesti" (1939), "Açıq kitab" (1941), "Yaşıdlarım" (1946-1952), "Təzə şəhər" (1948-1950), "Yolumuz hayanadır" (1952-1957) kimi sanballı romanların müəllifi olduğu kimi, "Badam ağacı", "Vətən yaraları" kimi ciddi üslubda yazılmış hekayələrin, "Həkim Cinayətov", "Anket Anketov", "İclas qurusu" kimi satirik-yumoristik əsərlərin müəllifi kimi də böyük şöhrət qazanıb. Onun çoxsaylı əsərləri həmişəyaşar sənət nümunələri olaraq ədəbiyyat tariximizi və bədii söz xəzinəmizi zənginləşdirib.

Görkəmli yazıçı və əvəzsiz alim Mir Cəlal bütün ruhu ilə milli məfkurəli bir şəxsiyyət idi. Xalqının faciəli həyatını özünün şəxsi həyatında yaşayan ədib bu faciələri ədəbi yaradıcılığında mükəmməl şəkildə əks etdirib, onu doğuran səbəbləri tənqid və ifşa edərək xoşbəxt gələcəyini arzulayıb. Baxmayaraq ki, sovet dövrünün ən görkəmli yazıçı və alimlərindən biri idi, Mir Cəlalın elmi və bədii yaradıcılığında milli mündəricə başlıca yer tutur, onun üslubunun nüvəsində dayanırdı.

Görkəmli ədibin milli məfkurəli bir yazıçı olması onun yaratdığı obrazların mənəviyyatında, ruhunda, ideyalarında, əxlaqı və dəyərlərində, vətənə, xalqa, ölkəyə münasibətində, dilində, dinində, imanında özünü əks etdirirdi. Vətənə dərin məhəbbət bəsləyən böyük yazıçının "Dirilən adam", "Açıq kitab", "Yaşıdlarım", "Yolumuz hayanadır" kimi romanlarında, "İnsanlıq fəlsəfəsi", "Vicdan mühakiməsi", "Ərik ağacı", "Vətən yaraları", "Badam ağacları" kimi çoxsaylı hekayələrində vətənə və xalqa məhəbbət, onun gələcəyinə cavabdehlik, ümummilli taleyüklü mətləblər başlıcalıq təşkil edir. Böyük yazıçımızın qələmindən çıxan "Kəmtərovlar ailəsi", "Həkim Cinayətov", "Bostan oğrusu", "Təzə toyun nəzakət qaydaları", "Özündən naxoş", "Xarici naxoşluq", "İclas qurusu" və başqa əsərləri satira və yumorun ən uğurlu nümunələrini yaratmaqla bərabər bir sıra aktual məsələ və mətləbləri tənqid və ifşa edib. XX əsrin 30-cu illərindən yeni ictimai-iqtisadi formasiya və siyasi ideologiyanın fəal həyat mövqeyi qazanması ilə əlaqədar yeni insan surəti, yeniləşdirici, qurucu insan xarakteri yaratmağa başlayan görkəmli yazıçı öz obrazlarını yaradarkən onun milli mənsubiyyətindən irəli gələn keyfiyyətləri də əks etdirməyi qarşısına məqsəd qoyub və öhdəsindən müvəffəqiyyətlə gəlmiş, ən tipik və yaddaqalan insan xarakterləri yaratmağa nail olub.

Görkəmli yazıçı bütün varlığı ilə millətinə bağlı ədəbiyyat nəhəngi idi və ideologiyanın tələb etdiyi insan surətlərini yaradarkən milli keyfiyyətlərə həssas münasibət göstəriridi. Yazıçının yaradıcılığında şəxsi tərcümeyi-halına yaxınlığı ilə seçilən, əsl sənətkarlıq məharəti ilə ərsəyə gəlmiş "Bir gəncin manifesti" (1938) əsəri XX əsrin 17-20-ci illərində Azərbaycanda baş verən ictimai-tarixi hadisələrə həsr olunmuş və yazıçıya böyük şöhrət qazandırmışdır. Ədibin çox böyük ustalıqla yaratdığı Bahar surəti nəinki Azərbaycan ədəbiyyatı tarixində, həm də dünya ədəbiyyatında yaradılmış uşaq obrazları arasında öz estetik təsiri ilə qəlbləri fəth edən əbədiyaşar bir surətdir. Mir Cəlalın Baharı ədəbi yaddaşda öz mükəmməl bədii-estetik səciyyəsi ilə Viktor Hüqonun Qavroşu və Kozettası ("Səfillər") qədər bitkin, emosional təsir və iz buraxır. Bu əsərin digər tərəfdən əhəmiyyəti ondadır ki, Azərbaycan xalqının milli istiqlaliyyət və mücadilə əzminin nailiyyəti olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti və onun süqutu, sovet istilası əsas yaradıcılıq obyektidir.

