Şərq. - 2017.- 12 dekabr. - ¹ 227. - S. 12.

 

Səmədağa Ağamalıoğlunun Cümhuriyyət parlamentində fəaliyyəti

 

Salatın Əhmədli,

filologiya üzrə fəlsəfə doktoru, dosent

 

Nəhayət ki, 1918-ci ilin dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyəti parlamenti müstəqil ölkənin paytaxtı Bakıda ilk toplantısını keçindi. N. Nərimanovun Bakı 'Hümmət'çilərindən fərqli olaraq S. Ağamalıoğlunun Tiflis sosial- demokratlan müstəqil Azərbaycanın ilk parlamentində təmsil olunmağı, siyasi mübarizələrini demokratik qaydada davam etdirməyi lazım bildilər.

 

Parlamentin ilk iclasında “Hümmət"in liderlərindən Ələkbər ağa Şeyxulislamov digər firqə təmsilçiləri kimi çıxış edərək millət məclisinin açılışını təbrik etdi. O, parlamentdə sosialistlər fraksiyasının yaradıldığını bəyan edərək üzv olduğu partiyanın bəyannaməsini millət vəkillərinə çatdırdı. Bəyannamədən fəhlə və kəndlilərin müdafiəsi, yoxsullara yardım olunması, tezliklə bütün əməkçilərin gözlədiyi torpaq islahatının vacibliyi əks olunurdu.

İlk iclası da “ittihad” partiyasının lideri Qarabəy Qarabəyovun siyasi məhbuslara azadlıq verilməsi ilə bağlı amnistiya aktının qəbul olunması təklifi “Hümməfçilər tərəfindən dəstəkləndi. Əfv-ümumi haqda qanun layihəsi hazırlamaq barədə təklifə S. Ağamalıoğlu da tərəfdar çıxdı və parlament komissiyasına “Hümmət”in təmsilçisi kimi qatıldı.

“Hümmət" sosial-demokratlar partiyasının Azərbaycanın müstəqilliyinə təhlükə görərsə, əldə silah mübarizə aparacaqlarını bəyan edən Ə. Şeyxülislamov bildirirdi ki, sosialistlər heç də müstəqilliyin və demokratiyanın əleyhinə deyil: “Hüququmuzu əlimizdən almaq və bayrağımızı endirmək istəyənlər istənilən müharibə meydanında birinci cərgədə biz sosialistləri görəcəklər”. (Azərbaycan Xalq Cümhuriyyəti. Parlament (1918-1920). I cild. səh.63)

Erməni-daşnak birləşmələrinin Azərbaycanın sərhədlərində törətdikləri vəhşiliklər, terror hərəkətləri “Hümməf'çi millət vəkilləri tərəfindən kəskin qınanır, gənc hökuməti ciddi tədbirlər görməyə çağırışlar səsləndirilirdi: “Qiyamətləri qoparan, bütün Qafqaziyada sülhü pozan, qan ilə dağları boyayan ancaq daşnak firqəsi olmuşdur”.

Parlamentdə sosialistlərin əsas tələblərindən biri təcili surətdə torpaq islahatını həyata keçirmək, kənd əhalisinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün qanunların qəbulunu təmin etmək idi. ilk iclasda Milli Şura sədri M. Ə. Rəsulzadə də torpaq islahatının tez bir zamanda aparılacağı barədə məlumat vermiş, onun bu çıxışı sosialistlər tərəfindən alqışla qarşılanmışdı. Parlamentin ilk iclaslarının birində torpaq islahatını həyata keçirəcək komissiya yaradıldı. Bu komissiyaya sədr S. Ağamalıoğlu seçildi. Komissiyanın qarşısında torpaqların ədalətlə Azərbaycan əhalisi arasında bölüşdürülməsini təmin edəcək qanun layihəsinin hazırlanması dururdu. Ayrı-ayrı partiyalardan paritet əsasla qurulan parlamentin torpaq komissiyasının işini stimullaşdırmaq, prosesləri sürətləndirmək üçün S. Ağamalıoğlu ciddi çalışmalı oldu. Parlamentin 20 mart 1919-cu il tarixli iclasında komissiyanın formalaşmasına mane olan bitərəflər fraksiyasının fəaliyyətindən narazılıq edən S. Ağamalıoğlu parlament sədrinə etiraz dolu məktub ünvanladı: “Parlament rəisi həzrətlərinə! Bunun ilə torpaq komissiyonu heyəti zati-alilərinizə müraciətlə məlum edir ki, bitərəflər fraksiyonundan hənüz üzv seçilməmişdir. Haman fraksiyondan torpaq komissiyonuna üzv seçilməyi rica və təmənna edəriz, əfəndim. Rəis Ağamalıoğlu” (Azərbaycan Xalq Cümhuriyyəti. Parlament (1918-1920) I cild, səh.405).

