Palitra. - 2017.- 8 dekabr. - ¹ 225. - S. 12.

 

100 ilin Parlamenti

 

Zaur Adıgözəlov,

fəlsəfə doktoru

 

Gələn il müasir Azərbaycan dövlətçiliyinin yüz ili tamam olur. Azərbaycan xalqı bu yüz il ərzində bir neçə min illik zəngin dövlətçilik ənənələrinə əsaslanaraq milli dövlət quruculuğu uğrunda mübarizə aparmış, qurbanlar vermiş, hər cür müdaxilələrə - daxildən və xaricdən gələn müxtəlif xarakterli dağıdıcı təsirlərə, təzyiqlərə baxmayaraq, müstəqillik arzularını, ideallarını təsdiq etmişdir.

Müsəlman Şərqində ilk demokratik, hüquqi və dünyəvi dövlətin məhz Azərbaycanda elan edilməsi, yüksək sosial-mədəni, iqtisadi tərəqqiyə, vətəndaş cəmiyyətinin formalaşmasına təkan verən çoxşaxəli islahatların bu məkanda gerçəkləşdirilməsi xalqımızın zəngin dövlətçilik ənənələrinə, yüksək milli qürura, yenilikçi düşüncə tərzinə malik olmasının parlaq təcəssümüdür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 16 may 2017-ci il tarixli sərəncamı bir daha təsdiq edir ki, müasir Azərbaycan dövlətçiliyi öz tarixi köklərinə, mənbələrinə, ənənələrinə həmişə sadiq olmuş və bu gün də sadiqdir. Sərəncamında deyilir: “Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı”.

Sərəncamda deyilir: “Cümhuriyyət parlamentinin il yarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verdi. Cümhuriyyət parlament respublikası olduğundan bütün dövlət məsələləri məhz burada həll edilirdi.”

Milli parlamentimiz mürəkkəb tarixi dövrdə meydana gəlib. 1918-ci il may ayının 25-də Zaqafqaziya Seyminin son iclası keçirildi. Mayın 27-də Azərbaycanın istiqlaliyyətini elan etmək və ilk Azərbaycan hökuməti yaratmaq üçün Seymin 44 müsəlman nümayəndəsi toplanaraq Azərbaycanın idarə olunmasını öz üzərinə götürdü. Parlament cəmi 17 ay fəaliyyət göstərib. Bu dövr ərzində 145 iclas keçirib. "Azərbaycan parlamentinin yaradılması haqqında" qanuna əsasən, hər 24 min nəfərdən bir nümayəndə hesabı ilə parlamentdə təmsil olunması qaydası müəyyən edilirdi. Bu prinsiplə parlamentdə müsəlmanların 80, ermənilərin 21, rusların 10, almanların 1, yəhudilərin 1 nümayəndə ilə təmsil olunmaları nəzərdə tutulmuşdu. Ümumilikdə, Azərbaycan Parlamentinin 120 nəfərdən ibarət olmaqla formalaşdırılması qərara alınmışdı. Parlamentin açılışı 1918-ci il dekabrın 3-nə nəzərdə tutulsa da, ingilis komandanlığının Azərbaycan hökumətinə ciddi təzyiqləri ilə bağlı bir qədər yubadıldı. Britaniya Krallığının baş qərargah rəisi S.Stoksun mayor Rolansona göndərdiyi məktubda göstərilirdi ki, koalisiya hökuməti müttəfiqlər komandanlığı tərəfindən tanınmayınca, parlamentin açılışına imkan verilməməlidir. Lakin bu və digər təzyiqlərə baxmayaraq, 1918-ci il dekabrın 7-də Azərbaycanın tarixində son dərəcə əlamətdar hadisə baş verdi. Parlamentin Bakıda H.Z.Tağıyevin qız məktəbinin binasında açılışı oldu. İlk iclas 1918-ci il dekabrın 7-də, sonuncu isə 1920-ci il aprelin 27-də olub.

