525-ci qəzet. - 2017.- 18 noyabr. - ¹ 211. - S. 18-19.

 

Əlimərdan bəy Topçubaşovun İstanbul görüşləri: Rusiya istiqaməti

 

Vilayət Quliyev

 

Əlimərdan bəy Topçubaşovun İstanbulda görüşüb Azərbaycanın dövlət müstəqilliyi ilə bağlı müzakirə apardığı tanınmış rus dövlət xadimlərindən biri də 1906-1916-cı illərdə Rusiya imperiyasının xarici işlər nazirliyinə rəhbərlik etmiş diplomat və siyasətçi Sergey Dmitriyeviç Sazonov (1859-1927) olmuşdu. İlk baxışdan bu görüş o qədər də əhəmiyyətli görünməyə bilər. Çünki 1919-cu ildə Sazonov artıq hansısa qərarlar verməyə qadir dövlət xadimi deyildi. Üstəlik, onun təmsil etdiyi quruluş artıq tarixin anaxronizminə çevrilmişdi. Sadəcə, hələlik reallıqdan çox bir xəyal məhsulu olan “yeni Rusiyanın” idarəçiləri və liderləri arasında öz yerini tapmağa çalışırdı.

Lakin istər S. D. Sazonovu, istər P. N. Milyukovu, istərsə də eyni ranqda olan digər rus rəsmilərini tam dünənki gün saymaq da düzgün olmazdı. Ağ və qırmızı Rusiya ölüm-dirim savaşı aparırdı. Qərbin rəğbəti hələlik daha çox birincinin tərəfində idi. Keçmiş rejimi ayaqda saxlamaq istəyənləri özlərinə daha yaxın bilirdilər. Vəziyyət dəyişsə, yenidən köhnələrlə bir masa arxasında oturmağa hazır idilər. Ağlar qeyri-rəsmi yolla da olsa, Parisə, sülh konfransına dəvət almışdılar. Qırmızıları isə hələlik mədəni cəmiyyətə buraxmaq barədə də söhbət ola bilməzdi.

Doğrudur, Azərbaycan Cümhuriyyətinə və digər yeni milli dövlətlərə münasibətdə hansı rəngdə zühur edəcəyindən asılı olmayaraq Rusiyanın münasibəti qətiyyən fərqlənmirdi - imperiya xırda istisnalarla “vahid və bölünməz” şəkildə qalmalı idi.

Amma istənilən halda, ağlarla danışmaq mümkün idi. Digər tərəfdən, konkret olaraq S. D. Sazonova gəldikdə, Milyukovla söhbətdən də göründüyü kimi, Könüllü orduda xarici işlər şöbəsinə rəhbərlik edirdi. Deməli, general Denikinin qələbə çalacağı və hökumət formalaşdıracağı təqdirdə, xarici işlər naziri vəzifəsinə ən real namizəd idi. Sazonov özü də gələcəkdə bu ordudan bir hökumət formalaşa biləcəyi fikrinə diqqət çəkmişdi. Görünür, azərbaycanlı diplomat müzakirə üçün həmsöhbət seçərkən  bu mühüm amili də diqqətdən qaçırmamışdı.

Ə. Topçubaşovun D. S. Sazonovla görüşünü təşkil edən azərbaycanlı siyasətçinin Tiflisdən yaxşı tanıdığı və uzun illər ailəvi münasibət saxladığı Rusiya xarici işlər nazirliyinin məsul işçisi olmuş Vladimir İvanoviç Savitski idi.

Bir neçə kəlmə də Sazonov barədə.

