Səs. - 2017.- 28 noyabr. - ¹ 217. - S. 7.

 

Azərbaycan-Qazaxıstan: zamanın sınağından çıxmış dostluq

 

Liderlərin siyasi iradəsi, səmimi qardaşlıq münasibətləri ölkələrimizi və xalqlarımızı bir-birinə daha da yaxınlaşdırıb

 

Sabir Şahtaxtı,

AZƏRTAC-ın xüsusi müxbiri

 

Azərbaycan və Qazaxıstan beynəlxalq aləmdə etibarlı tərəfdaş, səmimi dost, mehriban qonşu kimi nümunəvi münasibətləri ilə örnək imici qazanıblar. Bu nailiyyət keçmiş SSRİ-nin süqutu nəticəsində dövlət müstəqilliyini bərpa edən ölkələrimizin ortaq milli sərvəti sayıla bilər. Ötən 26 ildə həm Azərbaycan, həm də Qazaxıstan həyatın bütün sahələrində böyük və davamlı inkişaf yolu keçib. AZƏRTAC-ın müxbiri Qazaxıstanın dövlət müstəqilliyinin 26-cı ildönümü ərəfəsində həm yaxın tarixə, həm də müasir dövrə nəzər salaraq, liderlərin siyasi iradəsinin və səmimi qardaşlıq münasibətlərinin xalqlarımız arasında dostluq tellərinin möhkəmlənməsində, ölkələrimizin bir-birinə daha da yaxınlaşmasında oynadığı rolu təhlil etməyə çalışıb. Eyni zamanda, Azərbaycan-Qazaxıstan diplomatik münasibətlərinin qurulmasının 25-ci ildönümü ilə bağlı bəzi tarixi məqamlara nəzər salıb.

Heydər Əliyev: Nursultan Nazarbayev böyük təcrübəyə malik, xalq tərəfindən sevilən siyasətçi və dövlət xadimidir

Dünya tarixində çoxsaylı misallar gətirə bilərik ki, liderlər arasında dostluq münasibətləri onların mənsub olduqları xalqları da bir-birinə səmimi tellərlə bağlayır. Bu da bir həqiqətdir ki, liderlərin dostluğunun əsasında qlobal problemlərin həllinə ortaq baxış dayanır. Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyevlə qazax xalqının böyük siyasi və dövlət xadimi Nursultan Nazarbayevin də səmimi dostluğunun təməlində məhz bu prinsiplər dayanırdı. Ümummilli lider Heydər Əliyev ucalığı Azərbaycan xalqı üçün nə qədər qürurvericidirsə, Nursultan Nazarbayev şəxsiyyəti də qonşu, qardaş və dost qazax xalqı üçün bir o qədər əzizdir. Eyni kökdən olan xalqlarımızın həyatında misilsiz xidmətlər göstərən bu iki böyük tarixi şəxsiyyətin dostluq və qardaşlığının əsasları hələ sovet dövrünə təsadüf edirdi. 1986-cı ilin qanlı Alma-Atı hadisələrinə kəskin şəkildə etirazını bildirən Heydər Əliyev o vaxt mövqeyini belə ifadə etmişdi: “Qazaxıstana rəhbərlik edə biləcək milli kadrların olmaması barədə deyilənlər bəhanədir. Nursultan Abişeviç böyük təcrübəyə malik, xalq tərəfindən sevilən siyasi və dövlət xadimidir”.

Zaman göstərdi ki, Nazarbayev doğrudan da yüksək idarəetmə bacarığına malik, milli dəyərlərə bağlı, el adətlərinə böyük hörmətlə yanaşan, xalqın işıqlı gələcəyi naminə yaşayıb-yaradan liderdir. Onun həyata keçirdiyi məqsədyönlü islahatlar və uzaq hədəflərə hesablanmış qərarları tarixin bütün dövründə qazax xalqının ümummilli və dövlətçilik maraqlarına xidmət edib.

