İki sahil. - 2017.- 16 noyabr. - ¹ 209. - S. 14.

 

İslam həmrəyliyi və media

 

Nüsrət Məmmədov

 

Bu günümüzün çağırışları sırasında islam həmrəyliyi xüsusi yer tutur. Bunu şərtləndirən amil təbii ki, islam aləminin firavanlığına təhlükə yaradan problemlərin mövcudluğudur.

Azərbaycanın islam dünyasının birliyinə töhfələrinin miqyası genişdir. Dövlətimizin başçısı İlham Əliyev “Biz həmişə çalışmışıq və öz səylərimizi göstərmişik ki, müsəlman aləmi daha da sıx birləşsin” kimi fikirləri, eyni zamanda 2017-ci ili ölkəmizdə “İslam Həmrəyliyi ili” elan etməsi, paytaxt Bakımız IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi də bu tövsiyələrin davamlılığından xəbər verir. İslam Əməkdaşlıq Təşkilatında birləşən 57 ölkənin təmsilçilərini IV islam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməklə bir araya gətirən Azərbaycan bu addımı ilə eyni zamanda dünyaya sülh, əmin-amanlıq, birlik, həmrəylik, dostluq mesajı ünvanladı. Dövlətimizin başçısı İlham Əliyevin 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan edilməsi ilə bağlı Sərəncamında da bu reallıqlar öz əksini tapıb ki, Azərbaycan ərazisində əsrlərdən bəri islam dininin maddi və qeyri-maddi irsinin formalaşması üçün zəmin yaranıb. Dinlə bağlı sərt qadağaların mövcud olduğu sovet dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərdiyi halda, hazırda onların sayı 2000-i ötüb. Həmin məscidlərin 300-dən çoxu tarixi-mədəni abidə kimi qorunur. Azərbaycan dövlətinin İslam dini dəyərlərinə qayğısı sayəsində son illər ərzində İslam mədəniyyətinin qiymətli abidələrindən Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı Cümə məscidləri və Gəncə şəhərindəki “İmamzadə” kompleksi əsaslı şəkildə yenidən qurularaq təmir olunub, ölkəmizin paytaxtında Cənubi Qafqazın ən möhtəşəm məbədi Heydər məscidi inşa edilib. Azərbaycanın İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapıb.

Reallıqlara qısa baxış Azərbaycanın islam dünyasına yönələn siyasətinə aydınlıq gətirir. Rəsmi Bakı beynəlxalq təşkilatların tribunalarından islamofobiyanın ciddi təhlükə olduğunu bəyan edərək, problemin həlli üçün birgə səylərin göstərilməsinin önəmini açıqlayır. Bu gerçəklik hər zaman qeyd olu­nur ki, müsəlman ölkələri arasında münasibətlərin lazımi səviyyədə qurulmaması, birliyin, həmrəyliyin zəifliyi müəyyən qüvvələrin çirkin niyyətlərini həyata keçirmələrinə yol açır. Təəssüf doğuran hal budur ki, bu gün terrorizm, ekstremizm kimi ifadələr İslam dini ilə yanaşı çəkilir. Bunun nə qədər yanlış, müəyyən dövlətlərin maraqlarına xidmət edən düşüncə olduğu sirr deyil. İslam dini həmişə həmrəylik, sülhsevərlik, qarşılıqlı anlaşma, dostluq və əməkdaşlıq kimi ümumbəşəri əxlaqi dəyərləri təbliğ edir. Reallıq budur ki, terrordan ən çox əziyyət çəkən məhz müsəlman dövlətləridir. Bu nöqteyi- nəzərdən yanaşaraq, dövlətimizin başçısı İlham Əliyev bildirir ki, biz sülh, mərhəmət, dözümlülük və ədalət dini olan islami dəyərlərin təbliğini davam etdirməliyik.

Azərbaycan dünyəvi dövlətdir. Dünyəvilik dini inkar etmək deyil, bu dövlətin siyasi qurumunun məzmununu müəyyən edir. Din insanların cəmiyyət qarşısında məsuliyyətlərini daha da artırır. Dövlətin dinə münasibətində də siyasətin əsasını mənəviyyatın milli sərvətin tərkib hissəsi kimi dəyərləndirməsi təşkil edir. İnsanın sərbəst yaşayıb işləməsi üçün bütün azadlıqlarının mövcud olduğu ölkəmizdə bu münasibətlər yüksək səviyyədə tənzimlənir. Müqəddəs dini bayramlar münasibətilə ölkəmizdə məs­kunlaşan müxtəlif xalqları, icmaları təbrik edən Prezident İlham Əliyev vurğulayır ki, yüksək əxlaqi dəyərlərə əsaslanan tolerantlıq mühitində ölkəmizin bütün milli azlıqları, öz etnik-di- ni adət-ənənələrini, dil və mədəniyyətini bu günümüzə qədər yaşatmışlar. Bu gün çoxmillətli və çox konfessiyalı Azərbaycan cəmiyyətində özünəməxsus yeri olan pravoslav xristian icması ictimai-siyasi həyatın bütün sahələrində fəal iştirak edir, ölkədə təmin olunmuş demokratik- hüquqi şəraitdən tam yararlanmaqla milli-dini ayin və mərasimlərini azad, sərbəst şəkildə yerinə yetirir. Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycanda dini və milli dözümlülüyün çox böyük və şərəfli tarixi vardır. Bakıda təşkil olunan sivilizasi- yalararası dialoqun gücləndirilməsi məsələlərinə həsr olunmuş beynəlxalq konfranslarda, dini dəyərlərimizin, tolerantlığın təbliğinə yönələn dini sammitlərdə də bu fikir xüsusi qeyd edilir ki, ölkəmizdə milli dəyərlərə sadiqlik, ümumbəşəri dəyərlərə hörmət meyilləri müasirləşməyə, modernləşməyə, yeniləşməyə xidmət göstərir.