Fəaliyyət müddətində Azərbaycan Cümhuriyyəti Parlamentinin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılıb ki, onlardan da 230-u təsdiq edilib. Azərbaycan Parlamentinin qəbul etdiyi qanunların, qərarların hamısı müstəqil ölkənin ilk qanun və qərarları olduğu üçün çox əhəmiyyətli idi. Bu sırada bəzi qanunların strateji önəmini də xüsusi vurğulamaq lazım gəlir. "Vətəndaşlıq haqqında", "Ümumi hərbi mükəlləfiyyət haqqında", "Mətbuat haqqında", "Milli Bankın təsisi haqqında", "Bakı Dövlət Universitetinin yaradılması haqqında", Gömrük və poçt-teleqraf xidmətinin təkmilləşdirilməsi haqqında", "Məhkəmə qanunvericiliyi haqqında" və digər qanunları göstərmək olar. Cümhuriyyət parlamentində qəbul olunmuş bəzi qanun və bəyannamələr insan hüquq və azadlıqlarının qorunmasına xidmət edir, hər bir fərdin sosial mənafeyinin təminatına yaxşı imkanlar yaradırdı. O dövrdə qarşıda duran başlıca vəzifələrdən biri də Azərbaycanın istiqlaliyyətinin beynəlxalq aləmdə tanınmasına nail olmaqdan ibarət idi. 1918-ci il oktyabrın 30-da Türkiyə ilə İngiltərə arasında bağlanan "Mudros" sazişinə görə türklər Zaqafqaziyanı, o cümlədən Azərbaycanı tərk etməli oldular. Onların yerini general Tomson başda olmaqla ingilis qoşunları tutdu. Azərbaycan hökuməti, eləcə də parlament respublikanın müstəqilliyinin Paris sülh konfransının iştirakçısı olan qalib dövlətlər tərəfindən tanımasına çalışırdı. Buna görə də 1918-ci il dekabrın 28-də Azərbaycan hökuməti tərəfindən parlamentin ağsaqqallar şurası nümayəndələrinin iştirakı ilə Paris Sülh konfransında iştirak etmək üçün Azərbaycan Cümhuriyyəti Parlamentinin sədri, cümhuriyyətin beynəlxalq aləmdə tanınmasında əvəzsiz xidmətləri olmuş Ə. M. Topçubaşovun sədrliyi ilə Fransaya nümayəndə heyəti göndərildi. Böyük əziyyətlərdən və erməni təbliğatı ilə uzun müddətli mübarizədən sonra, nəhayət ki, həmin nümayəndə heyəti 1920-ci il yanvar ayının 12-də Sülh konfransındakı əsas ölkələr tərəfindən Azərbaycanın de-fakto tanınmasına nail oldu.

1920-ci il aprelin 22-də Azərbaycan Cümhuriyyəti Parlamenti süqutundan beş gün əvvəl Paris Sülh konfransında missiyasını uğurla yerinə yetirmiş nümayəndə heyətini buraxmaq, Qərbi Avropa ölkələrində (İngiltərə, Fransa, İtaliya, İsveçrə, Polşa) və ABŞ-da diplomatik nümayəndəliklər açmaq haqqında qanun qəbul etdi. Müzakirələr zamanı sosialistlər blokundan olan deputatlar Almaniya və Azərbaycan hökumətinin bütün ciddi səylərinə baxmayaraq, onu de-fakto belə tanımayan Sovet Rusiyasında da nümayəndəliklərin açılmasını təkid edərək buna nail oldular.

Azərbaycan parlamenti tarixə Şərqdə ilk parlament kimi düşüb. Sovet dövründə isə ölkəmizdə parlament funksiyasını Azərbaycan SSR-in Ali Soveti həyata keçirib.

Sovet dövründə və müstəqilliyin ilk illərində Ali Sovet adlanan parlament 1995-ci ildən etibarən Azərbaycan Respublikasının Milli Məclis adlanır.

Gələn il Azərbaycan Respublikası və onun parlamentinin də yüz yaşı tamam olur. Əlbəttə, keçən il 25 illiyini qeyd etdiyimiz müstəqil Azərbaycan dövləti nə daxili, nə də xarici vəziyyətinə görə öz sələfi ilə müqayisə oluna bilmədiyi kimi, bugünkü Parlament də Cümhuriyyət Parlamenti ilə müqayisəyə gəlmir. Parlamentimiz kifayət qədər zəngin böyük uğurlar əldə etmişdir... Bununla belə, heç zaman unutmaq olmaz ki, ölkəmiz, xalqımız, hansı dövrlərdən, mübarizələrdən keçərək bu günə gəlib çıxmışdır... 70 il totalitar rejimin ideoloji-siyasi buxovları altında yaşayan Azərbaycan xalqının qəlbində bir müstəqil dövlətçilik idealı kök salmışdı. Ötən əsrin 60-cı illərinin sonunda Azərbaycanda siyasi hakimiyyətə irəli çəkilən ulu öndər Heydər Əliyev ilk gündən həyata keçirdiyi tədbirlərlə xalqın gələcək müstəqilliyinə iqtisadi, siyasi və hüquqi zəmin hazırlamağa çalışmış, bu məqsədlə genişmiqyaslı tədbirlər həyata keçirmişdir. Ümummilli lider həmin illərdə müstəqil Azərbaycan üçün möhkəm siyasi və iqtisadi təməl yaratmaqla yanaşı, mütərəqqi parlamentarizm ənənələrinin də əsasını qoymuş, yüksək siyasi iradə göstərərək qanunverici orqanın xalqın milli maraqlarına uyğun çevik və işlək fəaliyyətini təmin etmişdir.

