Şərq.- 2017.- 23 noyabr. - ¹ 214. - S. 7.; 24 noyabr. - ¹ 215. - S. 7.

 

Fətəli xan Xoyski

 

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında və onun beynəlxalq aləmdə tanıdılmasında müstəsna xidmətləri olmuş ictimai-siyasi və dövlət xadimi Fətəli Xan Xoyskinin həyat və fəaliyyəti haqqında bəzi qeydlər

 

Rafiq Səfərov,

Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin sənədlərin nəşri və istifadəsi şöbəsinin Baş məsləhətçisi

 

('Məqalə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə və F. X. Xoyskinin anadan olmasının 142 illiyinə həsr edilir)

"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il mayın 16-da imzaladığı sərəncamda milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirmiş Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş tədbirlər planının hazırlanaraq həyata keçirilməsi və yubileyin respublikamızda dövlət səviyyəsində geniş qeyd edilməsi bir tapşırıq olaraq müvafiq dövlət qurumları qarşısında qoyulmuşdur. 201 8-ci ildə Respublikamızda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd ediləcəyi gözlənilir.

Şərqdə ilk demokratik və Parlamentli dövlət quruluşu kimi tarixdə iz qoymuş Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında və onun bir dövlət olaraq təşəkkül tapmasında, Cümhuriyyətin dünya ölkələri tərəfindən tanınmasında böyük xidmətləri olmuş tarixi şəxsiyyətlərdən biri də tanınmış ictimai-siyasi və dövlət xadimi Fətəli Xan Xoyskidir. F. X. Xoyskinin həyat və fəaliyyətini əks etdirən zəngin arxiv sənəd və materialları Azərbaycan Respublikasının Dövlət Arxivi və Dövlət Tarix Arxivinin müxtəlif fondlarında, eləcə də Milli Arxiv idarəsinin Elmi-məlumat kitabxanasında qayğı ilə qorunub saxlanılır. Arxiv sənəd və materiallarından, eləcə də həmin dövrün mətbuatından və digər mənbələrdən istifadə edərək “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında və onun beynəlxalq aləmdə tanıdılmasında müstəsna xidmətləri olmuş ictimai-siyasi və dövlət xadimi Fətəli Xan Xoyskinin həyat və fəaliyyəti haqqında bəzi qeydlər” adlı hazırladığım bu məqaləni hörmətli oxucularımızın diqqətinə çatdırıram.

Azərbaycan xalqının milli azadlığı və istiqlalı uğrunda mübarizədə yaxından iştirak etmiş tarixi şəxsiyyətlərdən biri də Fətəli Xan Xoyskidir. Fətəli xan 25 noyabr 1875-ci ildə Nuxa (Şəki) şəhərində, hərbiçi ailəsində anadan olmuşdur. F.X. Xoyski əslən Cənubi Azərbaycanın Xoy şəhərindən çıxmış Şəki xanı Cəfərqulu xanın nəslindən olan isgəndər xan Xoyskinin oğludur. Xoyski soyadı. Xoy şəhərinin adından götürülmüşdür. Fətəli xanın babası Kərbəli xan Xoyski Cəfərqulu xan Xoyski ilə birlikdə Nuxaya gəlmiş Xoylulardan olmuşdur. Kərbəli xan Xoyskinin oğlu isgəndər xan Nuxada ailə həyatı qurmuş və onun ayrı-ayrı vaxtlarda Cahangir xan, Hüseynqulu xan, Fətəli xan və Rüstəm xan adlı dörd oğlu olmuşdur. Fətəli və Rüstəm xan Xoyski qardaşları Moskva Universitetinin hüquq fakültəsini bitirmişdilər. Universiteti bitirdikdən sonra onların hər ikisi uzun müddət rus ədliyyəsində müxtəlif vəzifələrdə çalışmışdılar.

