Respublika.-2017.-31 dekabr.-¹290.-S.1-2.

 

                                    İslam Həmrəyliyi dünyada mədəniyyətlərarası dialoqun təşviqinə güclü stimul verir                                                                                                                                                                         

 

Dövlət başçısı deyib: “Azərbaycanda yaşayan bütün millətlər, bütün dinlərin nümayəndələri bizim dəyərli vətəndaşlarımızdır və ölkəmizin ümumi inkişafına öz töhfələrini verirlər”

 

Ataş Cəbrayılov

 

Müasir dövrümüzdə bəşəriyyət multikultural dəyərlərə, mədəniyyətlərarası dialoqa, tolerantlığa, humanitar problemlərin həllinə möhtacdır. Milli-dini münasibətlərdə mövcud gərgin beynəlxalq vəziyyətə rəğmən, 743-cü ildə inşa olunmuş Şamaxı cümə məscidinə sahib olan müsəlman ölkəsi qədim Azərbaycanda həm qədim kilsələr, sineqoqlar, hətta atəşpərəstlərin məbədləri dövlət səviyyəsində qorunur, hər bir etnos öz iradəsini azad ifadə edir. Bu abidələrin müasir dövrümüzə qədər qalması isə təbii ki, xalqımızın multikultural mənəviyyata malik olmasının səbəbidir və ölkə rəhbərliyi həmin nümunəvi yaşam tərzinin bəşəri səviyyədə bərqərar olması istiqamətdə zəruri addımlar atır. 2017-ci il başa çatır. Ötən il Azərbaycanda “Multikulturalizm İli” idi, bu il isə elan edilən “İslam Həmrəyliyi İli” artıq başa çatır. Bu iki mənəvi dəyərlər arasında çox sıx, deyərdik ki, ayrılmaz bağlılıq vardır.

 

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan edilən “İslam Həmrəyliyi İli”nin yekunlaşması ilə bağlı dekabrın 21-də Bakıda Heydər Əliyev Mərkəzində keçirilən beynəlxalq konfrans Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunmuşdu. “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunun özü dinlərin və mədəniyyətlərin bir-birinə bağlılığını çox aydın ifadə edir. Konfransın açılışında 40-a yaxın ölkədən 150-dək nümayəndə, o cümlədən tanınmış dövlət, din və elm xadimləri, 8 beynəlxalq təşkilatın rəhbərləri və təmsilçiləri, müxtəlif ölkələrin dövlət başçılarının xüsusi nümayəndələri, dini konfessiya rəhbərləri, hökumətin və parlamentin üzvləri, diplomatik korpusun və ictimaiyyətin nümayəndələri iştirak ediblər. 

Multikulturalizm müxtəlif mədəniyyətlərin dialoqu, bir-birini zənginləşdirməsi və həm də öz spesifikiliyini qorumasına aiddir, islam isə xüsusi bir dəyər kimi bu topluma aiddir. Bu gün dünyada milli-dini zəmində dəhşətli faciələr yaşanır. Nahaq qanlar tökülür, ölkələr dağıntılar içindədir, toqquşmalar, müharibələr, terror ara vermir. Bu fəlakət məkanından qaçıdb canlarını qurtarmaq istəyənləri də xoş münasibət və həyat gözləmir. Multikulturalizm və tolerantlıq yaşam tərzi olan Azərbaycanda isə bütün millətlərin, dinlərin və konfessiyaların nümayəndələri sülh və əmin-amanlıq içərisində bərabər hüquqla yaşayırlar. Dövlət başçısı İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bügünkü dünyada olduqca gərgin, coğrafiyası genişlənən kataklizmlər və bu şəraitdə ölkəmizin təhlükəsizliyinin təmin edilməsi barədə deyib: “Əfsuslar olsun ki, dünyada və regionda mövcud beynəlxalq vəziyyət hələ ki, çox gərgindir. Mövcud olan münaqişələr, qanlı toqquşmalar davam edir. Yeni risklər yaranır, yeni təhdidlər ortaya çıxır və bütövlükdə, əfsuslar olsun ki, 2017-ci ildə bölgədə sabitlik istiqamətində ciddi addımlar atılmamışdır. Əksinə, bir daha qeyd etmək istəyirəm ki, risklər artır. Əlbəttə, biz bu bölgədə yaşayan bir ölkə kimi, bundan narahatıq və öz tədbirlərimizi görürük ki, Azərbaycan dövləti və Azərbaycan xalqı inkişaf etsin, normal yaşasın, ölkəmizdə təhlükəsizlik təmin edilsin və özümüzü potensial risklərdən qoruya bilək”. 

