Xalq qəzeti.-2017.-28 dekabr.-288.-S.5.

 

İslam həmrəyliyinin gücləndirilməsində Azərbaycanın rolu

 

Müşfiq Ələsgərli,

Jurnalistlərin Həmkarlar İttifaqının sədri

 

İslam həmrəyliyi ideyasının tarixi İslam dininin özü qədər qədimdir. Qurani-Kərim Hamınız Allahın ipindən yapışın, parçalanmayın hökmünü verir (Ali İmran, 103). Ardınca həmrəyliyi zəruri edən səbəblər də göstərilir: ... bir-birinizlə çəkişməyin, yoxsa zəifləyər və gücdən düşərsiniz...(Ənfal, 46).

Məhəmməd Peyğəmbər (s.) Qurandan qaynaqlanan prinsiplərə əsaslanaraq, üxuvvət (dini qardaşlıq) sosial sistemini formalaşdırmış, müsəlmanlar arasında yardımlaşmanı vacib əməllərdən biri elan etmiş, eyni zamanda, həmrəyliyi din qardaşlığını qan qardaşlığından, etnos və dil mənsubiyyətindən önə çəkmişdir. İslamda həmrəylik prinsipi təkcə yardımlaşmanı ehtiva edən sosial proqram deyil, həm də siyasi-ideoloji hərəkatdır. Peyğəmbər İslam inanclılarına haqq işi uğrunda mübarizədə bir-birinə dəstək verməyi vacib əməllərdən buyurmuşdur.

Tarix, həmrəylik ideyasının ciddi zərurətdən yaranmasını sübut edən faktlarla zəngindir. İslam ümməti həmrəylikdən üz çevirib 8 məzhəbə parçalanmağın da, həmrəy olub birləşməyin də sonucunu yaşayıb. Həmrəy olmaqla Səlib yürüşü kimi böyük hərəkatı məğlubiyyətə uğratmağı bacarıb, məzhəb savaşlarına alüdə olub parçalanmaqla Səfəvi imperiyasını, Osmanlı imperiyasını itirməyə məhkum edilib.

Birinci dünya müharibəsindən sonra Osmanlı imperiyasının Yaxın Şərqi itirməsi, regionun müsəlman ölkələrinin müstəmləkəçi dövlətlərin dağıdıcı, bölücü hücumlarına məruz qalması, müstəmləkəçilik planlarına qarşı müqavimət hərəkatı qurmaq zərurəti İslam həmrəyliyi ideyasını yenidən siyasi müstəviyə çıxardı, onu siyasi cərəyana çevirdi. Birinci dünya müharibəsi dönəminin məşhur alimi, İslam hərəkatının ideoloqlarından olan Seyid Cəmaləddin Əsədabadi (Əfqani) öz çıxışlarında əsaslandırırdı ki, İslam aləmində birliyə və həmrəyliyə nail olmadan, ingilislərin yeritdiyi müstəmləkəçilik siyasətinə qarşı mübarizə aparmaq imkansızdır. O, İslam həmrəyliyinin mahiyyətini izah edərək deyirdi: Düşmənlərə qarşı mübarizə islami vəhdətdə mümkündür. Şiə və sünni müsəlmanlarının vəhdətindən sonra düşmənlərə qarşı mübarizə aparmaq daha effektiv olacaq.

İslam həmrəyliyi ideyasının inkişaf etdirilməsi günümüz üçün də aktualdır. Belə ki, dünyanın əksər bölgələrində milli-mədəni və siyasi qarşıdurmalar, etnik siyasi konfliktlər, antisemitizm, islamofobiya, ksenofobiya halları, separatçılıq, terrorizm, dindən sui-istifadə edərək münaqişələr yaratmaq kimi bəşər sivilizasiyasını təhdid edən hadisələr yaşanır. Bu hadisələrin mütləq əksəriyyəti isə, müsəlmanların məskunlaşdıqları ölkələrin payına düşür. Yaxın Şərqdə, Suriyada, Fələstində, İraqda, Türkiyədə, Əfqanıstanda, Myanmada terror, insan qırğını, dini-mədəni irsin məhvi prosesləri səngimək bilmir. Paralel olaraq dünyada islamofob nəzəriyyələr inkişaf etdirilir, terrorizm, düşmənçilik, aqressivilik kimi halların müsəlmanlara xas olmasını ehtiva edən tezislər gündəmə gətirilir, beynəlxalq ictimai rəy İslam dininə və müsəlmanlara qarşı köklənir.

