Mövqe. - 2017.- 18 noyabr. - ¹ 212. - S. 6.

 

İslam həmrəyliyinə gedən yalda Azərbaycan nümunəsi

 

Mübariz Bayramov

 

21 -ci əsrin artıq yola saldığımız 17 ili bəşəriyyət tarixinə münaqişələrlə kifayət qədər zəngin, eyni zamanda milli, dini, etnik zəmində qarşıdurmaların daha da çoxaldığı bir dövr kimi daxil olmaqdadır. Əgər bu tendensiya dəyişməsə, bəşəriyyətin özünün növbəti əsrə qədəm qoya biləcəyi belə artıq böyük şübhə doğurur. Məsələnin narahatverici digər tərəfi isə getdikcə daha böyük təhdidə çevrilən, daha çox insanın həyatına son qoyan münaqişələrin, dini qarşıdurmaların, böyük əksəriyyəti müsəlman dünyasında yaşanır. Halbuki, etiqad etdiymiz din birmənalı şəkildə barış və sülhü özündə ehtiva edir. Amma kənar müdaxilələr, İslam ölkələri arasında aradan qaldırılmayan ziddiyyətlər indi heç də xoş olmayan bir mənzərə formalaşdırır.

 

Müsəlman dünyasının həmrəylik ehtiyacı

 

Araşdırmalar göstərir ki, bəşər övladı ötən əsrələrə nisbətdə kamilliyinin, inkişafının daha yüksək nöqtəsinə çatsa da, bu, heç də bütün problemlərin, ziddiyyətlərin sivil müstəvidə həllinə imkan vermir. Elə bunun nəticəsidir ki, indi dünyada daha çox toqquşmalar, savaşlar, qanlı terror aktları və bu qəbildən olan digər dəhşətli hadisələr qeydə alınır. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, bu gün dünyanın 69 ölkəsində silahlı münaqişələr və müharibələr davam edir, həmin münaqişələrdə 800-ə qədər qrup və dövlət iştirak edir. Məsələnin daha təəssüf doğuran tərəflərindən biri isə həm də odur ki, barəsində bəhs edilən münaqişələrin 60- dan çoxu məhz müsəlman dövlətlərində baş ve­rir, yaxud da müsəlmanlar həmin münaqişələrə bu və ya digər şəkildə cəlb olunublar. Məkrli qüvvələr isə bu və ya digər vasitələrdən istifadə edərək yaşanan münaqişələrin sona çatmasına nəinki imkan vermir, əksinə, onların sayını bir qədər də artırmağa çalışıırlar. Elə bu səbəbdən indi müsəlman aləminin islam həmrəyliyindən çıxış edərək eyni mövqedən çıxış etməsinə əvəllər olmayan qədər böyük ehtiyacı var. Bu, İslam dünyasında savaş və ziddiyyətlərə son qoymaqla yanaşı, həm də islamofob meyllərin artmasını əngəlləmək üçün çox vacibdir, islama qarşı təhdid və təhlükələrin məqsədli şəkildə get-gedə artırılmasına edilən cəhdlər fonunda bu, müstəsna əhəmiyyətə malikdir. Məhz bu dövrdə müsəlman ölkələrinin vahid istiqamətdə, komanda kimi fəaliyyət göstərməsi islam dünyası üçün olduqca vacibdir.

Digər tərəfdən o da faktdır ki, digər bir sıra mühüm problemlərin aradan qaldırılması üçün də islam həmrəyliyinə çox böyük ehtiyac var. Söhbət ondan gedir ki, bu gün görülən qabaqlayıcı tədbirlərə baxmayaraq, müqəddəs Quran və İslam dəyərlərinin Afrikada, Yaxın Şərqdə və Cənub-Şərqi Asiyada müxtəlif şəkildə və fərqli interpretasiyasının aparılması davam etdirilir. Bu da öz növbəsində islam dəyərlərinin müsəlman dünyasında fərqli prizmadan qəbul olunmasında özünü göstərir. Aparılan son araşdırmaların, keçirilən sorğuların nəticələri göstərir ki, bu gün 39 müsəlman ölkəsindən 32-də insanların böyük əksəriyyəti islamda bir doğru yolun olduğu, digər alternativ izahların isə məqbul hesab edilmədiyi qənaətindədir. Güclü müsəlman dünyasının formalaşması, onun savaş və digər qanlı olaylardan uzaq durması üçün isə bütün bunlara son qoyulması vacibdir. Özü də o kontekstdə ki, İslam hümməti üçün kifayət qədər uğurlu olan bir nümunə mövcuddur. Söhbət tolerantlıq mühiti dünyada artıq mo­del olaraq qəbul edilən Azərbaycandan gedir.

