Respublika.- 2017.- 28 aprel.- ¹ 89.- S. 6.

 

Mir Cəlalın yaradıcılığında Vətən sevgisi

 

Hər xalçanın ərzi gəzən sədasında
Alqışlayıb sonaların kamalını,
Sən diriltdin Mir Cəlalın nidasında
“İtə atar, yada satmaz!” amalını.
Tüğyanların ümman-ümman, Azərbaycan!
Dünya bir yan, sən biryansan, Azərbaycan
!

Akif AZALP

 

Eldar ƏSGƏROV,

Dövlət qulluğunun baş müşaviri

 

Görkəmli ədib Mir Cəlal Paşayev (Cəlal Əli oğlu Paşayev) zəngin ədəbi irsi ilə xalqımızın qəlbində əbədi yaşayır. Həyatımızın və məişətimizin müxtəlif sahələrini özünəməxsus məharətlə təsvir edən sənətkarın əsərlərində vətənpərvərlik, beynəlmiləlçilik motivləri başlıca rol oynamışdır.

Mir Cəlal “Dirilən adam”, “Təzə şəhər”, “Yolumuz hayanadır”, “Bir gəncin manifesti”, “Açıq kitab” və s. irihəcmli roman və povestlər, vətənpərvərlik ruhunda günümüzlə səsləşən maraqlı hekayələr yazmışdır.

Mir Cəlal Paşayev hüquqşünas olmamasına baxmayaraq, əsərlərində yazıçı duyumu ilə rüşvətxorluğun mahiyyətini açmağa cəhd etmişdir. Məsələn, “Ay İsmayıl, başa sal” hekayəsində müəllif yazır: “Deyirlər, rüşvətlə bərk mübarizə aparılır. Bu doğrudur. Amma mən bilmək istəyirəm ki, rüşvət nəyə deyirlər? Rüşvət ona deyirlər ki, mənim bir vəzifəli şəxsə işim düşür. Qanun buna ziddir. Amma vəzifəliyə filan qədər pul verirəm, o da qanunu ayaqlayır, mənim işimi düzəldir. Buna deyirlər, rüşvət.

Bir də var ki, mənim nazir rəisi - filankəsə hörmətim, məhəbbətim var. Plov bişirəndə onsuz boğazıma getmir. Çağırıb dəsgah düzəldirəm. Bəzi adamlar güman edir ki, bu da bir növ natəmizlikdir. Ancaq burada nağd pul məsələsi yox, natura ilə ifadə olunan rüşvət var, amma bu işlərin eləsi var ki, nə rüşvət, nə də hörmət adlandırmaq olar. Bunun adını mən özüm də bilmirəm. Soruşanda deyirlər, yox, bu ayrı şeydir. Mən bilmək istəyirəm ki, ayrı şey, yəni, nə?”.

Mir Cəlal müəllim sadə dillə oxucusuna rüşvətin mahiyyətini açmağa çalışır, tam məsuliyyətimlə deyə bilərəm ki, bir çox “hüquqşünaslardan” fərqli olaraq, bu çirkin əmələ bir növ sadə, anlaşılan dildə şərh verir.

Dərin məzmunu ilə oxucularını düşündürən əsərləri, böyük rus ədibi N.V.Qoqolun əsərləri ilə oxşarlıq yaratsa da, psixoloji aləmi və milli koloriti ilə fərqlənmişdir. Onun 1942-ci ildə qələmə aldığı “Çupçik” adlı hekayəsi dediklərimizə bariz nümunədir.

Məmməd Arif isə qeyd edirdi ki, onun (Mir Cəlal Paşayev nəzərdə tutulur) satirik qələmində bəzən C.Məmmədquluzadənin, bəzən də Ə.Haqverdiyevin cizgilərinə rast gəlirik. Lakin Mir Cəlalın yumor və satirası özünəməxsusdur. “Bostan oğrusu”, “Möhür”, “Qoltuq radiosu”, “Mərd və namərd” və s. bu səpkidə qələmə alınmış hekayələrdəndir.

Mir Cəlal yaradıcılığında “Ötən günlər dəftərindən” adlandırdığı yumoristik hekayələri də həmişə oxucuların diqqət mərkəzində olmuş, müəllifinə rəğbət qazandırmışdır. Onun “Göz”, “Peşmançılıq”, “Kərpic məsələsi”, “Gözün aydın”, “Badamın ləzzəti”, “Anket Anketov”, “Əməli saleh”, “Vətən oğlu” kimi hekayələri bu gün də sevilə-sevilə oxunur.