Müasir Azərbaycan dünyada baş verən milli-dini toqquşmaların və müharibələrin səngimədiyi şəraitdə sabitlik adasıdır. 

Çünki ölkəmizdə islam dini təriqət və məzhəbləri arasında qarşıdurma yoxdur, əksinə, düşünülən və riayət olunan bir həmrəylik hökm sürür. Bu gün planetimizdə baş verən bu qarşıdurmaların arxasında artıq dünyanınn böyük siyasi qüvvələrinin maraqları durduğu tam aydın olub. Dünyanı qana boyayan, terror qruplarının belə bir-birinə qarşıdurmaları məqamında aradan qalxır, biri digərini xilas etməsi də artıq reallıqdır və biz bu prosesi Suriya böhranında müşahidə etdik. Beləliklə, İslama atılan böhtan və iftiraya qarşı dura bilmək, ilk növbədə, müsəlmanlar və ölkələri arasında həmrəyliyə nail olmaqdan başlayır. Azərbaycanda bu amil mövcuddur və sünni ilə şiələrin vəhdət namazlarını qılmaları da həqiqətdir və islami birliyə güclü mesajdır. Dövlət başçısı ölkəmizdə islam həmrəyliyinin təmin olunduğu barədə deyib: “Ölkə daxilində İslam həmrəyliyi tam təmin olunubdur. Biz çalışırıq və çalışmalıyıq ki, bütün müsəlman aləmində birlik, həmrəylik təmin olunsun. Azərbaycan bu istiqamətdə öz töhfəsini verir, önəmli addımları atır. Bizim beynəlxalq təşkilatlar çərçivəsində və dünya gündəliyində duran məsələlərin həlli işində onlara münasibətimiz bir daha göstərir ki, İslam həmrəyliyi bizim üçün, sadəcə olaraq, bir şüar deyil, bizim üçün bu, əsas istiqamətlərdən biridir”. Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan edilən “İslam Həmrəyliyi İli”nin əsl məqsədi həm vəhdətlilik, həm də multikulturalizmin paralel surətdə təşviqinə nail olmaqdır. 