İlk baxışdan "sovet yazıçısı" kimi davrandığı sezilən Mir Cəlal əsərdə həmin dövrlə əlaqədar bir sıra gerçəkləri əks etdirməklə bərabər faciəvi həyat yaşayan, aqibəti ilə ürəkləri göynədən talesiz Bahar surəti ilə milli dövlətçilik tarixində xüsusi yeri olan, Şərqdə ilk demokratik, respublika tipli müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 aylıq nakam taleyi və yaddaşlardakı həzin izlərini əks etdirmişdir. Fikrimizcə, adından tutmuş yaşı və taleyinə qədər Bahar cəmi 23 aylıq qısa bir "bahar ömrü" yaşamış Azərbaycan Xalq Cümhuriyyətinin tarixi taleyini, Azərbaycan xalqının qəlbinə çəkilən müstəqillik duyğularının solan aqibətini əks etdirir. Böyük ustadı Mirzə Cəlil kimi sətiraltı məna və metaforik obrazlardan məharətlə istifadə edən görkəmli yazıçı Mir Cəlal başda "Bir gəncin manifesti" əsəri olmaqla bir sıra irili-xırdalı əsərlərində "qadağan olunmuş duyğuları" ifadə etməyə, milli kimliyi eybəcərləşdirən sovet maşınının mənfi tərəflərini tənqid etməyə müvəffəq olmuşdur. Böyük yazıçının təqiqatçılarından olan F.Mədətovun yazdığı kimi: "Onun əsərlərini oxuyan hər bir kəs ədibin xalq üçün yanan nurlu qəlbinin arzu və istəklərini sətiraltı mənalarda, metaforik qatlarda məharətlə yerləşdirdiyinin şahidi olur. ...Azadlığın rəmzi kimi düşünülmüş Bahar obrazının ...taleyini izlədikcə Baharın bir azadlıq simvolu olduğunu başa düşməkdə çətinlik çəkmir".

Görkəmli ədibin yaradıcılığında sovet ictimai-tarixi inkişafının anti-milli siyasəti və vurduğu zərərlər konkret və cəsarətlə əks və ifşa olunmuşdur. Yazıçı konkret düşüncələrini uğurla təqdim etməklə cəmiyyət üçün ciddi təhlükə mənbəyi olan insan xarakterlərini, eləcə də xalqına ləyaqətlə xidmət etməyə çalışan milli duyğulu, sədaqətli insan obrazları yaratmağa müvəffəq olmuş, dövrün çox dolğun xarakterlər panoramasını əks etdirmişdir. Əgər diqqətlə fikir verilsə, ədibin konkret ictimai-tarixi şəraitdə psixoloji-mənəvi eybəcərlik kimi təhlil və təqdim etdiyi bürokratçılıq, inzibatçılıq və sair xarakter xüsusiyyətlər, ümumiyyətlə, sovet ideologiyasının - "sovetizm"in tipikliyi kimi nəzərə çarpır. Bütün həyati məsələləri, hətta ailə-məişət məsələlərini inzibatçılıqla həll və idarə etməkdən zövq duyan sosial-psixoloji xəstələr - psixopat "iclas quruları" ("İclas qurusu") mətn- altında fikirlərini uğurla nümayiş etdirməyə müvəffəq olan Mir Cəlal yaradıcılığında dövrün ideoloji inkişaf tezisinin yaratdığı ictimai-mənəvi naqislik kimi səciyyə tapır.

