Azərbaycan.-2017.-19 noyabr.-255.-S.1,3.

 

İqtisadi müstəqillik siyasi müstəqilliyin əsasıdır

 

Son 14 il ərzində iqtisadi islahatlar baxımından Azərbaycan qədər sürətli inkişaf yolu keçən ikinci ölkə yoxdur

 

Rəşad Baxşəliyev

 

225 milyard dollar həcmində investisiya, 42 milyard dollarlıq strateji valyuta ehtiyatları, dəyəri milyardlarla dollara bərabər transmilli layihələr, 6 beynəlxalq hava limanı, 438 ədəd körpü və tunel, 270 gəmidən ibarət iri ticarət donanması, 7 sənaye parkı, 2 sənaye məhəlləsi, yüzlərlə fabrik-zavod, logistik mərkəzlər, 44 min hektar sahədə 32 iri fermer təsərrüfatı, 38 aqropark, 24 iri taxılçılıq təsərrüfatı, 190-a yaxın ölkə ilə xarici ticarət əməliyyatları, 2 milyard manatdan çox güzəştli kredit və s.

Bütün bunlar müstəqilliyinin cəmi 26 yaşı olan Azərbaycan dövlətinin son 14 ildəki uğurlu nailiyyətləridir.

Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan

Bu möhtəşəm uğurlar ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasi kursunun 2003-cü ildən Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməsinin təsdiqidir. Son 14 il ərzində keyfiyyətcə yeni və sürətli inkişaf mərhələsinə daxil olan Azərbaycanın ötən dövrdə əldə etdiyi nailiyyətlər, yaradılan güclü iqtisadi potensial və böyük perspektivlərə doğru inamlı addımlarla müşahidə olunan sürətli tərəqqi prosesləri İlham Əliyevin Biz özümüz üçün güclü dövlət qururuq ki, hər bir kəs Azərbaycan vətəndaşı olmağı ilə fəxr etsin sözlərinin əməli təsdiqini tapdığını göstərir.

Azərbaycan sözün həqiqi mənasında müstəqil, özünü təmin edən, milli köklərə əsaslanan, eyni zamanda, dünya birliyinin etibarlı və layiqli üzvü olan dövlətdir. 2003-cü ildən başlayaraq dünyanın heç bir dövlətinə müyəssər olmayan sürətli inkişaf yolu keçən Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır.

Noyabrın 14-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində Prezident İlham Əliyev 14 il ərzində respublikamızın keçdiyi inkişaf yolunu belə dəyərləndirib: Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. 14 il ərzində iqtisadi islahatlar baxımından Azərbaycan qədər sürətli inkişaf yolu ilə gedən ikinci ölkə olmayıb.

Konseptual yanaşma və yeni proqramlar əsasında qazanılan uğurlar

Real göstəricilər, tarixi faktlar sübut edir ki, son 14 ildə Azərbaycan bütün istiqamətlər üzrə konseptual yanaşma və proqramlar əsasında çox böyük tarixi uğurlara imza atıb.

Ümumiyyətlə, Prezident İlham Əliyevin yeni iqtisadi islahatlarının uğurlu gedişini şərtləndirən əsas səbəb onların təməl prinsiplərinin düzgün müəyyənləşdirilərək hazırlanması və qlobal çağırışlardan lokal gerçəkliyədək bütün tələb-şərtlərə uyğunlaşdırılmasıdır. Həmçinin sosial-iqtisadi islahatların hüquqi-siyasi təkmilləşmə ilə bir-birini tamamlaması bu prosesin böyük risklərdən, arzuolunmaz nəticələrdən sığortalanmasını effektiv təmin edib. Milli iqtisadiyyatının əsas inkişaf istiqamətlərini və iqtisadi təhlükəsizliyini təmin edən Azərbaycan dövləti dünya iqtisadi düzənində özünəməxsus mövqeyini müəyyənləşdirib.

Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən çevik və praqmatik iqtisadi siyasət yeni inkişaf mərhələsinin başlanğıcında olan Azərbaycana hər keçən gün uğur gətirir. Bu inkişaf kursuna uyğun olaraq makroiqtisadi sabitliyin qorunması, innovativ əsaslı iqtisadiyyatın inkişafının təmin edilməsi, qeyri-neft sektorunun stimullaşdırılması, ən başlıcası isə qazanılan nailiyyətlərin ölkə vətəndaşının rifahının daha da yaxşılaşdırılmasına yönəldilməsi Azərbaycan iqtisadiyyatının prioritetlərini təşkil edir.

Çevik iqtisadi siyasət tədbirləri, insan kapitalının inkişafı

Dövlət başçısının mövcud çağırışların tələblərinə cavab verən çevik tədbirləri regional və qlobal səviyyədə mürəkkəb siyasi və iqtisadi proseslərin davam etdiyi hazırkı şəraitdə belə, ölkə iqtisadiyyatının dayanıqlılığını qoruyub saxlayıb. Azərbaycan Prezidentinin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilən Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri isə iqtisadi inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılmasını təmin edəcək. Strateji yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə əks etdirir. Bu mühüm sənəd kənd təsərrüfatından tutmuş sənayeyə qədər bütün sahələri, həmçinin insan kapitalının inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması kimi əsas istiqamətləri əhatə edir.