Milli hökumətin daxili siyasətdə yol verdiyi səhvləri, iqtisadi cinayətkarlığa qarşı mübarizənin sönük aparılmasını, yerlərdə məmur özbaşınalığını ciddi tənqid edən S. Ağamalıoğlu ölkədə sabitliyin tərəfdarı kimi çıxışlar edir, parlamentdə hesabat verən nazirlərin səhvlərini bəzən atalar misalı ilə onların birbaşa ünvanına deyərdi. Millət vəkili kimi onu ən çox ölkədə rüşvətxorluq, korrupsiya əməlləri narahat edirdi. Parlamentin 12, 13 və 14-cü iclaslarında məmur özbaşınalığına qarşı kəskin çıxışlar edən S. Ağamalıoğlu vəzifəyə təyin olunanların təhsilli olmasının əsas şərt olduğunu irəli sürürdü: “Avropada adətdir, bir adam qulluğa qəbul edildikdə ondan attestat istəyirlər. Bizim də attestatımız oğurluq, quldurluq, adam öldürməkdir. Gəncə tərəfdə polislər, strajniklər belə adamlardır”. O, hürriyyət və azadlıq anlayışlarının hələ cəmiyyətə tam sirayət etmədiyindən, seçkili orqanlara rüşvətlə adam təyin olunmasından şikayətlənirdi. Bir çox millət vəkillərindən fərqli olaraq S. Ağamalıoğlu problemlərə ümumi yanaşmır, ortaya fakt qoyur və faktdan çıxış edirdi. Gəncəbasar ərazisində yerli məmurlar tərəfindən törədilən qanunsuzluq, insan haqlarının pozulması onun gətirdiyi əsas faktlar idi.

İclasların birində S. Ağamalıoğlu doğulduğu Qazaxdakı bir qanunsuz əməldən söhbət açırdı: “Mən Qazaxda olanda camaat məscidə yığışmışdı. Yüzbaşı məsələsi var idi. Dedim, yüzbaşı pisdirsə, yenisini seçin. Dedilər ki, necə seçək ki, neçə min manat alıb, Mahmudu təyin ediblər”. Rüşvətin cəmiyyəti qurd kimi içindən yediyini, bunun qarşısının alınması üçün ən sərt cəza tədbirlərinin görülməsini lazım bilən S. Ağamalıoğlu deyirdi: “Mən deyirəm ki, xəyanətdə tutulan məmurların həpsinə ciddi cəza lazım deyil, var-yoxlarını əlindən alıb qabaqkı halına salmaq lazımdır. Bunun üçün parlamentdə komisyon təşkil edilsin” (Azərbaycan Xalq Cümhuriyyəti. Parlament (1918-1920). səh. 228-229).

Ölkənin sərvətlərinin talanması, vergi və gömrük sistemindəki özbaşınalıq milli hökumətin ciddi tədbirlər görməsinə baxmayaraq davam edir, haqlı narazılıqlar yaradırdı. Xalqla təmasda olan S. Ağamalıoğlu vəziyyətin düzəldilməsi üçün bəzən kəskin qərarların qəbulunu tələb etməsi parlamentdə bəzən gərginliklərə yol açırdı. Çıxış və replikalarının bir çoxunda qocaman siyasətçi “Müsavafçılar- la “döyüşməli” olurdu. Onu ən çox fəhlə və kəndlilərin hüquqlarının müdafiəsi altında sinfi mübarizə aparmaqda qınayırdılar. Dövlət əmlakının, xalq malının oğurlanmasını açıq söyləməyin sinfi mübarizə ilə əlaqəsi olmadığını söyləyən S. Ağamalıoğlu siyasi mübarizədən geri çəkilmirdi. Parlament yığıncaqlarının birində o, hökuməti dəyişməyi yox, vəziyyətin nəzarətə alınmasını tələb edirdi: “Bəli, bu axır zamanlarda ehtikar başlanıb. Azərbaycanın bezi və buğdası bəzi yerlərə getdi. Dünən heç bir şeyi olmayanlar bu gün milyonlara sahibdirlər. Bəziləri belə düşünürlər ki, biz hökuməti dəyişmək istəyiriz... Amma iş bundadır ki, nə tövr edək ki, bir az iş görülsün”.