"Təzə toyun nəzakət qaydaları" əsərində yazıçı "Məhv olsun köhnə qaydalar!" şüarı ilə milli davranış, xarakter, adət-ənənə, hətta ana dilinin daşlaşmış ifadələrinə qarşı amansız və kor-koranə mübarizə səylərini yanğı ilə ifşa və tənqid etmişdir. "Allah sizdən razı olsun" yerinə "Təbiət sizdən razı olsun", ümumən "Allah"ın əvəzinə "Təbiət", "Təbiətin gizli qüvvələri" sözünün işlənməsi, habelə milli adət-ənənələrə zidd davranışların "təzə nəzakət qaydaları" olaraq kodekslərə çevrilməsi milli ruhlu yazıçı tərəfindən ikrahla qarşılanmış, yeni qurulmuş Şura cəmiyyətinin yeni dəbi "təzə toy" olaraq adlandırılmış və bu "yeniliklər"in gətirəcəyi pozğunluq dilimizdəki "toy tutmaq" anlamında mənalandırılmışdır. Ümumiyyətlə, həmişə öz estetik idealına sadiq sənətkar sovet cəmiyyətinin ictimai eybəcərliyi olan ideoloji robotluğa tənqidi münasibət bəsləmiş, bədii problem səviyyəsinə qaldırmağa nail olmuşdur. Əlbəttə, yazıçı onun əleyhinə getmirdi ki, bütün cəmiyyətlər və dövrlər üçün quruculuq və yeniləşmə prosesində fəal iştirakçılıq edə bilən ictimai fəal adamlar lazımdır. Amma ictimai vəzifəsinə də xor baxan, eqoist adamların mövcudluğu da cəmiyyət üçün "sosial patalogiya", "ictimai xəstəlik" təzahürüdür. Sənətkar "Özündən naxoş" hekayəsində məhz belə insanları tənqid hədəfinə çevirib, onları cəmiyyət üçün "hazıra nazir fəlsəfəsi" ilə yaşayan "harınxorlar" kimi qiymətləndirib və qınayıb.

 

Azərbaycan ədəbiyyatının ideya-məzmun və bədii-estetik cəhətdən inkişaf edib zənginləşməsində görkəmli söz ustadı Mir Cəlal (1908-1978) yaradıcılığının istisnasız və özünəməxsus yeri var. XX əsrin 30-cu illərindən sonra Azərbaycan nəsrinin bədii istiqamətini təyin etməkdə Mir Cəlal yaradıcılığı çox mühüm rol oynayıb.

Onun qələmindən çıxan zəngin yaradıcılıq nümunələri Azərbaycan xalqının müxtəlif ictimai-tarixi mərhələlərdə psixoloji-mənəvi yaşantılarını, üzləşdiyi tarixi hadisə və prosesləri öyrənmək üçün qiymətli bədii məxəz rolunu oynayır.

Görkəmli yazıçı "Dirilən adam" (1934-1935), "Bir gəncin manifesti" (1939), "Açıq kitab" (1941), "Yaşıdlarım" (1946-1952), "Təzə şəhər" (1948-1950), "Yolumuz hayanadır" (1952-1957) kimi sanballı romanların müəllifi olduğu kimi, "Badam ağacı", "Vətən yaraları" kimi ciddi üslubda yazılmış hekayələrin, "Həkim Cinayətov", "Anket Anketov", "İclas qurusu" kimi satirik-yumoristik əsərlərin müəllifi kimi də böyük şöhrət qazanıb. Onun çoxsaylı əsərləri həmişəyaşar sənət nümunələri olaraq ədəbiyyat tariximizi və bədii söz xəzinəmizi zənginləşdirib.