Bu yerdə tarixə qısa ekskurs etmək ehtiyacı yaranır. Mixail Qorbaçov və onun ətrafı 1986-cı ilin Alma-Atı hadisələrini törətməklə müstəqil Qazaxıstan Respublikası üçün ağır fəlakətlərə zəmin yaradırdılar. Lakin Nazarbayev keçmiş SSRİ-nin süqutundan sonra ölkəsini anarxiya və xaosdan, milli və dini zəmində qarşıdurma və münaqişələrdən böyük siyasi məharətlə qoruya bildi, qazax xalqının tarixi köklər üzərində müasir inkişafını təmin etdi, milli özünüdərk üçün sarsılmaz əsaslar yaratdı. Onun mehriban qonşuluq və səmimi dostluq siyasəti öz bəhrəsini verməkdədir. Qazaxıstan, eyni zamanda, türkdilli ölkələrin birliyinə töhfələri ilə də fəxr edə bilər.

Nazarbayevin tarixi xidmətləri sırasında Qazaxıstan üçün yeni paytaxt şəhərinin salınmasını xüsusi qeyd etmək lazımdır. Xatırladaq ki, Qazaxıstan Ali Şurası 1994-cü il iyulun 6-da paytaxtın Akmola şəhərinə köçürülməsi haqqında qərar qəbul edib, ölkə başçısı 1995-ci il sentyabrın 15-də “Qazaxıstan Respublikasının paytaxtı haqqında” Fərman imzalayıb. Bu sənədin icrası 1997-ci ildə dekabrın 10-da başlayıb və Qazaxıstanın paytaxtı rəsmən Akmola şəhəri elan edilib. 1998-ci ildə isə Nursultan Nazarbayevin təklifi ilə paytaxt Astana adlandırılıb.

Bakı və Astana Orta Asiya ilə Anadolu arasında mədəniyyət körpüsüdür

Artıq iyirmi yaşını qeyd etməyə hazırlaşan Astana hazırda dünyanın ən nüfuzlu siyasi beyin mərkəzlərindən birinə çevrilib. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) qərarı ilə 2012-ci ildə Astana şəhərinin türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi bu şəhərə verilən böyük milli dəyər kimi tarixə düşüb. Qazaxıstan paytaxtında yerləşən Beynəlxalq Türk Akademiyasının fəaliyyəti türkdilli xalqların gənc nəsli üçün tükənməz milli sərvətə çevrilməkdədir. Təsadüfi deyil ki, mütəxəssislər Bakı və Astananı Orta Asiya ilə Anadolu arasında möhkəm təməl üzərində qurulan mədəniyyət körpüsü adlandırırlar.

Bakı kimi, Astana da bir sıra beynəlxalq konfrans və mərasimlərə məharətlə ev sahibliyi edir. İslam Əməkdaşlıq Təşkilatının (İƏT) elm və texnologiya üzrə birinci Sammiti, Şanxay Əməkdaşlıq Təşkilatının XVII Sammiti, V Ümumdünya qazaxlar qurultayı, “EXPO 2017” Beynəlxalq Sərgisi, X Astana İqtisadi Forumu, İkinci Avrasiya Beynəlxalq kitab sərgisi, Elm və Ümumdünya Məsələləri üzrə 62-ci Paqouş konfransı, Astana Media Həftəsi, “Huawei” şirkəti tərəfindən “Rəqəmsal “İpək yolu”nu tədqiq edərək” mövzusunda ilk Mərkəzi Asiya İnnovasiyalar Günü və digər mötəbər tədbirlər Astananın dünya şöhrətinə daha da böyük əzəmət gətirib. Azərbaycan bu tədbirlərin demək olar ki, hamısında çox mötəbər tərəf kimi təmsil olunub. Yeri gəlmişkən, Prezident Nursultan Nazarbayev Astana şəhərinin 20 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Nursultan Nazarbayevin ikinci mühüm tarixi xidməti latın qrafikasına keçidlə bağlıdır. Onun imzaladığı müvafiq fərmana əsasən, yeni əlifbaya keçid bu ildən başlayaraq, 2025-ci ilədək mərhələli şəkildə həyata keçiriləcək. Prezident latın qrafikası əsasında hazırlanmış və 32 hərfdən ibarət olan qazax əlifbasını təsdiqləyib. Xatırladaq ki, kiril əlifbasından latın qrafikasına keçidlə bağlı tapşırıq Prezident Nursultan Nazarbayev tərəfindən 2017-ci ilin aprelində verilmişdi. Bu məqsədlə ümumxalq müzakirələri aparılıb və müvafiq layihə hazırlanıb.