Fətəli xan Xoyski 1892-ci ildə “Yelizavetpol kişi gimnaziyasını bitirdikdən sonra ali təhsil almaq üçün Moskva şəhərinə gedərək Moskva universitetinin hüquq fakültəsinə daxil olmuşdur. F. X. Xoyski 1897-ci ildə Moskva universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə ( i dərəcəli diplomla) bitirdikdən sonra Tiflis Məhkəmə Palatasının sərəncamına göndərilmişdir. Tiflis Məhkəmə Palatasının 1897-ci il 26 avqust tarixli 56 saylı əmrilə Fətəli Xan Yelizavetpol dairə Məhkəməsi yanında kiçik məhkəmə məmuru vəzifəsinə təyin olunmuş, 1898-ci il fevralın 27-də isə ali əmrlə ona kollej katibi rütbəsi verilmişdir. F. X. Xoyski Tiflis Məhkəmə Palatası sədrinin 1899-cu il 24 mart tarixli 15 saylı əmri ilə böyük məhkəmə məmuru təyin edilmişdir. O, Palatanın 1899-cu il 16 iyul tarixli əmri ilə Kutaisi dairə məhkəməsinə böyük məhkəmə məmuru vəzifəsinə keçirilmişdir. Arxiv sənəd və materialları təsdiq edir ki, F. X. Xoyskinin ictimai- siyasi və dövləti fəaliyyəti zəngin və çoxşaxəli olmuşdur. F. X. Xoyski 1897- 1907-ci illərdə Yelizavetpol, Kutaisi, Yekaterinodar, Zuqzudi, Suxumi məhkəmələrində müxtəlif vəzifələrdə çalışmışdır. O,1907-ci ilin yanvar-fevral aylarında Rusiyanın II Dövlət Dumasına keçirilən seçkilərdə Bakı və Yelizavetpol quberniyalarından seçilmiş 6 azərbaycanlı deputatdan biri olmuşdur. Fətəli xan II Dövlət Dumasının işində fəal iştirak etmiş və Dumanın altı müxtəlif komissiyalarına üzv seçilmişdir. Rusiyanın II Dövlət Dumasına Azərbaycandan seçilmiş deputatlar Dumanın müsəlman parlament fraksiyasının tərkibinə, F.X. Xoyski və X. Xasməmmədov isə müsəlman frak­siyasının bürosuna daxil edilmişdilər. Fətəli Xan Dövlət Dumasının iclaslarında dəfələrlə “Müsəlman fraksiyası” adından çıxış edərək çar Rusiyasının əsarəti altında yaşayan müsəlmanların və türklərin milli haqq və hüquqlarını müdafiə etmiş, mütləqiyyətin imperiya ərazisində yürütdüyü mürtəce hakim millətçilik, eləcə də milli və dini ayrı-seçkilik siyasətinə qarşı çıxmışdır. Rusiyada milli və dini ayrı-seçkiliyə görə vətəndaşların siyasi və mülki hüquqlarını məhdudlaşdıran qanunların ləğvinə dair Dövlət Dumasına təqdim edilmiş qanun layihəsini imzalayan 173 deputatlardan biri də F. X. Xoyski olmuşdur. II Dövlət Duması 1907-ci il fevralın 20-dən iyunun 3- dək müddətdə cəmi 102 gün fəaliyyət göstərdikdən sonra 1907-ci il iyunun 3-də çarın imzaladığı manifestlə qovulmuşdur. Beləliklə Rusiyanın II Dövlət Duması da I Dövlət Duması kimi qarşısında duran məsələləri həll etməyə macal tapmadan çar hakimiyyəti ərəfindən vaxtından əvvəl buraxılmışdı. F. X. Xoyskinin Dövlət Dumasında deputatlıq dövrü uzun sürməsə də, onun ictimai-siyasi xadim kimi forma­laşmasında və sonrakı dövrdə milli-istiqlal hərəkatında fəal iştirak etməsində əlavə bir təcrübə rolunu oynamışdır. II Dövlət Duması buraxıldıqdan sonra F.X. Xoyski Yelizavetpola qayıdaraq 1907-1912-ci illərdə Yelizavetpol dairə məhkəməsində, 1913 -1917- ci illərdə isə Bakı dairə məhkəməsində andlı iclasçı olmuş, vəkil kimi fəaliyyət göstərmişdir. Fətəli Xan Xoyski Bakıda şəhər dairə məhkəməsində fəaliyyət göstərərkən Bakının ictimai- mədəni həyatında, xeyriyyə cəmiyyətlərinin işində fəal iştirak etmişdir. 1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı qələbə ilə başa çatdıqdan sonra 1917-ci il martın 2-də II Nikolay taxt-tacı tərk etmək haqqında manifest imzalamağa məcbur oldu. Bununla da Rusiyanı təqribən 305 ilə yaxın müddətdə idarə etmiş Romanovlar sülaləsinin hakimiyyətinə son qoyuldu. Martın 3-də Rusiyada yaradılmış Müvəqqəti hökumətin qərarı ilə Cənubi Qafqazda mülki hakimiyyət regionun əsas millətlərini təmsil edən deputatlardan təşkil edilmiş Xüsusi Zaqafqaziya Komitəsinə (OZAKOM)-a verildi. F.X. Xoyski Fevrai inqilabından (1917) sonra Bakıda yaradılmış Müsəlman Milli şurasının müvəqqəti icraiyyə komitəsinin üzvü seçilmiş və 1917-ci ilin aprelində Bakıda keçirilən Qafqaz müsəlmanları qurultayının təşkilatçılarından və fəal iştirakçılarından biri olmuşdur.

F. X. Xoyski Azərbaycanın ictimai və siyasi mübarizə hərəkatında yaxından iştirak edərək xalqımızın azadlığı və müstəqilliyi uğrunda aparılan mübarizənin önündə gedən liderlərdən birinə çevrilmişdir.

1917-ci il oktyabrın 25-də Rusiyada mərkəzi hakimiyyət bolşeviklər tərəfindən ələ keçirildi və onun ardınca 1918-ci ilin yanvarında Rusiya Müəssislər Məclisi bolşeviklər tərəfindən qovuldu. Baş vermiş bu siyasi hadisələrdən sonra Rusiyadakı müxtəlif idarəçilik qurumları Petroqraddakı mərkəzi bolşevik hakimiyyətini tanımayacaqlarını bildirdilər.