Ölkə Prezidenti eyni zamanda bildirir ki, bizim gücümüz birliyimizdədir, ölkədə hökm sürən sabitliyin möhkəmlənməsindədir, dini və milli sülhün mövcud- luğundadır: “Ölkəmizə gələn qonaqlar bir çox hallarda təəccüb hissi ilə bunu qeyd edirlər ki, siz buna necə nail ola bilimisiniz, sizdə dini, milli zəmində nəinki heç bir qarşıdurma, heç bir anlaşılmazlıq da yoxdur. Reallıq bundan ibarətdir ki, dövlət siyasəti, din xadimlərinin müdrikliyi, eyni zamanda, cəmiyyətdə müsbət ab-havanın mövcudluğu və əlbəttə ki, ölkəmizin sürətli dinamik inkişafı burada əsas rol oynayır. Bu, bizim böyük sərvətimizdir.”

Hər zaman qeyd olunduğu kimi, İslam həmrəyliyi geniş məfhumdur. Burada söhbət yalnız dini müstəvidə müsəlman ölklərinin birliyindən, həmrəyliyindən deyil, siyasi, iqtisadi, mədəni və digər sahələri də əhatə edir. Böyük bir coğrafiyanı əhatə edən müsəlman ölkələri zəngin təbii resurslara malik olmalarına baxmayaraq, dünya iqtisadiyyatında elə də böyük paya sahib deyillər. Yəni həmin ölkələrin heç də hamısında sosial rifahın yüksək olmasından söhbət gedə bilməz. Ölkələr arasında iqtisadi əlaqə­lərin möhkəmlənməsi, müsəlman xalqlarının rifahının yaxşılaşdırılması üçün islam aləminin dünyada bir-birinə sözdə, əməldə sıx bağlılığını nümayiş etdirməsi bu günümüzün əsas tələbidir. Ölkələr arasında əla­qələrin inkişafı öz növbəsində onların təmsil olunduqları beynəlxalq təşkilatlar çərçivəsində birliklərinə, ümumi mövqedən yanaşmalarına da öz müsbət təsirini göstərir. İqtisadi Əməkdaşlıq Təşkilatında, İslam Əməkdaşlıq Təşkilatında birgə fəaliyyətləri bu kimi reallıqlara işıq salır. Məlum olduğu kimi, “İslam Həmrəyliyi İli” çərçivəsində İslamabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XIII sammitində, eyni zamanda Tehranda “İslam həmrəyliyi İran-Azərbaycan dostluğu timsalında” adlı konfransda bir daha qeyd edilmişdir ki, islam həmrəyliyi yalnız müsəlman aləmində deyil, bütün dünyada sülhün və əmin-aman­lığın bərpasına kömək edə bilər. Xalqlar və dövlətlər dünyanın inkişafı prosesində daim əlaqədə olublar. Xalqların arasında düşmənçiliyin yaranması cahillikdən irəli gəlir. Həmrəylik narahatlıq doğuran, mühacir problemini yaradan münaqişələrin yaranmasının qarşısını ala biləcək vasitədir. Dövlətimizin başçısı İlham Əliyevin bu il çərçivəsində ardıcıl şəkildə islam dövlətlərinə - Qətər, Pakistan, İran, və Səudiyyə Ərəbistanına səfərləri, səfər çərçivəsində ke­çirilən görüşlər, aparılan müzakirələr müsəlman dünyasının bir parçası olan Azərbaycanın islam həmrəyliyinə əməldə bağlılığını bir daha ortaya qo­yur. Bu istək dövlətimizin siyasətində daim əsas yer tutub. Məhz bunun nəticəsidir ki, Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra ilk üzv olduğu təşkilatlardan biri İslam Əməkdaşlıq Təşkilatı olmuşdur. Ölkəmizin 2006 və 2012-ci illərdə İslam Əməkdaşlıq Təşkilatının iki sammitinə ev sahibliyi etdiyini önə çəkən dövlətimizin başçısı İlham Əliyev müsəlman ölkələri arasında həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın möhkəmlənmə­sində maraqlı olduğumuzu bildirir. Xalqların, dövlətlərin sülh, bəşəri dəyərlərə sadiqlik, birlik şəraitində, dinc yanaşı yaşaması çərçivəsində İslam həmrəyliyi müsəlman ölkələrinin problemlərinin həllinə, onlar arasında iqtisadi, mədəni münasibətlərin genişlənməsinə, insanlarımızın bir-biri ilə daha da yaxınlaşmasına öz töhfəsini verəcək. Qeyd etdiyimiz kimi, “İslam Həmrəyliyi İli” çərçivəsində Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi İslam həmrəyliyinə töhfəsi kimi dəyərləndirildi. Dövlətimizin başçısı İslam Həmrəyliyi Oyunlarının əhəmiyyətindən bəhs edərkən bildirmişdir: “Əminəm İslam Oyunları ilk növbədə İslam həmrəyliyini gücləndirəcək, həm islam alə­minə, həm dünyaya bir daha göstərəcək ki, İslam dini sülh, mərhəmət və qardaşlıq dinidir.” Ölkə Prezidenti, eyni zamanda çıxışlarında bu məqamı xüsusi qeyd edir: “Radikalizm, terrorizm harda canlanır, harda baş qaldırır?! O ölkələrdə ki, savadlılıq yoxdur. O ölkələrdə ki, sosial ədalət pozulur. O ölkələrdə ki, ədalətsizlik mövcuddur və səfalət yaşanır. Ona görə radikalizmə qarşı ən gözəl sığorta sosial ədalətdir, maddi rifahdır, savadlılıqdır, düzgün siyasət­dir.”

