Xalq qəzeti.-2017.-1 dekabr.-265.-S.4.

Bakıda İslam həmrəyliyinin güclənməsində medianın rolu mövzusunda konfrans keçirilib

 

Noyabrın 30-da Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə təşkilatçılığı ilə İslam həmrəyliyinin güclənməsində medianın rolu mövzusunda konfrans keçirilib.

 

Tədbirdə çıxış edən İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının sədri Fazil Güney 2017-ci ilin Azərbaycanda İslam Həmrəyliyi ili elan edilməsinin əhəmiyyəti barədə danışıb. O bildirib ki, bu hadisə İslam ümməti üçün tarixi önəm daşıyır. Çünki İslam ölkələri siyasi istiqamətlərinə, məzhəb və təriqət ayrılıqlarına görə tarixən bir-biri ilə mübarizə aparıblar. Bir çox hallarda bu mübarizələr qanlı toqquşmalarla nəticələnib. Bəzi dairələr bundan öz məqsədləri üçün məharətlə istifadə edirlər. Ona görə də İslam ölkələri arasında həmrəyliyin güclü olması hazırkı vəziyyətdə olduqca vacibdir. Bu istiqamətdə medianın da üzərinə mühüm vəzifələrin düşdüyünü deyən Fazil Güney bu məsələdə İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının İslam ölkələrinin KİV-ləri ilə əməkdaşlığa hazır olduğunu vurğulayıb. 

Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev bildirib ki, İslam həmrəyliyinin güclənməsində medianın xüsusi rolu var. Bu cür konfranslar əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm önəm kəsb edir.

Azərbaycanda mövcud olan tolerantlıq ənənələrindən danışan Umud Mirzəyev qeyd edib ki, xalqımız başqa dinlərə, dillərə, mədəniyyətlərə həmişə xüsusi hörmətlə yanaşır. Bu gün Azərbaycanda müxtəlif dinlərin nümayəndələri sülh şəraitində yaşayırlar.

Konfransda çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Bəhruz Həsənov tədbirdə iştirak etmək üçün Misirdən gələn jurnalistlərdən ibarət nümayəndə heyətini salamlayaraq bildirib ki, bu gün Azərbaycan ilə Misir arasında ikitərəfli əlaqələr inkişaf etməkdədir. Media sahəsində də iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi üçün bu cür səfərlərin təşkili və intensivləşdirilməsi olduqca vacibdir.

Bəhruz Həsənov qeyd edib ki, zəngin tarixi irsə malik Azərbaycan İslam sivilizasiyasının formalaşmasında yaxından iştirak edən ölkədir. Azərbaycanda ilkin islami abidələr kimi inşa olunan məscidlərin və ziyarətgahların olduğunu deyən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı bildirib ki, xalqımız və dövlətimiz tərəfindən bütün tarixi və dini abidələr qorunub saxlanılır.

Tarix boyu Azərbaycanda dinlərarası və məzhəblərarası həmrəylik mövcud olub. Deyə bilərik ki, Azərbaycan İslam həmrəyliyinin nümunəvi modelini yarada bilib. Azərbaycanın bu təcrübəsi İslam aləmində diqqətlə öyrənilməli və tətbiq edilməlidir. Azərbaycanda fərqli məzhəblərə mənsub olan insanların eyni məsciddə birgə ibadət etmələri dünyadakı islamofob dairələrə verilmiş ən gözəl cavabdır, - deyə o qeyd edib.

Bəhruz Həsənov bildirib ki, Azərbaycan İslam dünyasında böyük nüfuza malikdir. Azərbaycan İslam dəyərlərinə ən yüksək səviyyədə önəm verən ölkələrdən biridir. Dövlətimizin başçısı İlham Əliyevin sərəncamı ilə 2017-ci ilin Azərbaycanda İslam Həmrəyliyi ili elan edilməsi təkcə ölkəmizdəki məzhəblər arasında olan dialoqun gücləndirilməsi deyil, eyni zamanda, dünyada İslam ölkələri arasındakı həmrəyliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. O vurğulayıb ki, Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları da İslam ölkələri arasında dialoqun gücləndirilməsinə öz töhfəsini verib.

Azərbaycanın terrorun bütün təzahürlərini qətiyyətlə pislədiyini bildirən Prezident Administrasiyasının əməkdaşı qeyd edib ki, İslam dini sülh, mərhəmət dinidir. Bu din terrorla eyniləşdirilməməlidir. Terrordan əziyyət çəkən ölkələrdən biri də Azərbaycandır. Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Həmin ərazilərdə Azərbaycan xalqına məxsus tarixi, dini və mədəniyyət abidələri, eləcə də İslam sivilizasiyasının ilk nümunələrindən olan məscidlər ermənilər tərəfindən vəhşicəsinə dağıdılıb. Bu, ATƏT-in faktaraşdırıcı missiyası tərəfindən də təsdiq olunub.

Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə ikitərəfli formatda qarşılıqlı faydalı əlaqələrinin olduğunu bildirən Bəhruz Həsənov ölkəmiz haqqında həqiqətlərin, xüsusilə Ermənistanın işğalçılıq siyasəti ilə bağlı informasiyaların İslam ölkələrinin kütləvi informasiya vasitələrində mütəmadi işıqlandırılmasının vacibliyini diqqətə çatdıraraq deyib: Bu işdə Azərbaycan mediası İslam ölkələrinin KİV-ləri ilə birgə əməkdaşlığı daha da gücləndirməlidir. İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının yaradılması da bu məqsədə xidmət edir.

Bəhruz Həsənov İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının gələcəkdə sosial mediada da vahid formada fəaliyyətinin təmin olunmasının vacibliyini ifadə edib.

Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli 2017-ci ilin ölkəmizdə İslam Həmrəyliyi ili elan edilməsinin tarixi addım olduğunu vurğulayaraq deyib ki, Azərbaycanda müxtəlif dinlərin, mədəniyyətlərin nümayəndələri birgə mehriban şəraitdə yaşayırlar. Azərbaycan dünyada nadir ölkələrdəndir ki, burada müxtəlif məzhəblərin nümayəndələri birgə ibadət edirlər. Azərbaycanın bu nailiyyəti digər İslam ölkələrində də geniş təbliğ olunmalıdır. 

Konfransda məruzə ilə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Nicat Məmmədli ölkəmizdəki tolerantlıq mühiti barədə ətraflı məlumat verib. O bildirib ki, 2016-cı ilin Azərbaycanda Multikulturalizm ili elan edilməsi mədəni müxtəlifliyin tanınması və təbliği məqsədi daşıyırdısa, 2017-ci ilin İslam Həmrəyliyi ili elan olunması İslam sivilizasiyasında həmrəyliyə çağırışdır. Multikulturalizm ilinin ardınca İslam Həmrəyliyi ilinin elan olunması məntiqi ardıcıllıq kimi qəbul olunmalıdır. İslam Həmrəyliyi ilinin elan olunması əslində İslamın özündə müxtəlifliyin olmasının tanınmasıdır. Ancaq bu müxtəlifliklər bizi bir-birimizdən ayıracaq müxtəlifliklər deyil. İslam Həmrəyliyi ilinin elan olunmasında daha bir əsas məqsəd ölkəmizdə mövcud olan ən yaxşı örnək dəyərlərin dünyaya çatdırılmasından ibarətdir. O deyib: Tarixən Azərbaycanda heç vaxt sünni və şiə məscidləri ayrı olmayıb. İnsanlar ibadətlərini birgə edirlər. Düşünürəm ki, ölkəmizdəki bu cür nadir dəyərlərin dünyaya çatdırılması çox vacibdir və bu məsələdə medianın xüsusi yeri var.

Tədbirdə çıxış edən Xarici İşlər Nazirliyinin əməkdaşı, xüsusi tapşırıqlar üzrə səfir Şahin Abdullayev bildirib ki, əsas vəzifə İslam dini əleyhinə yönəlmiş islamofob meyillərə qarşı İslam dünyasının birgə fəaliyyətinin təşkil olunmasına yardım etməkdir.

İslam ölkələrinin KİV-lərində Azərbaycanla bağlı həqiqətlərin geniş təbliğinə ehtiyac olduğunu bildirən Şahin Abdullayev deyib: İslam KİV-lərinin nümayəndələrini ölkəmizə dəvət etməklə, doğru məlumatlar təqdim etməklə əlaqələri genişləndirmək lazımdır. Çünki onlar ölkəmizlə bağlı həqiqətləri öz gözləri ilə gördükdən sonra onlarda Azərbaycanla bağlı müsbət fikirlər formalaşacaq. İslam amili çox güclü amildir. KİV-lər isə ictimai fikrin formalaşmasında mühüm rola malikdirlər.

İki sahil qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Misirdən olan nümayəndə heyətinin Azərbaycana səfərinin və bu konfransda iştirakının gələcək əməkdaşlıq üçün önəmli olduğunu bildirib. Vüqar Rəhimzadə bildirib ki, İslam ölkələri və bu ölkələrin KİV-ləri üçün həmrəylik ən başlıca vəzifələrdən biri olmalıdır. Bu gün bəzi qüvvələrin İslama qarşı aqressiyası müşahidə olunmaqdadır. Bəzi İslam ölkələri, o cümlədən Azərbaycan da bu aqressiyadan əziyyət çəkir.  Avropada və bir sıra digər ölkələrdə islamofob meyillərin güclənməsi bizi çox ciddi narahat edir. Məhz belə bir zamanda İslam ölkələrinin bütün jurnalistlərinin həmrəyliyi çox vacibdir. Ona görə də birlikdə əlaqəli şəkildə fəaliyyət göstərməyimizə çox ciddi ehtiyac var.

Tədbirdə çıxış edən Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim, Mərakeşin səfiri Muhammad Adil Embarş, Misirin Əxbar Əl-Yaum qəzetinin baş redaktoru Rufat Fayyad, İranın Azərbaycandakı səfirliyinin əməkdaşı Ağayi Nəcəfi, Səudiyyə Ərəbistanının səfirliyinin əməkdaşı Rasim Abdulla İslam ölkələri arasında həmrəyliyin önəmini, həmrəyliyin möhkəmləndirilməsində isə medianın rolunu xüsusi qeyd ediblər. Bildirilib ki, bu gün İslam dünyası inkişafa nail olmaq, terrorizmin qarşısını almaq kimi yeni çağırışlarla üz-üzədir. Bəzi dairələr müxtəlif yollarla dünyada mövcud olan islamofob meyilləri gücləndirməyə çalışırlar. Bu cür meyillərin gücləndiyi bir vaxtda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2017-ci ilin İslam Həmrəyliyi ili elan edilməsi çox önəmli bir çağırış oldu. Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları da İslam dünyasının birliyinin güclənməsinə mühüm töhfə verdi.

Çıxışçılar İslam ölkələrinin jurnalistlərinin həmrəyliyinin vacibliyini bildiriblər. Onlar bu cür konfransların təşkilinin, aparılan müzakirələrin, media nümayəndələrinin qarşılıqlı səfərlərinin əməkdaşlığa töhfə verəcəyinə, İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının bu istiqamətdə önəmli platformaya çevriləcəyinə əminliklərini ifadə ediblər.