Yaranmış vəziyyətlə əlaqədar olaraq IV Dövlət Dumasının Zaqafqaziyadan seçilmiş deputatlarının təşəbbüsü ilə 1917-ci il noyabrın 15-də J. P. Qeqeçkorinin başçılığı ilə Zaqafqaziya Komissarlığı adı altında hökumət yaradıldı və həmin hökumət xeyli əvvəl Rusiyanın Müvəqqəti Hökuməti tərəfindən Zaqafqaziyanı idarə etmək üçün yaradılmış Xüsusi Zaqafqaziya Komitəsini (OZAKOM)-u əvəz etdi. Zaqafqaziya Komissarlığında F. X. Xoyski Maarif nazirliyinə rəhbərlik etmişdir. Rusiya Müəssislər Məclisinə Zaqafqaziyadan seçilmiş deputatlar tərəfindən 1918-ci il fevralın 14-də Cənubi Qafqazda hakimiyyət orqanı kimi Zaqafqaziya Seyminin yaradılması qərara alındı. 1918-ci il fevralın 23-də Tiflisdə Zaqafqaziyanın qanunvericilik orqanı olan Zaqafqaziya Seymi çağırıldı. 1918-ci il aprelin 9-da Seymin qərarı ilə Zaqafqaziya Demokratik Federativ Respublika elan olundu. A. Çxenkelinin başçılığı ilə yaradılmış hökumətin nəzdində F. X. Xoyski Ədliyyə naziri vəzifəsinə təyin edildi. 1918-ci il mayın 11-16-da Batum konfransında Almaniya nümayəndələrinin təzyiqi altında Gürcüstan ZDFR-dən çıxmağı qərara aldı. Gürcü heyəti Zaqafqaziyanın vahid dövlətdə birləşdirilməsinin qeyri-mümkün olduğunu qeyd edərək federasiyanı tərk edəcəyini bildirdi. Tarixi mənbə­lər təsdiq edir ki, Zaqafqaziya Federasiyasının cəmi bir ay mövcud olmasının əsas səbəblərindən biri də erməni tərəfinin həm Azərbaycana, həm də Gürcüstana qarşı ərazi iddialarını irəli sürməsi olmuşdur. Zaqafqaziya Seyminin 1918-ci il mayın 26- da keçirilmiş son iclasında Gürcüstan öz müstəqilliyini elan edərək ZDFR-i tərk etdi. Gürcüstanın ZFDR-ni tərk etməsi Cənubi Qafqazda üç müstəqil dövlətin - Azərbaycan, Gürcüstan və Ermənistan respublikalarının yaranması ilə nəticələndi. Zaqafqaziya Seyminin buraxılması ilə əlaqədar olaraq Seymin Azərbaycan fraksiyası mövcud siyasi vəziyyəti müzakirə etmək üçün mayın 27-də fövqəladə iclas çağırdı. Həmin iclas Azərbaycanın idarə olunmasını yekdilliklə öz üzərinə götürməyi qərara aldı və özünü Azərbaycan Müvəqqəti Milli Şurası elan etdi. M. G. Rəsulzadə Milli Şuranın sədri, H. Ağayev və M. Seyidov sədrin müavinləri seçildilər. F. X. Xoyski doqquz nəfərdən ibarət yaradılmış icraiyyə orqanının sədri seçildi.