O, 1860-cı ildə Ryazan quberniyasında, qədim tarixə malik əyalət zadəganı ailəsində doğulmuşdu. Vaxtı ilə A .S. Puşkinin də təhsil aldığı Sarskoe Selo litseyini bitirdikdən sonra 1883-cü ildə Rusiya xarici işlər nazirliyində xidmətə qəbul olunmuşdu. 1890-cı ildə Rusiyanın Londondakı səfirliyinə ikinci katib təyin edilmişdi. Diplomatik xidmətini daha sonra Vatikanda, müqəddəs taxt-tac yanında davam etdirmişdi. Burada gələcək xarici işlər naziri A. P. İzvolskinin rəhbərliyi altında işləməsi sonrakı illərdə mənsəb pillələri ilə sürətlə irəliləməsinə yol açmışdı. Uğur qazanmasının başqa bir səbəbi XX yüzilliyin ilk illərində Rusiyanın ən nüfuzlu siyasətçi və dövlət adamlarından biri sayılan P. A. Stolıpinlə yaxın qohum - bacanaq olması idi. 1908-ci ildə də Rusiyanın vakant xarici işlər naziri kürsüsünə də ilk növbədə onun himayədarlığı sayəsində təyinat ala bilmişdi.

1914-cü il avqustun 1-də Peterburqdakı alman səfiri öz ölkəsinin Rusiya ilə müharibəyə başlaması haqqındakı notanı D. S. Sazonova təqdim etmişdi. Birinci Dünya müharibəsi həm də onun nazir karyerasına son qoymuşdu.

Nazir vəzifəsindən uzaqlaşdırıldıqdan sonra Dövlət Şurasının üzvü, 1917-ci ilin yanvarında isə Böyük Britaniyaya rus elçisi təyin edilmişdi. Lakin tezliklə Fevral inqilabı baş verdiyindən xidmət yerinə gedə bilməmişdi.

1919-cu ildə Sazonov bir qədər simvolik də olsa, ikinci dəfə xarici işlər naziri olmuşdu. Bu dəfə Kolçak və Denikinin Ümumrusiya hökumətində...Eyni zamanda, ağ qvardiyaçı Rusiyanı Paris sülh konfransında təmsil etməli olan Rusiya siyasi müşavirəsi adlı qurumun fəal üzvlərindən biri idi. Ə. Topçubaşovla görüş və danışıqları da ictimai-siyasi fəaliyyətinin həmin dövrünə təsadüf  etmişdi.

S. D. Sazonov tipik rus millətçisi idi. “Vahid və bölünməz Rusiya” ideyasını tərəddüdsüz dəstəkləyirdi. Yuxarıda göstərdiyim kimi, yeni, demokratik Rusiyanın da kiçik istisnalarla əvvəlki sərhədləri daxilində bərpasının tərəfdarı idi. Rusiya imperiyasının əsarəti altında olan xalqlardan yalnız polyakların milli dövlətçiliyə olan haqlarını tanıyır, ölkəsinin onlarla ədalətsiz davrandığı etiraf edirdi. (Bu mövqeyi sonralar işinə yaramışdı. Mühacirətdə yaşadığı dövrdə Polşa hökuməti onun indiki Belostok yaxınlığındakı malikanəsini və böyük torpaq sahələrini özünə qaytarmışdı). Digər millətlərə isə bu əzəli haqq şamil edilmirdi. Əlimərdan bəylə söhbətində siyasi fəallıqları ilə seçilən, hətta Rusiya imperiyasının və Müvəqqəti hökumətin qurumlarında müəyyən vəzifələr tutmuş gürcülərin milli müstəqillik arzuları haqqında təhqiramiz ifadələr işlətməkdən çəkinməmişdi. Eyni zamanda, müsahibini inandırmağa çalışmışdı ki, onun təmsil etdiyi Azərbaycan türkləri həmişə rus idarəçiliyindən məmnun olublar, rus məmurları ilə gözəl münasibət saxlayıblar və heç vaxt milli dövlət haqqında düşünməyiblər.

Aşağıda Cümhuriyyət dövrü Azərbaycan-rus əlaqələrinin və milli diplomatiyamızın mühüm sənədlərindən biri kimi Rusiya imperiyasının və Kolçak-Denikin Ümumrusiya hökumətinin xarici işlər naziri S.D.Sazonovla Əlimərdan bəy Topçubaşovun söhbət yazısının ikinci hissəsini təqdim edirəm.

