İki sahil. - 2017.- 24 noyabr. - ¹ 215. - S. 11.

 

İslam dünyasının nəbzi Azərbaycanda döyünür

 

Xuraman İsmayılqızıa

 

Daim sülh, əmin-amanlıq, həmrəylik tərəfdarı olan Prezident İlham Əliyevin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması ilə bağlı Sərəncamı humanist və xeyirxahlıq ideyası olmaqla siyasi müdrikliyin təntənəsi kimi də tarixə yazılır. Başa çatmaqda olan “İslam Həmrəyliyi İli”ndə keçirilən, İslam dəyərlərinin təbliğinə yönələn beynəlxalq siyasi, elmi, mədəni tədbirlərin hər biri milli mənəvi dəyərlərimizi dünya ictimaiyyətinə çatdırmaqla Azərbaycanın keçdiyi inkişaf yoluna da baxışdır. İlin ən çox yadda qalan hadisəsi isə 54 İslam dövləti idmançılarının iştirakı ilə keçirilən IV İslam Həmrəyliyi Oyunları oldu. İƏT üzvü ölkələri arasında 4 ildən bir “İslam sülhdür” devizi altında həmrəylik Oyunlarının keçirilməsində məqsəd müsəlman ölkələrinin əlaqələrini genişləndirmək, İslamla bağlı təxribatların əsasının olmadığını sübuta yetirmək, islamofobiyaya qarşı mübarizə aparmaqdır.

Qlobal problemlərlə “yüklənən” dünyamızda mədəniyyətlərarası dialoq və forumların, multikulturalizmlə bağlı keçirilən beynəlxalq tədbirlərin də əsasını xalqların həmrəyliyi, dini zəmində qarşıdurma hallarının aradan qaldırılması, millətlər, sivilizasiyalar arasında münasibətlərin xeyirxah məqsədlər naminə istiqamətləndirilməsi kimi mühüm amillər təşkil edir. Azərbaycanın bu sahədəki təcrübəsinin müsbət nəticələri Forumlarda yüksək qiymətləndirilərək özünü təcrid, başqa millətlərə yad baxış, ayrı-seçkilik hallarına qarşı birgə mübarizənin əhəmiyyəti açıqlanır, risklər doğuran təhlükələrlə bağlı ümumi rəylər öyrənilir, faydalı təşəbbüs və təkliflər nəzərə alınır. Dünyada ilk dəfə qitə dövlətlərinin iştirakı ilə keçirilən Birinci Avropa Oyunlarında ölkəmizə 56, Rio Yay Olimpiya Oyunlarında 18 medal qazandıran idmançılarımız İslam Həmrəyliyi Oyunlarında qələbələrinin sayını artıraraq qaliblərin siyahısına liderlik etdi. Həmrəylik Oyunlarının möhtəşəmliyi barədə bu gün də danışılır. Xəzərdən start götürərək Azərbaycanın 15 regionunu əhatə edən su səyahəti ilə başlanan IV İslam Həmrəyliyi Oyunlarının-İslamiadanın bağlanış mərasimində çıxış edən Azərbaycan Respublikasının I vitse-prezidenti, Oyunların Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın vurğuladığı kimi, Azərbaycan növbəti tarixi qələbəyə imza atdı, 10 gün ərzində İslam aləminin idmançıları dostluq və birliyin möhtəşəm təntənəsi çərçivəsində bir araya gəldilər. Onların mübarizliyi və fədakarlığı həqiqətən valehedici oldu.

Xalqımız qonaqpərvərliyini və mehribanlığını bir daha nümayiş etdirdi. Azərbaycan sübut etdi ki, böyük idman ölkəsidir və qazanılan qələbələrlə fəxr edir. Azərbaycanın milli komandası 162 medal, o cümlədən 75 qızıl medal qazanaraq, medallar cədvəlində birinci yeri qazandı. Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın vurğuladığı kimi, Azərbaycan xalqlar arasında dostluq ruhuna dəstək verdi.