Prezident İlham Əliyev Dini tolerantlığın möhkəmləndirilməsinin Azərbaycan modeli: ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar mövzusunda Bakıda keçirilən beynəlxalq konfransdakı çıxışında bu mövzuya toxunaraq deyib: İslam sülh dinidir. Amma dünyanın bəzi aparıcı kütləvi informasiya vasitələrində dinimizi süni sürətdə ləkələmək, islamı terrorçuluqla, ekstremizmlə eyniləşdirmək cəhdləri bizi çox narahat edir. Bu informasiya fonu konfessiyalararası sülhün bərqərar olmasını istəməyən bəzi siyasətçilərin məsuliyyətsiz bəyanatları ilə möhkəmləndirilir.

Bu yöndə problemlərin ciddiliyinə toxunan Qərbin nüfuzlu analitik mərkəzi- Global research öz hesabatında maraqlı bir nüansı açıqlayıb. Bildirib ki, Qərb mediasında terrorla bağlı materialların 98 faizi sonda İslam faktoru ilə əlaqələndirilir, terror aktlarının səbəbi kimi İslam düşüncəsi göstərilir. Təşkilat təmsilçiləri dərhal da qeyd edirlər ki, bu yanaşmanın reallıqla heç bir əlaqəsi yoxdur. Sübut kimi ABŞ Federal Təhqiqatlar Bürosunun 1980-2015-ci illər arasında ABŞ-da törədilən terror hadisələri ilə bağlı hesabatlarına istinad edirlər. Bildirirlər ki, bu dövrdə superdövlətdə törədilən qanlı hadisələrin yalnız 2,5 faizi müsəlman mənşəli şəxslər və ya qruplaşmalarla bağlı olub. Qalan 97,5 faiz hadisə xristian və digər dinlərin inanclıları tərəfindən törədilib.

Araşdırmalara görə, bənzər situasiya Avropada da qüvvədədir. Bəlli dönəmdə Avropada törədilən terror aksiyalarının cəmi 4 faizi müsəlman mənşəlilərə aid edilir. Qalan 96 faiz olayların səbəbkarı isə fərqli dinlərin təmsilçiləri, o cümlədən xristian inanclılardır. Amma bütün bunlara baxmayaraq, baş verənlər KİV səhifələrində fərqli formada təqdim edilir, məqalələrin 98 faizində müsəlmanlar günahkar bilinir. Gun Violence Archive adlı qurum isə bildirir ki, ABŞ-da, təkcə 2017-ci ilin yanvar-sentyabr ayları ərzində 46 min 593 silahlı cinayət törədilib, bu hadisələr nəticəsində 11 min 652 nəfər ölüb, 23 min 512 nəfər yaralanıb. Amma ABŞ mediası bu qədər olayın içərisində yalnız 2017-ci il oktyabrın 31-də baş verən, 8 nəfərin ölümü, 15 nəfərin yaralanması ilə nəticələnən hadisəni qabardır. Səbəb odur ki, 31 oktyabr insidenti özbək əsilli müsəlman 29 yaşlı Seyfullah Saipov tərəfindən törədilib.