 

S. D. Sazonovla ikinci söhbətin yazısı

 

6 yanvar 1919-cu il, saat 21.30 - 22.30

Pera Palas oteli

 

Salonda ayrıca masa arxasında Sazonovla Savitski əyləşiblər. Bütün masalar tutulub. Girişdə, sağ tərəfdə, küncdə (orkestr üçün pianinonu çoxdan oradan götürüblər) İranın xarici işlər naziri başda olmaqla bütün fars heyəti oturub. Bu gün saat 3-4 radələrində yanında olduğum amerikan nümayəndəsi cənab Haeck onlara yaxınlaşır. Farslardan bir az aralıda ispan elçisi sinyor Severti katibi ilə birlikdədir. Bir az kənarda yunan nümayəndəsi polkovnik Kukakidis (hələ tanış olmamışıq) gözümə dəyir. Masalardan birinin ətrafına çoxlu rus (Bezobrazov, Sveçkin və b.) yığışıb.  Salonda ingilis və fransız zabitləri, eləcə də dənizçilər var. Orada ingilis zabiti formasında tipik moskvalı olan uca boylu Sudkovskini görürəm. (Başı və sifəti mənə imperator II Nikolayı xatırladır). O, əvvəlcə özü Səbri Ayvazovla tanış olur, sonra Səbri Ayvazov məni Sudkovski ilə tanış edir. Ardınca Venesuela nümayəndəsi yaxınlaşır (Çoxdan tanışıq, adını xatırlamıram, keçmiş türk hərbçisi-yüzbaşıdır), məni Azərbaycan Respublikasının baş naziri seçilməyim münasibəti ilə təbrik edir. Bu xəbəri günorta fransız qəzetində oxuyub. Orkestr çalır. Hamı fars missiyasına baxır. Mən isə bəzən öz üzərimdə onların baxışlarını hiss edirəm.

Ayvazov, Hidayət bəy, Fuad Paşazadə və b. ilə bir divana əyləşirəm. İndi Sazonov lap yaxınlığımdadır. Məni başı ilə salamlayır, keçib  yanında otururam. “Mane olmuram ki?”- sualıma “Buyurun, qətiyyən!” - cavabını alıram. Söhbətimiz  onun oteldə isti vanna qəbul etmək imkanın olmaması haqda şikayəti ilə başlayır.

Sazonov: Bilimirəm, hansısa bir hamama getmişdim. Amma elə də təmiz deyildi. Söhbət yaxşı hamamdan gedirsə, ancaq Tiflisdə tapmaq olar. Tiflis hamamları ayrı aləmdir! İstənilən temperaturda  su var. Özü də təbii!

Mən: Tiflisdə çoxdan olmusunuz?

Sazonov: Ehh, bəlkə də yüz il əvvəl! Lap çoxdan, deyəsən 1887-ci ildə. Bəli, vaxt sürətlə ötür. İndi 58 yaşım var. Amma özümü gümrah hiss edirəm. Bu gün Vladimir İvanoviçlə piyada xeyli gəzmişik. Aya-Sofiya kilsəsinə getdik. Bilirsiniz, mənə elə gəlir ki, son 10-15 ildə Konstantinopolun zahiri görünüşü xeyli dəyişib. Siz necə fikirləşirsiniz? Baxın, indi hətta başdan-başa türklərin yaşadıqları məhəllələrdə də çadralı qadına rast gəlməzsiniz. Bəlkə üzünə yüngülcə bir tor örtü salıb. Elə deyilmi?

Mən: Hər halda yaşlı qadınlar üzlərini bağlayırlar.

Sazonov: (sözümü kəsərək) Elə məsələ buradadır ki, bu gün biz çox da cavan olmayan  türk qadınları gördük, hamısı da çadrasız. Hətta bəziləri üzlərinə tor örtü də  salmamışdı. Bəs sizdə, Bakıda necədir?

Mən: Bizdə də ziyalı təbəqənin qız-qadınları çadrasız gəzir.

Savitski: Fikrimcə, Azərbaycan müsəlmanları bu məsələdə türklərdən bir baş yuxarı dayanır. Bax, məsələn sizdə, Əlimərdan bəy, tək xanımınız deyil, xanımınızın anası, sizin gözəl belle mere  də çadrasız gəzir. Orta təhsil alıb. Qızlarınız da çadrasızdırlar. Tiflisdə isə ümumiyyətlə çadra görmədim.