1918-ci il mayın 28-də Tiflis şəhərində tərkibi ümumilikdə 26 nəfərdən ibarət olan Azərbaycan Milli Şurası Azərbaycanın müstəqil dövlət elan edilməsi haqqında qərar qəbul etdi, istiqlal Bəyannaməsini imzalayan Milli Şuranın 26 deputatlarından biri də F. X. Xoyski olmuşdur. Milli Şuranın 28 may 1918-ci il tarixi iclasında Azərbaycan Xalq Cümhuriyyətinin ilk hökumətinin təşkili F. X. Xoyskiyə tapşırıldı. F .X. Xoyskinin təqdim etdiyi I müvəqqəti hökumətin tərkibi Milli Şuranın həmin iclasında təsdiq edildi. Cümhuriyyətin ilk müvəqqəti hökumətinin tərkibində F. X. Xoyski Nazirlər Sovetinin sədri və Daxili işlər naziri vəzifəsinə təsdiq olundu. Azərbaycanın istiqlaliyyətinin elan edilməsi haqqında F.X. Xoyskinin 1918-ci il mayın 30-da imzaladığı məlumat radioqramla dünyanın böyük dövlətlərinin xarici işlər nazirliklərinə göndərildi. Azərbaycan Milli Şurası və I müvəqqəti Hökumət Tiflisdə 18 gün fəaliyyət göstərdikdən sonra 1918-ci il iyunun 16-da Tiflisdən Gəncəyə köçdü. 1918- ci il iyunun 17-də M. Ə. Rəsulzadənin sədrliyi ilə Milli Şuranın Gəncə şəhərində keçirilmiş ilk iclasında gərgin müzakirələrdən sonra üç qətnamə qəbul edildi: 1) Müvəqqəti hökumətin hüquq və vəzifələri haqqında; 2) Milli Şuranın buraxılması haqqında;3) ikinci müvəqqəti hökumətin heyəti haqqında. Azərbaycan Respublikası Nazirlər Sovetinin hüquq və vəzifələri haqqında qərarda qeyd olunurdu ki, Azərbaycan hökuməti Azərbaycanın dövlət müstəqilliyini və mövcud siyasi azadlıqları ləğv edə bilməz, aqrar və digər bu kimi mühüm inqilabi əhəmiyyətli qanunların dəyişdirilməsinə hökumətə səlahiyyət verilmir. Azərbaycan hökuməti altı aydan gec olmayaraq Müəssislər Məclisi çağırmalıdır. Digər məsələlərdə hökumətə bütün hüquqlardan istifadə etmək səlahiyyəti verilir. Milli Şuranın buraxılması haqqında qətnamədə isə qeyd edilirdi ki, Milli Şura Azərbaycanın daxili və xarici vəziyyətindəki gərginliyi nəzərə alaraq bütün hakimiyyəti F. X. Xoyskinin rəhbərliyi ilə təşkil edilmiş hökumətə təhvil verir və ona tapşırır ki, hakimiyyəti yaxın vaxtlarda çağırılacaq Müəssislər Məclisindən başqa heç kimə güzəştə getməsin. Hökumətin sədri F. X. Xoyski Milli Şuranın 17 iyun 1918-ci il tarixli iclasında çıxış edərək qeyd etmişdir: “Cənab deputatlar! Bizim hansı məsuliyyətli dəqiqədə hökuməti öz üzərimizə götürdüyümüz sizə məlumdur. Gürcüstan Zaqafqaziyadan ayrıldıqdan sonra bizim ölkəmiz hökumətsiz və hakimiyyətsiz qalmış, ona görə də biz özgə ərazidə də olsa, bura gələnədək müvəqqəti hökumətimizi yaratmağa məcbur olduq. Bu hökumətin bütün fəaliyyəti sizə məlumdur və ətraflı izahata ehtiyac yoxdur, indi biz öz ərazimizdəyik. Mən və mənim kabinet yoldaşlarım bizim istefamızı qəbul etməyinizi xahiş edirik. Ümid edirik ki, bizim xahişimizi qəbul edəcək və nöqsanlarımızı bağışlaya­caqsınız”. Beləliklə," iyun böhranı" Milli Şuranın buraxılması və bütün hakimiyyətin F. X. Xoyskinin sədrlik etdiyi II müvəqqəti hökumətə təhvil verilməsi ilə nəticələndi. II müvəqqəti hökumətin təşkil edilməsi yenidən F.X. Xoyskiyə tapşırıldı. F.X. Xoyskinin təqdim etdiyi II kabinetin tərkibi Azərbaycan Milli Şurasının 17 iyun 1918-ci il tarixli qərarı ilə təsdiq olundu. II müvəqqəti hökumətin heyətində F. X. Xoyski Nazirlər Şurasının sədri və Ədliyyə naziri vəzifəsinə təsdiq edildi. Milli Şuranın 17 iyun 1918-ci il tarixli iclasında F.X. Xoyski qeyd etmişdir ki, onun sədrliyi ilə yaradılmış II müvəqqəti hökumətin başlıca vəzifəsi Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizə olacaqdır. F. X. Xoyskinin başçılıq etdiyi I və II müvəqqəti hökumət son dərəcə ağır bir tarixi şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq qarşısında duran vəzifələri layiqincə yerinə yetirməyə çalışmış və buna nail olmuşdur. F. F.X. Xoyskinin sədrlik etdiyi Azərbaycan hökumətinin qarşısında duran ən vacib vizifələrdən biri ölkəmizin siyasi, iqtisadi və mədəni mərkəzi olan Bakı şəhərini 1918- ci ilin iyulunda süqut etmiş Bakı kommunasından sonra bu şəhəri ələ keçirmiş eser-menşevik-daşnak nümayəndələrindən ibarət olan “Sentrokas- pi diktaturasından təmizləmək olmuşdur. Bununla yanaşı, S. Şaumyan və G. Karqanovun rəhbərliyi ilə ermənilərdən ibarət olan “Bakı Kommunası” adı altında yaradılmış “bolşevik” hökuməti “əksinqilabçı ünsürlərlə mübarizə” şüarı altında ölkəmizin müxtəlif bölgələrinə erməni-daşnak silahlı cəza dəs­tələrini göndərmiş və həmin silahlı dəstələr 1918-ci il martın 30, 31 və aprelin 1-də Bakıda, 1918-ci ilin mart- may aylarında Bakı quberniyasının Şamaxı, Göyçay, Ərəş və Quba qəzalarının kəndlərində, eləcədə Azərbay­canın digər bölgələrində azərbaycanlılara qarşı insanlığa sığmayan kütləvi qanlı qırğınlar törətmiş, minlərlə gü­nahsız, dinc əhalini qətlə yetirmişdilər.

