Azərbaycan.-2017.-30 dekabr.-290.-S.7.

 

İslam dünyasının həmrəylik yolu

 

Əyyub Kərimov,

fəlsəfə üzrə elmlər doktoru

 

Müasir dünyamızda baş verənlərin hətta adi şüur səviyyəsində təhlili bəşəriyyət qarşısında dayanan obyektivlikdən daha çox mürəkkəbləşdirilmiş subyektiv problemlərin həllinin zəruriliyini gündəmə çıxarır. İnkişafın mütərəqqi cəhətlərinə xələl gətirmədən bildirmək istəyirik ki, bu inkişaf eyni zamanda etnik, milli, dini zəmində, dövlətlərarası münasibətlər kontekstində baş verən və getdikcə artan ziddiyyətlərlə, qanlı toqquşmalarla müşayiət olunur. Misirdə, Suriyada, Myanmada, İraqda, Ukraynada, Avropa ölkələrində baş verənlər fəlsəfi-siyasi təhlillərin predmetinə çevrilməkdədir. Günümüzün reallığı olan etnik-dini konfliktlər yalnız böyük və kiçik sosial birlikləri deyil, həm də ayrı-ayrı ölkələri, bütöv kontinentləri, onlarla xalqları və dövlətləri də əhatə edir. Akademik Ramiz Mehdiyevin yazdığı kimi, zorakılıq, təcavüzkarlıq, müharibələr və konfliktlər hegemonluğa cəhdlə yanaşı, insan faciəsi və qurbanları ilə müşayiət olunaraq bəşəri mövcudluğun adi həyatına çevrilmişdir.

 

Fikrimizcə, bütün bunlar siyasi, iqtisadi, milli, dini, şəxsi maraqların toqquşmasından qaynaqlanır. Bu toqquşmaların, indi dünyada baş verən münaqişələrin ideya-nəzəri əsasları isə Zbigniev K.Brzezinskinin Böyük şahmat taxtası, Yapon əsilli amerikalı filosof, iqtisadçı, eyni zamanda, siyasətçi F.Fukuyamanın Tarixin sonu və sonuncu insan, Samuel Hantingtonun (Samuel P.Huntington) 1993-cü ildə yazdığı Sivilizasiyaların toqquşması və s. əsərlərində hazırlanmışdı.

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Pan Gi Munun V Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarına ünvanlanmış, forumun işində iştirak edən BMT Baş katibinin müavini Cihan Sultanoğlu tərəfindən oxunmuş müraciətdəki faktlar günümüzün reallığıdır. Müraciətdə deyilir: Bütün dünyada münaqişə və zorakılıq nəticəsində yurd-yuvasından didərgin düşmüş insanların sayı hazırda 65 milyona yaxınlaşır. Bu, İkinci Dünya müharibəsindən sonra ən yüksək rəqəmdir. Bundan başqa, təbii fəlakətlər və iqlim dəyişikliyi nəticəsində hər il 25 milyon insan öz yurdundan didərgin düşür.

Fikrimizcə, konfliktlərin konsensus yolu ilə həllinin ən optimal variantı tolerantlıq və multikulturalizm əsasında dünyada həmrəylik mühitinin bərqərar olmasıdır. Həmrəyliyin fəlsəfi əsası irqindən, cinsindən və dinindən asılı olmayaraq bütün insanların mənşəyinin həm mövcud təbii-elmi, həm də dini nəzəriyyələrdə eyni kökdən olmasındadır.

Sosial-fəlsəfi baxımdan həmrəylik cəmiyyətdə fərdlərin əqidə, düşüncə, ümumi maraqlar, hədəflər, standartlar və qarşılıqlı anlaşmasına əsaslanan birliyidir. Bu anlam həmçinin fərdlər, insan qrupları, xalqlar, millətlər və ya ölkələr arasında yaranan birgəlik (rəğbət, mənəvi dəstək, maddi yardım və ya əməkdaşlıq) hissini əhatə edir. O həm passiv (duyğu, rəğbət və s.), həm də aktiv (müxtəlif sahələr üzrə geniş əməkdaşlıq, maddi dəstək və s.) ola bilər.