Belə yanaşma onu göstərir ki, Qərbdə islamofob mərkəzlərin fəaliyyətləri pik nöqtəyə çatıb, effekt verməyə başlayıb. İndi İslam və müsəlmançılıqla bağlı fikir söyləmək istəyən avropalının təfəkküründə ilk öncə terrorizm, radikalizm, dağıdıcılıq, cəhalət kimi epitetlər assosiasiya olunur. Bu yanaşma təsadüfən formalaşmayıb. On illərdir ki, Qərb mediası islamofob mərkəzlərin təsiri altında bu yöndə təbliğat aparıb, xəbər gündəmini bu ittihamlara köklənmiş məlumatlarla zənginləşdirib, ictimai rəyi bu istiqamətə yönəldib. Bütün bunlar İslam dünyasında müqavimət hərəkatının qurulmasını, həmrəylik ideyasının inkişaf etdirilməsini, həmrəylik ideyasının gerçəkləşdirilməsi mexanizmlərinin hazırlanmasını zəruri edir.

İslomofob qüvvələrin planlarını qırmaq, kəskinləşən ziddiyyətlərin qarşısını almaq, həmçinin İslam ümmətini parçalayan səbəbləri aradan qaldırmaq üçün tarixən müxtəlif mexanizmlər tətbiq edilib. Bu yöndə son effektiv model olaraq İslam Əməkdaşlıq Təşkilatı yaradılıb. İslam dünyasının siyasi, iqtisadi, mədəni inkişafı, islam ölkələri arasında əməkdaşlığın inkişaf etdirilməsi baxımından İƏT-in rolu əvəzsizdir. Bircə faktı qeyd etmək kifayətdir ki, İƏT Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqq işinin müdafiəsinə yönələn birmənalı mövqe tutub. Təşkilatın baş katibliyi Azərbaycanın manafeyinə uyğun olan bir neçə bəyanat verib və Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan torpaqlarından çıxmasını tələb edən qətnamələr çıxarıb. BMT yanında müşahidəçilik statusu daşıması İƏT-in bəyanat və qətnamələrinin təsir gücünü artırıb.

Təcrübə göstərir ki, 1969-cu ildə yaradılmış İƏT-in strukturlarını təkmilləşdirmək, fəaliyyətlərini intensivləşdirmək, ideyalarını zənginləşdirməklə daha uğurlu nəticələr əldə etmək mümkündür. İƏT-ə 1991-ci ildə qoşulmaqla gənc üzv olmasına baxmayaraq, Azərbaycan həm təşkilata, həm də ümumilikdə İslam həmrəyliyi ideyasının gerçəkləşməsinə əvəzsiz töhvələr verə bilib.

İslam həmrəyliyini dərinləşdirmək, məzhəblərarası gərginliyi aradan qaldırmaq, müsəlman xalqları arasında ictimai-siyasi münasibətləri daha da intensivləşdirmək yönündə Azərbaycan effektiv təşəbbüslərlə çıxış etmiş, bu təşəbbüslərin gerçəkləşməsi üçün mühüm addımlar atmışdır. Azərbaycanın təşəbbüsü ilə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər Forumu yaradılaraq, operativ iş qura bilmişdir. İƏT-in
45 üzv ölkəsini təmsil edən 60-dan artıq təşkilatın nümayəndə heyətlərinin yekdil rəyi ilə Azərbaycan təmsilçisinin Gənclər Forumunun kuratoru seçilməsi ölkəmizə İƏT-də göstərilən etimad kimi dəyərləndirilə bilər.

İƏT Ölkələrinin Jurnalistləri Assosiasiyası da Azərbaycanın təşəbbüsü və ev sahibliyi ilə yaradılıb. Dövrümüzdə İslam dünyasına qarşı qurulan yanlış, qərəzli təbliğatın önlənməsi üçün ixtisaslaşmış media təşkilatlarının qurulmasına nə qədər zərurət olduğunu əsaslandırmağa ehtiyac yoxdur. Yuxarıda transmilli media şəbəkələrinin İslam haqqında necə yanlış rəy formalaşdırdıqlarından nümunələr göstərdik. Prosesin önlənməsi üçün İslam ölkələrinin peşəkar media qurumlarının koordinasiya edilmiş fəaliyyət qurmaları vacibdir ki, bu ideyanın reallaşdırılmasına da Azərbaycan tərəfi həm müəlliflik, həm də ev sahibliyi etdi.