Təbii ki, ölkəmizdə keçirilən tədbirlərdə Azərbaycan haqqında deyilən xoş sözlərin hər biri müsəlman dövləti kimi bəşəri dəyərlərə sadiqliyinə, siyasi, iqtisadi, mədəni inkişafına heyran qalan qonaqların səmimi etiraflarıdır. Bu etiraflarda İslami dəyərlər haqqında müsbət fikirlər də əksini tapır. Sivilizasiyalararsı missiyanı həyata keçirdiyi tədbirləri ilə təsdiqləyən tolerant ölkə Azərbaycan multikultural dəyərlərin təbliğində də öncüllüyünü qoruyur.

“Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda təşkil olunan IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları, BMT Sivilizasiyalar Alyansının Vll Qlobal Forumu kimi digər tədbirlərdə də qeyd olunur ki, dünyada sülh və inkişafa nail omaq üçün mədəniyyətlərarası anlaşma və mədəni müxtəliflik məsələlərinə diqqət artırılmalıdır. Bu sahədə ən yaxşı təcrübə Azərbaycan multikulturalizmi, dini dözümlülüyü, başqa millətlərə hörmət və ehtiramıdır. IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən ölkələrin sayının 40-dan 123-ə çatdırılması, sivil cəmiyyət quruculuğunda maraqlı olan dövlətlərin bir araya gəlməsi həm də Azərbaycana artan maraqdan qaynaqlanır. “İslam Həmrəyliyi ili”ndə ilk dəfə olaraq Bakıda qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsi keçirildi. Paytaxt sakinləri və şəhərimizin qonaqları növbəti dəfə “Formula-1” üzrə Azərbaycan Qran-prisini izlədilər. Azərbaycan 41-ci Dünya Skaut konfransına və 13-cü Dünya Skaut Gənclər Forumuna ev sahibliyi etdi. UNESCO-nun qeyri-maddi irs siyasına salınan, milli mənəvi sərvətimiz olan muğamlarımızın, milli və klassik musiqimizin ecazkarlığı Qəbələdə hər il təşkil olunan festivallarda əksini tapır. Keçirilən tədbirlərdə iştirak edən qonaqlar Şərqlə Qərb sivilizasiyalarının qovuşduğu məkan kimi tanınan Azərbaycanın milli mənəvi dəyərlərinin, adət-ənənələrinin zənginliyinə, təbiətinə, odlar diyarının zəngin tarixinə də heyran qalırlar.

Bu dəyərlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin haqlı tərəf olması barədə də qonaqlarda aydın təsəvvür yaradır, Ermənistanın işğalçılıq faktını təsdiqləyən söhbətlər aparılır. Müsəlman ölkələri ilə hiyləgərcəsinə yaxınlaşan Ermənistanın ikiüzlü siyasəti ifşa olunur.

İstanbulda inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının “Əməkdaşlıq yolu ilə imkanları artıraq” devizi ilə keçirilən IX Zirvə görüşündə iştirak edən Prezident İlham Əliyev bu məsələ ilə bağlı fikirlərini ifadə etdi: “Təəssüf ki, özünü müsəlman ölkələrinin dostu kimi qələmə verməyə çalışan Ermənistan Dağlıq Qarabağ və ətraf bölgələrdə məscidləri və dini abidələri dağıdıb. Məscidləri dağıdan ölkə heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz.”

Prezident İlham Əliyevin elan etdiyi “İslam Həmrəyliyi İli” çərçivəsində İspaniyanın paytaxtı Madriddə keçirilən “İslam həmrəyliyi və dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi” adlı konfrans da dünyada sülhə inamın artması istiqamətində atılan addım kimi dəyərləndirildi. Dünyanın aparıcı dini mərkəzlərinin liderlərinin konfrans çərçivəsində qarşılıqlı görüşləri də məhz bu inamın güclənməsinə xidmət edir. Bildirildi ki, Roma Papası Fransiskin, Moskva və Ümumrusiya Partiarxı Kiril həzrətlərinin Azərbaycana səfərləri, müxtəlif dinlərə məxsus insanların ikinci Vətən hesab etdikləri ölkəmizdə keçirdikləri görüşlər, fərqli konfessiyaların, dini qurumların nümayəndələri ilə söhbətlər dinlərarası dialoq proseslərinin güclənməsinə xidmət edən missiyadır.

