Paralel. - 2017.- 15 dekabr. - ¹ 223. - S. 10.

 

İslam həmrəyliyi tolerantlığın və multikulturalizmin bir təzahürüdür

 

Etnik mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasında Azərbaycan xalqına xas olan humanizm və çoxmillətlilik dəyərlərinin müstəsna rolu var

 

2017-ci ilin ölkəmizdə "İslam Həmrəyliyi İli" elan edilməsini, bundan əvvəlki ilin "Multikulturalizm İli" kimi qeyd edilməsinin məntiqi davamı hesab etmək olar. "Multikulturalizm İli" bizə bir tərəfdən multikultural ənənələrin işıqlandırılmasına imkan yaratdısa, digər tərəfdən Azərbaycan həqiqətlərini dünyaya çatdırmağa yol açdı.

 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan edilməsi isə ölkəmizin İslam dünyasında baş verən proseslərə nizam gətirmək istəyindən irəli gəlir. Çünki biz "İslam Həmrəyliyi İli"ndə həm İslam daxilində, həm də İslam aləmi ilə digər konfessiyalar arasında həmrəyliyi görmək istəyirik. İslam həmrəyliyi, əlbəttə ki, təkcə İslam aləmi daxilində həmrəyliyi nəzərdə tutmur. İslam həmrəyliyi dedikdə, həm də İslam aləmi ilə digər konfessiyalar arasında qarşılıqlı münasibətləri, harmoniyanı nəzərdə tutur.

Biz özümüz də bir fərd olaraq müəyyən vaxtlarda qohum, qonşu, dost-tanışlara  maddi-mənəvi köməklik göstərir, onların sevincini, kədərini bölüşür və bununla da biri-birimizə qarşı həmrəylik nümayiş etdiririk. Buna görə də həmrəylik həyatımızın ayrılmaz parçasına çevrilib. Bu anlayış adət-ənənələrimizə söykənməklə yanaşı, dinimizdə də öz əksini tapıb. İslam dini vəhdət, birlik, sevgi və sülh dinidir. Dini nöqteyi-nəzərdən ictimai həyat da şəxsi həyatımız qədər əhəmiyyət kəsb edir. Peyğəmbərimizin (s.ə.s.) hədislərindən birində deyilir: "Möminlər biri-birini sevməkdə, biri-birinə mərhəmət etməkdə və bir-birilərini qorumaqda bir bədənə bənzəyirlər. Bədənin bir üzvü xəstə olduğu zaman, digər üzvlər də bu səbəbdən yuxusuzluğa və qızdırmalı xəstəliyə tutularlar". (Buxari, Ədəb 27; Müslim, Birr 66). Bu hədis məhz həmrəyliyə diqqət çəkir və bütün müsəlmanları bir vücuda bənzədərək onları birliyə dəvət edir.

