Palitra. - 2017.- 19 dekabr. - ¹ 232. - S. 6.

 

“İslam həmrəyliyinin Azərbaycan modelinin elmi əsasları”

 

Nigar

 

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) "İslam həmrəyliyinin Azərbaycan modelinin elmi əsasları" mövzusunda konfrans keçirib. Tədbirdə AMEA rəsmiləri və institutlarının təmsilçiləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Qafqaz Müsəlmanları İdarəsinin, Azərbaycanda təmsil olunan müsəlman ölkələrinin səfirliklərinin, təhsil müəssisələrinin, media və ictimai təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik, millət vəkili İsa Həbibbəyli 2017-ci ilin Azərbaycanda "İslam həmrəyliyi ili" elan olunduğunu xatırladaraq AMEA-nın bu istiqamətdə gördüyü işlərdən bəhs edib. İ.Həbibbəyli İslam həmrəyliyinin müsəlman ölkələrində problemlərin həllinə, onlar arasında iqtisadi, mədəni münasibətlərin genişlənməsinə töhfə verdiyini söyləyib. Onun sözlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İslam ölkələri arasında həmrəylik təşəbbüsü təqdirəlayiqdir və bu müsəlman ölkələri tərəfindən də dəstəklənir. Akademik "İslam həmrəyliyi ili" çərçivəsində Mərkəzi Elmi Kitabxanada təşkil olunan tədbiri AMEA-dakı sisilə tədbirlərin yekunu adlandırıb. İslam aləminin, müsəlman ölkələrinin həmrəyliyinə ciddi-cəhdlə çalışan Azərbaycanın bu sahədə xüsusi fəallıq göstərməsini qeyd edərək, ölkəmizin beynəlxalq aləmdə nüfuzunu genişləndirməyə müvəffəq olduğunu bildirib.

BDU-nun professoru İzzət Rüstəmov Azərbaycanda nəiki islam, eyni zamanda müxtəlif dinlərə, məzhəblərə xüsusi həssaslıqla yanaşıldığını, tolerant ölkə olaraq bütün daxili və xarici siyasətdə bu məsələyə önəm verildiyini söyləyib.

İraq Respublikasının Azərbaycandakı səfirliyinin üçüncü katibi xanım Enas Abdul Kadhim Mohammed Al-Khazraji Azərbaycanda İslam Həmrəyliyi ilə bağlı görülən işləri, o cümlədən Heydər Əliyev Fondu tərəfindən həyata keçiirlən layihələri yüksək qiymətləndirib, ölkələrin birlik nümayiş etdirməsini müsəlman dünyasına xeyir verə biləcək bir iş olacağına ümid etdiyini dilə gətirib.

BDU İlahiyyat fakültəsinin baş müəllimi, Qafqaz Müsəlmanları İdarəsinin şöbə müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov "Çoxluqdan birliyə: İslam məktəbləri arasındakı fərqliliklərə necə yanaşmalı?" başlıqlı məruzəsində İslam dinində müxtəlif dövrlər üzrə baş vermiş məzhəb təfriqələrinin xarakteri, səbəbləri və aradan qaldırılma cəhdləri haqqında ətraflı məlumat verib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli "İslam dünyası və müasir çağrışlar", BDU-nun İlahiyyat fakültəsinin dosenti Elnurə Əzizova "İslamda fərqli düşüncəyə münasibət", Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Rəşad İlyasov "Azərbaycanlı mütəfəkkirlərin İslam düşüncəsinin formalaşmasındakı rolu", AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Rauf Məmmədov "İslam həmrəyliyi problemləri və onun həlli yolları" mövzusunda elmi məruzələr ediblər.

Sonda Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova MEK-in təşkilatçılığı ilə keçirilən konfransın Azərbaycanda 2017-ci ildə elan olunan “İslam həmrəyliyi ili”nə töhfə olduğunu vurğulayıb. O, konfransın nəticəsi olaraq ictimaiyyətə ünvanlanmış müraciəti səsləndirib. Müraciətdə İslam dini daxilindəki müxtəlifliklər arasında əsaslı və taleyüklü fərqlərin olmadığı, bu müxtəlifliklərin mədəni-məişət özəlliklərindən irəli gələn fərqlər olduğu vurğulanır: “Hər bir müsəlman mövcud fərqlərə hörmətlə yanaşmalı və fərqlər zəminində yarana bilən münaqişələrin qarşısını almaq üçün çalışmalıdır. Müsəlmanın Allah qarşısında xidməti birlik və həmrəylikdən keçir. İslam həmrəyliyinin Azərbayacan modeli bu baxımdan unikal bir xarakter daşıyır. Belə ki, Azərbaycanda multikulturalizm və dini həmrəylik tarixdən gələn və Azərbaycan xalqının mədəni dəyərlərinə söykənən bir ənənədir. Təsadüfi deyil ki, istər keçmişdə, istərsə də günümüzdə müxtəlif dinlərin və məzhəblərin nümayəndələri ölkəmizdə bir ailə kimi yaşamış və yaşayırlar. Bu ənənə dini həmrəyliyin real olmasını və nümunə modeli kimi tətbiq olunmasının mümkün olduğunu sübut edir”.

Müraciət konfrans iştirakçıları tərəfindən yekdilliklə dəstəklənib. Müraciətin tam mətnini buradan yükləyə bilərsiniz.