Sülhün təminatını dəstəkləyən dinlər, konfessiyalararası həmrəyliyin nadir nümunəsi olan tolerant Azərbaycanın mədəniyyətlər, dialoqlar üçün beynəlxalq əhəmiyyətli mərkəz kimi tanınması bütünlükdə İslam aləminə verilən töhfədir.

Müsəlman və Şərq ölkələrində baş verən münaqişələrdən, hələ də davam edən müharibələr, çoxsaylı insanların qətlə yetirildiyi terrorlar nəticəsində yaranan miqrantların taleyindən narahat olan dünya ictimaiyyəti artıq başa düşür ki, bəşəriyyətdə sülhün təminatı tək dövlət başçılarının, siyasi xadimlərin deyil, dini qurumların birgə fəaliyyətindən, birlik və həmrəyliyindən də asılıdır. Məqsəd müsəlman ölkələrində daxili sabitlik yaratmaqla faydalı əmkdaşlığı genişləndirmək, bütün dünyada birgəyaşayış və rifahın təminatı üçün səyləri artırmaq, qüvvələri birləşdirməkdir. Ermənistanın etnik təmizləmə və separatizm siyasətindən əziyyət çəkən, ərazisinin 20 faizi hələ də işğal altında qalan, beynəlxalq terrorizmə qarşı mübarizə məqsədilə yaradılan koalisiyanın fəal üzvü, Xocalı soyqırımına məruz qalan Azərbaycan başqa sahələrdə olduğu kimi liderliyini terrora qarşı mübarizəsi ilə də bildirir, münaqişələrin dinc yolla, ədalətli həlli naminə səylərini əsirgəmir. Ölkəmiz 2013-cü ildə “Qüds şəhərinin inkişafına dair strateji planın maliyyələşdirilməsi üçün donor”, eləcə də “Fələstin dövlətinin dəstəklənməsi üçün İslam maliyyə təhlükəsizlik şəbəkəsinin yaradılması” adlı konfranslara ev sahibliyi etmiş və bu məqsədlər üçün ciddi məbləğdə ianə ayırmışdır.

Bir çox sahələrdə Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslər dünya siyasətinə yeni dinamika, yanaşma gətirir, dini məsələlərin həlli işində sivil davranış formatı təbliğ olunur.

Azərbaycanın təşəbbüsü ilə başlanan və inkişaf edən müxtəlif tədbirlər, forumlar sonrakı mərhələdə beynəlxalq təşkilatlar tərəfindən də dəstəklənir. Artıq UNESCO, ISESCO, Avropa Şurası, Ümumdünya Turizm Təşkilatı və digər qurumlar IV Mədəniyyətlərarası Dialoq Forumunun təşkilatçılarıdır. “Belə mötəbər tədbirlərin Azərbaycanda keçirilməsi həm bizim siyasətimizi, niyyətimizi göstərir və eyni zamanda, bütün dünyaya göstərir ki, bu gün dünyada multikulturalizmin mərkəzi olan ölkə var, bu ölkənin adı Azərbaycandır” söyləyən Prezident İlham Əliyev 2008-ci ildən başlanan “Bakı prosesi”nə qoşulanların çoxalan sayını dünya miqyasında dinlərarası münasibətlər sistemində mövcud olan problemlərin həllinə artan maraq kimi dəyərləndirir.

İslam dəyərlərinə mənəvi sərvətimizin ayrılmaz tərkib hissəsi kimi hörmətlə yanaşan, qoruyan, təbliğ edən Azərbaycan dünyəvi, müasir, dünyaya açıq olan dövlətdir. Ölkəmizdə radikalizm, fundamentalizm, etnik separatçılıq kimi təhlükə mənbəyi yoxdur. Bunun səbəbi təkcə inzibati addımlar deyil, cəmiyyətdə mövcud olan birlik və həmrəylikdir. Radikalizmə qarşı ən etibarlı təminat olan sosial ədalət, maddi rifah, savadlılıq, düzgün siyasətə olan inamdır.

Bu prinsiplərin dövlət siyasətində prioritet kimi daim diqqətdə saxlanıldığı Azərbaycan isə ölkə vətəndaşlarının rahat, təhlükəsiz həyatını təmin edən kifayət qədər güclü dövlətdir.