Prezident Nursultan Nazarbayevin Azərbaycanın yaxın dostu olduğuna tarix şahidlik edir

İndi isə Prezident Nursultan Nazarbayevin Azərbaycana səmimi dostluq münasibətlərini təsdiqləyən bir neçə tarixi faktı yada salmaq istərdik. 1987-ci ilin sonlarından başlayaraq ermənilərin Azərbaycana qarşı əsassız iddiaları ortaya çıxanda Nazarbayev hadisələrin təhlükəli məcrada inkişaf etdiyini yaxşı başa düşür, münaqişənin alovlanmamasını istəyirdi. 1991-ci ildə Rusiya Federasiyasının dövlət başçısı Boris Yeltsin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycana, eləcə də Dağlıq Qarabağ bölgəsinə səfər etmişdilər. Təşəbbüskarı Qazaxıstan lideri olan bu səfər zamanı Nazarbayev Azərbaycanda keçirilən bütün görüşlərdə separatizmin, qanunsuz silahlı dəstələrin fəaliyyətinin təhlükəli element olduğunu dönə-dönə vurğulayırdı.

Ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıdandan sonra Ulu Öndərimizlə Nursultan Nazarbayev arasındakı səmimi dostluq iki qardaş xalq arasında əlaqələrin milli zəmində inkişafına təkan verdi. Məhz bunun nəticəsidir ki, Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin ədalətli həlli, ümummilli lider Heydər Əliyev tərəfindən möhkəm təməl üzərində qurulan uzaqgörən neft strategiyası çərçivəsində bütün beynəlxalq layihələrin gerçəkləşməsi kimi mühüm məsələlərdə Qazaxıstan tərəfi daim Azərbaycana dəstək verməkdədir.

Daha bir misal. Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Avrasiya İqtisadi Birliyinin iclası çərçivəsində Ermənistanın dövlət başçısı Serj Sarkisyana ölkəsinin Gömrük İttifaqına qoşulacağı təqdirdə BMT-nin rəsmən tanınmış sərhədlərlə bağlı prinsiplərinə riayət olunması ilə bağlı müraciət etdi. Qazaxıstan Prezidenti deyirdi: “Əgər bütün ticari məsələlər həll olunarsa, onda Ermənistanın lideri bir məsələni həll etməlidir ki, siz BMT-nin tanıdığı Ermənistan sərhədləri çərçivəsində (Gömrük İttifaqına) daxil olursunuz”. Yəni Ermənistan Gömrük İttifaqına bir şərtlə daxil ola bilər ki, Ümumdünya Ticarət Təşkilatının və Gömrük İttifaqının əsasnamələri ölkənin beynəlxalq qanunlarla nəzərdə tutulmuş sərhədləri daxilində qüvvədə olsun.

Əlbəttə, bu yanaşma bir tərəfdən Prezident İlham Əliyevin böyük uzaqgörənliklə həyata keçirdiyi mehriban qonşuluq və səmimi dostluq siyasətinin, digər tərəfdən isə Prezident Nursultan Nazarbayevin qətiyyətli mövqeyinin təzahürüdür. Məhz bu qardaşlığın nəticəsidir ki, 2016-cı ilin aprel ayında Azərbaycan Silahlı Qüvvələri təcavüzkar Ermənistan ordusunun növbəti təxribatlarının qarşısını alarkən təmas xəttində baş vermiş şiddətli döyüşlər zamanı dost və qardaş qazax xalqı sosial şəbəkələr və mətbuat vasitəsilə Azərbaycanın haqlı mövqeyinə qətiyyətlə dəstək verdi. Bu, bütün türk dünyasının birliyini xarakterizə edən nümunəvi addım kimi yaddaşlara həkk olundu.