Mən: (Sazonova tərəf çevrilərək) İcazənizlə, dünən yarımçıq qalan söhbətimizi davam etdirək.

Sazonov: Buyurun, sizi dinləyirəm.

Mən: Söhbətə dünən Rusiya haqda dediyim fikri bir daha təsdiq etməklə   başlamaq istəyirəm. Azərbaycanlılar rusların düşməni deyil.  Sizə  ölkənizdə ürəyiniz istəyən cür - bolşevik, sosialist, hətta monarxiya quruluşu şəraitində həyatınızı rifah və firavanlıqla qurmağı arzulayırıq. Amma bəyan  edirəm ki, azərbaycanlılar bundan sonra ruslarla bir yerdə yaşamaq istəmirlər. Həm də tək azərbaycanlılar yox, bütün qafqazlılar eyni fikirdədir. Ola bilsin ki, Tersk və Kuban vilayətinin kazakları istisna təşkil etsin. Birincisi, baxın: bizə çatana qədər neçə yeni qurum var: Don, Kuban, Şimali Qafqaz Respublikası, Dağıstan.  Deməli, fiziki əlaqə kəsilib. Lakin mənəvi əlaqə, xüsusən də sosial-siyasi dünyagörüşündə üzə çıxan əlaqə daha ciddi əhəmiyyətə malikdir. Bu mənada aramızda böyük fərq olub və indi də qalır. Hətta ona heyrətamiz bir uyğunsuzluq deyərdim. Keçmiş rejim bu cəhəti nəzərə almırdı. Rusların bizi bədbəxt, geridə qalmış xalqa çevirən ən qorxunc səhvi də burada idi. Amma əslini axtarsanız  Allah azərbaycanlıları nə fitri qabiliyyət, nə də zəhmətə məhəbbət baxımından heç kimdən əskik yaratmayıb. Əgər yenə də Rusiya ilə olmağımızı istəyirsinizsə, deməli, tale bizi əvvəlki kimi bədbəxt görmək istəyir. Çünki xalqımız Rusiya əyalətlərində dərin kök salan, bütün Mərkəzi Rusiyanı bürüyən  və sonradan bolşevizmə çevrilən ifrat sosializmdən  tamam uzaqdır. Əgər təzədən bir araya gətirilsək belə, ölkədə özümüzü həmişə işlərin ümumi gedişinə mane olan durumda görəcəyik. Digər tərəfdən, yenə gerilik və cəhalət girdabına düşəcəyik. Azərbaycanlıların sayı 5-6 milyondur, Vilson prinsiplərinə uyğun  müstəqil həyatımızı qurmaq üçün tələb olunan hər şeyimiz var. Ona görə də yaxın qonşularımızla birlikdə bundan sonra hər zaman heç bir şeyə baxmadan  müstəqilliyə can atacağıq.

Sazonov: Deməli, siz güman edirsiniz ki, Rusiya sosialist, hətta bolşevik dövləti kimi qalacaq? Baxın, əgər biz bunu istəyiriksə, deməli, özümüzə məhvə məhkum bir həyat arzulayırıq. Lakin biz ruslar bundan sonra da yaşamaq niyyətindəyik. Rusiya yenidən qurulacaq. Təbii ki, o, əvvəlki Rusiya olmayacaq. Dürüst idarəçiliyə, bütün xalqlara sərbəst yaşamaq imkanı verən mükəmməl dövlətçilik sisteminə malik bir ölkəyə çevriləcək. Siz bolşevizm, ifrat sosializm ideyaları haqda danışırsınız. Lakin bunlar qətiyyən ideya deyillər. Özgəninkini qamarlamağa, dağıtmağa yönəlmiş çapovulçu cəhddir. Bir ovuc satqın və ağılsız bütün Rusiyanı ələ keçirə bilməz. Ona görə də sosializmlə bağlı motiviniz əhəmiyyətini itirir. Çünki sosializmdən biz özümüz imtina edirik.

