Ekspress. - 2017.- 21 noyabr. - 210. - S. 10.

 

Müstəqil dövlətlərdə hüquq islahatları

 

Rəşid Rəşad

 

Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsində (ümumilik, ayrılmazlıq, pozulmazlıq və toxunulmazlıq prinsipləri), 25-ci maddəsində (bərabərlik prinsipi), 71-ci maddəsinin 1-ci hissəsində (dövlət müdafiəsi prinsipi), 71-ci maddəsinin 6-CI hissəsində (birbaşa qüvvədə olma prinsipi) insan və vətəndaşın hüquqi statusunun əsas prinsipləri təsbit olunub. Bu da o deməkdir ki,  insan və vətəndaşın hüquqi statusunun bütün bu konstitusion prinsipləri Azərbaycan dövlətinin insan və vətəndaşın hüquq və azadlıqları sferasında siyasətinin əsas istiqamətlərini müəyyən edir və onların hüquqi statusunun əsasını təşkil edir.

Azərbaycan Respublikası Konstitusiyasında bəyan edilir ki, əsas hüquq və azadlıqlar toxunulmazdır və hər kəsə doğulduğu andan mənsubdur. Yəni, əsas hüquqları dövlət bağışlamır, şəxsin doğulma faktı onun hüquqlara malik olmasına əsas verir.

Ekspert Əli Hüseynli qeyd edib ki, demokratik hüquqi dövlətin bütün prinsipləri - qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olunub: "İnsan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edilib. Konstitusiyamızın üçdə bir hissəsi məhz bu məsələyə həsr edilib. Demokratik dəyərlərin üstünlüyünü qəbul edən, azadlığı, haqq və ədalətin bərqərar olunduğu dövlət qurmaq istəyən hər bir ölkə, hər bir xalq üçün Konstitusiya birinci dərəcəli əhəmiyyət daşıyır. Siyasi, iqtisadi, hüquqi sistemin köklü şəkildə dəyişdiyi, cəmiyyətdə keçid dövrünün başlandığı bir vaxtda Əsas Qanunun rolu qat-qat artır. Bu bir həqiqətdir ki, müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul olunması ilə Azərbaycanın tarixi inkişafının yeni bir mərhələsi başlandı. Mühüm tarixi əhəmiyyətə malik olan bu sənəd ölkəmizdə insan və vətəndaş azadlıqlarına lazımi təminatlar yaratmaqla hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun möhkəm təməlini təşkil edir. Əminliklə demək olar ki, Azərbaycan Respublikasının Konstitusiyasında yüz illər boyu bəşəriyyətin əldə etdiyi mütərəqqi dəyərlər fundamental hüquq və azadlıqları lazımi şəkildə öz əksini tapıb".

Yeri gəlmişkən, ölkə başçısının rəhbərliyilə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərliliyinin artırılması, hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" insan və vətəndaş hüquqlarının müdafiəsi sahəsində aparılan məqsədyönlü siyasətin bir nümunəsidir.

Ekspert onu da qeyd edir ki, hüquqi dövlətdə, bazar münasibətləri və iqtisadi cəhətdən müstəqil insan kütləsi məkanında vətəndaş cəmiyyətinin olması mümkündür.

Hüquqi konstitusiya dedikdə isə insanların hüquq və azadlıqlarına təminat verilməsi, dövlətin ali hakimiyyət orqanlarının fəaliyyətini tənzimləyən əsas prinsiplərin müəyyənləşdirilməsi, hüquqi sistemin əsaslarının yaradılması, dövlət, cəmiyyət və insan arasında münasibətlərin tənzimlənməsi başa düşülür. Tənzimləməyə məruz qalan ictimai münasibətlər, daha dəqiqi, real mövcud olan münasibətlər isə faktiki konstitusiya ifadəsi ilə xarakterizə edilir. Hüquqi və faktiki konstitusiya arasında fərqin aşkar duyulması isə hüquqi islahatların cəmiyyətin inkişaf tempindən geridə qalması, müasir tələblərə tam cavab verməməsi anlamına gəlir (anl.az).

Hüquqşünas Natiq Abdullayev bildiri ki, Azərbaycan Respublikasının son illərdə qazandığı nailiyyətlər, ilk növbədə, hüquqi islahatların düzgün istiqamətləndirilməsi və səmərəli həyata keçirilməsi ilə sıx bağlıdır: "Azərbaycan dövləti tərəfindən islahatlar, o cümlədən, hüquqi islahatlar hazırda da davam etdirilir. Ölkə başçısının rəhbərliyi altında son 7 ildə aparılan məhkəmə-hüquq islahatları, yeni təsisatların yaradılması, ədliyyə və məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi vətəndaş cəmiyyətinin inkişafını təmin edən tədbirlərdir. Ümumiyyətlə, vətəndaş cəmiyyətinin daimi və mütərəqqi inkişafını təmin etmək üçün hüquqi islahatların mütəmadi davam etdirilməsi zəruridir. Bu prosesdə dövlət siyasətinin cəmiyyətə çatdırılması, təbliği üçün ictimai təşkilatların məqsədyönlü iş aparması da müsbət rol oynayır".