Bu gün dünyada baş verən siyasi proseslər, xüsusən müsəlman ölkələrindəki münaqişələrin, həmçinin bir sıra ölkələrdə islamafobiyanın geniş vüsət alması İslam dünyasında həmrəyliyə nə qədər ehtiyacı olduğunu bir daha göstərir. Ancaq çox təəssüf ki, müsəlman ölkələri arasında münasibətlərin, həmrəyliyin istənilən səviyyədə olmaması, birlik nümayiş etdirilməməsi, düşmən güclərin fəaliyyəti üçün münbit şərait yaradır. Bundan istifadə edən bəzi qüvvələr İslama qarşı açıq-aşkar düşmənçilik edir, İslam dünyasını bütövlükdə zəiflətmək, imkanlarını məhdudlaşdırmaq üçün ciddi cəhdlər göstərirlər. Bu cəhdlər də İslam dünyasının parçalanmasına, dinimizlə heç bir bağlılığı olmayan terrorizm kimi neqativ halların yaranmasına, müsəlman ölkələrində daxili münaqişələrə, onminlərlə insanın öz ölkələrindən didərgin düşməsinə səbəb olur. Bu qüvvələr başa düşmək istəmirləri ki, terrorizm, düşmənçilik, aqressivlik kimi neqativ hallar müsəlmanlara xas deyil, əksinə, müsəlmanlar həmişə həmrəylik, sülhsevərlik, qarşılıqlı anlaşma, dostluq və əməkdaşlıq kimi ümumbəşəri əxlaqi dəyərlərə sadiq olduqlarını nümayiş etdirir və bütün bəşəriyyəti bu prinsiplərə sadiq olmağa səsləyir. Bəşər tarixinə, mədəniyyətinə, elminə böyük töhfələr verən, onu zənginləşdirən İslam dünyası, bu gün də dünyaya öz sözünü demək istəyirsə, mütləq şəkildə həmrəy olmaq məcburiyyətindədir. Çünki Avropanın bir sıra ölkələrində İslam memarlığına qarşı qadağa, islami həyat tərzinə mənfi münasibət, xüsusilə də təhqirlərlə dolu karikatura qalmaqalları və digər bu kimi hadisələr islam dünyasına qarşı çevrilmiş islamofobiya siyasətinin tərkib hissəsidir. Lakin İslam dəyərlərinə qarşı bu cür münasibət, qlobal və universal dəyərlərin müdafiəçisi kimi çıxış etdiyini iddia edən Qərb üçün yaxşı heç nə vəd etmir. Yaddan çıxarmaq olmaz ki, Avropanın bütün ölkələrində müsəlmanlar yaşayırlar. Bu artıma səbəb də Avropanın islam ölkələrində yürütdüyü siyasət nəticəsindən yaranan miqrasiyadır. Avropa rəsmiləri güman edirdilər ki, xaricdən yeni gələn bu mühacirlər avropalılar arasında əriyəcək və Qərb dəyərlərinin daşıyıcısı olacaqlar. Bunun üçün də bu gün çox aktual olan multikulturalizm nəzəriyyəsini ortaya atdılar. Lakin hadisələr onların gözlədiklərinin tam əksinə cərəyan etdi. Avropaya gələn mühacirlər milli-dini dəyərlərinə sadiq qalaraq, Qərbin dəyərsizlik çağırışlarına möhkəm ailə dəyərləri ilə cavab verdilər. Bu səbədən də Avropa ölkələri multikulturalizm siyasətinin özünü doğrultmadığını iddia etməyə başladılar. Çünki multikulturalizm həyat tərzidir, assimilyasiya metodu kimi tətbiq olunması onun mahiyyətini dəyişir.

Məhz, yuxarıda qeyd etdiklərimizi nəzərə alaraq dünyada islamofobiya meyillərinin qarşısını almaq və multikulturalizmin, tolerantlığın əyani nümunəsini ortaya qoymaq üçün Azərbaycan dövləti üzərinə məsuliyyətli bir missiya götürüb. Çünki Azərbaycan müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant ölkədir. Ölkəmizdə ayrı-ayrı etiqad və inanclara malik etnosların min illərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasında Azərbaycan xalqına xas olan humanizm və çoxmillətlilik dəyərlərinin müstəsna rolu var.

Onu da yaddan çıxarmaq olmaz ki, İslam dünyası əsrlər boyu yalnız siyasi-hərbi cəhətdən deyil, eyni zamanda, elm, mədəniyyət, incəsənət, tibb, fəlsəfə kimi müxtəlif sahələrdə dünyanın mərkəzi olub. Tanınmış Yaxın Şərq üzrə mütəxəssis Daniel Pipes bir məqaləsində müsəlmanların özlərinə inamına belə bir şərh verib: "Bu, özünə inamı təmin edən amillərdən biri də İslamın ilk altı əsrində müsəlmanların əldə etdiyi böyük nailiyyətlərin xatirəsidir. Bu dövrdə İslam mədəniyyəti ən qabaqcıl dünya mədəniyyətinə çevrilib və müsəlmanlar ən yaxşı səhiyyə standartlarına, ən yüksək elmi nailiyyətlərə sahib olublar. Elmi-texniki tədqiqat mərkəzlərinin çoxu müsəlmanların nəzarətində olub. 715-ci ildə müsəlmanlar Qərbdən İspaniyadan Şərqdə Hindistana qədər uzanan imperiya yaradıblar".

