Ekspress. - 2017.- 17 noyabr. - ¹ 208. - S. 10.

 

Milli dövlətçiliyimizin dirçəlişi

 

Murad Məmmədli

 

Suverenlik ölkənin daxilində və ondan kənarda müstəqilliyin ifadəsi kimi dövlətin siyasi və hüquqi xüsusiyyəti olub onun öz daxili və xarici funksiyalarını azad və sərbəst şəkildə dövlətin Konstitusiyası və qanunları, beynəlxalq hüququn hamılıqla tanınmış prinsipləri və normaları əsasında həyata keçirmək, habelə xalqın sərbəst və müstəqil şəkildə öz idarəetmə formasını müəyyən etmək hüququndan ibarətdir. Azərbaycanın müstəqillik və suverenlik uğrunda keçdiyi yol heç də asan olmayıb.

Müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Tarix də bunu dəfələrlə sübut edib. Bunun üçün sınaqlara, hər bir əzab-əziyyətə hazır olmaq lazımdır. Bir əsrdə iki dəfə müstəqillik etmək taleyini yaşadı Azərbaycan. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi.

1988-ci ildə Sovet imperiyasının dağılmasıyla onun hüdudları daxilində qanlı çaxnaşmalar baş verdi. Artıq çürümüş imperiyanın əsl mahiyyəti aydınlaşır, uzun illər təlqin olunan kommunist beynəlmiləlçiliyinin puç olduğu üzə çıxırdı. Xalqları bir-birinə düşmən etməklə öz dayaqlarını saxlamağa çalışan imperiya dəhşətli cinayətlərə əl atdı.

1988-ci ilin ilk günlərində Ermənistanın Azərbaycana qarşı açıq təcavüzü başlandı. Moskvanın, xüsusən də SSRİ-nin rəhbəri Mixail Qorbaçovun buna biganə münasibətini görən ermənilər planlı şəkildə, Ermənistan hökumətinin tapşırığı və göstərişilə Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlını öz ata-baba yurdlarından kütləvi surətdə qovdular.

Ermənilər azərbaycanlıları təkcə öz ev-eşiklərindən qovmur, həm də onları cismən öldürür, diri-diri yandırırdılar. Ermənilərin tarixdə görünməmiş bu vandalizminə M.Qorbaçov  və onun ətrafı heç bir reaksiya vermədilər. Ermənilər bununla da kifayətlənmədilər. 1988-ci ilin fevralın əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ixtişaşlar törətdilər. Onlar Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana  birləşdirməsi haqqında məsələ qaldırdılar.

Ermənistanda və Qarabağın dağlıq hissəsində azərbaycanlılara qarşı yönəldilmiş soyqırımı Sovet ordusu tərəfindən dəstəklənirdi. Ozamankı SSRİ rəhbərliyinin məkrli qonşularımız ermənilərlə əlbir olub Dağlıq Qarabağı Azərbaycandan işğal edərək Ermənistanın nəzarətinə verməsi istiqamətində atdığı addımlar xalqın səbir kasasını daşırmışdı.

Xalqımız imperiya buxovlarından, əsarət zəncirindən azad olmaq istəyirdi. Sovet İttifaqı rəhbərliyinin ermənilərin Dağlıq Qarabağa iddiasına loyal münasibəti və qərəzli mövqeyi, Azərbaycan xalqını ayağa qaldırmışdı. Yüz minlərlə insanın Azadlıq meydanına axışması isə ən yeni tarixin təməlini qoydu.

Mitinqin ilk günləri göstərdi ki, Azərbaycanda hələ SSRİ-nin heç bir yerində rast gəlinməyən mübarizə başlayır. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi.

Bunları görən rəsmi Moskva İttifaq dönəmində Azərbaycanda ilk dəfə fövqəladə vəziyyət elan etdi. SSRİ-nin müxtəlif ərazilərində dislokasiya edilmiş daxili qoşun qüvvələri Bakıya gətirilərək meydanda yerləşdirildi, dekabrın 3-dən 4-nə keçən gecə isə mitinq iştirakçıları oradan zorla çıxarıldı. Onların bir qismi həbs edildi. O zaman xalq hərəkatı parçalansa da, millət öz arzusuna çatdı - 1988-ci il noyabrın 17-dən başlayan meydan hərəkatı azad Azərbaycanın təməlini qoydu.

1988-ci il noyabrın 17-də Azərbaycan xalqının azadlıq səsini ucaldaraq, imperiyaya qarşı hamılıqla ayağa qalxması onun dirçəlişi yolunda dönüş nöqtəsi oldu. Azadlıq meydanına toplaşan yüz minlərlə insan keçmiş sovetlərin Azərbaycana yönəlik ikili standartlara söykənən siyasətinə etiraz etdi (anl.az). Bu hadisələr “Meydan hərəkatı”nın əsasını qoydu.