Ötən həftə Milli Məclisin komitələrinin birgə iclaslarında müzakirəyə çıxarılan 2018-ci ilin dövlət büdcəsi layihəsi təsdiq etdi ki, gələn il də ölkədə iqtisadi inkişafın davamlılığı təmin ediləcək. 2018-ci il üçün dövlət büdcəsinin gəlirləri 20 milyard 127 milyon, xərcləri isə 20 milyard 905,7 milyon manat proqnozlaşdırılır. Büdcənin gəlir və xərclərinin təhlili göstərir ki, növbəti il üçün əsas maliyyə planı xalqın rifahının daha da yaxşılaşmasına və ölkəmizin qüdrətinin yüksəlməsinə, iqtisadi inkişafın davamlılığına xidmət edəcək. Əsas istiqamətlər üzrə müşahidə olunan artımlar həm də Azərbaycanda həyata keçirilən islahatların real nəticəsidir.

107,2 milyard dollarlıq xarici investisiya

Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, transmilli layihələr, xarici ticarət tərəfdaşlığı və strateji yol xəritələrində nəzərdə tutulmuş tədbirlərin reallaşdırılması nəticəsində əldə olunan uğurlara nəzər yetirək.

İndiyədək regionların inkişafına dair 3 dövlət proqramı qəbul olunub və onlardan ikisi artıq uğurla icra edilib. Hazırda Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramının icrası davam etdirilir. Dövlət proqramları çərçivəsində regionlarda infrastrukturun inkişafı, əhalinin kommunal xidmətlərinin, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatının yaxşılaşdırılması, səhiyyə və təhsil müəssisələrinin tikintisi istiqamətində mühüm tədbirlər həyata keçirilib, bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilib.

Ölkədə 3 mindən çox məktəb, 600-dən çox xəstəxana və 50-dən artıq idman kompleksi inşa edilib.

11 min kilometr müasir şose və yollar çəkilib, 438 ədəd körpü və tunel tikilib və təmir olunub.

Son 14 ildə ölkə iqtisadiyyatına 107,2 milyard dollar xarici investisiya qoyulub. İndiyədək Azərbaycanda xarici ölkələrin müxtəlif sahələri əhatə edən 8000-dən çox şirkəti qeydiyyatdan keçib. Azərbaycan 190-a yaxın ölkə ilə xarici ticarət əməliyyatları aparıb.

Aqrar sektorun inkişafında da mühüm nailiyyətlər əldə edilib. Belə ki, 20 rayonun ərazisində 44 min hektar sahədə 32 iri fermer təsərrüfatı yaradılıb. Dəyəri 193 milyon manat olan bu iri fermer təsərrüfatlarının yaradılmasına 70,5 milyon manat güzəştli kredit verilib. Hazırda 26 rayon üzrə 38 aqroparkın, o cümlədən 14 müasir cins heyvandarlıq kompleksinin və 24 iri taxılçılıq təsərrüfatlarının yaradılması təşviq olunur. Artıq Xaçmaz, Şəmkir və Cəlilabad rayonlarında aqroparklarda 1-ci mərhələ üzrə işlər başa çatdırılıb. 12 aqroparkın isə təşkili işlərinə başlanıb.

Regional güc və əvəzolunmaz nəqliyyat mərkəzi

Bu bir həqiqətdir ki, investisiya cəlb edən ölkədən investisiya yatıran və xüsusilə strateji əhəmiyyətli layihələrdə nümunə göstərən regional gücə çevrilən Azərbaycan son 14 ildə öz təbii ehtiyatlarından, coğrafi mövqeyindən uğurla faydalanaraq dünya iqtisadiyyatının fəal iştirakçısına çevrilib. Azərbaycan özünün keyfiyyətcə yeni iqtisadi modelini formalaşdıraraq Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrini genişləndirib, Qafqaz nəqliyyat dəhlizinin inkişafı ilə yanaşı, nəhəng layihələrin gerçəkləşməsində mühüm rol oynayıb, dünyanın əsas neft-qaz ixracatçısına çevrilib.

Sentyabrın 14-də imzalanan Yeni əsrin müqaviləsi, oktyabrın 30-da açılışı qeyd edilən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı ilə bir daha dünyaya öz qüdrətini nümayiş etdirən Azərbaycan həmçinin Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan dörd layihədən ibarət (Şahdəniz-2, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP) Cənub qaz dəhlizi kimi milyardlarla investisiya yatırılan layihələrin əsas təşəbbüskarlarından biridir. Elə buna görə də Azərbaycan dünyanın nüfuzlu iqtisadi tədqiqat mərkəzlərinin hesabatlarında bölgədə investisiyaların coğrafi mərkəzinə çevrilən dövlət kimi səciyyələndirilir.