Artıq paytaxtımız regional multikulturalizm mərkəzindən dünya səviyyəsinə keçir desək, səhv etmərik. Ölkəmiz daim humanizmi, mədəniyyətlərarası dialoqu və tolerantlığı təşviq edir və nümunə göstərir. Çünki bütün bu sahələrdəki dəyərlər insan övladına və bəşəriyyətə məxsusdur, insanlığın ümumi sərvətidir. Azərbaycan dövlətinin multikultural siyasəti məhz bu istiqamətdədir. Diqqət edin, Bakı həmin istiqamətdə mötəbər tədbirlərdən olan V Bakı Beynəlxalq Humanitar Forumuna da ev sahibliyi edib. Forumda yeni dünya nizamının aktual çağırışları və qlobal problemlərin müzakirəsi və mühüm əhəmiyyət daşıyan qərarların qəbulu diqqəti cəlb edir. Qeyd edək ki, bəşəri problemlərin həlli baxımından bu tədbir uğurlu platforma rolunu oynadı. Diqqət etsək görərik ki, son illər bir sıra beynəlxalq iqtisadi, siyasi və humanitar tədbirlərin keçirilməsi məkanı kimi Bakı şəhərinə üstünlük verilir, bu seçim dövlətimizin nüfuzunun davamlı yüksəlişinə, imicinin daim artmasına da əyani bir dəlildir. Beynəlxalq tədbirlərin artımı həm də ölkəmizin dünya ictimaiyyətinə daha geniş tanıdılması, multikultural dəyərlərin və birgəyaşayışın əyani nümayişi olmaqla yanaşı, ölkədə həyata keçirilən islahatlar kursunun mahiyyəti ilə bağlı dolğun, hərtərəfli, obyektiv informasiya vermək deməkdir. Digər tərəfdən, Azərbaycanın belə işgüzar beynəlxalq forumların keçirilməsində fəallığı yüksək sosial-iqtisadi tərəqqiyə nail olduğunun və demokratikləşmə prosesinə, tolerantlıq və multikulturalizm mərkəzi olduğuna sadiqliyinin təsdiqidir. Dünyada davam edən milli-dini zəmində müharibələr, toqquşmalar, müxtəlif fobiyalar, irqçilik, ayrı-seçkilik fonunda bu xarakterli siyasət mühüm bəşəri əhəmiyyətə malikdir. Azərbaycan iki qitənin qovuşuğunda çox mühüm geostrateji və geosiyasi məkanda yerləşir. Dünyanın iki böyük sivilizasiyasının tarixən körpüsü rolunu oynamış bu məkan bu gün də həmin birləşdirici və zənginləşdirici harmoniyanı mühafizə etməkdə, bəşəriyyətə nümayiş etdirməkdədir. Dövlət başçısı ölkəmizin mədəniyyətlərarası diaolqdakı öz rolunu hazırda da yüksək səviyyədə reallaşdırdığı barədə deyib: “Azərbaycan sivilizasiyalar arasında həmişə müsbət rolunu oynayıb və Asiya ilə Avropa arasında həm coğrafi, həm mədəni və bu gün siyasi baxımdan bir körpü rolunu oynayır. Digər tərəfdən, Azərbaycan o ölkələrdəndir ki, burada dini, milli zəmində heç bir problem yoxdur, heç bir - hətta kiçik bir anlaşılmazlıq yoxdur. Əksinə, Azərbaycanda yaşayan bütün millətlər, bütün dinlərin nümayəndələri bizim dəyərli vətəndaşlarımızdır və ölkəmizin ümumi inkişafına öz töhfələrini verirlər. Ona görə məhz Azərbaycanın dinlərarası dialoq işində fəal olması təbiidir”.

Beləliklə, respublikamızda təşkil olunan beynəlxalq multikultural xarakterli forumların əhəmiyyətini xüsusi qeyd etmək lazım gəlir. Bu baxımdan ölkəmiz təşəbbüs və təşkilatçılıqda xüsusi fəallıq göstərir. 2008-ci ildə respublikamızın paytaxtında keçirilmiş “Mədəniyyətlərarası dialoqda qadınların rolu” mövzusunda konfransda müvafiq Bakı Bəyannaməsi qəbul edilmişdir. 2009-cu ildə isə Bakı İslam Mədəniyyətinin Paytaxtı elan olunmuşdur. Həmin ildə də Bakıda İslam Konfransı (indi Əməkdaşlıq) Təşkilatına üzv və Avropa dövlətlərinin mədəniyyət nazirlərinin toplantısı keçirilmişdir. Bundan başqa, UNESCO, İSESCO, BMT-nin Sivilizasiyalar Alyansı və Avropa Şurasının dəstəyi ilə 2011-ci və 2013-cü illərdə Bakıda I və II Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları baş tutmuşdur. Bu istiqamətdə ölkəmizin fəal və effektiv təşkilatçılığı və iştirakı nəticəsində Bakıda təşkil olunmuş III Mədəniyyətlərarası Dialoq Forumu da Azərbaycanın mədəniyyətlər arasında körpüyaratma missiyasını bütün dünyaya bəyan etmişdir. IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da mühüm mövzulara həsr olunmuşdur. Qədim şəhərlərimizdən Naxçıvan 2018-ci il üçün İslam Mədəniyyətinin paytaxtı elan olunmuşdur. Azərbaycan paytaxtı 2011-2016-cı illərdə I, II, III, IV və V Bakı Beynəlxalq Humanitar forumlarına ev sahibliyi etməklə yanaşı, dinlərarası dialoq sahəsində aktiv işlər görmüş, dünyada tolerantlığın bərqərar olmasına səy göstərmişdir . Təsadüfi deyil ki, son dövrdə Dünya Dini Liderlərinin Sammiti, MDB Dinlərarası Şurası, MDB Müsəlmanlarının Məşvərət Şurası, Qafqaz Xalqları Ali Dini Şurası öz forumlarını Bakı şəhərində keçirmişlər. Bakıda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun keçirilməsi ölkəmizin multiukultural dəyərlərin dünya səviyyəsində bərqərar olmasında göstərdiyi fəallığın göstəricisidir. Paytaxtımızda keçirilən mötəbər beynəlxalq idman tədbirləri zamanı xalqlar və dinlərarası dostluğun yaranmasında və möhkəmlənməsində təməl olan Azərbaycanın qədimdən bəri yaşam tərzi olan multikultural dəyərlərin əyani təqdimi həm də bütün planetə nümayişdir. 2015-ci ildə Bakıda ilk Avropa Oyunlarının, sonrakı iki ildə “Formula-1” yarışlarının və Ümumdünya Şahmat Olimpiadasının, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi Azərbaycanın sabit, inkişaf edən, multikultural dəyərlərə sadiq ölkə olmasını bir daha beynəlxalq miqyasda təsdiq etmişdir. Bir məqama da diqqət etmək vacibdir. Forumlarda insan fəaliyyətinin bütün sahələrində çalışan elm adamları, mütəxəssisləri bir araya gətirilir, sanki bəşəriyyəti narahat edən aktual məsələlərin həlli yollarına müxtəlif sahələrdən işıq salınır, araşdırılır, əlac tapılmasına birgə səy göstərilir. Qloballaşmanın yaratdığı humanitar problemlərə aid və bəşəriyyəti narahat edən müxtəlif rəy və təklifləri özündə əks etdirən mövqeləri bir qayda olaraq Bakı Bəyannaməsi işıqlandırır. 