Ümummilli lider böyük hakimiyyət ustadı kimi bütün dövlət hakimiyyəti orqanlarının, o cümlədən parlamentin işini xalqın iqtisadi və sosial-mədəni tərəqqisinə, milli dirçəliş siyasətinin reallaşmasına yönəltmişdir. Xüsusi xatırlatmaq lazımdır ki, bu gün Milli Məclisin yerləşdiyi əzəmətli bina da məhz ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci dövründə - keçmiş ittifaqda analoqu olmayan memarlıq üslubunda inşa edilmişdir. 1991-ci ildə Azərbaycan özünün dövlət müstəqilliyini elan etsə də, yalnız 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişi ilə Azərbaycan cəmiyyətində dövlətçilik ideyalarının bərqərar olması fundamental mahiyyət kəsb etməyə başlamışdır. Bu mərhələdən etibarən respublikada müstəqil dövlət təsisatları formalaşmış, ilk müstəqil milli Konstitusiya qəbul olunmuş, parlamentə ilk seçkilər keçirilmişdir. Bütün bunlar respublikamızın demokratik və hüquqi inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur.

15 İyun 1993-cü il Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi Milli Qurtuluşumuzun başlanğıc günü idi. Məhz bu günkü firavan həyat tərzimiz həmin gündən qaynaqlanır. Heydər Əliyev Ali Sovetin sədri kimi ilk gündən parlamentarizm ənənələrinə sadiq qalaraq  aşkarlıq prinsipinə üstünlük verdi. Milli Məclisin iclasları, mətbuat konfransları, respublika əhəmiyyətli müşavirələr birbaşa yayımla televiziya ekranlarına verildi. Ölkədəki vəziyyət olduğu kimi xalqa çatdırıldı. Həmin gün parlamentin tarixi iclasında Heydər Əliyev çıxış etdi: “Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni öz üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını  rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün əsas vəzifələrdən biri hesab edirəm. Azərbaycan respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında, müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini, harada olursa-olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, mənim fikrimcə, Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək.” 1993-cü il oktyabrın 10-dan 2002-ci il dekabrın 30-dək Milli Məclis tərəfindən qəbul edilmiş 1715 qanun və qərardan 975-i Prezident Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmişdir. Qəbul olunan bu hüquqi, demokratik, dünyəvi dövlətin və vətəndaş cəmiyyətinin, bazar iqtisadiyyatının hüquqi bazasının yaradılmasında mühüm rol oynadı. 1998-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Şərq aləmində ilk demokratik respublika quran Azərbaycan bu dəfə də ilk dəfə olaraq ölüm cəzasını ləğv etdi. Bu İnsan hüquq və azadlıqlarına dövlət səviyyəsində göstərilən diqqətin bariz nümunəsi idi. 1998-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Şərq aləmində ilk demokratik respublika quran Azərbaycan bu dəfə də ilk dəfə olaraq ölüm cəzasını ləğv etdi. Bu İnsan hüquq və azadlıqlarına dövlət səviyyəsində göstərilən diqqətin bariz nümunəsi idi. Bu dövrdə artıq parlament Avropa məkanına inteqrasiya sahəsində çox vacib qanunlar qəbul etmişdir. Bunların arasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında”, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında”, “Nazirlər kabinetinə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Konstitusiya qanunları kimi çox mühüm sənədlər var idi. 2002-ci ildə Konstitusiyaya edilmiş dəyişikliklərə əsasən vətəndaşlara Ombudsmana, Konstitusiya məhkəməsinə müraciət etmək hüququ verildi. Milli Məclisin səlahiyyətləri dəqiqləşdirilərək ona Ombudsmanın seçilməsi, Apelyasiya Məhkəməsinə hakimlərin təyin olunması hüququ verildi. Bu dəyişikliklərin bir qrupu  məhkəmə hakimiyyətinin rolunun artırılması, Prokurorluğa  qanunvericilik təşəbbüsü hüququnun verilməsi ilə bağlı idi.