Mən: Lütfən, bir dəqiqə. Deyək ki, siz imtina edirsiniz, üz çevirirsiniz, amma indiki anda milyonlarla rus insanı bu ideyalardan dörd əlli yapışıb. Bəli, bir daha təkrar edirəm: biz sosializmin (sosializm burada özünün klassik mənasında deyil, bolşevizm anlamında başa düşülməlidir - V.Q.) əleyhdarıyıq. Xalqımız çətin ki, nə zamansa ifrat sosializm mövqeyində dayansın. Bolşevizm haqda isə ümumiyyətlə söhbət ola bilməz. Lakin yenə deyirəm: artıq milyonlarla ruslar bu ideyanın tərəfdarı kimi çıxış edirlər.

Sazonov:  Bilmirəm, ifrat sosializm deyəndə siz nəyi nəzərdə tutursunuz?  Misal üçün,  torpaq məsələsi ilə bağlı düşünürəm ki, kəndlinin torpağı olmalıdır. Amma mən ona belə məsləhət verərdim: “Torpaq istəyirsən, mülkədardan götür,  haqqını ödəmək şərti ilə”. İdarəetmə ilə bağlı Müəssislər Məclisi sözünü deyəcək. Hakimiyyət formasını da o müəyyən edəcək. Bilirsiniz, gələcəkdə vəziyyətin necə olacağı barədə təsəvvürlərimiz hələ azdır. Keçmiş vaxtlardan danışarkən rusların xalqınızı bədbəxt günə qoyduqlarını deməkdə haqlı deyilsiniz. Mən isə hesab edirəm ki, Rusiya ucqarlara çox şey verib, mədəniyyət gətirib. Məsələn, elə  Finlandiyanın özünü götürün. Əvvəli nə idi?  Sadə, yoxsul kəndlər, qayalar, bataqlıqlar. Rus hakimiyyəti dövründə mədəni ölkəyə çevrildi. İndi isə finlər deyir ki, Rusiya ilə bir yerdə olmaq istəmirlər. Bəs Türküstan? Orada suvarma kanallarını, dəmir yollarını kim çəkib? Təhsil müəssisələrinin əsasını kim qoyub? Axı hər tərəf bom-boş düzənlik, səhra idi...

Mən: (sözünü kəsərək) Bağışlayın, məsələ dediyiniz şəkildə deyil. Türküstanın çiçəklənən şəhərləri vardı. Səmərqənd bütün Şərqin mədəniyyət mərkəzi idi.

Sazonov: (mənin sözümü kəsərək) Ola bilər. Amma hər şey qumun altında qalmışdı. Götürək sizin Azərbaycanı. Ora maarifi kim gətirib, yolları kim salıb, ticarəti kim inkişaf etdirib? Axı hətta özünüz də Bakının necə böyük  sərvətə malik olduğunu bilmirdiniz! Amma indi nə qədər milyonçunuz var, hamınız zənginsiniz,  həm də məhz Rusiyanın sayəsində!  Rusiya özündə olan hər şeyi ucqarlara da verib. Hətta deyərdim ki, özündən kəsib, sizə verib. Hesab edirsiniz ki, bunlar azdır. Nə etmək olar, daha çoxuna gücümüz çatmayıb. Bu məsələdə  haqlısınız.

Mən: Yalnız bu məsələdə?

Sazonov: (sözümü kəsərək) Mən Rusiyanın yalnız  Polşa qarşısında günahkar olması fikrini qəbul edirəm. Bu ölkə ilə ədalətsiz davranmışıq, səhvin islahı da bizim üzərimizə düşür. Mən həmişə belə mövqe tutmuşam. Buna görə vəzifəmlə də vidalaşmalı olmuşam. Rusiyanın başqa xalqları qarşısında isə alnımız açıq, üzümüz ağdır. Və bolşeviklərdən xilas olan kimi ayrılmaq istəyən xalqlara deyəcəyik. hə, indi buyurun, yanımıza qayıdın. (Bu zaman şəhadət barmağı ilə həmin çağırış işarəsini göstərir).