Belə bir şəraitdə F. X. Xoyskinin başçılıq etdiyi hökumətin qəbul etdiyi mühüm qərarlardan biri də 1918-ci il iyul ayının 15-də Fövqəladə Təhqiqat Komissiyasının yaradılması olmuşdur. Tədqiqat Komissiyasının yaradılmasında başlıca məqsəd erməni-bolşevik-daşnak qüvvələrinin 1918-ci ilin martında Bakıda, mart- may aylarında Şamaxıda, may-iyun aylarında Qubada, 1918-1919-cu illərdə Qərbi Azərbaycanda və Azərbaycanın digər müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımları ilə bağlı təhqiqat sənədlərinin toplanması və toplanmış sənədlərin dünyanın müxtəlif dillərinə çevirərək ingilis, fransız, rus, ərəb və türk dillərində nəşr olunması və beynəlxalq aləmi Azərbaycanın başına gətirilən misli görünməmiş faciələrlə tanış etməkdən ibarət olmuşdur.

F. X. Xoyski Parlamentin 7 dekabr 1918-ci il tarixli ilk iclasında Hökumətin fəaliyyət göstərdiyi tarixi dövrün olduqca çətin olduğuna toxunaraq qeyd etmişdir: “Azərbaycan hökuməti o vaxt təşkil etdi ki, Gürcüstan Zaqafqaziyadan ayrılıb elani-istiqlal etmiş idi. O bir məqam idi ki, Türkiyə ilə hənüz hərb halında idik. Sülh əhdnamələri hənüz bağlanmamışdır. Batumda sülh müzakirəsi gedirdi. O vaxt Qafqaziya cəbhəsinin təsviyəsi və Türkiyə ilə mübahisəli məsələlərin həlli lazım idi. Xarici işlərimiz belə, daxili işlərimiz məlumdur. Bir vaxt idi ki, bir kənddən o biri kəndə getmək qorxulu idi, gecə yatanda sabaha çıxmaq ümidi yox idi. Dəmir yollarında rus qoşunları qayıdarkən nə hallar oldu. Başımıza nə fəlakətlər gəldi, dəmiryolları tamamilə yatmışdı. Poçta, teleqraf yox idi. Bir kağız yollamaq mümkün deyil idi. O vaxt idi ki, maliyyatdan hökumət əlində heç bir şey yox idi. Hökumətə lazım olan idarələrin hamısı başdan- başa dağılmış idi, xidmətçilər qaçmışdılar. idarələrin adı var isə də, özü yox idi... Daxili işlər böylə ikən Azərbaycan isqiqlalı elan edilmiş isə də, heç bir hökumət tərəfindən təsdiq edilməmişdir. O zaman bütün Azərbaycan tərəfindən seçilmiş milli komitə bu hökuməti təyin edib idarə işlərini ona tapşırdı. Məni rəis seçərək idarəyə başladıq. Türkiyə ilə sülh əhdinaməsi tezliklə bağlandı. Bununla bərabər hökumət qanun və qayda barəsində aciz idi. Zira heç bir tədbir qüvvəmiz və silahımız yox idi. Aşkar hökumət təşkil etməyə məcbur idik, lakin bunu da edə bilməz idik. Ona binaən bir qüvvəyə lüzum görürdük, sülh müzakirəsi vaxtı türklərdən bir qədər əsgər almaq iltizam edildi. Sülhnamədə bir fəsl var ki, Azərbaycan hər vaxt lazım görsə, müdafiə hüquqi üçün Türkiyə bir qədər əsgər versin. Hökumət bu çarəyə təvəssül etdi. Özünüz bilirsiniz, Türkiyə öz borcunu yerinə yetirdi... Türkiyə həmdinimiz, həmvətənimiz idi. Ona görə ondan kömak istədik. Bu altı ay müddətindəki hökumət idarə eyləmişdir. Siz görürsünüz ki, çox şeylər tazə təşkil olubdur. Daxildə hərci-mərcdən başqa heç bir şey yox idi. Hətta polis də yox idi. Ona görə hamıdan artıq polis işlərinə diqqət etdik. İndi Allaha şükür olsun ki, Azərbaycanın hər yerlərində lazımi qədər olmasa da, xalqın malını-canını müdafiə edəcək təşkilatımız var. Fəqət, vaxta baxıb tərəziyə qoyulmalıdır ki, bu işləri hansı hökumət və nə vaxt etmişdir? Tarixi, sabiqəsi, əskər və xəzinəsi olan hökumətmi? Yoxsa, iki gündə təşkil olunmuş pulsuz və əsgərsiz hökumətmi? Əgər burasını nəzərə alsanız görərsiniz ki, nə qədər zəhmət lazım idi. Dəmiryolları işləmirdi, dağılmışdı, vaqon, filan yox idi. Məmləkətin dolanacağı buna bağlı idi... Doğrudur, indi də mümkün və lazım olan bir çox şey yoxdur. Lakin nə qədər olsa, Allaha şükür, yaz, qış dəmir yolları düzəlib idarə olunur. Teleqraf yox idi, bir kağız göndərmək mümkün deyil idi. İndi qüvvəmiz çatan qədər işləyib təmamilə olmasa da, çox yerdə poçt, teleqraf açılmışdır. İstənilən yerlərə teleqram, məktub göndərmək olar. Vacib məsalələrdən birisi də maliyyat məsələsi idi ki, onsuz işləmək mümkün deyil idi. Hökumət bir zamanda təşkil olundu ki, Batum nümayəndələrinə pul göndərmək lazım olduğu halda, on min manat tapılmayıb Tiflisdən borc axtarılırdı... Hökumət üçün para buraxmağa da bir yer yox idi, o zaman heç paytaxtımız da əlimizdə deyil idi, ona görə pul kəsilməz idi. Biz məcbur olduq başqaları ilə şərik olaq. Gürcüstan və Ermənistan ilə şərik olaraq Zaqafqaziya bonları buraxdı. Bədə Bakı alındıqdan sonra Bakı bonu buraxıldı...