Görkəmli yazıçı Mir Cəlalın dövrün aktual ictimai problemlərinin qaldırılması baxımından "Açıq kitab" (1941) romanı ədəbi tənqiddə "həqiqətin üzünə dik baxan əsər" kimi yüksək qiymətləndirilirdi. Akademik Məmməd Cəfər roman haqqında yazırdı: "Xalqımızın öz doğma milli mədəniyyətini sürətlə inkişaf etdirməyə başladığı bir zaman, onun xoşbəxt həyatını öz dar, şəxsi mənfəətləri xatirinə içəridən zəhərləməyə çalışan adamların iç üzünü bütün çılpaqlığı ilə açıb meydana qoyur". Müəllif tərəfindən çox uğurla yaradılmış "Əzməsən, əziləcəksən, ayaqlamasan, ayaqlanacaqsan... Güzəran, mənsəb cəhənnəmin təkində də olsa enməyi bacar" kimi həyat fəlsəfəsi ilə yaşayan Gəldiyev obrazı və onun kimi insanların varlığı işığında əslində, "ali insan" yaratmaq vəzifəsini həyata keçirərkən "naqis insan" yaratmış konkret ideologiyanın ortaya çıxardığı ictimai naqisliyi, şikəstliyi və ictimai-mənəvi problemləri təqdim edirdi. İctimai mühitdə Gəldiyevlərin var olması nəhəng yazıçı tərəfindən həm də ən qorxulu hal olan mövcud ictimai tərbiyə qanunlarına münasibəti ifadə edirdi. Çünki Kəmtərovlar ailəsini, Anket Anketov, Qədir, Kərim Gəldiyev kimi "ideorobotları", dayaz adamları və ailələri mövcud cəmiyyətin özü, onun tərbiyə və təlim dəyərləri, ideoloji tələbləri yaradırdı. Bununla da Mir Cəlal, əslində, müasir cəmiyyətin tərbiyə maşınının yaratdığı şil-şikəst, inzibatçı, hissiz, duyğusuz, altruist "sovet insan tipi"nə qarşı tənqidi münasibəti ifadə edir, Gəldiyev kimi insanların baş alıb getməsini cəmiyyət üçün ciddi təhlükə hesab edir, belə insanları yetirməkdə olan sovet cəmiyyətinin özünü isə "eybəcərlər anası" kimi qiymətləndirirdi. Akademik Məmməd Cəfər yazırdı ki: "Açıq kitab" canlı bir insan kimi dilə gəlib var səsilə və ən gözəl bədii əsərlərə xas olan coşğun bir ehtiras və həyəcanla oxucularını xəbərdar edir: Gəldiyevləri tanıyın, bizim azad həyatımızı və mədəniyyətimizi bu canavarlardan qoruyun, Gəldiyevlərə hər zaman, hər yerdə amansız olun, mərhəmətsiz olun!" Göründüyü kimi, görkəmli yazıçının bu şüarı əslində, yeni cəmiyyət, ictimai quruculuq dövrü üçün də həmişə aparıcı olan zəruri bir şüardır və bu gün üçün də aktualdır. Görkəmli yazıçı sanki bu fikrilə yaşadığı konkret dövrün və ümumən yeni cəmiyyət quruculuğunun hərəkət proqramı və vəzifələrini elan etmişdir. Çünki yazıçı yeni cəmiyyət və ictimai quruluş quruculuğuna "gəldi-gedər" kimi yanaşıb şəxsi mənfəəti ilə münasibət bəsləyən adamları zərərli düşmən görürdü. Dünən olduğu kimi, bu günümüz üçün də aktual və əhəmiyyətli olan bu ictimai fəlsəfə düzgün yeni milli cəmiyyət qurmaq üçün ən doğru doktrina olduğu açıq ortadadır.

Milli ruhlu yazıçının əsərlərində xalq həyatı və milli mənəviyyatı, azərbaycanlı xarakteri özünün dolğun bədii əksini tapmaqla Azərbaycançılıq mövqeyini qətiyyətlə nümayiş etdirirdi. Totalitar sovet rejiminin milli xarakterə zidd, assimilyator xüsusiyyətləri nəhəng söz ustadının böyük ustalıqla yaratdığı Sona ana ("Bir gəncin manifesti"), Qədir ("Dirilən adam"), Vahid ("Açıq kitab"), Qocaman müəllim ("Xoşbəxtlik barəsində") və başqa milli xarakterləri işığında təkzib olunurdu. Dövrün tərbiyə edib ortaya çıxardığı Kərim Gəldiyev obrazının simasında yazıçı bu cür insanları yaradan və hər yerdə onların dayaz fikirlərini, duzsuz çıxışlarını, mülahizələrini təqdir edən, Kərim Gəldiyev, Verdiyev və Qədir Qurd oğlu kimi sırtıq, dayaz ictimai "qurdlar"ı rəhbərliyə gətirən və onların əlilə baş kəsən, taleləri həll edən tipləri göstərməklə qorxunc ictimai-siyasi qüvvəni təqdim etmişdir. Mir Cəlal öz sənətkar ustalığı ilə bu mənfi tendensiyanı, zərərli tərbiyəni, "37-ci il patalogiyasını" ortaya çıxaran tendensiya olaraq təqdim edərək cəmiyyətə ciddi xəbərdarlıq ünvanlamışdır. Böyük yazıçı, fikrimizcə, yaradıcılığında zahiri planda sovetizmin tələblərinə xoş gələn ideoloji məsələləri qaldırsa da, alt planda daha çox özünəməxsus millilik amilini irəli çəkmişdir. Bu mənada da milli hissiyyatlı yazıçımız kosmopolit sovet xarakterini darmadağın edərək milli insan xarakterini təqdir etdiyini öz əsərlərinin mətnaltı anlamında ifadə etmişdir. Akademik İ.Həbibbəli haqlı olaraq yazırdı ki: "Mir Cəlal Paşayev sovet rejiminə dəyib toxunmadan təbii olaraq gerçək həyatı və sadə, sıravi, adi insanların mənəvi aləminin incəliklərini ifadə etməyə üstünlük verirdilər. Bu isə onların yaradıcılığında həyatın, millilik amilinin... qüvvətlənməsinə şərait yaradırdı".