Sosialist ideyasının səmimi daşıyıcısı olan bu mübariz insan fəhlələrin tətil etməsini, mitinqlər ke­çirməsini insan hüquq və azadlıqlarının tərkib hissəsi sayırdı. Etirazların, tətillərin Rusiya bolşevikləri tərəfindən təşkil olunub idarə edilməsi fikrini əsla yaxına buraxmırdı. Parlamentin 24 aprel 1919- cu il tarixli 32-ci iclasında S. Ağamalıoğlu fəhlə nümayişlərinə haqq qazandırırdı: “Biz də bilirik ki, siyasət yeritmək çətindir, ağır şeydir. Çox vaxt bu işdə dərin oxumuşlar da səhv edir. Əgər böylə olmasaydı, Zaqafqaziyada bu qədər qanlar tökülməzdi.

Amma səhvi bağışlamaq olar... Bir var xəyanət, bir də var bilməməzlik, xainlik... Buna çarə lazımdır. Yumruq yox. Fəhlələr bu ixtiyarlarını istəməməlidirlər? Fəhlələr bilməməzlikdən, işləməmək nəticəsində Azərbaycana ziyan da qata bilər, mən buna inanmıram. Bizim fəhlə yoldaşlar əgər görsə ki, istiqlaliyyətin zərərinə gedir, lap “tovariş” də olsa, onun başını kəsər". Bu çıxışında Azərbaycan fəhlələrinin “tovariş” adlanan Rusiyanın oyunlarına gedib istiqlaliyyətə zərbə vurmağını mümkünsüz hesab edən S. Ağamalıoğlu səmimi şəkildə öz fikirlərinə inanırdı. Və o, inanırdı ki, millətlərin öz müqəddəratını təyin etmək haqqı verən bolşevik Rusiyası Azərbaycanın istiqlalına qəsd edə bilməz.

Parlamentin bir neçə iclasında müzakirəyə çıxarılan “Azərbaycan darülfünun təşkili haqqında” qanun layihəsi ciddi etirazlar doğurmadı. Amma Bakıda universitet yaradılmasının hələ tez olduğunu düşünənlər də vardı. Məşhur professor Razumoviskinin rəhbərliyi altında milli hökumətin yaratdığı komissiya 72 maddədən ibarət universitet nizamnaməsi hazırlayıb parlamentin müzakirəsinə çıxardı. “İttihad” partiyasının sədri Q. Qarabəyov ali təhsil müəssisəsində kimlərin tədris aparacağı, kimlərin oxuyacağı, tədrisin hansı dildə olacağı barədə suallarına uzun-uzadı cavablar verilsə də, müzakirələr bitmirdi. Tədrisin rus professorları tərəfindən aparılacağı da əsas irad kimi səsləndirilir, hökumətin niyə belə davranması barədə izahat tələb olunurdu.

M. Ə. Rəsulzadə, M. H. Hacınski, maarif naziri Rəşid bəy Kaplanov, M. Əfəndizadə, Əhməd Cövdət bəy,

Ə. Qarayev parlamentin 21, 25 və 28 avqust 1919-cu il tarixli gərgin keçən iclaslarında universitetin təşkili barədə müxtəlif mülahizələr irəli sürdülər. Elmə, təhsilə önəm verən S. Ağamalıoğlu da müzakirələrə qatılaraq “milləti irəli salan" bu layihənin əleyhinə olanlara kəskin cavab verdi: “Deməli, universitet əleyhinə danışan yoxdur. Hamı bunu deyir ki, universitet lazımdır. Çünkü milləti irəli salar. Amma bəzi natiqlər deyirlər ki, hələ vaxtı gəlməyib, hələ gərək gözləyək, iş buradadır ki, biz parlamanı açandan bu vaxtacan öylə bir əməlli qanun bizim müzakirəmizə qoyulmamışdır, indi, cəmaətin və məmləkətin ən çox mənfəəti olan bir qanun ki, o da universitet qanunudur, bizim parlamana gəlib çıxmışdır. Lakin onu da saxlamaq istəyirlər. “Ayda ildə bir namaz, onu da şeytan qoymaz”. Məndən qabaq olan natiq bütün layiqiylə və möhkəm dəlillərlə sübut etdi ki, bizə universitet açmaq gərəkdir, həm də zamanı gəlibdir. Ona körə o dəlilləri təkrar etməmək üçün bir neçə başqa söz danışmaq istəyirəm”.