Tarixə nəzər saldıqda görürük ki, sosial -siyasi nəzəriyyələrdə və təlimlərdə həmrəylik kateqoriyası mühüm əhəmiyyət kəsb etmişdir. Müxtəlif cəmiyyətlərdə həmrəyliyin əsasları müxtəlifdir. Sadə cəmiyyətlərdə o, daha çox qohumluq əlaqələrinə və ümumi dəyərlərə əsaslanır. Mürəkkəb cəmiyyətlərdə isə sosial həmrəylik hissinin formalaşmasına təsir edən amillər müxtəlif təlimlərdə fərqli yanaşmadan araşdırılır. Məsələn, Emil Dürkeym İctimai əmək bölgüsünün yaranması haqqında əsərində həmrəyliyi mexaniki və orqanik həmrəyliyə ayırır. Bildirir ki, mexaniki həmrəylik ənənəvi və kiçik cəmiyyətlərdə mövcud olur və əsasən birgə iş, təhsil, həyat tərzi əsasında baş tutur. Orqanik həmrəylik isə əməyin ixtisaslaşması əsasında yaranan qarşılıqlı asılılıqdan və həmçinin müxtəlif cinsli qarşılıqlı asılılıqlardan, ideya, fikir və məqsəd birliyindən qaynaqlanır. Bu tipli həmrəyliyə müasir və sənaye cəmiyyətlərində rast gəlinir.

Həmrəylik yalnız fərdlər səviyyəsi ilə məhdudlaşmır, bu və ya digər məsələlərlə bağlı o, qruplar, təşkilatlar, toplumlar, dövlətlər, xalqlar, dinlər və nəhayət, ümumbəşəri səviyyəyə də yüksələ bilər. Həmrəylik həyatımızın ayrılmaz hissəsidir desək, yanılmarıq. Bu hiss, adət-ənənələrimizə söykənməklə yanaşı, mənəviyyatımıza, mədəniyyətimizə hopmuşdur.

Lakin müasir dünyada baş verən proseslər, xüsusən islam ölkələrində yaradılan münaqişələr, bəzi ölkələrdə islamafobiyanın geniş vüsət alması, müsəlmanlara qarşı dözümsüzlük və diskriminasiya halları günümüzün reallığıdır. Dünya iqtisadi böhranı, vaxtaşırı baş verən terror hadisələri, qanlı müharibələr nəticəsində miqrasiya prosesinin güclənməsi ilə əlaqədar artan mədəni müxtəlifliklər bir sıra cəmiyyətlərdə çətinliklər yaratmışdır.

Qeyd etdiklərimiz islam dünyasında həmrəyliyə böyük zərurət olduğunu bir daha təsdiqləyir. Ancaq müsəlman ölkələri arasında qarşılıqlı əlaqələrin lazımi səviyyədə olmaması təcavüzkar qüvvələrin fəaliyyətinə geniş imkanlar açmışdır. Bəzi dairələr islama qarşı açıq-aşkar düşmənçilik mövqeyində dayanır, onu gözdən salmaq üçün bütün imkanlarından istifadə edirlər. Dünya müsəlmanları arasında birliyin, həmrəyliyin lazımi səviyyədə olmamasının nəticəsidir ki, bu gün terrorizm, ekstremizm kimi ifadələr islamla birgə çəkilir. On minlərlə müsəlman öz doğma yurdundan didərgin düşməyə məcbur olmuşdur. Lakin terrorizm, düşmənçilik, aqressivlik kimi halların islamla heç bir əlaqəsi yoxdur, əksinə, müsəlmanlar həmişə həmrəylik, sülhsevərlik, qarşılıqlı anlaşma, dostluq və əməkdaşlıq kimi ümumbəşəri əxlaqi dəyərlərə sadiq olduqlarını nümayiş etdirmiş və bütün bəşəriyyəti bu prinsiplərə əməl etməyə səsləmişlər.