Realizmin nəhəng tədqiqatçılarından olan və böyük ədəbiyyatşünas alim kimi geniş şöhrət qazanan Mir Cəlal satirik-yumoristik nəsrin inkişafında böyük xidmətlər göstərmiş, "İclas qurusu", "Həkim Cinayətov", "Anket Anketov" və b. əsərlərilə bədii nəsrdə gülüşün yeni məzmunda zənginləşməsi və ictimai mübarizə qüdrəti qazanmasına öz töhfələrini vermişdir. Adından tutmuş ideyasına, surətlərindən tutmuş dilinə qədər ən incə şəkildə ictimai-tənqidi gülüş yaradan qüdrətli sənətkar ciddi ictimai əhəmiyyət kəsb edən mətləbləri əks etdirmişdir. Özünəməxsus ciddiyyəti ilə tanınan "Bir gəncin manifesti" əsərində olduqca təsirli gülüşdən istifadə edən yazıçının məharətlə yaratdığı Misterin ceyran əvəzinə uzunqulağı bərk-bərk tutub göbəyini iyləməsi, müşk-ətir iysi əvəzinə "turş qatıq iyi" alması səhnəsi böyük ictimai-tənqidi məzmuna malik təbii gülüş-yumor nümunəsidir. Bu nümunədə Azərbaycan neftinə göz dikmiş ingilislərin işğalçılıq niyyətləri Mir Cəlal yumoru ilə sanki "neft əvəzinə zəhər alarsan" mənasında tənqid və ifşa olunmuşdur. Böyük ustadı Mirzə Cəlilin dediyi kimi, "xalqın psixologiyasını bilməyən, hər addımda bir səhvə yol verən" işğalçıları qüdrətli yazıçı xalqın ən adisinin vətənpərvərliyi və qətiyyəti qarşısında acız və xəcalətli qoyur. Misterin həm sürücü tərəfindən ələ salınması, həm də Sona arvad tərəfindən bazarda qətiyyətlə rədd edilməsi kasıbçılığa və gözüqıpıqlığa məhkum edilməsinə baxmayaraq, Azərbaycan insanının vətənpərvərliyi, oyanıqlığı, cəsarəti və yadellilərə qarşı nifrəti kimi təcəssümünü tapır. "Əli şiəsi" inancı ilə xalqın qəlbinə girməyə çalışan yadelli işğalçı və onun nökərinə Sona ana özünün qətiyyətli, vətənpərvər "itə ataram, yada satmaram", - cavabı ilə böyük vətəndaşlıq dərsi vermiş olur.

Mir Cəlalın özünəməxsus yaradıcılıq dili, bədii manerası vardır. Azərbaycan dilini mükəmməl bilən və ana dilinin zənginliyinə arxalanan sənətkarın yaradıcılıq dili də olduqca sadə, yığcam, dolğun və məzmunludur. O, hər şeydən əvvəl yaratdığı və başlıca tədqiqat obyekti olan insanın bütün varlığı, bitkin və dolğun xarakteri və malik olduğu psixoloji-mənəvi aləmi ilə təqdim etməyə diqqət yetirib. Böyük vətənpərvər yazıçı elmi yaradıcılığında da millilik və Azərbaycançılıq amilini həmişə izləmiş, xalqın milli dəyərlərinin unutdurulduğu bir zamanda böyük Azərbaycan şairi Füzulidən və onun ana dilində yaratdığı əsərlərin poetik qüdrətindən bəhs etmiş, Mirzə Cəlilin və onun davamçılarının vətənpərvər fəaliyyətindən yazmış, ana dilinə məhəbbət hisslərini sözünün başında və ayağında ifadə edərək xalqına ləyaqətlə xidmət etmişdir.

Bir sözlə, Mir Cəlal səmimi sevgi ilə sevilən, oxunan və həmişə təsiri duyulan bir sənətkardır. Onun sənətkarlığı bədii təhlilə sığmayacaq dərəcədə zəngin və peşəkar, inadla təsdiqini tapacaq qədər dəqiq və danılmazdır. Mirzə Cəlil məktəbini özünün məharətli yazıçılıq qabiliyyəti və sənətkarlığı ilə inkişaf etdirən böyük yazıçımız Mir Cəlal həm də Azərbaycançılıq ideyalarına da uğurla xidmət göstərmiş, Azərbaycan xalqının milli-mənəvi dəyərlərini həmişə uca tutmuşdur. Onun əsərləri Azərbaycan xalqına sevgini və Azərbaycançılığı təlqin və təbliğ etdiyinə görə Azərbaycançılığın açıq kitabı olaraq gələn hər nəsillər tərəfindən sevilərək məhəbbətlə oxunacaqdır.