Ümumiyyətlə, Nursultan Nazarbayevin zəngin həyat və fəaliyyətini təhlil edərkən görürük ki, o, qlobal hadisələrə aydın baxış nümayiş etdirir, qətiyyətli mövqeyi ilə fərqlənir və bütün məqamlarda müdrik qərarlar verməyi bacarır. Fürsətdən istifadə edərək, Qazaxıstan liderinin öz ölkəsinin, xalqının və dövlətinin qarşısında ortaya qoyduğu nəzəri əsaslar barədə də bir neçə kəlmə demək istərdik. Nazarbayev “Gələcəyə baxış: ictimai şüurunun modernizasiyası” monoqrafiyasında fikir və düşüncələrini belə ifadə edir: Müasir Qazaxıstanı inkişaf etdirən insanları xalqa tanıtmaq; bu tanıtmanın yeni multimedia əsasını qurmaq; 100 təzə ad layihəsini gerçəkləşdirmək lazımdır; xalq qızıl fonda daxil olan insanları tanımalı və ehtiram göstərməlidir. Ümumiyyətlə, bu monoqrafiyadakı tezislər bütün türk dünyası üçün milli özünüdərk və inkişaf konsepsiyası kimi nəzəri irsdir. Milli özünüdərk, ölkədəki bütün xalqlar arasında birlik və bərabərliyin qorunması, elm, tərəqqi və inkişaf Qazaxıstan dövləti üçün prioritetdir. Ölkənin rəsmi mənbələrinin məlumatına görə, Nazarbayevin birbaşa rəhbərliyi ilə qardaş ölkədə hökumətin hədəfi 2050-ci ilə qədər dünyanın inkişaf etmiş 30 iqtisadiyyatı sırasına düşməkdir. Bunun üçün yanacaq-energetika, turizm, ticarət, təhsil, səhiyyə, nəqliyyat və logistika daxil olmaqla, səkkiz əsas istiqamət üzrə intensiv iş aparılır.

Azərbaycanda Nursultan Nazarbayevi sevir və ona böyük hörmət bəsləyirlər

Azərbaycanda Nursultan Nazarbayevə böyük məhəbbət bəslənilir. Təsadüfi deyil ki, ölkəmizdə onun haqqında kitab və məqalələr nəşr edilir. Buna yeni misal olaraq, “Nursultan Nazarbayev. Həyat yolu” və “Avrasiyanın ürəyində” kitablarını göstərə bilərik. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Nursultan Nazarbayev. Həyat yolu” kitabına yazdığı ön sözdə bu gün Qazaxıstanda xalqlar və millətlər arasında hökm sürən möhkəm sülhü, sabitlik, multikultural dəyərlər daşıyan funksional bir cəmiyyətin formalaşmasını Nazarbayevin müdrik siyasətinin nəticəsi kimi dəyərləndirir. Həmçinin qeyd edir ki, bu ölkədə 130-dan çox xalqın nümayəndələri, o cümlədən azərbaycanlılar vətəndaş sülhü və ümummilli həmrəylik şəraitində yaşayır və fəaliyyət göstərirlər. Bu kitab Qazaxıstanda yaşayan azərbaycanlılar üçün də ana dilimizin qorunub saxlanması baxımından böyük hədiyyədir. Nəzərə alsaq ki, Qazaxıstan Respublikası artıq latın əlifbasına keçid mərhələsindədir, Azərbaycan dilinə tərcümə edilmiş kitabı qazax qardaşlarımız da yaxın vaxtlarda çox asanlıqla oxuya biləcəklər.