Rus-slavyan cəmiyyətinin parlamentdəki üzvü Vanseviçin milli zəmində çıxışında söylədiyi ali məktəb tələbələri səviyyəsinin Azərbaycanda olmadığı barədə fikridən narazı qalan S. Ağamalıoğlu deyirdi: “O kişi bura çıxmışdı ki, universitetlə xalqı qorxutsun. O, elə bilirdi ki, Azərbaycan milləti ona (yəni ali məktəbə - red.) yaxın durmaz”. Bəzi natiqlər tədrisin rus dilində aparılmasının əleyhinə olsa da, M. Ə. Rəsulzadə, S. Ağamalıoğlu və bir çox millət vəkilləri dünyada tanınan, qəbul edilən ali məktəblərin tarixinə nəzər yetirməyi məsləhət bilirdi. Siyasi baxımdan əks mövqedə duran bu iki şəxsiyyət dünyanın bir çox məşhur ali məktəblərin öz ölkələrinin alimləri, ziyalıları tərəfindən deyil, əcnəbilər tərəfindən təşkilinə dair tarixi faktlar səsləndirərək, bu yersiz iddialara tutarlı cavablar verirdilər.

İclaslarda gənc Azərbaycan cümhuriyyətinin maddi imkansızlığını söyləyib, işi təxirə salmaq təklifini S. Ağamalıoğlu çox sərt qarşıladı: “Bürada söylədilər ki, universitet 18 milyon pul aparır. Ona görə o ağır xərci cəmaətin üstünə yükləmək olmaz. Mən bilirəm, bu yazıq cəmaət necə olur ki, qeyri şeylərdə yaddan çıxır, elm, məktəb ki, cəmaətin gözünü açır, onda cəmaət yada düşür. Burada bir səhv var. Universitet açmaq bir işə sərmayə qoymaqdır. Sərmayə bilirsiniz nədir? Mən kapital demək istəyirəm, sərmayəni qoymaqdan heç kim qorxmamalıdır. Heç vaxt o bizə ziyan verməz. Həmişə mənfəətimiz, az qoyduğumuz bu sərmayədən gələcəkdə 18 milyon deyil, bəlkə 18 milyard mənfəət götürəcəyik. Mən öylə bilirəm ki, universitet öylə bir şey deyil ki, istədiyin vaxt onu asanlıqla tikə biləsən. Bunu hər kəs bilir. Bu universitet bir palıd ağacına oxşar ki, basdırarsan, iyirmi ildən sonra çıxacaq. Burada yaxşı danışdılar ki, professor yoxdur. Bu gün buradakı professorlar, əgər Rusiyanın yolu açılarsa çıxıb gedərlər, biz professorsuz qalarıq, indi bu ola-ola demək olmaz ki, gözləyirəm, məqam gələr, sonra açaram. Bir halda vaxt, fürsət və məqam özü gəlib, professorlar var, özləri gəlib işləmək istəyirlər. Mən təəccüb edirəm nə üçün onları əldən buraxaq. Əgər indi universitet açmasaq, sonra heç aça bilmərik". (ARDTA. fond 895. siy.1, iş 133, vərəq 1-31)

Azərbaycan ədəbi dilinin formalaşmasına və intellektual gənc nəslin yetişməsinə Bakı Dövlət Universitetinin təkan verəcəyini söyləyən S. Ağamalıoğlu deyirdi: “Sonra bir vacib məsəl var, deyirlər ki, türkün öylə qüvvətli dili yoxdur ki, onun darülfünunu olsun. Əvvəlcə dili qüvvətləndirib, sonra darülfünun açmaq lazımdır. Darülfünun olmasa dil də qüvvətlənməyəcəkdir. Darülfünun olan yerdə dil də böyüyür, inandırıram ki, revolyusiyadan əvvəl dil bilməyənlər şimdi yavaş-yavaş məcbur olub dil öyrənib, öz köçünü sudan çıxarır. Xülasə, bizim fraksiyamız o fikirdədir ki, gərək darülfünun açılsın, bunun vaxtı, məqamı gəlmişdir və güman edir ki, parlaman da buna zidd getməz”.

Uzun və gərgin müzakirələrdən sonra Bakıda ilk ali təhsil müəssisəsinin yaradılması barədə qanun layihəsi qəbul olundu. Əldə olunan sənədlər, tarixi materiallar onu deməyə əsas verir ki, sosialistlər blokunun liderlərindən biri olan S. Ağamalıoğlu BDU-nun yaradılmasında fəallıq göstərdi, bir çox millət vəkilindən fərqli bu ideyanın reallaşmasına çalışdı.