Azərbaycan.-2017.-16 dekabr.-278.-S.1,9.

 

Müstəqil siyasətin növbəti təsdiqi

 

Rəşad Cəfərli

 

Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri mənəvi ortaqlıqdan irəli gələrək müsəlman dövlətləri ilə əlaqələrin qurulması və daim inkişaf etdirilməsidir. Bu xətt 1993-cü ildən bəri daim özünü göstərib və bu gün ölkəmizin bütün İslam aləmi ilə sıx münasibətləri formalaşıb.

 

Təsadüfi deyil ki, Azərbaycanın ilk diplomatik missiyaları da müsəlman ölkələrində fəaliyyətə başlayıb. Hazırda respublikamız İslam Əməkdaşlıq Təşkilatı, ISESCO kimi müsəlman dünyasını birləşdirən qurumların fəal və aparıcı üzvlərindən biridir.

 

Müsəlman aləminin birliyi üçün göstərilən siyasi iradə

 

Son onilliklərdə İslam dünyası olduqca narahat günlərini yaşamaqdadır. Bəzi hallarda xarici təsirlər, bir sıra ölkələrdə İslam dini pərdəsi altında yürüdülən yanlış siyasətlər və cəmiyyətlərin cəhalətə yuvarlanması müsəlman aləminin əsrlər boyu formalaşdırdığı müsbət bəşəri dəyərləri məhvə sürükləyib. Bu məhvin ən acınacaqlı tərəfi isə İslam dünyasında baş alıb gedən məzhəb parçalanmaları, müsəlmanları bir-birinə düşmən edən dini fikir ayrılıqlarıdır. Və nəticədə görünən odur ki, bu gün daxili münaqişələrə, kəskin məzhəb bölünmələrinə, xurafata məruz qalan İslam aləmi sivil dünyanın inkişaf sürətindən çox geri qalır.

Belə bir şəraitdə bütün müsəlman dövlətlərinin həmrəylik nümayiş etdirməsi olduqca vacib əhəmiyyət kəsb edir. Bu mənada Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda İslam həmrəyliyi ili elan etməsi ölkəmizin müsəlman aləminin birliyi üçün nümayiş etdirdiyi mühüm siyasi iradənin göstəricisidir. Azərbaycan bu çərçivədə həyata keçirdiyi tədbirlərlə İslama qarşı qərəzli hücumların önünə keçib. Diqqəti məqsədli təbliğatın ancaq qara rəngdə təqdim etdiyi bu dinin işıqlı cəhətlərinə, xoş məramlarına yönəldib. Azərbaycan İslamın sülh, qardaşlıq, ədalət və humanizm dəyərləri fonunda təqdim olunmasının, terror çamurundan təmizlənməsinin silahın, xurafatın yox, yalnız elmin, mədəniyyətin gücünə tapınmaqdan keçdiyini anladıb.

 

Azərbaycan sülh yolunu dəstəkləyir

 

ABŞ Prezidentinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnaməsinə zidd olaraq Qüds şəhərinin İsrailin paytaxtı kimi tanınması və ABŞ səfirliyinin bu şəhərə köçürülməsi ilə bağlı qərarı ətrafında yaranan beynəlxalq narahatlığa Azərbaycanın münasibəti də ölkəmizin İslam həmrəyliyinə verdiyi töhfənin göstəricisidir.

Ümumiyyətlə, Azərbaycan, beynəlxalq ictimaiyyətin digər üzvləri kimi, dünyanın müxtəlif yerlərində baş verən, bəzi regionlarda siyasi qeyri-sabitliyə, humanitar böhranlara yol açan müharibə və silahlı münaqişələrlə bağlı daim ciddi narahatlığını ifadə edib. İsrail-Fələstin münaqişəsinin həll edilməməsi də yalnız bu regiona deyil, beynəlxalq təhlükəsizliyə də təhdid yaradır. Onilliklərdir davam edən İsrail-Fələstin münaqişəsi, humanitar hüquq və insan haqları da daxil olmaqla, beynəlxalq hüquq çərçivəsində nizamlanma baxımından kollektiv, təcili təxirəsalınmaz və qətiyyətli fəaliyyəti zəruri edir.