“Vətən oğlu” hekayəsində əsl vətənpərvərlik ideyası böyük ilhamla qələmə alınmışdır. Yaxın və uzaq ellərdə vuruşan hər bir azərbaycanlının obrazını canlı yaratmışdır. Vətənə, anaya əvəzolunmaz sevgi onun yaradıcılığında xüsusilə qabarıq şəkildə diqqət çəkəndir. Məsələn, “Vətən yaraları” hekayəsində ədib qeyd edir ki, bəşəriyyət hamısı analar qəlbi ilə yaşasaydı, dünya başdan-başa bir cənnət olardı.

Bu gün ərköyün övladlarla bağlı həyatımızda baş verən reallıqlar ötən əsrin 60-cı illərində də mövcud olmuşdur. Belə ki, atalarının vəzifəsinə arxalanan bəzi anaların gül balaları özlərini toxunulmaz sayaraq cəmiyyətə qarşı hörmətsizlik nümayiş etdidərək iki nəfər ağxalatlı zirək qıza qarşı xuliqanlıq hərəkətlərinə yol vermiş və törətdikləri əmələ görə heç bir məsuliyyət daşımamışlar. Lakin Mir Cəlal müəllim belə hallara biganə qalmamış, əqrəbaları vəzifə başında olan övladların qanunsuz hərəkətlərini, vəzifələrini itirdikdən sonra da onların öz başlarına nələr gəldiyini öz yazısında açıqlamış, Dünyamalıyev, Aşumov kimi vəzifə sahiblərinin əməllərini geniş oxucu kütləsinin müzakirəsinə çıxarmış və belə xoşagəlməz hərəkətlərə qarşı öz vətəndaşlıq mövqeyini ortaya qoyaraq etirazını bildirmişdir. 

Mir Cəlal müəllim ömrünün gənc çağlarında başı ərşə dayanan Şah dağının qoynunda, haylı-haraylı Şəmkir çayının sahilində yerləşən Gədəbəydə 1928-1929-cu illərdə müəllimlik etmiş, hətta yaşlı adamlara da yazıb-oxumaq öyrətmişdir. Həmin adamların deməsinə görə, Gədəbəydə ilk yeddiillik məktəbin yaranmasında Mir Cəlal Paşayevin böyük rolu olmuşdur. Xalqın maariflənməsi yolunda nur saçan Mir Cəlal müəllim xalqına sədaqətlə xidmət etmişdir. Xalqını həmişə gözüaçıq, alnıaçıq, zehniaçıq görmək ədibin məslək və amalı olmuşdur.

Yaşlı nəslin nümayəndələri Mir Cəlal müəllimi çox sadə, təvazökar və nəcib insan kimi xatırlayırlar. Əslən Gəbəbəyli, tanınmış şair İlyas Tapdıq hələ ötən əsrin 90-cı illərində Mir Cəlal müəllimin sadəliyini, insani keyfiyyətlərini belə xarakterizə etmişdir:

Mir Cəlal müəllim sahili gəzər,

Neçə müsahibə qulaq asardı;

İnsanın dərdini gözündən sezər,

Xoş sözlər söyləyib, könül açardı.

Mir Cəlal Paşayev Gədəbəydə müəllimlik etdiyi illərdə bu yerlərlə bağlı ədəbi-bədii əsərlər yazmışdır. Bu gün də “Kartoşka məsələsi” adlı hekayəsi, “Zavodun tərcümeyi-halı” (söhbət Gədəbəyin misəritmə zavodundan gedir) oçerki gədəbəylilərin ən çox maraq göstərdikləri əsərlərdəndir.

Bildiyiniz kimi, Gədəbəy öz füsunkar təbiəti ilə yanaşı, zəngin yeraltı və yerüstü sərvətlərə də malikdir. Hələ XIX əsrin 50-ci illərində Simens qardaşları Gədəbəyin bu təbii sərvətlərinə diqqət yetirmiş və bu ucqar dağ rayonunda nəinki Zaqafqaziyada, keçmiş Rusiya imperiyasında da tanınan böyük mis zavodu tikib istifadəyə vermişlər. Düzdür, müasir texnologiyanı Gədəbəyə gətirməklə statistik məlumatları heç bir yerdə açıqlamadan rayonun təbii sərvətlərini talayıb aparmışlar. Əslən yəhudi olan Lev Polonski “Simens Qafqazda” yazısında alman qardaşların Gədəbəydəki fəaliyyətindən ağız dolusu yazır, lakin orada əslində nələr baş verdiyini o qədər də açıqlamır.

Lev Polonskidən fərqli olaraq, Mir Cəlal müəllim, bu mədənin nə kimi fəsadlar törətdiyini, Sovet quruluşundan qabaq 31 il bu zavodda işləmiş Hüseyn əminin dili ilə ürək ağrısı ilə qələmə almışdır.