Bütün bu reallıqlar prizmasından baxanda, Prezident İlham Əliyevin sərəncamı ilə 2017-ci ilin Azərbaycan Respublikasında "İslam Həmrəyliyi ili" elan edilməsi humanist və sülhsevər bir təşəbbüs olmaqla bərabər, həm də ölkəmizin İslam birliyinə olan həssas münasibətinin göstəricisidir. Bununla müstəqil Azərbaycan həm də həmrəylik, birlik, əməkdaşlıq hərəkatının əsas hərəkətverici qüvvəsinə çevrilir. Biz qəti əminik ki, bu sərəncam müasir dünyada həmrəylik ideallarına böyük çağırışlar doğuracaq. Azərbaycanda sağlam dövlət-din münasibətlərindən qaynaqlanan bu təşəbbüs dünyada İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində əməli addımların atılmasına, o cümlədən müsəlman ölkələri arasında əməkdaşlıq əlaqələrinin daha da güclənməsinə öz töhfəsini verəcək. Ən əsası, İslam dünyasında sülhün, əmin-amanlığın təmin olunmasında və möhkəmlənməsində mühüm rol oynayacaq.

İslam aləmində dünyəvi dövlətçiliyin nadir modellərindən biri kimi tanınan Azərbaycan, müsəlman ölkələri arasında vəhdət, dini həmrəylik proseslərində də həmişə ön sıralardadır. Müasir Azərbaycan dövlətçiliyinin banisi, İslam dəyərlərinə müstəsna qiymət verən ulu öndər Heydər Əliyevin xilaskar azərbaycançılıq məfkurəsinin təməlində də milli birlik, dünyəvilik, müasirliklə yanaşı, dini dəyərlərə sadiqlik, mənəvi vəhdət, islami həmrəylik durur.

İslam dəyərlərinin ümumbəşəri əhəmiyyətinə böyük önəm verən dövlətimizin başçısı İlham Əliyev müqəddəs dinimizin sülhsevər mahiyyətinin dünya miqyasında təbliği istiqamətində çox böyük işlər görür. Azərbaycan dövlətinin dəstəyi ilə Parisdəki Luvr muzeyində İslam mədəniyyəti bölməsinin açılması, Vatikanda ilk dəfə olaraq müsəlman ölkəsi Azərbaycanın sərgisinin təşkili ölkəmizin ümumislam mədəniyyətinə töhfəsidir. İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üçün Bakının seçilməsi də buna bariz nümunədir.

Bu da onu deməyə əsas verir ki, Azərbaycan multikulturalizm sahəsində olduğu kimi, İslam həmrəyliyi istiqamətində də dünyaya nümunə ola biləcək bir siyasət həyata keçirir. Dinlərarası və mədəniyyətlərarası dialoq və əməkdaşlığa önəmli töhfələr verən Mehriban xanım Əliyevanın Birinci vitse-prezidentlik dönəmi də xalqımız və dövlətimiz üçün xeyirli işlərlə seçiləcəyinə, dövlətimizin qlobal əhəmiyyətli məsələlərin həllinə öz töhfəsini verəcəyi də heç kimdə şübhə oyatmır.

Çünki İslam həmrəyliyinin Azərbaycan modelinin əsası ölkəmizdə qoyulur və prezident İlham Əliyevin bu təşəbbüsü bütün islam dünyasında, eləcədə dünyanın bütün sülhsevər cəmiyyətlərində böyük ruh yuksəkliyi ilə qarşılanır.  Bəşəriyyətin bir çox qlobal problemlərlə üz-üzə olduğu bir dönəmdə Prezidenti İlham Əliyevin 2017-ci ili "İslam Həmrəyliyi İli" elan etməsi çox müdrik qərar kimi dəyərləndirilir. Beynəlxalq miqyasda sülhə, əmin-amanlığa nail olmaq, müxtəlif yönümlü münaqişələri aradan qaldırmaq, milli, dini, irqi zəmində nifrət və qarşıdurmalara son qoymaq, bəşəriyyətin üzləşdiyi sosial, iqtisadi, ekoloji, demoqrafik və s. problemlərin həll üçün belə bir həmrəyliyin vacibliyin indi hər kəs anlayır.

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunub

 

 

 “Paralel”in Araşdırma Qrupu