Paytaxtımızda keçirilən beynəlxalq humanitar forumlar istər formasına, istərsə də müzakirə olunan məsələlərin mövzu və bəşəri əhəmiyyətinə görə fərqli olsa da, hədəfi birdir. Burada əsasən, multikulturalizm sahəsində qazanılan nailiyyətlər və yaranmış, həll olunası problemlər, dünyadakı proseslərə təsir edən müasir texnologiyalar, inkişafın iqtisadi modellərinin humanitar aspektləri, sosial jurnalistika və yüksək texnologiyalar, postmodernist mədəniyyətdə ənənəvi dəyərlər sistemlərinin yeri kimi aktual mövzular müzakirə edilmişdir. Yəni istiqamət multukulturalizmin, tolerantlığın bərqərar olmasına, insanlığın var olmasına, əməkdaşlığa, mədəniyyətlərin, bir-birini zənginləşdirməsinə və inkişafına yönəlib. Forumlarda təşkil olunan “Dəyirmi masa”lar isə dialoqların aparılmasına - müxtəlif din və konfessiya, siyasi və ictimai elm xadimlərinin ideyalarının, nəzəri və praktiki biliklərinin mübadiləsinə, müzakirəsinə, qiymətləndirilməsinə imkan verir, konstruktiv debat və müzakirələr vasitəsilə müəyyən bir platforma formalaşdırılır. Beləliklə, bu praktika əsas verir ki, Bakının dünyanın intellektual müzakirələr məkanına çevrildiyini deyək. “İslam Həmrəyliyi İli”nin yekunlaşması ilə bağlı keçirilən konfransın iştirakçısı Amerika Yəhudi Təşkilatları Prezidentləri Konfransının icraçı direktoru Malkolm Honlaynın:-”Prezident İlham Əliyevin İslam həmrəyliyi təşəbbüsü digər ölkələrin liderləri üçün nümunədir. Dövlət başçısının 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi həm müsəlman ölkələri, həm də Avropa ölkələri, bütövlükdə bütün dünya üçün önəmli mesajdır”-sözləri Azərbaycan rəhbərliyinin sülh və birgəyaşayış üçün fəaliyyət, təşəbbüs və səylərinə xüsusi diqqətdir. İcraçı direktor deyib: “Biz sülh üçün birgə çalışmalıyıq. İnkişaf yalnız birlik və sülh şəraitində mümkündür. Bu baxımdan Bakıda keçirilən “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans mühüm önəm kəsb edir. Konfransda din və elm xadimlərinin bir araya gələrək bu məsələləri müzakirə etməsi mühüm əhəmiyyət kəsb edir. Dialoq çox vacibdir. Biz daim axtarışda olduğumuz “Bizi bir-birimizdən nə ayırır” sualına cavab tapmağa çalışırıq. Biz öz adət-ənənələrimizi, dəyərlərimizi təbliğ etməklə bərabər, müxtəlifliyi qəbul etməyi də öyrənməliyik. Bu baxımdan Azərbaycan böyük uğurlar əldə edib”.