2017-ci ilin Azərbaycan Respublikasında İslam həmrəyliyi ili elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamına da məhz bu kontekstdən yanaşılmalıdır. Həm sərəncamda, həm də Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən İslam həmrəyliyi - zamanın çağırışı adlı beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətdə həmrəylik anlamının mahiyyəti, məzmunu, ona yüklənmiş fəaliyyət istiqamətləri öz aydın ifadəsini tapmışdır: Müasir dünyamızda islam həmrəyliyinin vacibliyi ilk olaraq islam daxilindəki həmahəngliyin bərqərar edilməsində özünü göstərir. Bu, müxtəlif məzhəblər arasında dini anlaşılmazlıqların elmi müstəvidə aradan qaldırılması, bütün islam ölkələri arasında qarşılıqlı hörmət və etibara əsaslanan münasibətlərin qurulmasıdır. Bununla yanaşı, islam həmrəyliyi dedikdə, həmçinin islam və digər dinlər arasında harmoniyanın yaranması nəzərdə tutulur. Buna nail olmaq, əslində, dünya dinləri arasında ahəngdar və bir-birinə inamlı münasibətin daha da möhkəmlənməsinə, islam ölkələri ilə digər ölkələr arasında bəşəri dəyərlərə əsaslanan xoş münasibətlərin inkişafına nail olmaq deməkdir. Bunun üçün çox işlər görmək və real addımlar atmaq lazımdır.

Azərbaycan da müsəlman dünyasının bir parçasıdır və islam dünyası ölkələrində baş verən proseslər, tendensiyalar bizlər üçün də təsirli və önəmlidir. Xoşagəlməz halların aradan qaldırılmasında, müsəlman ölkələrinin, xalqlarının sülh, əmin-amanlıq və sabitlik şəraitində yaşamasında dövlətimiz və xalqımız həmişə maraqlı olmuşdur. Xalqımızın tarixən keçdiyi konfessional təkamül ona polikonfessional mədəniyyət çalarları gətirmişdir. Ərazimizdəki zərdüştlük, xristian, islam abidələri qorunub saxlanılır. Əcdadlarımızın yaşadığı tarixi şərait multikultural ənənələrin yaranması üçün zəmin olmuş, konfessiyalara olan tolerantlıq nəinki islam, həmçinin digər dinlərə münasibətdə də həmrəylik mədəniyyətini formalaşdırmışdır.

Ümummilli lider Heydər Əliyev birmənalı olaraq bəyan edirdi ki, Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimiz, üstünlüyümüzdür. Biz bunu qiymətləndiririk... Çalışacağıq ki, bu sərvətimiz əbədi olsun.

Ulu öndərin islam dünyasında tanınması səbəblərindən bəhs edən Hidayət Orucov Heydər Əliyev və Azərbaycanda din siyasəti: gerçəkliklər və perspektivlər adlı kitabında yazır: ...Heydər Əliyev SSRİ-nin Yaxın və Orta Şərq ölkələrinin rəhbərləri ilə apardığı danışıqlarda və siyasi məsləhətləşmələrdə yaxından iştirak etmiş, çox vaxt bu ölkələrə səfər edən nümayəndə heyətlərinin rəhbəri olmuşdu. Əslində, Sovet İttifaqının islam dünyasında apardığı siyasəti Heydər Əliyev formalaşdırırdı. Onun 1982-1987-ci illərdə Misir, Suriya, İordaniya, Liviya, İraq, Yəmən, Pakistan və başqa müsəlman ölkələrinə səfərləri bütün islam aləmində aparıcı siyasətçilərdən biri kimi tanınmasına səbəb olmuşdur.

Müsəlman ölkələrinin rəhbərləri, siyasi xadimləri ilə onilliklərlə davam edən əlaqə və görüşlər zamanı uzaqgörən siyasətçimiz islam ölkələrinin həmrəyliyi ideyasını önə çəkmiş, sanki bu sahədə gələcəkdəki praktiki fəaliyyətinin elmi-nəzəri əsaslarını hazırlamışdı. Həmçinin Heydər Əliyev şəxsiyyətinə olan böyük hörmət və ehtiram Azərbaycan Respublikasının islam dünyasında tanınmasına şərait yaratmış, onun islam ölkələrinin lider şəxsiyyətlərindən biri kimi qəbul edilməsinə səbəb olmuşdur. Təsadüfi deyildir ki, Kasablankada təşkil olunan zirvə toplantısında Asiyanın müsəlman ölkələri adından çıxış etmək məhz Heydər Əliyevə həvalə edilmişdi.