Zira hürriyyət, ədalət və əxvət bayrağı daşıyan firqələr Bakını əlimizdən almış idi, bizi paytaxtsız buraxmış idi. Azərbaycanın köksü, paytaxtının sahibi olan müsəlman milləti qətliam edilmiş idilər... Hər nəzarətdən ayrı-ayrı bəhs edə bilməyəcəm. Ancaq bunu deməliyəm ki, o vaxt nə məktəb var idi, nə ədliyyə idarələri var idi. Hökumət buna da diqqət etməli idi. Çünki, ədliyyə idarəsi olmayınca, məmləkəti polis qüvvəsi ilə idarə etmək olmaz. Bu ikisi birdir ki, əvvəl baş milliləşməli idi. Şimdi məktəblər milliləşdilər, ibtidai məktəblər və bəzi siniflər milliləşmişlər, bir çox yeni məktəblər açılmışdır. Bundan əlavə, hökumət əldən gələn qədər çalışaraq, yox olan ədliyyə idarələrini təmdid etdi. İndi Allaha şükürlar, hər yerdə olamaz isə də, bir çox ədliyyə idarələrinə türk dili bilən adamlar təyin edilmişlər. Qüvvəmiz qədər vəzifəmizi ifa etdik. Hələ çox şey edə bilməmişik, amma bunu cürətlə deyə bilərəm ki, hökumətin nöqsanları ilə bərabar, yol göstərən işıqlı ulduzu bu şüar olmuşdur: Millətin hüququ, İstiqlalı, Hürriyəti!... Hökumət çalışmışdır ki, öz nüfuzunu millətin gözündə itirməsin”.

F. X. Xoyski 1918-ci il dekabrın 7- də açılmış Azərbaycan Respublikası Parlamentinin ilk iclasında çıxış edərək hökumətin öz səlahiyyətlərini yerə qoyduğunu və bütün hakimiyyəti Parlamentə təhvil verdiyini bəyan etmişdir. Tale elə gətirir ki, Azərbaycanın yeni, sayca üçüncü hökumət kabinetinin təşkili yenidən F. X. Xoyskiyə tapşırılmışdır. O, dekabrın 26-da yeni hökumətin tərkibini parlamentə təqdim etmişdir. Fətəli xan həmin hökumətdə Nazirlər Sovetinin sədri və xarici işlər naziri vəzifələrinə təsdiq edilmişdir. Parlamentin 26 dekabr 1918-ci il tarixli iclasında çıxış edən F. X. Xoyski qeyd etmişdir: “...mühüm, çətin və qorxulu vaxtda