Müstəmləkə əsarətindən cana gəlmiş xalq hər şeyə qadir olduğunu göstərdi. Azərbaycanda meydan hərəkatı geniş vüsət aldı. Bu milli hərəkat xalqın dirçəlişiydi. Çox mütərəqqi, inqilabi, demokratik hərəkatın, oyanışın başında əsl vətənpərvərlər dururdu. Xalqın müqəddəs arzuları, ümidləri puça çıxmışdı, ölkədə vətəndaş itaətsizliyi, vətəndaş qarşıdurması yaranmışdı, qan tökülürdü. Bütün bu ədalətsizliklər və ərazi bütövlüyünə edilən qəsdlərlə razılaşmayan

Azərbaycan xalqı 17 noyabrda ayağa qalxdı. Həmin günlərdə “Meydan hərəkatı” adını almış bu hərəkatla Sovet müstəmləkə rejimi şəraitində repressiyalara məruz qalmış milli şüur yenidən oyandı, özünüdərkə doğru bir dönüş başlandı. Xalq hərəkatı təkcə Bakıda deyil, Naxçıvan, Gəncə və Lənkəranda da kütləvi xarakter aldı. Respublikamızın bütün şəhər və rayonlarını bürümüş qüdrətli xalq hərəkatı kommunist rejimini Azərbaycandan süpürüb atmaq təhlükəsi yaratmışdı.

Sovet rejimindən Ermənistanda və Qarabağın dağlıq hissəsində erməni separatçılığına və terrorizminə son qoymaq, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, sərvətlərimizin talan edilməsini dayandırmaq kimi tələblərlə başlamış “Meydan hərəkatı” tezliklə Azərbaycanı müstəqilliyə çağıran şüarlara keçdi. Meydanda Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, ay-ulduzlu bayraqları dalğalandı. Bütün xalq bir yumruq kimi düyünlənmişdi. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi.

Azərbaycan xalqı uzun illər arzusunda olduğu müstəqilliyinə qovuşdu. Öz haqqı, azadlığı və torpaqlarına sahib çıxmaq istəyən xalqımız bu müqəddəs ideallar naminə birlik və bərabərliyini bir daha bütün dünyaya nümayiş etdirdi.

Xalq hərəkatının alovlandığı bir vaxtda Azərbaycana rəhbərlik edən siyasi qüvvələr mövcud vəziyyəti qiymətləndirə bilmədilər. Xalqın maraqlarından daha çox imperiyanın maraqlarını düşünən bu adamların siyasi səbatsızlığından 20 Yanvar faciəsi baş vermişdi. Bir-birini əvəzləyən hakimiyyətlər xalqın dirçəlişini mütərəqqi səmtə yönəltmək iqtidarında deyildilər. Həmin o ağır məqamlarda yenə də ulu öndər Heydər Əliyev xalqın istiqlal ruhunu ölməyə qoymadı.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Muxtar Respublikanın adından “sovet” və “sosialist” sözləri çıxarıldı. İmperiyanın hələ tarix səhnəsindən silinmədiyi bir dövrdə Naxçıvanın adından “sovet” və “sosialist” sözlərinin çıxarılması müstəqilliyimizin qazanılması yolunda çox böyük tarixi addım idi. Bununla ümummilli lider Heydər Əliyev milli dövlətçiliyimizin dirçəlişi istiqamətində ilk böyük addım atdı.

Ulu öndərin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada Muxtar Respublikanın dövlət rəmzləri haqqında məsələ də müzakirə olundu (AZƏRTAC). Xalq deputatlarının müzakirəsindən sonra üçrəngli bayrağın dövlət rəmzi kimi qəbulu ilə əlaqədar təklif irəli sürüldü. Azərbaycan Xalq Cümhuriyyətinin üç rəngli bayrağının bərpa olunması barədə qərar çıxaran sessiya onun dövlət bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycanın Ali Soveti qarşısında vəsadət qaldırdı. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyuldu.

Azərbaycanın müstəqilliyinə doğru uzanan yol 17 noyabrdan - Azadlıq meydanından başlanırdı. Az sonra tarix öz sözünü dedi. Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu. 17 noyabr isə xalqın milli-azadlıq hərəkatının başlanğıc günü - Milli Dirçəliş Günü kimi qeyd olunmağa başladı. Azərbaycanda bu hadisələr milli azadlıq hərəkatı kimi qiymətləndirilir və Vətənimizin istiqlaliyyət qazanmasında əsas amil sayılır.

1991-ci ilin martında Azərbaycan SSR Ali Sovetinin iclasında çıxış edən Heydər Əliyev gələcək mübarizə və inkişaf yolunu müdrikliklə bəyan etdi: “Azərbaycan xalqı birləşməli, öz müqəddəs torpaqlarını göz bəbəyi kimi qorumalıdır. Azərbaycan Respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır.... Mən bu yoldan dönməyəcəyəm”.

Heydər Əliyev bütün həyatı boyu bu müqəddəs amala sadiq qaldı, xalqın və Vətənin istiqlalı uğrunda fədakarlıqla mübarizə apardı.

İndi müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir. Müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanılır, inkişaf etdirilir. Hazırda dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanmasına xüsusi diqqət yetirilir. Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilib

1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur. Böyük tarixə malik xalqımızın bu bayramı milli həmrəyliyin, demokratiyanın, dövlət müstəqilliyimizin qorunması uğrunda mübarizənin təntənəsidir.

17 noyabr Milli Dirçəliş günü 2006-cı ilədək rəsmi bayram kimi qeyri-iş günü idi. Amma həmin ilin dekabrında qanunvericiliyə edilmiş müvafiq dəyişikliklərdən sonra 17 noyabr tarixi iş günü sayılır.

 

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun maliyyə dəstəyi ilə çap olunur