 

İslam dünyasının uğur modeli

 

Əldə etdiyi nailiyyətlərlə, keçdiyi tərəqqi yolu ilə indi bütün dünyada böyük nüfuza malik olan Azər­baycan bu gün mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanına çevrilib. Ölkəmizdə artıq sosial bir fenomenə çevrilən dini tolerantlıq günümüzdə həm də multikulturalizmin əsas təzahür elementlərindən birinə çevrilib. Hazırda Azərbaycanda dinindən, dilindən, irqindən və digər bu kimi mühüm göstəricilərdən asılı olmayaraq bütün xalqlar bir ailə kimi dostluq, qardaşlıq, mehribanlıq şəraitində yaşayırlar. Məhz bunun nəticəsidir ki, Azərbaycan dünya miqyasında təkcə dinamik sosial-iqtisadi inkişafa malik ölkə olaraq yox, həm də dini tolerantlıq baxımından xüsusi maraq və əhəmiyyət kəsb edən dövlət kimi qəbul olunur. Məsələnin bu tərəfinə nəzər salan Bakı Dağ Yəhudiləri Dini icması İdarə Heyətinin sədri Milix Yevdayev xüsusi olaraq vurğulayır ki, Azərbaycandakı tolerantlıq, dinlərarası əməkdaşlıq və qarşılıqlı hörmət modeli digər ölkələr üçün əsl nümunə sayıla bilər. Onun sözlərinə görə, dilindən, irqindən, milliyyətindən asılı olmayaraq, Azərbaycanda hər kəs öz dini mərasimlərini rahat həyata keçirir, sərbəst şəkildə ibadət edir. Bunu digər dini icma nümaynədələrindən də eşitmək mümkündür.

Başqa bir tərəfdən ölkəmizdə konkret olaraq İslam dünyası üçün nümunə sayılan daha bir məqama xüsusi diqqət yetirilməlidir. Danılmaz həqiqətdir ki, bu gün müsəlmanların iştirak etdiyi əksər münaqişələrin kökündə məzhəb fərqliliyi dayanır. Amma bu məsələ də Azərbaycanda uğurla həll olunub. Dünyada ilk dəfə olaraq vəhdət namazının məhz ölkəmizdə qılınması bunun real təcəssümüdür. Dünyada sünni-şiə məsələsinin süni şəkildə qabardıldığı bir zamanda ölkəmizdə Heydər Məscidində şiələrlə sünilər vəhdət namazı qılmaq üçün dəfələrlə bir araya gəliblər. Vəhdət namazının qılınması Azərbaycanın tolerantlıq mərkəzi kimi bütün dünyada nüfuzunu daha da artırıb. Azərbaycan təcrübəsində bir daha nümayiş etdirildi ki, İslamın daxilində müxtəlif məzhəblərdə olmasına baxmayaraq, insanlarımızın eyni məsciddə namaz qılması, bir arada olması mümkündür.

Yaxud da götürək Dördüncü islam Həmrəyliyi Oyunlarını. Ölkəmizin yüksək səviyyədə təşkil etdiyi bu oyunlar sülhü, dostluğu, qardaşlığı da təlqin etməsi ilə yadda qaldı. Milli Məclisin deputatı Fazil Mustafa da qeyd edir ki, IV islam Həmrəyliyi Oyunları birinci növbədə İslam coğrafiyasında baş verən xaos, qa­rışıqlıq fonunda daha əhəmiyyətli bir tədbir kimi diqqəti cəlb etdi: “Azərbaycan özünü bu mühitdə stabillik adası kimi təqdim etməyi bacardı. IV islam Həmrəyliyi Oyunlarının uğurlu baş tutması gələcəkdə Azərbaycanda daha mötəbər tədbirlərin keçirilməsi üçün zəmin hazırladı. Digər tərəfdən, ümumiyyətlə, Azərbaycan öz uğurları ilə İslam ölkələrində barışın, sülhün dəyərli bir nemət olduğunu IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən ölkələrə bir daha nümayiş etdirdi. Eyni zamanda, Prezidentin də söylədiyi kimi, Azərbaycan İslam ölkələri arasında həmrəylik və körpü rolunu oynayır. Təkcə bunun özü Azərbaycan üçün ən vacib tanıtım emblemidir. Azərbaycan İslamın dünyəvi dövlətin dəyərləri ilə necə uzlaşması modelini təqdim etdi. Burada məzhəb fərqindən asılı olmayaraq idmançılar bir araya gəldi, məğlub qalibin əlini sıxıb təbrik etməyi bacardı. Bu, İslam aləmində nifaqların aradan qaldırılması üçün az əhəmiyyət kəsb etmir” .