Yeri gəlmişkən, noyabrın 27-də Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə Astanada “Nursultan Nazarbayev. Həyat yolu” kitabının Azərbaycan dilində nəşrinin təqdimat mərasimi keçirilib. Kitabın Almatı şəhərində də təqdimatı planlaşdırılır.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini, iqtisadiyyat üzrə fəlsəfə doktoru Ərəstü Həbibbəylinin Qazaxıstan Prezidenti haqqında fikirləri də maraq doğurur. O yazır ki, hər bir xalqın həyatında taleyüklü şəxsiyyətlərin mühüm rolu olub. Əgər ingilislər üçün bu şəxsiyyət Uinston Çörçill, amerikalılar üçün Corc Vaşinqton, fransızlar üçün Şarl de Qoll, almanlar üçün Otto fon Bismark, ruslar üçün I Pyotr, çinlilər üçün Mao Tsze Dun, türklər üçün Mustafa Kamal Atatürkdürsə, azərbaycanlılar üçün ulu öndər Heydər Əliyev, qazaxlar üçün isə Nursultan Nazarbayevdir. Hər iki lider, eyni zamanda, türk dünyasının inteqrasiyası yolunda da tarixi missiyaları ilə yaddaşlara yazılıb.

Heydər Əliyev müdrikliyi ilə Nursultan Nazarbayevin yüksək keyfiyyətlərindəki oxşarlıqları müqayisə edən tədqiqatçılar yazırlar ki, hər iki dünya şöhrətli siyasi və dövlət xadimi öz soykökünə dərindən bağlı olmaqla, tarixi şəxsiyyətlərə ehtiram göstərməklə, xalq üçün taleyüklü məsələlərdə ədalətli, qətiyyətli qərarlar qəbul etməklə, dövlət maraqları naminə sarsılmaz siyasi iradə ortaya qoymaqla, qlobal proseslərə təmkinli və müdrik yanaşmalar nümayiş etdirməklə milyonların sevimlisinə çevrilib. 2005-ci ildə “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalaması ilə ölkələrimizin strateji tərəfdaşlığı rəsmiləşdirilib. Ötən dövrdə iki qardaş ölkə arasındakı münasibətlər strateji müttəfiqlik zirvəsinə yüksəlib. Hazırda Prezident İlham Əliyev və Prezident Nursultan Nazarbayev ölkələrimiz arasında ticarət dövriyyəsini artırmaq, enerji və nəqliyyat sahəsində əməkdaşlığı daha da gücləndirmək, ortaq tariximizə və mədəniyyətimizə dair birgə layihələr həyata keçirmək kimi məsələlərdə ciddi səy göstərirlər.

Qazaxıstan və Azərbaycan dövlət başçıları arasında bugünkü dostluq və qardaşlıq münasibətləri ulu öndər Heydər Əliyev ideyalarının ardıcıl olaraq həyata keçirilməsi üçün böyük bir stimuldur. Bu ilin oktyabrında istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolunun açılışında Qazaxıstan tərəfinin iştirakı, habelə qardaş ölkənin Azərbaycanın təşəbbüskarı olduğu Trans-Avrasiya Super İnformasiya Magistralı (TASIM), TANAP və TRANSXƏZƏR enerji və nəqliyyat dəhlizi layihələrinə dəstək verməsi Bakı ilə Astana arasında strateji əməkdaşlığın yeni göstəricisidir.

Azərbaycan-Qazaxıstan münasibətləri siyasi-iqtisadi sferada olduğu kimi, beynəlxalq münasibətlər müstəvisində də dinamik inkişaf edir. İki qardaş ölkə BMT, AŞPA, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO), Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Türkdilli Ölkələrin Parlament Assambleyası, TÜRKSOY kimi təşkilatlar çərçivəsində qarşılıqlı şəkildə bir-birinin maraqlarını müdafiə etmək üçün çevik mexanizmə malikdir. Qazaxıstan tərəfi son illər Azərbaycanın ev sahibliyi etdiyi bütün beynəlxalq tədbirlərdə fəal iştirakı ilə fərqlənir, bu işə öz qardaş töhfəsini verir. Bu səmimi dostluq siyasətinin bəhrələrinə əsaslanaraq qeyd edə bilərik ki, yaxın gələcəkdə Azərbaycan-Qazaxıstan-Türkiyə, Azərbaycan-Qazaxıstan-İran, Azərbaycan-Qazaxıstan-Rusiya, Azərbaycan-Qazaxıstan-Türkmənistan üçtərəfli formatlarının ortaya çıxması gözləniləndir.