tazə kabinə təşkili mənə rucu olundu. Siz bilirsiniz ki, beş illik cahan müharibəsindən sonra sülh konfransı qarşısında bizim ən mühüm məsələmiz, istiqlalımız məsələsi olacaqdır. Bu istiqlaliyyəti təsdiq etdirməyi bu halətdə siz bu hökumətə tapşırırsınız. Bu ağır vəzifəni öhdəmizə alırıq. Hökumət hamı vəzifələrdən qabaq, bu istiqlaliyyəti göz bəbəyi kimi müdafiə və mühafizə etməyi özünə borc bilir, istiqlalımız sülh konfransında qəbul olunub və tanınacaqdır. Biz ümidvarıq ki, sülh konfransı da və Amerikanın rəisi bütün cahana elan etdiyi deklarasiya ilə demokratik İngiltərə və Fransa cümhuriyyəti öz istiqlalına cəhd ilə bir millətin hüququ tapdalanmayacaqdır. Bu cür hökumət nümayəndələrindən ibarət cahan məhkəməsi olan sülh konfransında bizim sözümüz eşidiləcəkdir.” Parlamentin həmin iclasında hökumət başçısı ölkənin daxili işlərindəki vəziyyətə də toxunaraq qeyd etmişdir: “Daxili işlərimizdə çox nöqsanlar vardır. Heç bir hökumət olmaz ki, onun belə nöqsanları olmasın, hökumət özü yaxşı bilir ki, bu, daxiliyyə işlərinin başında duran adamlardan asılıdır. O adamlar gərək yaxşı adamlar, millətpərəst adamlar olsun... Fəqət, millət nümayəndələri bilsin ki, bu cəmaət işidir, millət və vətən işidir. Bundan boyun qaçırmaq olmaz... Hökumət özünü borclu bilir ki, Rusiya inqilabından alınmış bütün hürriyyətləri: hürriyyəti vicdan, kəlam, məkan və sairə hürriyyətlər... Hökumət lazım bilir ki, bu hüriyyətləri müdafiə eləsin. Bu işlərdə hökumət yalnız iş görə bilməz. Millət özü hökumətə kömək etməlidir. Onu da bilirik ki, hökumət tərəfindən bu hüriyyətlər verilsin, bu ixtiyarı verməlidir. Bu hüriyyət imtiyazları verilməz isə dövlət işləri düz getməz”.

Azərbaycan Respublikasının yeni hökumətinin təşkili ilə əlaqədar olaraq Bakıdakı müttəfiq qoşunlarının komandanı general-mayor Tomson dekabrın 28-də bəyanat verərək bildirdi ki, müttəfiq qoşunlarının komandanlığı Azərbaycanın hüdudları daxilində yeganə hakimiyyət orqanı olan F. X. Xoyskinin sədrliyi ilə təşkil edilmiş koalision hökumətə hərtərəfli yardım göstərəcəkdir.

1919-cu il fevral ayının sonunda Fətəli xanın başçılıq etdiyi hökumət kabineti istefa verdi. Azərbaycan Respublikası Parlamentinin 25 fevral 1919-cu il tarixli 16-cı iclasında iclasın katibi Ə.b.Pepinov Nazirlər Şurasının sədri F. X. Xoyskinin istefa haqqında məktubunu elan etdi. Həmin məktubda baş nazir həddindən artıq əsəbi yorğunluğunu əsas gətirərək onun olduqca məsuliyyətli vəzifədə qalmasının qeyri-mümkün olduğunu və baş nazir səlahiyyətini öz üzərindən götürdüyünü bildirirdi”. Həmin iclasda M. Ə. Rəsulzadə F. X. Xoyskinin məktubuna münasibət bildirərək qeyd etdi; “Böylə bir mühüm zamanda rəisi-vükəla əsəblərinin yorğun və xəstə olub dövlət işlərindən ötrü lazımi qədər işləməyə təhəmmül etmədiyindən dolayı istefa verir. Bu barədə yalnız təəssüf etməlidir ki, böylə mühüm zamanda məmləkətin siyasəti ümumiyyəsi pərişan bir halda ikən Rəisi-vükəla səhhətinin pozulmasından dolayı istefa verir ki, bizcə Məclisi-Məbusan bu motivi qəbul etməyə bilməz... Əlbəttə, yeni hökumət təşkilinə qədər indiki hökumət iş başında qalmalıdır.” 1919-cu ilin fevral ayının sonlarında baş vermiş F. X. Xoyski kabinetinin istefası ilə bağlı 28 fevral 1919- cu il tarixli 45¹li “Azərbaycan” qəzetində qeyd edilirdi ki, F. X. Xoyski kabinetinin istefasını Parlamentdə və ya Nazirlər Şurasında baş vermiş hər hansı bir siyasi böhran yaratmamışdır. F. X. Xoyski kabinetinin, eləcə də Azərbaycan Respublikasının bütün siyasi partiyalarının ölkənin daxili və xarici siyasətində həyata keçirdiyi siyasi xətt və proqram dəyişilməz olaraq qalır. “F. X. Xoyskinin həddindən artıq əsəbi yorğunluğunu diplomatik addım hesab etmək olmaz. Ölkəmizdə demokratik prinsipləri və respublikamızın suverenliyini mümkün qədər qoruyaraq ölkəmizin ərazisindəki xarici qüvvələr qarşısında F. X. Xoyski kabineti bir sıra ciddi siyasi məqamlara, eləcə də müxtəlif siyasi vəziyyətlərə şərəflə, həmişə dövlətin ləyaqətinə məxsus şərəflə tab gətirdi”.

Parlamentin 17 mart 1919-cu il tarixli 24-cü iclasında yeni hökumətin təşkilinin N. b.Yusifbəyova tapşırıldığı elan edildi. Aprelin 14-də N.b.Yusifbəylinin başçılığı ilə təşkil edilmiş IV hökumət kabinetinin tərkibi elan edildi. Lakin F. X. Xoyski həmin hökumətdə artıq təmsii olumamışdır. Nəhayət,1919-il dekabrın 22-də N b.Yusifbəyovun başçılığı ilə Azərbaycanın yeni, sayca beşinci hökumət kabineti təşkil edilir. F. X. Xoyski həmin hökumətin tərkibinə daxil olmuş və o, xarici işlər naziri vəzifəsinə təsdiq edilmişdir.

