Azərbaycan.-2017.-23 noyabr.-258.-S.1,4.

 

Sivilizasiyaları bir araya gətirən missiya

 

Məhəmməd Nərimanoğlu

 

Sivilizasiyaları bir araya gətirməyə yönələn missiya o qədər də asan məsələ deyil. Lakin fəxr və qürurla deyə bilərik ki, Azərbaycan son illərdə üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirməyə qadir olduğunu bu il növbəti dəfə də təsdiqlədi.

2017-ci ilin İslam həmrəyliyi ili elan olunması çox böyük siyasi uzaqgörənliklə irəli sürülən ideyadır. Azərbaycan dövlətinin tarixinə İslam həmrəyliyi ili kimi yazılan 2017-ci ildə ölkənin ictimai-siyasi, eləcə də sosial-mədəni həyatında silinməz izlər buraxan hadisələr oldu. Bir çox beynəlxalq elmi, mədəni, eləcə də idman tədbirləri həyata keçirildi. Möhtəşəm IV İslam Həmrəyliyi Oyunları da buna nümunə idi. Əslində, bu oyunlar mədəniyyətimizin təbliği, uğurlarımızın təsdiqiydi. Oyunların Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva hazırlıqların yekun mərhələsinə həsr edilən iclasında demişdir: Azərbaycanda idmanın, Olimpiya hərəkatının inkişafına dövlətimizin verdiyi dəstək bütün dünya tərəfindən çox yüksək qiymətləndirilir. Aparılan siyasətin nəticəsi isə göz qabağındadır. İlk növbədə, bu, əlbəttə, Azərbaycan idmançılarının son illər ərzində əldə etdikləri nailiyyətlərdir. Ötən il Rio Yay Olimpiya Oyunlarında idmançılarımız 18 medal qazanaraq medalların sayına görə müsəlman ölkələri sırasında birinci yeri tutmağa nail olmuşlar. Siz yaxşı xatırlayırsınız ki, I Avropa Oyunları zamanı bizim yığma komandamız 56 medal qazanaraq ikinci yeri tutmuşdur. Əlbəttə, belə nəticələrlə bütün xalqımız fəxr edir və bu, Azərbaycan dövlətinin potensialının, Azərbaycan xalqının qabiliyyətinin göstəricisidir.

Prezident İlham Əliyevin təşəbbüsü, himayəsi və dəstəyi, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən regional və beynəlxalq layihələr ölkəmizin qlobal səviyyədə nüfuzunu daha da artırıb. Azərbaycanı xalqları, dövlətləri, sivilizasiyaları bir araya gətirməyə yönəlmiş mühüm bir missiyanı həyata keçirən multikultural və tolerant dövlətə çevirib. IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi də bunun növbəti əyani və uğurlu sübutu idi.

Bu ilin may ayının 6-da yekun vurulan Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar mövzusunda təşkil olunan IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO-nun tərəfdaşlığı ilə reallaşdı. Böyük Britaniyanın Koventri Universitetinin İnam, Sülh və Sosial Əlaqələr Mərkəzinin icraçı direktoru, professor Mayk Hardi bu beynəlxalq tədbirin əhəmiyyətindən danışarkən bildirdi ki, forumda sülh və inkişafa nail olmaq məqsədilə mədəniyyətlərarası anlaşma və mədəni müxtəliflik məsələləri, qloballaşma dövründə mədəniyyətlərin qarşılıqlı təsiri və sintezi, sürətlə dəyişməkdə olan dünyada sivilizasiyalararası əlaqələrin əhəmiyyəti və etnik münaqişələrin qarşısının alınması, turizmin inkişafı və digər məsələlərə toxunuldu. Həmçinin mədəni müxtəliflik üçün ictimai dəstəyin göstərilməsinə dair maraqlı təkliflər irəli sürüldü.

IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən ölkələrin sayı 40-dan 123-dək artıb ki, bu da həmin beynəlxalq tədbirin əhəmiyyətinin göstəricisidir.1500 nəfərdən çox iştirakçının təxminən 800-nün xaricdən olması isə forumun qlobal xarakterli mövzulara həsr edildiyini təsdiqləyir. Forum müddətində 200 məruzəçinin çıxışı dinlənildi, 40 müxtəlif tədbir, o cümlədən sessiya, dəyirmi masa və s. təşkil edildi. Habelə 47 beynəlxalq təşkilatın rəhbərləri bir araya gələrək müzakirələr apardılar.

Onu da xatırladaq ki, İslam həmrəyliyi ilində ilk dəfə olaraq Bakıda qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsi də keçirildi. Bununla yanaşı, bu ilin təqviminə Formula-1 üzrə Azərbaycan Qran-prisinin də adı yazıldı. 2017-ci ildə son olaraq Azərbaycan 41-ci dünya Skaut konfransına və 13-cü Dünya Skaut Gənclər Forumuna da evsahibliyi etdi. Avqustun 7-dən 10-dək Qəbələdə keçirilən konfransda dünyada gedən proseslərə, bir çox kataklizmlərə, müxtəlif ölkələrdə baş verən fəlakətlərə baxmayaraq, Azərbaycanın bütün bunlardan həm iqtisadi, həm də mədəni-mənəvi müstəvidə ləyaqətlə keçdiyi və öz varlığını, möhtəşəm tarixini bir daha ortaya qoyduğu vurğulandı.

İslam həmrəyliyi ilində paytaxt Bakıda və regionlarda yerləşən tarix-mədəniyyət qoruqları, müxtəlif profilli muzeylər və xüsusi hazırlanmış turizm marşrutları üzrə ekskursiya xidmətləri təşkil olundu. Muzey və qalereyalar ölkəmizdə olan turistlərə daha uzun müddətdə xidmət göstərməsi üçün iş rejimlərini uzatdılar. Mövsüm boyu maraq doğuran xidmətlərdən biri də Sirli Bakı idi. Xüsusi texnologiyaya əsaslanan bu proqram Bakının tarixi irsini sakinlərə və şəhərin qonaqlarına tanıtmaq məqsədi daşıyırdı. Proqramın tətbiq olunduğu hər bir cihazla tarixi abidələrin qarşısında quraşdırılmış informativ stendləri skan etməklə ziyarətçilər üç dildə (Azərbaycan, rus, ingilis) müfəssəl məlumat əldə edə bilirdilər. Bunlar isə təbii ki, ölkəmizin son illər qazandığı nailiyyətlərin bir hissəsi idi.

Müsəlman aləminin ayrılmaz hissəsi olan Azərbaycan İslam ölkələri ilə əlaqələrini dostluq, qardaşlıq, qarşılıqlı hörmət əsasında qurur və bu sahədə böyük uğurlara nail olur. Əfsuslar olsun ki, bir sıra müsəlman ölkələrində müharibə gedir, yeni münaqişələr, təhlükələr yaranır.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bildirdiyi kimi, bütün müsəlman aləminin bir araya gəlməsi, dostluq, qardaşlıq, sülh, əməkdaşlıq amilləri ətrafında birləşməsi həm də böyük bayrama çevrilir. Bunun isə müsəlman ölkələri arasında olan əməkdaşlığın möhkəmlənməsinə öz töhfəsini verəcəyi şəksizdir.

Ölkəmizin paytaxtında və bölgələrində bir sıra qlobal xarakterli beynəlxalq tədbirlərin keçirilməsi də İslam həmrəyliyi ilinin dünya ictimaiyyətinin yaddaşında qalacağına inam yaradır.