Mən: Hə, nə etmək olar? Yəqin yüz il əvvəlki kimi yenə kazaklarınızı üstümüzə göndərəcəksiniz? Biz belə şeylərə öyrəncəliyik.

Sazonov: (sözümü kəsərək) Necə olacağını indidən deyə bilmərəm. Lakin Qafqazın Rusiyadan ayrılmasına ilk növbədə  Müttəfiq dövlətlər razılıq verməzlər. İnanın ki, onlar bizdən əvvəl bunu sizə, gürcülərə və ermənilərə deyəcəklər. Bu məsələdə onların Rusiyanın və Qafqaz xalqlarının maraqları ilə üst-üstə düşən maraqları dediyim şəkildədir.

Mən: Siz belə düşünürsünüz?

Sazonov: Mən inanıram ki, Qafqaz xalqları müstəqil yaşamağa qadir deyil. Lütfən, zəhmət çəkin, izah edin: axı bu küt qoyunlar - gürcülər öz dövlətlərini necə qura bilərlər? Onların rəhbərləri - cürbəcür Çxeidzelər, Çxenkelilər  yaxud o alçaq Sereteli yalnız Rusiyanı dağıtmağa kömək etməyi  bacarardılar, yeni bir şey qurmaq isə əllərindən gəlməz. Ermənilər daha maraqlı xalqdır. Sizin azərbaycanlılar isə Rusiyadan ayrılmaq fikrində deyillər. Düzdür, siz burada tam əksini  deyirsiniz. Ukraynaya gəldikdə, onun meydana çıxması çoxdan bəri Rusiyanın cənubunda oyuncaq bir  dövlət qurmaq üçün can atan almanlarla avstriyalıların işidir. Guya özlərini Ukraynanın müstəqilliyi uğrunda mübariz kimi qələmə verənlərin hamısı  qraf Şeptitskilərin və Rusiyanın digər düşmənlərinin əlaltılarıdır, satılmış adamlardır. Bunu Malorossiyadan olanlar və talelərini bundan sonra da Rusiya  ilə bağlamaq istəyənlər yaxşı başa düşürlər. Qruşevitski, Vinniçenko və b. cənablar isə indiki  müstəqillik oyunundan yalnız qazanc götürəcəklər. Siz Qruşevitskinin Kiyevdəki nəhəng malikanəsini görmüsünüz? Təbii ki, Avstriya puluna alınıb. Əgər mənim fikrimi bilmək istəyirsinizsə, müstəqil Ukrayna başdan-başa bir anlaşılmazlıqdır. O, Rusiyasız yaşaya bilməz.

Mən: Bəs onda sizin fikrinizcə, hansı xalqlar müstəqil yaşaya bilər?

Sazonov: Serblər, çexlər. Son müharibədə serblər özlərini necə də ləyaqətli apardılar! Bax, mən bunları başa düşürəm.

Mən: Siz nəyi nəzərdə tutursunuz?

Sazonov: (sualıma cavab vermədən) Bəs çexlər? Gördünüz, necə enerji və səbatlılıq göstərdilər? Ümumən, keçmiş Avstriya-Macarıstan imperiyasının xalqları... Hələ bir Türkiyəyə baxın. Mənə elə gəlir ki, Türkiyə ölü ölkədir, türk xalqı ölü xalqdır. Bunu türklər özləri də çox yaxşı başa düşürlər.

Mən: Əksinə, məhz indiki vaxtda türklər özlərini ən həyat qabiliyyətli xalq sayırlar. Belə düşünmək üçün əsasları da var. Amma məni daha çox sizin Qafqazla bağlı mülahizələriniz maraqlandırır. Məsələn, gürcülər barəsində çox kəskin danışdınız. İndi Parisə gedirsiniz. Orada gürcülərin, ermənilərin nümayəndələri ilə görüşəcəksiniz.

Sazonov: Onlarla niyə görüşməliyəm? Ümid edirəm ki, bu mənə qətiyyən lazım olmayacaq. Görüşmək bir yana qalsın, hətta fikirləşirəm ki, onların heç birini ümumiyyətlə, sülh konqresinə buraxmayacaqlar.