Tarixi zərurət və ümumxalq istəyi nəticəsində yenidən Azərbaycana rəhbərliyə qayıdan ümummilli lider Heydər Əliyev bütün sahələrdə olduğu kimi, nəinki doğma Azərbaycanda dini konfessiyalar arasında həmrəyliyə nail olmaq, həmçinin bütün islam dünyasını həmrəylik, qarşılıqlı hörmət əsasında bir araya gətirmək üçün titanik fəaliyyət göstərdi.

Tolerantlığı və multikulturalizmi azərbaycançılıq məfkurəsinin tərkib hissəsi kimi götürən ümummilli lider eyni zamanda Azərbaycan ərazisində yaşayan müxtəlif inanclara malik insanların hüquq və azadlıqlarının, o cümlədən etnik-mədəni və dini dəyərlərinin qorunmasını, onlar arasında həmrəyliyə nail olunmasını demokratiyanın mühüm prinsipi olan insan hüquq və azadlıqları kontekstində görürdü.

Beynəlxalq Konvensiyaya əsaslanan bərabərlik hüququ Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində də təsbit edildi.

1996-cı il iyulun 13-də ümummilli lider Heydər Əliyev Avropa Şurasının Baş katibinə məktubla müraciət edərək Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmasını xahiş etdi. Ölkəmiz bu quruma 2001-ci il yanvarın 25-dən tamhüquqlu üzv seçildi. 2000-ci il iyun ayının 13-də ölkəmiz Avropa Şurasının Milli azlıqların hüquqlarının müdafiəsi haqqında Çərçivə Konvensiyasına qoşuldu.

Ulu öndər 16 noyabr 1999-cu ildə Azərbaycandakı dini konfessiyaların başçıları ilə görüşündə cəmiyyətdə həmrəylik, tolerantlıq və multikultural dəyərlərin vəziyyətini şərh edərək demişdir: Azərbaycan Prezidenti olaraq mən məmnunam ki, ...ölkəmiz ictimai-siyasi sabitliyi qoruyub saxlayır, müxtəlif millətlərdən, müxtəlif dinlərdən olan, müxtəlif adətlərə, müxtəlif mədəniyyətə mənsub olan insanlar arasında dostluq münasibətlərini təmin edir.

Ümummilli lider tərəfindən ölkəmizdə həmrəylik ideyalarının inkişaf etdirilərək yeni keyfiyyət mərhələsinə yüksəldilməsi, dinlərarası dialoq və həmrəylik sahəsində nadir təcrübənin beynəlxalq səviyyədə tanıdılması səbəbindəndir ki, 2002-ci ildə Roma Papası II İoann Pavel vətənimizə tarixi səfər etdi. Səfər təəssüratını yekunlaşdıran Papa Azərbaycandakı dini dözümlülük ənənələrini xüsusi vurğulayaraq qeyd etmişdi ki, bir çox xalqların və dinlərin mədəni dəyərlərini özündə cəmləşdirən Azərbaycanda xristianlarla digər dinlərin nümayəndələri sülh və əmin-amanlıq şəraitində, dinc yanaşı yaşayırlar. Buna da yalnız həmrəylik, tolerantlıq və qarşılıqlı dözümlülük sayəsində nail olmaq olar.

İslam tarixinə diqqət yetirdikdə Məhəmməd peyğəmbərin (s) dövründən etibarən müsəlmanların yer üzərində böyük gücə sahib olduqlarını görürük. Tanınmış Yaxın Şərq mütəxəssisi Daniel Pipes müsəlmanların özlərinə inamını şərh etmişdir: Bu özünə, inamı təmin edən amillərdən biri də islamın ilk 6 əsrində müsəlmanların əldə etdiyi böyük nailiyyətlərin xatirəsidir. Bu dövrdə islam mədəniyyəti ən qabaqcıl dünya mədəniyyətinə çevrilmişdi və müsəlmanlar ən yaxşı səhiyyə standartlarına, ən yüksək elmi nailiyyətlərə sahib idi. Elmi-texniki tədqiqat mərkəzlərinin çoxu müsəlmanların nəzarətində idi. 715-ci ildə müsəlmanlar Qərbdə İspaniyadan Şərqdə Hindistana qədər uzanan imperiya yaratmışdılar .