1920-ci il yanvarın 11-də Müttəfiq dövlətlərin Ali Şurası Azərbaycan və Gürcüstanın müstəqilliyini de-fakto tanımışdır. Parlamentin bu tarixi hadisəyə həsr olunmuş 14 yanvar 1920-ci il tarixli iclasında Xarici işlər naziri F. X. Xoyski nitqlə çıxış edərək qeyd etmişdir: “Möhtərəm məbuslar! May ayının 28-də 1918-ci ildə Azərbaycan xalqı öz istiqlaliyyətini aləmə məlum etmişdi. Məlum etməklə onu özgə millətlər tərəfindən təsdiq etdirməyin çox qayəti vardır, istiqlalını elan etdikdən sonra bir millət gərək cəmi aləmə göstərsin və isbat etsin ki, dərhəqiqət kəndisinin istiqlaliyyətə layiqi vardır. Bu surətdə onun istiqlalı təsdiq edilə bilər. Habelə bu bir il on ay müddətində Azərbaycan milləti öz həyatını, dolanacağını Avropaya, cəmi mədəniyyət aləminə məlum edib özünü eylə göstərdi ki, Avropa onun həqqini verməyə və istiqlalını təsdiq etməyə vadar oldu... Bu xəbər bizdən ötrü böyük bayramdır. Bu yalnız bizim üçün deyil, islam milləti və ümumi türk aləmi üçün böyük bir bayramdır. Böylə bir günü dərk etmək üçün qeyri millətlər on illər ilə çalışmışlar. Biz isə onu az müddətdə, bir il yarım içərisində qazandıq. Böylə az müddətdə istiqlaliyyətini alan bir millətin onu möhkəm saxlayacağına əminəm.

Bugünkü bayram münasibətilə sizi hökumət tərəfindən təbrik edirəm. Özümü artıq'dərəcədə xoşbəxt hesab edirəm ki, istiqlaliyyətimizi elan edən zaman da hökumət başında mən idim. Və indi də təsdiqini sizə mən elan edirəm".

1920-ci il yanvarın əvvəllərindən başlayaraq RSFSR Xarici işlər Xalq Komissarı G. Çiçerin Azərbaycan Respublikası Xarici İşlər Naziri F. X. Xoyskiyə nota göndərərək Denikinə qarşı mübarizəyə Azərbaycanın da qoşulmasını ondan tələb edirdi.

Çiçerinin bu tələbinə cavab olaraq F. X. Xoyski Azərbaycan hökumətinin Rusiyanın daxili işlərinə qarışmaq istəmədiyini bildirir və eyni zamanda qeyd edir ki, Azərbaycan hökuməti hər iki dövlətin suverenitetliyindən irəli gələn prinsiplər əsasında danışıqlar yolu ilə Rus və Azərbaycan xalqları arasında qarşılıqlı mehriban qonşuluq əlaqələrinin yaradılmasına hazırdır. Lakin F. X. Xoyskinin “sovet hökuməti Azərbaycan hökuməti ilə yuxarıda qeyd olunan şərtlər əsasında danışıqları açmaq istəyirmi?” sorğusuna RSFSR Xarici işlər Xalq Komissarlığı tərəfindən dürüst müsbət cavab verilmədi.

1920-ci ilin yanvar ayından aprelədək G. Çiçerinlə aparılan nota mübadilələri bir daha təsdiq edir ki, istiqlal mücahidi Fətəli Xan Xoyski son anadək Azərbaycanın müstəqilliyini müdafiə etmiş siyasi və dövlət xadimlərindən biri olmuşdur. 1920-ci il aprelin 27-də XI Qırmızı Ordu beynəlxalq hüquq normalarını pozaraq, Azərbaycan sərhədlərini pozaraq Bakıya doğru hücuma keçdi. Sovet Rusiyasının XI Qırmızı Ordusu tərəfindən Azərbaycanın işğal edilməsi nəticəsində iki ilə yaxın müstəqil dövlət kimi yaşamış Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Aprel işğalından sonra F. X. Xoyski Tiflisə mühacirət etməyə məcbur oldu və iyunun 19-da Tiflisdə “Daşnaksutyun”un muzdlu erməni terrorçusu tərəfindən qətlə yetirildi. F. X. Xoyski Tiflisdə M. F. Axund- zadənin dəfn olunduğu Azərbaycan qəbiristanlığında torpağa tapşırılmışdır. Azərbaycan istiqlalının işğaldan sonrakı ilk şəhidlərindən olan Fətəli xan Xoyskinin adı Azərbaycan dövlətçiliyi tarixinə və xalqımızın yaddaşına əbədi həkk olunmuşdur. Onun Vətən və Millət qarşısındakı böyük xidmətləri heç vaxt unudulmur, böyük hörmət və ehtiramla yad edilir.