Bu il dekabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil üçün qrantların verilməsi barədə sərəncam imzalamaqla, İslam dünyasına daha bir töhfə vermiş oldu. Sərəncama əsasən, 2018-ci ildən başlayaraq, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrində tədris dilinə uyğun hazırlıq kurslarında və ali təhsilin bakalavriat, magistratura, doktorantura, tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrində təhsil qrantı veriləcək.

Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsi yönündə möhtəşəm töhfələrindən biri də Bakı 2017- İslam Həmrəyliyi Oyunlarnın təşkili və 2017-ci ilin Azərbaycanda İslam Həmrəyliyi ili elan olunmasıdır. Prezident İlham Əliyev İslam həmrəyliyinin fəlsəfəsini məntiqi cəhətdən ümumiləşdirərək demişdir: Bu gün müsəlman dünyasının əvvəlki dövrlərdə heç zaman olmadığı qədər daha çox birliyə və həmrəyliyə ehtiyacı var. Buna görə də 2017-ci ilin ölkəmizdə İslam Həmrəyliyi ili elan olunması bütün müsəlman aləminə və dünyaya xoşməramlı mesajdır. İslam Həmrəyliyi ilinin əsas məqsədləri müsəlman aləmində birliyi möhkəmləndirmək, İslamın sülh və mədəniyyət dini olduğunu bütün dünyaya göstərməkdir.

İslam həmrəyliyini formalaşdırmaq və onu daha da dərinləşdirmək üçün İslam aləminin mədəniyyətini təşviq etməyi zəruri hesab edən Prezident İlham Əliyev İslamı dünyada təhlükə mənbəyi kimi qələmə verənlərə qarşı mübarizəni gücləndirməyi irəli sürərək demişdir: Biz müsəlman aləminin mədəniyyətini nümayiş etdirmək, islamı sülh, qardaşlıq və tolerantlıq dini kimi təqdim etmək məqsədilə dünyanın müxtəlif yerlərində konfranslar, sərgilər və digər mədəni tədbirlər təşkil etmişik. İslamı dünyaya təhlükə dini kimi təqdim etmək istəyənlərə imkan verməmək üçün biz daha çox çalışmalı və səylərimizi birləşdirməliyik. İslam sülh və qardaşlıq dinidir. Biz bunu bilirik. Hər kəs bunu bilməlidir. Dəyərlərimizi təşviq etmək və keçmişimizi, bu günümüzü və gələcəklə bağlı planlarımızı düzgün şəkildə çatdırmaq üçün fəal olmalıyıq.

Bu məqamda bir nüansın vurğulanması vacibdir. Məlumdur ki, Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra həm İslam ölkələrini birləşdirən beynəlxalq təşkilatlarla İslam Əməkdaşlıq Təşkilatı ilə, həm də, Qərb təşkilatları Avropa Şurası, Avropa İttifaqı ilə sıx əməkdaşlıq edir. Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycan Respublikası çox vaxt İslam dünyası ilə Qərb dünyasının bir-birinə yaxınlaşmasına da öz töhfəsini vermişdir. Məsələn, İslam dünyası ilə Qərb dünyasının sosial-mədəni əlaqələrinin genişlənməsində mühüm rol oynayan Azərbaycanın son illərdə Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etməsi yuxarıda dediklərimizə əyani sübutdur. Bildiyimiz kimi, Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumunun 2008-ci ildən etibarən Bakıda keçirilməsi artıq Bakı prosesi adı ilə tarixə düşmüşdür.

Bakı prosesini Prezident İlham Əliyevin ölkəmizin xarici siyasətində həyata keçirdiyi ən mühüm tədbirlərdən biri hesab etmək olar. Çünki Bakı prosesi ilə ölkəmiz İslam dünyası ilə Qərb dünyası arasındakı əməkdaşlıq əlaqələrində mühüm rol oynamışdır ki, bu da Azərbaycanın İslam həmrəyliyi prosesinə əvəzsiz töhfəsi kimi dəyərləndirilə bilər.