Hüquqşünas onu da qeyd edir ki, "Beynəlxalq arbitraj haqqında" Azərbaycan Respublikasının Qanunu 1999-cu ildə qəbul olunub. Son illərdə beynəlxalq arbitraj institutlarının fəaliyyətinin təkmilləşdirilməsi, iqtisadi münasibətlərin hüquqi tənzimlənməsində yeniliklərin baş verməsi nəticəsində bu qanunun da məzmunca yeniləşməsinə zərurət yaranıb: "Təmsil etdiyim birliyin ekspertləri və cəlb edilmiş mütəxəssislərin iştirakı ilə adı çəkilən qanuna əlavə və dəyişikliklər edilməsinə dair təkliflər hazırlanmış və aidiyyatı üzrə təqdim olundu. Sevindirici haldır ki, bu təkliflərin bir qismi qanunverici orqan tərəfindən qəbul olunub. 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən layihə çərçivəsində "Mediasiya haqqında", "Münsiflər Məhkəməsi haqqında" Qanun layihələri, "Beynəlxalq arbitraj haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr, Mülki Prosessual Məcəlləyə əlavə və dəyişikliklər Mərkəzimizin ekspertləri tərəfindən hazırlanmış və aidiyyatı üzrə təqdim edilib. Ümumiyyətlə, qanunvericilik aktlarının təkmilləşdirilməsi sahəsində təşkilatımızın səmərəli fəaliyyət göstərməsi və müəyyən töhfəsinin olduğunu qeyd etmək lazımdır. Belə ki, fəaliyyətinin ilk dövrlərindən milli qanunvericilik aktlarının beynəlxalq standartlara və dəyişən ictimai münasibətlərə uyğunlaşdırılması, təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Bu mənada Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, Mülki Prosessual Məcəlləsinin, Cinayət Prosessual Məcəlləsinin və s. normativ aktların bəzi müddəalarına əlavə və dəyişikliklər edilməsinə dair indiyədək 40-a yaxın təkliflə Azərbaycan Respublikasının Milli Məclisinə, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, Ali Məhkəməyə, Ombudsmana və digər qurumlara müraciətlər göndərilib. Aparılan araşdırmalar göstərir ki, bu təkliflərdən bir qismi aidiyyatı üzrə öyrənilmiş və davam edən hüquqi islahatlarda nəzərə alınıb. Biz bundan sonra da hüquqi islahatların dəstəklənməsi və sürətləndirilməsi prosesində fəal iştirak edəcəyik".

Bundan başqa, Azərbaycan dövlətinin insan və vətəndaş hüquq və əsas azadlıqlarının qorunması sahəsində də bir sıra tədbirlər həyata keçirilib. Ümumiyyətlə isə insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunmasında beynəlxalq təcrübənin öyrənilməsi, hüququ pozulmuş şəxslərin ixtisaslı və səmərəli hüquqi yardımla təmin olunması sahəsində tədbirlər, bütövlükdə hüquqi yardımın təkmilləşdirilməsinə çalışmaq mərkəzin mütəmadi fəaliyyət sahələrindən biridir ("hafta.az").

Fəlsəfə üzrə fəlsəfə doktoru Vahid Ömərov qeyd edir ki, insan hüquqları haqqında" Ümumi Bəyannamənin 4-cü maddəsi "heç kəs köləlikdə, yaxud asılılıqda saxlanmamalıdır; quldarlıq və qul alverinin bütün növləri qadağandır" müddəasını nəzərdə tutur: "Konvensiyada kölə və ya qeyri-iradi vəziyyət anlayışı verilmir. Eyni zamanda, ora "məcburi və icbari əməyə cəlb etmə"nin qadağan olunması da əlavə edilir. Kölə anlayışı 1926-cı il köləlik haqqında konvensiyada verilmişdir. Qeyri-iradi vəziyyət başqasının əməyinin istismarının daha az ekstrimal formasıdır. Bura təhkimçilik, borc asılılığı, arvadların əmlak kimi köləliyə satılması və s. daxildir. Bu cür adətlər artıq mövcud deyildir. Lakin uşaqların iş üçün icarəyə verilməsi bu cür qadağanın təsiri altına düşə bilər. Qeyri-iradi vəziyyət insanın yayına bilmədiyi və ya ləğv edə bilmədiyi iş şəraitini ehtiva edir. Komissiya öz qərarlarında izah etmişdir ki, "köləlik" və ya "qeyri-iradi vəziyyət" terminləri məhkumların olduğu şəraitə tətbiq olunmur. Konvensiyanın nəzarət mexanizmi tərəfindən məcburi və ya icbari əmək anlayışları heç vaxt verilməmişdir. Komissiya bu barədə müraciətlə əlaqədar BƏT-in 105 H-li Konvensiyasında məcburi əməyin müəyyən edilmiş beş kateqoriyası ilə razılaşmış və onlara istinad etmişdir: məcburi və ya icbari əmək anlayışları arasında fərq bu öhdəlikləri dövlət və ya fərdi şəxs tərəfindən qoyulmasındadır (sesqazeti.az).

Konvensiyanın 5-ci maddəsi hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququnu nəzərdə tutur. Lakin bu hüquq mütləq xarakter daşıya bilməz. "Ona görə də 1-ci bənd azadlıqdan məhrum edilməyə yol verilən halların və qaydaların siyahısını da nəzərdə tutur. Bununla belə, 5-ci maddənin 2-5-ci bəndləri azadlıqdan məhrum edilmiş şəxsin əsassız həbsdən mühafizəsinin prosedur qaydalarını da nəzərdə tutur".

 

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun maliyyə dəstəyi ilə çap olunur