Multikultural sahəyə aid keçirilən humanitar forumlarla hər ilin yanvar ayında İsveçrənin Davos şəhərində təşkil olunan ənənəvi illik iqtisadi forumlar arasında analogiya aparanlar, demək olar ki, haqlıdırlar. Davos iqtisadi, Bakı isə humanitar yönümlü müzakirələr, konfranslar, debatlar, bəyannamələr mərkəzinə çevirilib. 2016-cı il aprelin 24-dən 28-dək Bakıda “İnklüziv cəmiyyətlərdə birgəyaşama: çağırış və məqsəd” devizi altında təşkil edilən BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu da ölkəmiz üçün əhəmiyyətinə görə tarixi hadisə idi. Belə ki, müzakirələrin yekunları nəticəsində ilkin qənaət bu olmuşdur ki, respublikamızda yaşam tərzi olan multikulturalizm çoxəsrlik təcrübədir və müasir dünyada mütərəqqi model kimi qəbul olunur, bəşəri maraq kəsb edir. Dünyanın 147 ölkəsindən gəlmiş 2000-dək dövlət başçısı, hökumət rəsmisi, xarici işlər naziri, siyasi lider, tərəfdaş qurumlar, beynəlxalq və regional təşkilatların, vətəndaş cəmiyyətlərinin nümayəndələri, incəsənət, media və akademiyaların və. b. təmsilçiləri, bir neçə gün ərzində Azərbaycanın iqtisadi, siyasi, mədəni və multikultural sahələrdəki uğurlarının canlı şahidləri olmuşlar. Forumda müzakirələr, rəylər əsasında dünyanın ən müxtəlif kütləvi informasiya vasitələri ölkəmizdəkiı inklüziv cəmiyyət modelinin spesifik cəhətlərini xüsusi önə çəkmiş, Azərbaycanda yaşanan, lakin dünya üçün qarşılıqlı mədəni dialoqun və əməkdaşlığın yeni modelinin formalaşdığını yayımlamışlar. 

“Multikultural cəmiyyətin formalaşdırılmasında Azərbaycanın rolu” mövzusunda bölmə iclasında diqqətə çatdırılmışdır ki, ölkəmiz iqtisadi, siyasi, mədəni və s. sahələrdə əldə etdiyi böyük nailiyyətlərlə yanaşı, ictimai-siyasi sabitlik, dini, milli, irqi dözümlülük və tolerantlıq istiqamətində də nümunəvi göstəricilərə malikdir. Bu amillərə görə əsrlər boyu müxtəlif xalqların nümayəndələri ölkəmizdə dinc yanaşı yaşamış, fərqli mədəniyyətlərin qarşılıqlı harmoniyası Azərbaycanı multikultural mədəniyyətlərin bənzərsiz məkanı kimi formalaşmasını təmin etmişdir. Dövlət başçısı multikulturalizmin milli-mənəvi dəyərlərimizlə bağlı olduğu barədə vurğulayıb: “Azərbaycan xalqı öz milli mənəvi köklərinə çox bağlıdır. Müstəqil Azərbaycan dövlətinin təməli məhz bu milli dəyərlərdir. Bizim milli dəyərlərimiz isə ümumbəşəri dəyərlərin tərkib hissəsidir. Həm coğrafi yerləşməyimiz, bizim tariximiz, sivilizasiyaların Azərbaycan ərazisindəki keçmişi və rolu, əlbəttə ki, Azərbaycanı bax dinlərarası, mədəniyyətlərarası dialoqun aparılmasında əvəzolunmaz ölkəyə çevrilir”.