Lakin sonrakı əsrlərdə müxtəlif obyektiv və subyektiv səbəblərdən müsəlmanların siyasi, elmi, mədəni sferalarda tənəzzülü baş vermişdir. XIX əsrdən etibarən bir sıra islam ölkələrinin parçalanaraq öz müstəqilliklərini itirməsi onları Qərb dövlətlərinin təsiri altına salmışdır.

İslam mədəniyyətinin əzəmətli keçmişini araşdıranda görürük ki, həmrəylik müqəddəs kitabımız Qurani-Kərimin əsas qayələrindəndir.

Müsəlmanların bir-birinə dözümlü yanaşması və məzhəb düşmənçiliyinə son qoyması, həmrəyliyə nail olması Allahın Qurani-Kərimdə buyurduğu ən zəruri tələblərdəndir: Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən, O, sizin qəlblərinizi (İslam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O, sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız! (Ali-İmran, 103).

Günümüzdə islam dünyasının dini müstəvidə həmrəyliyə ehtiyac duyduğu qədər müsəlman xalqlarının, dövlətlərinin maddi və mənəvi cəhətdən də həmrəyliyə ehtiyacı vardır. Heç kimə sirr deyil ki, böyük bir coğrafiyanı əhatə edən müsəlman ölkələri zəngin təbii resurslara malik olmalarına baxmayaraq, dünya iqtisadiyyatında elə də böyük paya sahib deyillər.

Dünya neft ehtiyatlarının 62,8 faizinin, qaz ehtiyatlarının isə 60,3 faizinin İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin payına düşməsinə baxmayaraq, bu 57 dövlət dünya üzrə Ümumi Daxili Məhsulun cəmi 15 faizini verir.

Milyonlarla müsəlman müasir dövrün elmi, texniki, mədəni nailiyyətlərindən kənarda qalmaqdadır. Problemlər aradan qaldırılmalı, bütün sahələrdə sozdə yox, əməldə həmrəyliyə nail olunmalıdır.

Ümummilli liderin layiqli davamçısı, Prezident İlham Əliyev islam həmrəyliyi sahəsində Heydər Əliyev siyasətini nəinki davam etdirmiş, hətta onu dünyanın inkişaf etmiş dövlətləri üçün də nümunə olacaq bir səviyyəyə yüksəltmişdir. Məhz onun müdrik və praqmatik siyasətinin nəticəsidir ki, son illər Azərbaycanda ümumbəşəri həmrəyliyə nail olmaq strategiyası kontekstində mədəniyyətlərarası və dinlərarası dialoqa dair bir sıra mühüm əhəmiyyətli tədbirlər keçirilmiş, beynəlxalq elmi konfranslar, genişmiqyaslı forumlar təşkil edilmişdir. Mötəbər beynəlxalq qurumların bu tədbirlərdə fəal iştirakı ölkəmizin ümumbəşəri həmrəyliyə nail olmaq prosesində oynadığı rolun mühümlüyündən xəbər verir. Məhz, 2008-ci ildə ölkəmizin təşəbbüsü ilə başlamış Bakı prosesi bu gün mədəniyyətlərarası və sivilizasiyalararası həmrəyliyi, multikulturalizm və tolerantlığa aid məsələlərin zəngin çalarlarını özündə birləşdirir. 2011-ci, 2013-cü, eləcə də 2015-ci illərdə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarında müzakirə olunan məsələlərin, qəbul edilən sənədlərin məzmununun çəkisi, Azərbaycan tərəfindən reallaşdırılan təşəbbüslər regional müstəvidən çıxaraq ümumbəşəri həmrəyliyə xidmət edir.

Müsəlman ölkəsində fəaliyyət göstərən bir qurumun - Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Roma şəhərinin ətrafında yerləşən və xristian aləmi üçün ən mühüm abidələrdən hesab olunan San Marçelino, Pietro katakombalarını bərpa etməsi Azərbaycanda bərqərar olmuş həmrəyliyin, tolerantlığın dünyaya çıxışının praktiki nümunəsidir. Fondun Vatikanda reallaşdırdığı layihələrdən biri də Vatikan Apostol Kitabxanasında olan bir çox qədim və tarixi, o cümlədən Azərbaycana (Vatikanın Apostol Kitabxanasında Azərbaycanın IX - XVIII əsrlər tarixinə aid 60 qədim əlyazma aşkar olunmuşdur) və regiona aid müxtəlif əlyazmaların bərpa olunmasıdır. Bu sənədlər xalqımızın tarixinin daha dərindən araşdırılması istiqamətində nadir maddi sübutlardır.