Nursultan Nazarbayev: Heydər Əliyev Sovet İttifaqının rəhbərliyində olanda mən ona güvənirdim, onun dəstəyini hiss edirdim

Tam əminliklə deyə bilərik ki, Nursultan Nazarbayev Azərbaycan xalqının qəlbində türk dünyasının böyük liderlərindən biri kimi əbədi yer qazanıb. Onun 2017-ci ildə Azərbaycanın ali mükafatı - “Heydər Əliyev” ordeni ilə təltif olunması bunun daha bir sübutudur. Prezident İlham Əliyev bu münasibətlə aprelin 3-də Bakıda keçirilmiş rəsmi mərasimdəki çıxışında Nazarbayev şəxsiyyətinin ucalığını belə təsvir edib: “Heydər Əliyev” ordeni Azərbaycan dövlətinin ali mükafatıdır və mənə çox xoşdur ki, bu gün həmin mükafatı Heydər Əliyevin böyük dostu və Azərbaycan xalqının, Azərbaycanın dostu Nursultan Abişeviç Nazarbayevə təqdim edirəm. Nursultan Abişeviç, bu, həm də ona görə rəmzi xarakter daşıyır ki, Siz uzun illər boyu Heydər Əliyev ilə dostluq etmisiniz və onunla birlikdə işləmisiniz. Siz Sovet dövründə də həmişə ünsiyyət saxlayırdınız. Atamın söhbətlərindən xatırlayıram ki, sizin aranızda həmişə çox səmimi və yaxın münasibətlər olub. Ölkələrimizin müstəqilliyi dövründə də sizin aranızda həmişə xüsusi münasibətlər olub. Bunu bizim vətəndaşlar da bilirdi və indi də bilirlər, MDB məkanında da bunu bilirlər. Əslində, Qazaxıstan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin əsasını siz ikiniz qoymusunuz”.

Nursultan Nazarbayev isə keçirdiyi səmimi hissləri belə ifadə edib: “Mən çox həyəcanlıyam, ölkənizin bu cür ali ordenini Sizin əlinizdən qəbul etmək mənim üçün böyük şərəfdir. Məni çox riqqətə gətirən odur ki, bu orden Heydər Əlirza oğlu Əliyevin adını daşıyır. Mən Heydər Əliyev ilə 25 il ərzində - 1979-cu ildən onun ömrünün sonuna qədər tanış idim. Bütün bu illər ərzində onu yaxından tanımışam. Heydər Əliyev Sovet İttifaqının rəhbərliyində olanda mən ona güvənirdim, onun dəstəyini hiss edirdim. İndi, bu il isə siz də, biz də müstəqilliyin, ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasının 25 illiyini qeyd edirik. Bu, çox rəmzi məna daşıyır. Mən o vaxt Heydər Əliyevlə bərabər razılaşdığımız işləri faktiki olaraq davam etdirirəm. Bizim bugünkü danışıqlarımız, görüşlərimiz onu göstərir ki, biz onun başladığı işi uğurla davam etdiririk. Heydər Əliyev, əlbəttə, öz ölkəsinin və xalqının müstəsna patriotu, Azərbaycanda qan tökülməsinə son qoymuş və bugünkü Azərbaycanın əsasını yaratmış qeyri-adi və böyük insan idi. Bu, bizim münasibətlərimizin daha da möhkəmlənməsinin əlamətidir. Mən belə bir ordenin laureatı adını böyük şərəflə daşıyacağam”.

Göründüyü kimi, liderlərin əsası illər öncə qoyulmuş qardaşlıq münasibətləri bu gün yeni dəyərlərlə zənginləşir, zamanın sınağından çıxmış Qazaxıstan-Azərbaycan dostluğunun daha böyük perspektivindən xəbər verir.