İctimai fikrin formalaşmasında yazılı və elektron KlV-in üzərinə böyük məsuliyyət düşdüyünü nəzərə alsaq, bu məsələnin həlli də təbliğat işinin yüksək səviyyədə qurulmasını tələb edir. Jurnalist peşəkarlığına söykənərək, islam dinini terrorizmlə eyniləşdirməyə çalışan qüvvələrin əsl niyyətini, bunların bir-biri ilə tamamilə təzad təşkil edən, yuxarıda da qeyd etdiyimiz kimi, bundan müsəlman ölkələrinə bir təzyiq vasitəsi kimi bəhrələnməyə çalışan dövlətlərin, dairələrin mü­naqişələrə, toqquşmalara yol açan düşüncələri olduğunu ictimaiyyətə düzgün çatdırmaq gərəkdir. Bəllidir ki, “çiçəklənən” terrorizmdən ən çox əziyyət çəkən, yurdunu tərk etməyə məcbur qalanların əksəriyyəti islama inanan müsəlmanlardır. Çox təəssüf ki, bu gün özünü müsəlman adlandırıb İŞİD, PKK, kimi radikal təşkilatlarda birləşərək insanlara əzab, əziyyət verən silahlılar arasında qeyri-müsəlman dinindən olanlar da çoxluq təşkil edir. Dünya mətbuatında yazılan informasiyalardan da bəlli olur ki, mənfur niyyətlərini islam pərdəsi altında gizlədən belə bədxahları silah-sursatla təmin edən maliyyə dəstəyi göstərənlərin özləri belə formalaşdırdıqları terror təşkilatlarının törətdikləri faciələrin ağrı-acısını yaşasalar da yenə də özlərinin maraqları, müxtəlif ərazilər üzərində hegemonluq niyyətlərindən əl çəkmir, minlərlə günahsız insanın qətlinə fərman vermiş olurlar. Artıq bütün dünya “qardaşı qardaşa qırdırmaq" siyasəti yeridən və fobiyalar təşkil edənlərin islama qara pərdə arxasından yanaşma “cəhdlərinin” eyni mənbədən qaynaqlandığı bəllidir. Ölkəmizdə də islami dəyərlərin mənimsənilməsi istiqamətində aparılan maarifləndirmə siya­sətinin əsasında dinimizə kənar müdaxilələrin törədə biləcəyi fəsadlar haqqında silsilə yazılar verilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Fitnə” qısametrajlı filmi çox təsirli, real hadisələri, terrora qarşı mücadiləni əks etdirən ən təsirli təbliğat vasitəsidir. Belə əyani va­sitələrlə islami dəyərləri yad təsirlərdən qorumaqla islamofobiyanın və mütərəqqi din olan İslama yönələn qarayaxmaların qarşısını almaq mediamızın başlıca və daim aktuallığını saxlayan vəzifələrindəndir.

 

Yazı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Mətbuat Şurası və Bakı şəhər Məşədi Dadaş Dini İcmasının birgə təşkil etdikləri “İslam həmrəyliyi və media” mövzusunda keçirilən fərdi jurnalist yazıları müsabiqəsinə təqdim edilir.