Bu ilin əvvəlindən bütün İslam dünyasının nəbzi, təbii ki, Azərbaycanda döyünürdü. Digər əlaqədar qurumlarla yanaşı, respublikamızın mədəniyyət müəssisələri də İslam həmrəyliyi ilinə ciddi hazırlaşmışdılar. Bir-birindən maraqlı konsert proqramları ilə göstərilən mədəni xidmət əcnəbi qonaqların yaddaşından silinməyəcəyinə şübhə yeri qoymadı. Proqramların məzmunu daha çox İslam dünyasının və Azərbaycan xalqının ənənəvi mədəniyyətinin təqdim edilməsindən ibarət idi.

Heydər Əliyev Sarayında mayın 13-dən etibarən həm dövlət rəqs ansamblının çıxışları, həm də xalq artisti Alim Qasımovun əməkdar artist Fərqanə Qasımova ilə birgə təşkil edilən konsertləri, qardaş Türkiyənin tanınmış rəqs ansamblı - Anadolu atəşinin rəngarəng çıxışları, Azərbaycan Dövlət Musiqili Teatrında Üzeyir bəy Hacıbəylinin əsərlərinin oynanılması, eyni zamanda, Azərbaycan mədəniyyətinin və incəsənətinin yalnız İslam aləminə deyil, dünyaya nümayişi və sözün əsl mənasında, təbliği idi. Təbii ki, bu sıraya Beynəlxalq Muğam Mərkəzində təşkil edilən Muğam axşamı, Natiq Şirinovun Natiq ritm qrupunun, caz ifaçılarının xüsusi konsertləri də əlavə olunmalıdır. May ayının 20-dən etibarən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, həmçinin Opera və Balet Teatrında Üzeyir bəy Hacıbəylinin Leyli və Məcnun və Arşın mal alan əsərləri əsasında hazırlanan tamaşalar da məhz İslam həmrəyliyi ilinin şərəfinə təşkil edilmişdi.

Tədbirlərin keçirildiyi günlərdə və ondan sonra istər paytaxt - Şərqlə Qərb sivilizasiyalarının qovuşduğu Bakıda, istərsə də respublikanın müxtəlif bölgələrində təşkil edilən mədəni-kütləvi tədbirlərə qatılan əcnəbi qonaqlar Azərbaycan musiqisini doğma bilərək onları dinləməkdən xüsusi zövq aldılar. Qəbələ və Şəkidə keçirilən beynəlxalq musiqi və teatr festivalları çərçivəsində təşkil edilən milli incəsənət əsərlərimizin təqdimi onlarda xüsusi təəssürat yaratdı ki, bunu da müsahibə və söhbətlərində gizlətmədilər. Azərbaycan muğamının ecazkarlığının canlı şahidinə çevrilən turistlər bir daha xalqımızın zəngin mədəniyyətə malik olduğunu dərk etdilər. Həmin tədbirlərdə yalnız milli musiqimiz deyil, eyni zamanda, ulu tarixə malik incəsənətimizin ayrı-ayrı qolları nümayiş etdirildi. Qonaqlarımız min illiyin yaşıdı olan xalçalarımızla yaxından tanış oldular.

Bu il oktyabrın 20-də İstanbulda İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının Əməkdaşlıq yolu ilə imkanları artırmaq devizi altında keçirilən IX Zirvə görüşündə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı diqqəti xüsusi olaraq bir daha Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb edərək vurğuladı ki, Ermənistan 25 ildən artıqdır Azərbaycanın tarixi torpaqlarını işğal edib: Təəssüf ki, özünü müsəlman ölkələrinin dostu kimi qələmə verməyə çalışan Ermənistan Dağlıq Qarabağ və ətraf bölgələrdə məscidləri və dini abidələri dağıdıb. Məscidləri dağıdan ölkə heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz.

İslam həmrəyıliyi ilində bir sıra beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi, həm də mədəniyyətimizin təbliği deməkdir. Ona görə də mədəniyyət və incəsənət xadimləri də tədbirlərin yüksək səviyyədə, yaddaqalan keçirilməsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirdilər.