Xalq qəzeti.-2017.-18 noyabr.-254.-S.3.

 

Azərbaycan İslam dünyasının ən nüfuzlu ölkələrindən biridir

 

Anar Turan

 

Bu gün Azərbaycan islam aləminin inkişafda olan qabaqcıl ölkələrindən biridir. Özünün dünyəvi, hüquqi dəyərlərə bağlılığı və sülh prinsiplərinə sadiqliyi ilə fərqlənən ölkəmiz, eyni zamanda, mənəvi cəhətdən bağlı olduğu ölkələrlə də əməkdaşlığını davam etdirməkdədir. Bakının son vaxtlar İslam coğrafiyasını əhatə edən möhtəşəm tədbirlərə ev sahibliyi etməsi, özünün müstəqil siyasəti ilə seçilməsi bu çevrədə nüfuzumuzu xeyli artırmışdır.

 

Oktyabrın 20-də İstanbulda inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Əməkdaşlıq yolu ilə imkanları artırmaq devizi altında IX Zirvə görüşü keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə xüsusi qonaq qismində həmin tədbirdə iştirak edərək, lakonik, amma məzmunlu nitq söylədi. D-8 sammitinin keçirilməsi, iqtisadi inkişafda gələcəyə yeni üfüqlər açmaqla bir sıra prioritetləri müəyyənləşdirdi. Ümumiyyətlə, D-8-in əsas məramı, məqsədləri nədir? Bu təşkilat Azərbaycan üçün hansı perspektivləri vəd edir və bizim ora üzv olmağımız nə dərəcədə realdır? Gəlin bu suallara qismən də olsa aydınlıq gətirək.

D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı və ya qısaca D-8 səkkiz müsəlman dövlətindən ibarət təşkilatdır. Bu təşkilata İslam səkkizliyi də deyirlər. D-8 Türkiyənin baş naziri Nəcməddin Ərbakanın təşəbbüsü ilə 1996-cı il oktyabrın 22-də İstanbulda yaradılmışdır. Təşkilat Türkiyə, Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İslam Əməkdaşlıq Konfransından ibarətdir. D-8 rəhbərləri 1997-ci ilin 15 iyununda İstanbulda toplaşaraq, qurumun ilk rəsmi görüşünü keçirmişlər. Təşkilatın əsaslandığı əsas qarşılıqlı əlaqə prinsipləri bunlardır: Münaqişələr əvəzinə sülh; mübahisələr əvəzinə dialoq; istismar əvəzinə kooperasiyalar; ikili standartlar əvəzinə hüquq; zülm əvəzinə demokratiya; diskriminasiya əvəzinə hüquqi bərabərlik.

Bir növ müsəlman coğrafiyasında iqtisadi əməkdaşlığı gücləndirməyə və hökm sürən müharibələrə, insan itkilərinə son qoymağı, sülhü qorumağı əsas meyar götürən təşkilata gələcəkdə Azərbaycanın da üzv olması mümkündür. Ölkəmiz D-8-də müşahidəçi statusu əldə edərək, beynəlxalq səviyyədə öz mövqeyini gücləndirib. Qurumun üzvləri 20 il ərzində iqtisadiyyat, ticarət, nəqliyyat, turizm və digər sahələrdə əlaqələrini xeyli inkişaf etdiriblər.

Bu gün Azərbaycanın beynəlxalq təşkilatlarda təmsilçiliyi uğurla davam edir. Əgər gələcəkdə D-8-də bizim təmsilçiliyimiz olarsa, Azərbaycanın təşkilatın inkişafına verəcəyi töhfə indidən məlumdur. Çünki ölkəmizin starteji mövqeyi və iqtisadiyyatda özünəməxsus inkişaf tempi, əlbəttə ki, müsəlman coğrafiyasında seçilən bir nümunə kimi təşkilatın gələcəyində də mühüm rol oynaya bilər. Burada qeyri-neft sektorunun inkişafı və əməkdaşlığı da nəzərdə tutulan sahələrdəndir. Bizim təkcə bu il qeyri-neft iqtisadiyyatımız 2,5 faiz artıb. Azərbaycanda qeyri-neft sektorunun inkişafı bizim əsas prioritetimizdir və 2,5 faiz artan qeyri-neft iqtisadiyyatımız həm də uğurlu islahatlarımızın göstəricisidir.

Dövlət başçımız çıxışlarında da bildirib ki, Azərbaycanda ölkə iqtisadiyyatının şaxələndirilməsi məsələləri öz həllini uğurla tapıbdır. Qeyri-neft sektorunun sənaye hissəsi də uğurla inkişaf edir. Qeyri-neft sənayesi 9 ayda 3,1 faiz artmışdır. Bu da sənayeləşmə siyasətimizin gözəl nəticəsidir. Məlumdur ki, son illər kənd təsərrüfatında çox böyük inkişaf var, böyük investisiyalar qoyulur. Kənd təsərrüfatının hərtərəfli inkişafı dövlət prioritetidir və bu sahədə də nəticələr özünü göstərir. Kənd təsərrüfatı 2,8 faiz artmışdır.

Xarici ticarət dövriyyəmiz 7 faiz artmışdır. Burada da ixrac idxalı böyük fərqlə üstələyir. Hər bir inkişafın göstəricisi həm də xarici ticarətin tarazlığından asılıdır. Bizdə isə ilin 9 ayında xarici ticarətin müsbət saldosu 4,4 milyard dollara bərabərdir. Qeyd edilir ki, ilin sonuna qədər bu rəqəm daha da artacaq. Əlbəttə, bu, bizim həm iqtisadi uğurlarımızı əks etdirir, eyni zamanda, milli valyutamız manatın məzənnəsinə müsbət təsir göstərir. Valyuta bazarının tənzimlənməsi istiqamətində, əlbəttə ki, bu, çox böyük imkanlar açır. Eyni zamanda, bu, bizim uğurlu inkişafımızın təzahürüdür. İxracımız idxaldan 4,4 milyard dollardan çoxdur.

Prezident qeyd etdiyi kimi, baxmayaraq ki, dünya bazarlarında neftin qiyməti hələ də aşağı səviyyədədir, bu il biz qarşıya məqsəd qoymuşduq ki, valyuta ehtiyatlarımızı artıraq. Çünki bu, bizim iqtisadi və siyasi müstəqilliyimizin əsas şərtlərindən biridir. Xərclərimizin də artmasına və ölkə qarşısında duran vəzifələrin də çoxalmasına baxmayaraq, biz çalışırıq ki, bütün vəzifələri icra edək: Bunu etmək üçün əlbəttə ki, maliyyə resursları lazımdır. Valyuta ehtiyatlarımızdan qənaətlə istifadə etməyimiz, eyni zamanda, düzgün investisiya proqramımızın uğuru, əlbəttə, imkan verib ki, biz valyuta ehtiyatlarımızı artıraq. İlin 9 ayında Azərbaycanın valyuta ehtiyatları artıb, hazırda bu rəqəm 42 milyard dollar səviyyəsindədir. İlin əvvəlindən valyuta ehtiyatlarımız 4,5 milyard dollar artıb. Bizim siyasətimiz uzunmüddətli siyasətdir. Biz ölkəmizin gələcəyi, uzunmüddətli, dayanıqlı inkişaf haqqında düşünürük. Ona görə bir daha qeyd etmək istəyirəm ki, valyuta ehtiyatlarımız, ümumiyyətlə, iqtisadi imkanlarımız müstəqilliyimizin əsas şərtlərindən biridir.

Bundan əlavə, bu il neft-qaz sektorunda da ölkəmizdə çox əlamətdar hadisələr baş verib. Xüsusilə, neft sektorunda Azəri-Çıraq-Günəşli yatağının gələcəkdə işlənilməsi ilə bağlı yeni müqavilə imzalanması, kontraktın müddətinin 2050-ci ilə qədər uzadılması ölkəmiz üçün gələcək perspektivlər açdı. Prezident İlham Əliyev bu barədə çıxış edərkən bildirib ki, bu kontrakt bizim üçün daha da yaxşı şərtlərlə təmin edilmişdir. Baxmayaraq ki, Əsrin kontraktı da Azərbaycana çox böyük faydalar gətirdi. O vaxt üçün mümkün qədər ən gözəl şərtlər təmin edilmişdir. Ancaq indiki şərtlər bizim üçün daha əlverişlidir, daha da yaxşıdır. Bu şərtlərin əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycanın iştirak payı 11 faizdən 25 faizə qaldırılır. Mənfəət neftinin 75 faizi Azərbaycan tərəfinə veriləcəkdir. Dövlət Neft Şirkəti yeni kontraktın podratçısı kimi iştirak edəcək və ölkəmizə xarici neft şirkətləri tərəfindən 3,6 milyard dollar bonus ödəniləcək. Bu, çox gözəl şərtlərdir və Əsrin kontraktının uzadılması, yeni müqavilənin imzalanması tarixi hadisədir.

Bundan savayı, digər nəhəng layihəmiz Cənub qaz dəhlizidir. Bu istiqamətdə də işlər yaxşı gedir. Şahdəniz-2 layihəsinin icrasının 96 faiz səviyyəsində dövlət başçısı tərəfindən qiymətləndirilməsi, Gürcüstana qazımızı çatdıran Cənubi Qafqaz kəmərinin 98 faiz səviyyəsində icra edilməsi, TANAP layihəsinin 82 faiz, TAP layihəsinin isə 53 faiz səviyyəsində icra edilməsi bu günün reallığıdır. Yəni bütün bunları qeyd etməkdə məqsədimiz odur ki, Azərbaycanın böyük iqtisadi layihələrdə iştirak etməsi onun D-8-ə üzv olan bir sıra ölkələri hətta qabaqladığı həqiqətini ortaya qoyur.

Sözsüz ki, bu təşkilatın həm iqtisadi, həm də siyasi tərəfi var. Ölkəmizin münaqişə vəziyyətində olması və iqtisadiyyatımızın inkişafı yolunda atılan addımların intensivləşdirilməli olmasını nəzərə alsaq, D-8-in üzvü olmaq Azərbaycanın həm iqtisadi, həm də siyasi imici üçün mühüm addım ola bilər. D-8-ə üzv olmağımız ölkəmizi gələcəkdə böyük layihələrin icraçısına və təşəbbüskarına çevirməklə, düşmən Ermənistanı təcrid etməkdə daha ciddi irəliləyişlərə nail ola bilərik.

Təşkilatın yeni sədri, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da görüşdə çıxış edərək bildirdi ki, üç qitədə yerləşən ölkələri əhatə edən D-8-in son 20 ildə fəaliyyəti uğurlu olmuşdur və dünyada baş verən gərginliklər fonunda Zirvə görüşünün keçirilməsi önəmlidir. Son illər müsəlmanların yaşadıqları bölgələrdə baş verən münaqişələrin, terrorizmin, təbii fəlakətlərin ciddi fəsadlarla nəticələndiyini deyən Türkiyə Prezidenti təəssüflə bildirdi ki, qlobal ədalətsizlik azalmaq əvəzinə, daha da artır. Dünyada İslamla terrorizmin əlaqələndirilməsi cəhdlərinin, islamofobiyanın və ksenofobiyanın artdığını, miqrant böhranının dərinləşdiyini bildirən Türkiyə Prezidenti dedi ki, D-8 birliyi dünyada çox az ölkənin sahib olduğu gənc və dinamik artan əhaliyə, zəngin təbii sərvətlərə, sürətli inkişafa malikdir.

Prezident Rəcəb Tayyib Ərdoğan üzv ölkələrin bu potensialından tam səmərəli istifadə olunması nəticəsində qarşılıqlı ticarət dövriyyəsinin hazırkı 100 milyard dollardan qısa müddətdə 500 milyard dollara çatdırıla biləcəyini qeyd etdi. Türkiyə Prezidenti iqtisadiyyat, ticarət, nəqliyyat, müdafiə sənayesi, təhsil, kənd təsərrüfatı və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün böyük imkanların olduğunu vurğulayaraq, D-8 üzvlərinin sayının artırılmasının, qarşılıqlı ticarətin milli valyutalarla aparılmasının təşkilatın daha da güclənməsinə imkan yarada biləcəyini bildirdi.

Prezident İlham Əliyev də öz növbəsində D-8 sammitində çıxışı zamanı Azərbaycanda 2004-cü ildən başlayaraq iqtisadiyyatının 3 dəfədən çox artdığını, 1,5 milyonadək iş yerinin açılmasını, yoxsulluğun 5 faizə düşməsini, savadlılıq dərəcəsinin 100 faizə yaxın olduğunu vurğuladı. Dövlət başçısı nitqində valyuta ehtiyatlarımızın ölkənin ümumi daxili məhsuluna bərabər olmasını, Davos İqtisadi Forumunun iqtisadiyyatın rəqabətqabiliyyətliliyi üzrə builki hesabatında Azərbaycanın 35-ci yeri tutduğunu bildirdi.

Beləliklə, Azərbaycanın İslam dünyasında vacib əməkdaşlıq və tərəfdaşlıq nümunəsinə çevrilməsi, etibarlı partnyor kimi qəbul edilməsi, dövlət başçımızın dünyanın ən nüfuzlu forumlarına dəvət alması təsadüfi deyildir. Azərbaycan Prezidentinin D-8 Zirvə görüşündə iştirakı ölkəmizin İslam dünyasında böyük əhəmiyyətə, xüsusi siyasi çəkiyə malik olduğunu göstərdi.