Qeyd edilənlərlə bahəm olaraq, heç şübhəsiz ki, Prezident ilham Əliyev tərəfindən 2017-ci ilin ölkəmizdə “islam Həmrəyliyi İli” elan edilməsi islam dünyasına ziddiyyətlərin aradan qaldırılmasına, məzhəblər arasında dialoqun qurulmasına və həmrəyliyə çağırışdır. Bununla da müasir Azərbaycan multikulturalizm sahəsində olduğu kimi, İslam həmrəyliyi ilə ilgili uğurlu meydana qoyur, sözün həqiqi mənasında unikal bir model yaradır. O da təqdirəlayiq haldır ki, bütün tarix boyu Azərbaycanda bir dəfə olsun belə dini və etnik zəmində ədavət, qarşıdurma olmayıb, bütün millətlərin nümayəndələrinə hər zaman eyni münasibət sərgilənib. Çünki bu, bütövlükdə cəmiyyətin, dövlətin özünün inkişafına böyük təkan verir. Daha bir vacib nüans ondan ibarətdir ki, ölkəmiz həm də müxtəlif beynəlxalq dini tədbirlərin keçirildiyi əsas məkanlardan biri olaraq da beynəlxalq miqyasda kifayət qədər yaxşı tanınır. Hətta belə demək mümkündürsə, artıq bu qəbildən olan tədbirlərin ölkəmizdə baş tutması ənənəvi xarakter almaqdadır. Bunun nəticəsidir ki, son illər Azərbaycan dinlərarası və sivilizasiyalararası dialoqun mərkəzinə çevrilib, Bakıda dünya dini liderlərinin sammiti keçirilib. Xatırladaq ki, 2009-cu ilin noyabr ayında dini dialoqun gücləndirilməsi üçün ölkəmizdə böyük bir tədbir keçirilib. Bundan cəmi bir il sonra isə dünya dini lider­lərinin Bakı sammiti baş tutub. Bütün bunlar həm də Azərbaycanın sivilizasiyalararası dialoqun gücləndirilməsi işinə böyük töhfə verən tərəflərdən biri kimi çıxış etməsindən xəbər verir.

 

Müsəlman hümmətinin birlik, dünyanın isə nicat yolu

 

Qeyd edilənlər onun təsdiqidir ki, Azərbaycan nümunəsi bu gün islam dünyasının xilas və yüksəliş yoludur. 2017-ci ili “İslam Həmrəyliyi ili” elan etməsi də bu mənada təsadüf sayılmır. Bu, əslində, Azərbaycanın beynəlxalq aləmə, ilk növbədə də islam ölkələrinə mütərəqqi, xoşniyyətli bir ismarıcı da sayılmalıdır. Ən azından ona görə ki, İslam dünyasının bu gün həqiqətən də sıx həmrəyliyə, birliyə ehtiyacı var. Elə bunu nəzərə alan Azərbaycan dövləti İslam həmrəyliyi kimi bəşəri əhəmiyyət daşıyan ideya irəli sürməklə bu sahədə liderlər cərgəsində olduğunu nümayiş etdirdi.

Azərbaycan öz nümunəsində çox aydın şəkildə göstərir ki, İslam yaradıcı, barışdırıcı, inkişafa yönəlmiş bir dindir və ondan yararlandıqda insan daha da kamilləşir, bəşəriyyətə ən ali xidmətin nümunəsini ortaya qoymağı bacarır. Azərbaycan öz nümunəsində çox aydın göstərir ki, Qərb dünyasında baş qaldıran islamofob məqamlara baxmayaraq, islam insanlar arasında yalnız barış təlqin edir, islam sırf ədalət üzərində köklənib, islam demokratiyanın, bərabərliyin özüdür. İslamın kamil, təkmil, yüksək mənəvi etiqad üslubunu yaradan Azərbaycan öz nümunəsində bu dinin əsl mahiyyətinin nədən ibarət olduğunu aydın göstərir. Azərbaycan həm də islamın sülhsevər mahiyyətinin dünya miqyasında yayılmasına əvəzolunmaz töhfələr verib və verməkdədir. Azərbaycanın dövlət siyasətinin prioritetləri qarşıdakı dövr ərzində də bu istiqamətdə genişmiqyaslı fəaliyyətin olacağını göstərir. Digər tərəfdən burada bir məqamı da xüsusi vurğulamaq lazım gəlir ki, islam həmrəyliyi yalnız müsəlman dünyasının bir araya gəlməsini özündə ehtiva etmir. Bu həmrəylik islam aləmi ilə digər dinlər, konfessiyalar arasında dialoq və əməkdaşlığı da nəzərdə tutur ki, bunun da uğurlu nümunəsini yenə Azərbaycan ölkə daxilində yarada bilib. Bəşəriyyətin nicatı isə bu nümunədən lazımınca istfiadə etməkdir.

 

 “İslam həmrəyliyi və media” mövzusundakı müsabiqəyə təqdim olunur.