Dekabrın 13-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) hazırkı sədri Türkiyə Respublikasının təşəbbüsü ilə Qüds məsələsinə dair keçirilən fövqəladə Zirvə toplantısında Prezident İlham Əliyevin iştirakı da ölkəmizin bu məsələyə həssas münasibətindən xəbər verir.

Öz çıxışında bütün bu məsələlərin narahatlıq doğurduğunu, Azərbaycanın Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla iki dövlət prinsipi əsasında həllini dəstəklədiyini bəyan etdi: Azərbaycan ardıcıl olaraq Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla iki dövlət prinsipi əsasında həllini dəstəkləyir. Bir neçə il bundan əvvəl Azərbaycan Fələstin Dövlətinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsis konfransına və Qüds şəhərinin inkişafına dəstək məqsədilə donor konfransına evsahibliyi etmişdir. 2017-ci ilin iyul ayında Azərbaycanda BMT-nin Fələstin xalqının ayrılmaz hüquqlarının həyata keçirilməsinə dair komitənin, BMT-nin humanitar məsələlər üzrə əlaqələndirmə ofisinin, İƏT və müxtəlif qeyri-hökumət və vətəndaş cəmiyyəti təşkilatlarının iştirakı ilə Qüds məsələsinə dair beynəlxalq konfrans keçirilmişdir. Konfransda Şərqi Qüdsün işğalı və Əl-Əqsa məscidində ibadət edənlərə qarşı tətbiq olunan məhdudiyyətləri qınayan bəyanat qəbul edilmişdir.

 

Fələstinlə əlaqələr inkişaf edir

 

Azərbaycan və Fələstin arasında sıx siyasi dialoq mövcuddur. 2011-ci ildə Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas Azərbaycana səfər edib. İndiyədək müxtəlif səviyyələrdə Azərbaycan rəsmiləri və Fələstin nümayəndələri arasında müntəzəm əməkdaşlığa dair məsləhətləşmələr keçirilir. 2016-cı ilin mayında Azərbaycandan yüksəksəviyyəli nümayəndə heyəti Ramallaha rəsmi səfər etmiş və səfər çərçivəsində praktik əməkdaşlığın daha da intensivləşdirilməsini nəzərdə tutan ikitərəfli müqavilələr imzalanmışdır. Həmçinin Fələstin Xarici İşlər Nazirliyinin nümayəndələrindən ibarət heyət 2017-ci ilin fevral ayında Bakıya səfər etmişdir.

Azərbaycan Fələstini bütün beynəlxalq forum və təşkilatlarda dəstəkləyib. Buna misal olaraq 2013-cü ildə Əl-Qüds Əl-Şərif şəhərinin inkişafına dair strateji planın maliyyələşdirilməsi üçün donor konfransı və Fələstin Dövlətinin dəstəklənməsi üçün İslam maliyyə təhlükəsizlik şəbəkəsinin yaradılması konfransı kimi iki tədbirin Bakıda keçirilməsini göstərmək olar. Əl-Qüds şəhərinin inkişafına dair strateji planın maliyyələşdirilməsi şəhərin sosial-iqtisadi sahələrinin tərəqqisinin sürətləndirilməsinə xidmət edib.

Hər bir dövlətin dünyada nüfuzunu və yerini müəyyən edən başlıca amillərdən biri onun həyata keçirdiyi siyasətin mahiyyətidir. Azərbaycan dövlətinin həyata keçirdiyi müstəqil siyasətin dünyanın böyük ölkələri tərəfindən hörmətlə qarşılanması və qəbul edilməsi son illərin mühüm siyasi reallıqlarından biridir. Ölkəmiz Rusiya, ABŞ, İsrail kimi beynəlxalq siyasi arenada öz çəkisi olan dövlətlərlə yaxın münasibətlər qurub və onlarla qarşılıqlı faydalı əməkdaşlığı, strateji tərəfdaşlıq əlaqələrini daim inkişaf etdirir. Prezident İlham Əliyevin bu ölkələrin hər birinin liderləri ilə qarşılıqlı hörmətə və etimada əsaslanan yüksəksəviyyəli əlaqələri var. Bu mənada Qüdslə bağlı yaranmış beynəlxalq narahatlıqla əlaqədar Azərbaycanın mövqeyi də ölkəmizin yeritdiyi müstəqil siyasətin göstəricisidir.