1931-ci ildə işıq üzü görmüş “Zavodun tərcümeyi-halı” oçerkində Mir Cəlal müəllimin Gədəbəy mis zavodu ilə bağlı kiçik qeydlərini oxucuların diqqətinə çatdırmaq istərdim.

“Uzun illər bundan qabaq qırmızı və xam misin qazanclı qoxusu Berlin kapitalistlərinin burnuna getmiş, mühəndislər çağırılmış, aparatlar qurulmuş, planlar düzəlmiş, yerlər zəbt olunub, kəndlilər döyülmüş, bazar açılmış, işçilər toplanmış, qamçılar şartıldamış, yer altlarına lağımlar salınmış, kişilər qazımış, qadınlar daşımış, uşaqlar təmizləmiş. Bu ehtiras və ölüm çəkişmələri - Yasamal dağlarının başındakı meşəlikdə, dayaz bir dərədə - Gədəbəydə - misəridən zavodu doldurmuşdur.

Üç tərəfini bürüyən dərin və uzun sulu mağaralar zavodun qan damarıdır. Zavoddan çıxaraq ətrafı dolaşan dəmiryol xətti bir sual kimi bükülmüş və mədənləri zavoda bitişdirmişdir. Bu xəttin ən zərif və səliqəli tərəfi mis “kraliçasının” malikanəsindən çıxandır.

Kraliça qapalı və yumşaq vaqonunda ixtiyarındakı 5000 işçinin tövşüyərək, işlədiyini seyr etməkdən xüsusi bir həzz duyardı”.

Daha sonra, Mir Cəlal müəllim Hüseyn əminin dili ilə mis zavodunun tarixçəsini belə davam edir: “Mədənin omuzunda yatan qəbiristanlıq, illər boyu davam edən açıq və örtülü işçi qırğınlarının bir şahidi kimi durur. Bu məzarlığın daşlarında sinif mübarizəsinin dəhşətləri oxunur. Zavod sahiblərinin biyarından qorxaraq qaçan Düzyurd, Qumlu kəndliləri sakit dərələrə, quldurlu meşələrə, xaraba kazarmalara yığışardılar”.

Əgər saatda 142 qəlib xalis mis çıxdığı nəzərə alınsa, Simens qardaşlarının işlədikləri dövr ərzində nə qədər varidat əldə etdiklərini hesablamaq o qədər də çətin deyil.

Ədib fikirlərini Hüseyn əminin dili ilə davam edir: “Bu dərələrin acı bir keçmişi vardır. Oturduğumuz yer Naltökən deyilən bir çökək, İsrafil ağanın qoyun yatağı idi”.

Daha sonra oçerkdə mis mədənində təhlükəsizlik texnikasına əməl edilmədiyinə görə 17 külfətin həlak olmasını diqqətə çatdırır. Sonda Mir Cəlal müəllim fikirlərini Hüseyn əminin dili ilə belə yekunlaşdırır: “Yaz, başdan yaz ki, bu göyləri döyüşə çağıran mis zavodunun hər kərpici bir igidin qanı ilə yoğrulub, sümüyü ilə bərkimişdir”.

Mir Cəlal müəllim bu qeydlərini kağıza köçürəndə artıq ədəbiyyatşünas kimi deyil, bir tarixçi, tədqiqatçı kimi mis mədəninin qısa tarixini kiçik oçerkində ürək ağrısı ilə oxucusunun diqqətinə çatdırmışdır.

Gədəbəylilərin sevimlisi olan Mir Cəlal müəllimin yaradıcılığında Vətən sevgisi və xalqına bağlılıq kimi bəşəri duyğular dərin təsir qüvvəsinə malik real həyat həqiqətləri ilə təsvir edilmişdir.
Doğma Vətənimizə yadellilərin müdaxiləsi, görkəmli ədibi daima hiddətləndirmiş, bir an belə rahat buraxmamışdır. Onu düşündürən Azərbaycanın müstəqilliyi və bütövlüyü olmuşdur. Bu nisgillə yaşayan ədib qeyrət qalasına bənzəyən təkrarolunmaz - “Bir gəncin manifesti” əsərini araya-ərsəyə gətirmişdir. 
Ədib əsərində dünyanı bir yumru top gözündə görən ingilislərin azğın niyyətlərini böyük ustalıqla təsvir etmişdir.