Azərbaycan multikulturalizminin inkişafında ictimai təsisatların, xüsusən Heydər Əliyev Fondunun səmərəli fəaliyyəti də xüsusi vurğulanmalıdır. Ölkəmizdə tolerantlıq ənənələrinin qorunması işinə xüsusi əhəmiyyət verən Fondun “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Məhz bu layihə çərçivəsində Fond məscidlərin, ziyarətgahların, katolik, pravoslav kilsələrinin və sineqoqların təmirinə böyük töhfələr verir. Vatikanın tarixində ilk dəfə Romada müqəddəs Marçelino və Pyotr katakombaları bərpa edilmiş, bundan başqa, “Or-Avner” Beynəlxalq Fondu ilə birgə Bakıda yaşayan yəhudi uşaqları üçün 600 yerlik təhsil mərkəzi inşa olunmuşdur və s. Bu günlərdə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa” ordeni ilə təltif edilib. Mehriban xanım Əliyevanı bu ordenlə Rus Pravoslav Kilsəsinə göstərdiyi köməyə, habelə Rusiya ilə Azərbaycan arasında dostluğun möhkəmləndirilməsi sahəsində çoxsaylı xidmətlərinə görə Moskvanın və bütün Rusiyanın patriarxı Kirill təltif edib. Vurğulamaq lazımdır ki, bu yüksək ordenlə kilsə, dövlət və ictimai həyatın müxtəlif sahələrində böyük xidmətləri olan qadınlar təltif edilirlər. Diqqətə çatdırmaq lazımdır ki, Mehriban Əliyevanın himayədarlığı ilə 2013-cü ildə Həştərxanda Müqəddəs Mələksima Knyaz Vladimirə Rusiyada ilk abidə ucaldılıb. Bu il isə Mehriban Əliyevanın şəxsi təşəbbüsü ilə həmin abidənin ətrafındakı ərazidə abadlıq işləri görülüb. Mehriban xanım Əliyevanın xalqlar dostluğuna, mədəniyyətlərarası dialoqa, tolerantlığa xidmət edən belə xeyirxah əməlləri dünyada birgəyaşayışa, sülhə və əməkdaşlığa xidmət edir. Müsəlman dövləti olaraq Azərbaycanın təmsilçisi kimi Heydər Əliyev Fondunun bu addımları sivilizasiyalar və dinlərarası dialoqa verilən müasir dünyamız üçün çox vacib olan töhfələrdir. “İslam Həmrəyliyi İli”nin yekununa həsr olunmuş konfransın iştirakçısı ABŞ Etnik Anlaşma Fondunun sədri ravvin Mark Şnayer deyib ki, Prezident İlham Əliyev İslam həmrəyliyinə böyük dəstək verir, onun 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi mühüm önəm kəsb edir və Bakıda keçirilən konfrans müxtəlif xalqların və dinlərin bir-birinə daha da yaxınlaşması və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətlidir. O vurğulayıb ki, sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafında Azərbaycanın rolu danılmazdır. Azərbaycanın gördüyü bu işlər digər ölkələr üçün nümunədir. Prezident İlham Əliyev İslam ölkələri və digər ölkələr arasında dialoq və anlaşmanın qurulması istiqamətində mühüm rol oyanır. Dövlət başçısı ilə görüşümüzdə bu istiqamətdə işlərin davam etdirilməsi məsələlərini də müzakirə etdik.

Əsrlərdir İslam dünyasına, mənəviyyatına, varlığına düşmənçilik, təcavüz və təhdidlər səngimir. Tarixin müxtəlif dövrlərində müsəlmanlara qarşı böhtan və iftiralar atılmış, işğalçılıq, kütləvi qırğın, terror, qanlı-qadalı hadisələr dözülməz insan faciələri ilə tarixdə dərin iz qoymuşdur. Dünyanın müəyyən böyük siyasi qüvvələri tərəfindən XX əsrin sonları və XXI əsrin əvvəllərindən başlayaraq bu prosesə yeni, daha dəhşətli impuls verildi. Orta əsrlərdə zəngin Şərqə göz dikmiş Qərb dünyasının böyük siyasi gücləri o zaman bu işğalı və toqquşmaları din adı ilə -”səlib yürüşü” ilə rellaşdırdılar. Müasir şəraitdə isə XIX əsrdən başlayaraq “xalqların özmüqəddəratını təyinetmə”, “demokratiya” devizi ilə hərəkət edirlər. Hazırkı dövrümüzdə isə həmin “demokratiya”ya “ərəb baharı”, “narıncı inqilab”lar donlarını geyindirdilər. Bu gün artıq “demokratiyanın beşikləri”ndə öz siyasi məqsədlərinə uyğun olduqda antidemokratik addımlar qətiyyətlə heç bir beynəlxalq normalar nəzərə alınmadan atılır. Bu gün İslam adı ilə yaradılan terror təşkilatlarının əsl mahiyyəti, məqsədi və idarəetmə mexanizmi haradan idarə olunması da aşkardır. Hazırkı total terror hücumu demək olar ki, bütün müsəlman dünyasına qarşı yönəlib. İŞİD, PKK,YPG və digərlərini də silahlandıran dövlətlərin həmin “demokratik” cəbhəyə aid olduqları aşkardır. Bu isə siyasətdə at gedişidir, hətta müttəfiq adlandırdıqları ölkələrin də mənafelərinin və təhlükəsizliklərinin əleyhinədir. Dünyada sivilizasiyaları islam dünyasına qarşı çıxarmaq və gərginliyi daim körükləmək son dərəcə qorxulu, geniş bəşəri təhlükəyə yol açır. Bu gün qardaş olan müsəlmanlar məzhəb və təriqət toqquşmalarına cəlb olunmuşlar. Buna görə də dünya ictimaiyyətinə mədəniyyətsiz, qəddar, kobud qövm kimi təqdim olunan müsəlmanlar arasında sülhə, qardaşlığa nail olmaq bəşəri çağırışdır, bütün dünyada əmin-amanlığa xidmətdir. Bu baxımdan “İslam Həmrəyliyi İli”nin elan olunması son dərəcə əhəmiyyətli addımdır İslamın müqəddəs kitabı Quran-Kərim müsəlmanların ədavətini qadağan edir, məşvərəti və anlaşmanı buyurur. Bundan başqa, Kitabımızda qeyri-müsəlman ölkələri və ya xalqları müsəlmanlara qarşı işğal və zorakılq hərəkəti etməsələr onlara qarşı da sülh, humanizm və birgəyaşayış buyurulur. Beləliklə, qlobalizm özü ilə bərabər, çox böyük risklər gətirmişdir. Göründüyü kimi, dünyada təhlükəli çağırışlara, təhdidilərə, terrora qarşı həm təbliğati, həm də əməli cəbhədə ilk növbədə İslam aləmində həmrəylik birlik və qardaşlıq münasibətləri bərqərar olmalıdır. Azərbaycan rəhbərliyinin bu yöndə siyasəti müsəlman ictimaiyyəti və İslam Əməkdaşlıq Təşkilatlnda da çox yüksək dəyərləndirilir. Beləliklə, dünya siyasi arenasında Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması Qərb dünyasında “Stop İslam” deyənlərə, irqçiliyi yayanlara, islamafobiya müəlliflərinə, tərəfdarlarına çox kəskin və ədaləti meydana qoyan bir cavabdır. Ölkəmizdə keçirilən mühüm beynəlxalq tədbirlərin beynəlxalq transmilli layihələrin reallaşması, qarşılıqlı maraqları ödəyən əməkdaşlığın multukulturalizmə stimul olduğu və bəşər övladının dinindən, milliyərindən, irqindən asılı olmayaraq qardaş və bərabər olduğunu nümayiş etdirən bir ictimai-siyasi mesaj, müvafiq ölkələrin sosial iqtisadi inkişafına dəstək, siyasi-sosial sabitliyinə töhfədir desək səhv etmərik. Dövlət başçısı İlham Əliyevin dinlərarası, mədəniyyətlərarası dialoqlarda dövlətlərin əməkdaşlıqda maraqlarının balansının, uzlaşmasının, bağlılıqlarının da mühüm rol oynadığı barədə deyib: “Millətlərarası, dinlərarası, mədəniyyətlərarası dialoqun aparılması üçün hesab edirəm ki, sadəcə olaraq, söz danışmaq kifayət deyil. Konkret layihələr, konkret maraqlar olmalıdır, maraqların uzlaşması, balansı və qarşılıqlı asılılıq olmalıdır. Bizim regionda icra etdiyimiz layihələr bu qarşılıqlı maraqları təmin edir”. Beləliklə, dövlətlərin sosial-iqtisadi inkişafı, siyasi stabilliyi üçün Azərbaycanın qədim tarixə və köklərə malik milli dini birgəyaşayış modeli müasir dünyamızda digər dövlətlər üçün ən optimal modeldir.