2016-cı il sentyabrın 29-30-da keçirilmiş və 80-dən çox ölkədən 400-ə yaxın tanınmış elm, mədəniyyət xadiminin, Nobel mükafatı laureatlarının iştirak etdiyi Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimində Prezident İlham Əliyev beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsinin məqsədlərindən danışaraq Azərbaycanda tolerantlıq və multikulturalizm əsasında həmrəyliyin inkişafını yüksək qiymətləndirmişdir: ...Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir. Azərbaycanda bütün dinlərin, xalqların nümayəndələri bir ailə kimi yaşayır. Eyni zamanda, bu beynəlxalq, siyasi və humanitar tədbirlər dünyaya da bir siqnal göndərir ki, dünyanın mütərəqqi nümayəndələri səylərini daha da sıx birləşdirməlidirlər.

Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva doğma Azərbaycanın dinlərarası həmrəylik nümunəsi kimi dünyaya təqdim edilməsində çoxsahəli fəaliyyət göstərir. BMT-nin Sivilizasiyalar Alyansının yeddinci qlobal forumunun ikinci plenar iclasında çıxış edən Mehriban xanım Əliyeva demişdir: Çoxmillətli, çoxkonfessiyalı ölkə olan Azərbaycanda müxtəlif dinlərin və etnik qrupların nümayəndələri bərabərhüquqlu vətəndaşlardır. Mütərəqqi dünyada demokratiyanın vacib sütunu kimi qəbul edilmiş dini və etnik tolerantlıq Azərbaycan cəmiyyətində normaya çevrilib.

Ötən ilin oktyabrında dünyanın ən nüfuzlu din xadimi, 1 milyard 300 milyondan artıq insanın mənəvi lideri, Müqəddəs Taxt-Tacın sahibi Papa Fransiskin 700 nəfərə qədər katolikin olduğu ölkəmizə səfəri çox böyük dini və siyasi hadisə idi.

Bakıdakı katolik kilsəsində dini mərasim keçirən, ictimaiyyətlə təmasda olan, ümummilli liderin adını daşıyan məsciddə islam, provaslav və yəhudi dininin liderləri ilə görüşən Papa həmrəyliyin, tolerantlığın ünvanının Azərbaycan olmasını dünyanın 70-dən artıq nüfuzlu kütləvi informasiya vasitələrinin qarşısında söylədiyi fikirləri ilə bir daha təsdiq etdi:

Sizin ölkədə dini azadlıqlar tam təmin edilib..., Katolik icmasının müsəlman, provaslav və yəhudi icmaları ilə səmimi münasibətləri saxlamasından xüsusi olaraq məmnunam və arzu edirəm ki, dostluq, və əməkdaşlıq telləri daha da artsın. Bu cür yaxşı münasibətlər sülh şəraitində yan-yana yaşama və dünyada sülh üçün xüsusi əhəmiyyət kəsb edir və göstərir ki, müxtəlif dini konfessiyaların mənsubları arasında səmimi əlaqələr, hörmət və hamının rifahı üçün əməkdaşlıq mümkündür.

Ölkəmiz müxtəlif məzhəblərin, dinlərin mərhəmət və qarşılıqlı hörmət əsasında həmrəyliyə nail olmasında da dünyaya nümunə göstərməkdədir. 2016-cı il yanvarın 15-də ümummilli liderin adını daşıyan məsciddə dünyada sünni-şiə məsələsinin süni şəkildə qabardıldığı bir zamanda məzhəbindən asılı olmayaraq bütün Azərbaycan müsəlmanları həmrəyliyə gəlib, vəhdət namazı qılıb, Yaradana dualar etdilər. Bu isə dini zəmində münaqişələrin alovlandırıldığı müasir dövrdə xüsusilə aktual olmaqla yanası, Azərbaycanın bütün dünyaya nümunə ola biləcək növbəti çağırışı idi. Həmrəylik zəminində görülən işlər, atılan addımlar, keçirilən beynəlxalq forumlar, edilən çağırışlar etiraf edilib-edilməməsindən asılı olmayaraq öz bəhrəsini verməkdədir.