Prezident İlham Əliyev YAP-ın 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində qeyd edib ki, bu gün Avrasiya qitəsində nəqliyyat mərkəzlərinin birinə çevrilmək əzmində olan ölkəmiz üçün çox böyük əhəmiyyət daşıyan iki istiqamət üzrə - energetika və nəqliyyat sahələrinin gələcək inkişafı ilə bağlı çox aydın hədəflər var: Neft-qaz sahəsində bütün vəzifələr icra edildi. Azəri-Çıraq-Günəşli kontraktının müddəti uzadıldı. Cənub qaz dəhlizinin icrası da uğurla gedir. Əminəm ki, gələn il biz TANAP layihəsinin açılışını qeyd edəcəyik. Bütövlükdə Cənub qaz dəhlizinin tamamlanması 2020-ci ildə nəzərdə tutulur. Mən burada da heç bir problem görmürəm. Sadəcə olaraq biz qrafik üzrə getməliyik. Avropa İttifaqı da Azərbaycanı bu layihənin həyata keçirilməsində aparıcı ölkə kimi tanıyır. Doğrudan da bizim bu layihənin icrasında rolumuz danılmazdır və aparıcıdır.

Dövlət başçısı vurğulayıb ki, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsindən sonra əsas səylər yüklərin həcminin artırılmasına yönəlib. Bununla yanaşı, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması istiqamətində əlavə addımlar atılmalıdır. Azərbaycan öz ərazisində demək olar ki, bütün işləri görüb. İndi bu layihənin tamamlanması üçün əlavə texniki və maliyyə resurslarını ortaya qoymağa hazırdır.

Beləliklə, bu iki layihə Azərbaycanı əvəzolunmaz nəqliyyat mərkəzinə çevirəcək. Bu, müstəqil Azərbaycanın həm siyasi, həm iqtisadi maraqlarının təmin edilməsində çox mühüm rol oynayacaq.

 

Azərbaycanın maliyyə vəziyyəti bir çox ölkələr üçün əlçatmazdır

Azərbaycan Prezidentinin yeni inkişaf konsepsiyasına uyğun olaraq iqtisadiyyatın şaxələndirilməsi istiqamətində bundan sonra da ardıcıl siyasət aparılacaq. Neft-qaz sektoru uzun illər ərzində iqtisadiyyatımızın aparıcı qüvvəsi olacaq. Artıq qeyri-neft sektorunda aparılan islahatlar öz bəhrəsini verməkdədir. Valyuta ehtiyatlarımız bu ilin doqquz ayında 4,5 milyard dollar artıb. Neftin qiymətinin aşağı səviyyədə olmasını nəzərə alsaq, bu, çox böyük nailiyyətdir. Dövlət başçısı bu nailiyyəti belə dəyərləndirib: Bu nailiyyət onu göstərir ki, bizim maliyyə vəziyyətimiz çox sabitdir. Bir çox ölkələr üçün bizim maliyyə vəziyyətimiz əlçatmazdır. Təkcə onu demək kifayətdir ki, xarici dövlət borcumuz 20 faizin altındadır və valyuta ehtiyatlarımız ümumi daxili məhsula bərabərdir.

Göründüyü kimi, Prezident İlham Əliyevin uzaqgörən siyasəti, prinsipiallığı və beynəlxalq aləmdə böyük nüfuzu sayəsində Azərbaycan dünyanın siyasi və iqtisadi məkanında mövqeyini gündən-günə gücləndirir. Düşünülmüş, qarşılıqlı etimada əsaslanan müstəqil siyasət həyata keçirən, regionun siyasi, iqtisadi və mədəni mərkəzi olan Azərbaycan bu gün beynəlxalq birliyin ən etibarlı tərəfdaşıdır.

Azərbaycanın bu uğurları beynəlxalq iqtisadi qurumlar tərəfindən də yüksək qiymətləndirilir. Davos İqtisadi Forumunun son hesablamalarında iqtisadiyyatların rəqabətqabiliyyətliliyinə görə ölkəmiz dünya miqyasında 35-ci yerdədir. Bu rəqəm deməyə əsas verir ki, Azərbaycanın mükəmməl iqtisadi siyasəti var və bu, ölkəmizin ümumi inkişafında, insanların rifah halının yaxşılaşmasında öz əksini tapır.

Noyabrın 16-da Abşeron Olimpiya İdman Kompleksinin açılışında iştirak edən Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan 2017-ci ili bütövlükdə iqtisadi, sosial, beynəlxalq siyasət sahələrində yaxşı nəticələrlə, uğurlarla başa vurur: Bir daha göstəririk ki, Azərbaycanda inkişaf dayanıqlıdır və uğurludur. Növbəti illərdə Azərbaycan ancaq və ancaq yüksək sürətlə, böyük uğurlarla irəliyə gedəcək. Qarşıda duran vəzifələr hələ çoxdur. Biz bütün problemləri, insanları narahat edən məsələləri həll etməliyik. Həm Bakının, həm böyük şəhərlərin, ən xırda kəndin də problemi diqqət mərkəzində olmalıdır.