Əsərdə maddi zənginliyi hər şeydən uca tutan, özümüzə qənim kəsilən tacir obrazını müəllif məharətlə yaratmış, xalqımızı milli birliyə çağırmışdır. Xalqının ağır güzəranını, haqsızlığı, rüşvətxorluğu, özbaşınalığı, ümumiyyətlə, bu məşəqqətli qəm bazarında bütün insanların həyat tərzi məharətlə oxucusuna çatdırılmışdır.

Milli sərvətimiz olan “Yusif-Züleyxa” xalçasını bazara satmağa aparan Sona obrazı əsl vətənpərvərlik nümunəsidir. Oğlu Mərdanı həbsdən qurtarmaq naminə iyirmi ildən artıq evində saxladığı “Yusif-Züleyxa”sını satmağa gətirən Sonanın ingilisi görəndə ürəyində bir ikrah hissi baş qaldırır. Tacir nə qədər çalışırsa, Sona böyük qürur hissi ilə:

-İtə ataram, yada satmaram! - deyir.

Bu qəti rədd cavabı Sona obrazında milli oyanış idi.

Namuslu, qeyrətli ananın qətiyyəti yüzlərlə vətəndaşın sevinci, Azərbaycan xalqının yadellilər üzərində qələbə təntənəsi idi.

Müəllif bu əsəri ilə ədəbiyyatımızda milli birlik ideyası ilə səsləşən, təməli milli mentalitetimizdən yoğrulmuş möhtəşəm bir ana abidəsi ucaltmışdır.

Bəli, bu gün fəxrlə deyə bilərik ki, görkəmli ədibin istək və arzuları çin olmuş, müstəqil Azərbaycanın üçrəngli bayrağı ucalmışdır.

Bəli, bu gün müstəqil Azərbaycanın ictimai-siyasi həyatında müstəsna rola malik ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva öz xeyirxah əməlləri ilə xalqımızın dərin rəğbətini qazanmışdır. Baba ocağına layiqli övlad olan Mehriban xanım müstəqil Azərbaycanın çiçəklənməsi naminə yorulmadan çalışır. Respublikamızda aparılan abadlıq və quruculuq işlərində, təhsildə, səhiyyədə və digər sahələrdə dünya standartlarına uyğun uğurlara nail olunub. Bu işlərdə, eləcə də respublikamızın inkişaf etmiş xarici ölkələrdə tanıdılmasında Mehriban xanımın xidmətləri böyükdür.

Mehriban Əliyeva ədalət, humanizm və insanpərvərlik ideallarını, habelə babalardan qalma xeyriyyəçilik ənənələrini fəaliyyətində rəhbər tutaraq genişmiqyaslı amnistiya aktının qəbul edilməsi təşəbbüsü ilə çıxış etməsidir. 2007-ci il 8 may tarixdə Mehriban xanımın hazırladığı “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında” qərar layihəsinin müzakirəsində o öz çıxışında qeyd etmişdir ki, “...səhv etmiş, cinayət törətmiş insanlara bir daha imkan verməliyik ki, onlar azad həyata qayıtsınlar, ailələrinə, yaxınlarına qovuşsunlar, cəmiyyətdə öz yerlərini tapa bilsinlər. Ağır cinayət törətməyən insanları bağışlayaraq, biz həm onları normal həyata qaytarırıq, həm də müstəqil Azərbaycanın humanizm prinsipləri əsasında inkişaf etdiyini nümayiş etdiririk”.

Mehriban xanım Əliyevanın təşəbbüsü ilə irəli sürülmüş və geniş ictimai dəstək almış bu amnistiya aktı böyük mənəvi-əxlaqi və siyasi məzmunu ilə fərqlənmişdir. Mehriban xanım bu nəcib təşəbbüsü ənənəyə çevirərək 2009 və 2013-cü illərdə də eyni müraciətlə çıxış etmiş və nəticədə 2009-cu ildə 9564, 2013-cü ildə isə təxminən 9000 nəfər azadlığa buraxılmışdır. Sonrakı illərdə də bu ənənə davam etmişdir. 
Azərbaycanımızın inkişafı yolunda Mir Cəlal ocağının işığı daha gur şölələnir. Mir Cəlal yaradıcılığında Vətən sevgisi möhkəm təməli olan sütunlar üzərində dayanmışdır. O, tutduğu yolun doğruluğuna qəti şəkildə inanırdı və bundan ötrü hər bir məşəqqətə dözməyə hazır idi, çünki o, əsl vətəndaş və əsl yazıçı borcunu xalqa, Vətənə xidmətdə görürdü.

Bu gün tanınmış yazıçı, böyük pedaqoq-alim və ziyalı, xalqımızın sevimlisi Mir Cəlal Paşayev qəlblərdə yaşayır və bundan sonra da yaşayacaqdır.