Mən: Yəni sizin sözlərinizdən belə çıxır ki, Qafqaz xalqlarından heç birinin müstəqilliyini tanımayacaqlar?  Bəs onda Vilson prinsipləri?

Sazonov: Vilson prinsipləri ideologiyadan başqa bir şey deyil. Axı həm də orada yeni bir şey yoxdur. O, sadəcə təcrübədə, özəlliklə həyatda tətbiqi çətin baş tuta biləcək ümumi nəzərə mülahizələri bir yerə toplayıb və sistemə salıb. Mənə inanın: Vilson prinsipləri həlledici əhəmiyyət daşımayacaq. Artıq daha gecdir, bu gün çox gəzmişəm, yorulmuşam. Bəlkə yenə də görüşdük, hələlik isə sağ olun (Savitski ilə birlikdə gedir).

Ertəsi gün iki dəfə tək V. İ. Savitski ilə görüşdük. O, Sazonov və b. Vilson prinsiplərinə münasibətini daha aydın şərh etdi. Doğrudan da ruslar hamısı Vilson bəyannaməsinə xüsusi əhəmiyyət vermirlər, onun müddəalarının ümumi nəzəri səciyyə daşıması məsələsində fikirləri demək olar ki, üst-üstə düşür. Həm də məsələnin xüsusilə mühüm tərəfi budur ki, təkcə indi siyasi səhnəyə can atan rus xadimləri belə düşünmürlər, onların burada, Yekatrinadorda, Odessada görüşə bildikləri müttəfiqlərin nümayəndələri də eyni cür fikirləşirlər.

V. İ. Savitski güman edir ki, belə yanaşma tərzi sülh konqresində də üstünlük təşkil edəcək. Başqa cür də mümkün deyil. Çünki beynəlxalq həyat Vilson prinsipləri kimi nəzəri müddəalarla tənzimlənə bilməz. Sazonovun fikrincə, bu prinsiplər (V. İ. Savitskinin dediyinə görə) indiyə qədər ziyandan başqa bir fayda gətirməyib. Sadəcə, müstəqillikləri sülh konqresində mədəni, iqtisadi, coğrafi və bir sıra digər mülahizələrə görə tanınmayacaq kiçik xalqlarda yersiz ümidlər doğurub. Müttəfiqlərin maraqları  çox  böyük  ehtimalla  sadaladığımız digər bütün maraqlardan üstün tutulacaq. Ən azı Rusiya xalqlarına münasibətdə belə olacaq. Çünki bu xalqların ayrılması Rusiyaya azı 65-68 milyard borc vermiş müttəfiqləri qorxutmaya bilməz. Onlar üçün vahid Rusiya ilə, tək borclu ilə iş görmək,  kapitalını geri almaq biri-birindən yoxsul vəziyyətdə olan  bir düjin yeni dövlətdən  borc qoparmaqdan daha asandır. İşin mahiyyəti də deyəsən, elə buradadır.  Aydın məsələdir ki, Müttəfiqləri əks mövqenin mümkünlüyünə inandırmaq olsa, o zaman yeni dövlətlərin tanınması prosesi əhəmiyyətli dərəcədə asanlaşardı.

Yeri gəlmişkən, Ukrayna məsələsinə gəldikdə V. İ. Savitski də bir daha təsdiq etdi ki, Ukraynanın müstəqilliyi həqiqətən də anlaşılmazlıqdır. Çünki ziyalı malorosslar sırasında səmimi şəkildə Rusiyadan ayrılmaq istəyən bir nəfər də tapılmaz. Bu da özlüyündə aydın məsələdir, çünki ruslarla malorosslar arasında heç bir fərq yoxdur. Üstəlik, bu da azmış kimi Skoropadski də daxil bütün Ukrayna nazirləri Rusiya ilə birləşməyin qızğın tərəfdarlarıdır (Tiflis dairə məhkəməsinin, sonra isə məhkəmə palatasının keçmiş üzvü Apolloni Lavrentiyeviçin oğlu mühəndis Butenko ilə olan təsadüf).

 

Rus dilindən tərcümə: Vilayət Quliyev