Belə ki məhz vəhdət namazından sonra 962 il bir araya gələ bilməyən Rusiya Pravoslav və Roma Katolik kilsələrinin rəhbərlərinin ilk görüşü 2016-cı il fevral ayının 12-də Havanada baş tutdu. Onlar 30 maddədən ibarət on səhifəlik deklarasiya imzaladılar.

Sonuncu dəfə VIII əsrdə baş tutan Ümumpravoslav Məclisi də məhz ötən il - 2016-cı ilin iyununda Krit adasında yenidən toplana bildi. Konstantinopol patriarxı Varfolomey məclisdən əvvəl bütün pravoslavlara müraciət edib onları Kritə dəvət etmiş, həmrəyliyə mane olan problemləri açıq müzakirəyə çıxarmışdı.

Mayın 23-də Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüşdə Prezident İlham Əliyev demişdir: Biz açılış mərasimində islam dininin mütərəqqiliyini göstərdik. Göstərdik ki, islam dini elm dinidir, mədəniyyət dinidir, sülh dinidir, mərhəmət dinidir. Biz Azərbaycan xalqının istedadlı nümayəndələrini açılış mərasimində göstərdik. Azərbaycanın zəngin, qədim tarixini, mədəniyyətini bütün islam aləminə, bütün dünyaya nümayiş etdirdik. Eyni zamanda, bağlanış mərasimi də Azərbaycanı mütərəqqi, müasir ölkə kimi təqdim etdi. Yəni, bu nadir vəhdət bu gün Azərbaycanı dünya miqyasında əvəzolunmaz ölkəyə çevirir. Biz öz milli, dini dəyərlərimizə sadiqik, onları qoruyuruq və qoruyacağıq. Eyni zamanda, biz dünyaya açığıq, biz müasirik, biz inkişaf edirik və bu önəmli amillər bu gün əslində, müasir Azərbaycan dövlətini təcəssüm etdirir.

Ölkəmizdə dini qurumların azad fəaliyyəti üçün tam şərait yaradılmışdır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi kollegiyasının 2015-ci ilin yekunları ilə bağlı keçirilən genişləndirilmiş iclasında komitənin sədri Mübariz Qurbanlı bildirib ki, il ərzində 52 dini icma dövlət qeydiyyatına alınmışdır. Onların 49-u islam, 3-ü qeyri-islam təmayüllüdür. Qeydiyyata alınmış dini qurumların ümumi sayı isə 644-ə çatmışdır. İndiyədək dövlət qeydiyyatından keçmiş dini qurumların 24-ü qeyri-islam təmayüllüdür. Onlardan 15-i xristian, 6-sı yəhudi, 2-si bəhai və 1-i Krişna şüuru dini icmasıdır.

Dekabrın 21-də Bakıda, Heydər Əliyev Mərkəzində 2017 - İslam həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq mövzusunda beynəlxalq konfrans keçirildi. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan edilən İslam həmrəyliyi ilinin yekunlaşması ilə bağlı konfransın açılış mərasimində iştirak edən Prezident İlham Əliyev çıxışında Azərbaycanın islam həmrəyliyi işinə böyük töhfələr verdiyini diqqətə çatdırdı. Xüsusi vurğuladı ki, Azərbaycan xalqı əsrlər boyu öz milli-mənəvi dəyərlərini yaşatmış, qorumuşdur. İslam dəyərləri isə milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir. Dini sahədə hökm sürən əmin-amanlıq, qarşılıqlı anlaşma, müsəlmanlar arasında mövcud olan birlik, dinlərarası münasibətlərin yüksək səviyyədə tənzimlənməsi bu gün ölkəmizi gücləndirən amillərdən biridir.

Göründüyü kimi, islam həmrəyliyi ümumbəşəri həmrəylik yolu, Azərbaycan isə bu həmrəyliyin əldə olunmasının nümunəsini yaratmış strateji məkandır.