Müstəqil Azərbaycanın xarici siyasət strategiyasında parlament diplomatiyası mühüm yer tutur. Bu siyasətin məntiqi nəticəsi  kimi bu gün Milli Məclis respublikanın iştirak etdiyi bir sıra nüfuzlu beynəlxalq qurumların parlament məclislərinin, o cümlədən Avropa Şurası Parlament Assambleyasının, Parlamentlərarası İttifaqın, ATƏT Parlament Assambleyasının, Qara Dəniz İqtisadi Əməkdaşlığı  Parlament  Məclisinin, MDB-nin Parlamentlərarası Assambleyasının, TÜRKPA, GUAM Parlament Assambleyasının, İslam Konfransı Təşkilatı Parlament Məclisinin tam hüquqlu üzvüdür, Avropa Parlamenti və Şimali Atlantika Parlament Assambleyası ilə yaxından əməkdaşlıq edir. Milli Məclisdə dünyanın 60-dan çox ölkəsinin parlamenti ilə əlaqələr üzrə işçi qrupları yaradılmış və qruplar fəaliyyəti ölkənin xarici siyasətinə öz töhvəsini verir. Çağdaş Azərbaycan Prlament diplomatiyasının ən böyük uğuru cənab İlham Əliyevin millət vəkili, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi AŞPA sədrinin müavini və büro üzvü seçilməsi faktı olmuşdur. Erməni diasporasının mütəşəkkil və güclü fəaliyyəti dövründə bu cür uğur diplomatiya tarixinin ən yadda qalan və fəxarətli hadisəsi oldu. Məhz bundan sonar AŞPA-da və digər beynəlxalq parlament təşkilatlarında Azərbaycanın xeyrinə bir çox qərarlar qəbul edilmişdir. Bu gündə president İlham Əliyev parlamentin fəaliyyətini dəyərləndirir və onun fəaliyyətini güclənməısi üçün öz töhfəsini verir. 2008-ci ildə Azərbaycan Parlamentinin yaranmasının 90-cı ildönümündə iştirak edən və dərin nitq söyləyən dövlət başçısı İlham Əliyev Azərbaycan Respublikası Milli Məclisinin hüquq dövlət quruculuğu sahəsindəki fəaliyyətini yüksək qiymətləndirmişdir. Məhz president İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikası Milli Məclisinin inzibati binası əsaslı şəkildə ən müasir səviyyədə təmir edilmiş, infrastrukturu yeniləşdirilmiş, bir sözlə, deputatların səmərəli və normal fəaliyyəti üçün bütün zəruri tədbirlər həyata keçirilmişdir.

Ümumiyyətlə, Milli Məclisin fəaliyyət tarixini araşdırdıqda, görürük ki, qanunvericilik beynəxalq hüquqa uyğunlaşdırılmaqla yanaşı milli mənəvi dəyərləri əsas kimi qəbul edilir. Eyni zamanda, qanunlarda cəzaların hümanistləşdirilməsi, sosial yönümlülük, xarici ölkələrin parlamentarilərı ilə qarşılıqlı əaqələr və Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızla bağlı problemləri beynəlxalq tribunalara çıxartmaq parlament fəaliyyətinin prioritet istiqamətləridir. Azərbaycan Respublikasının vitse-prezidenti xanım Mehriban Əliyevanın parlament fəaliyyəti Milli Məclis tarixində xüsusi rolu vardır. Mehriban xanım millət vəkili olduğu ərəfədə seçicilərə olan diqqət və qayğısı, qanunvericilik təşəbbüsü ilə parlament mədəniyyətinin inkişafına yeni töhvələr vermişdir. Onun Azərbaycan xalqını beynəlxalq aləmdə layiqli təmsilçiliyi, Azərbaycan xalqının həqiqətlərini dünya ictimaiyyətinə çatdırması, şəxsi nüfuzu və fəaliyyəti ilə ölkəmizin xeyrinə beynəlxalq qərarların qəbul olunmasındakı xidmətləri parlament tarixinin möhtəşəm səhifələrindəndir.

Bütün bunlar göstərir ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə formalaşmış parlamentarizm ənənələri keyfiyyətcə yeni mərhələdə yaşayır, inkişaf edir, ölkəmizin tərəqqisinə, yüksəlişinə töhfə verir. Heydər Əliyevin dövlətçilik ideallarına tapınan Azərbaycan Respublikasının Milli Məclisi üzərinə düşən məsuliyyətli missiyanı uğurla yerinə yetirməyə, dövlətin və xalqın maraqlarının keşiyində layiqincə dayanmağa çalışır, habelə dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən mütərəqqi siyasi, iqtisadi və hüquqi islahatlara layiqli töhfələrini verir.