Bakı Xəbər.-2017.-16 noyabr.-206.-S.15.

 

İslam həmrəyliyi və media...

 

Samirə Səfərova

 

Yaşadığımız mürəkkəb kataklizmlər dövründə din faktorundan millətlərarası və dinlərarası münasibətlərdə qızışdırıcı vasitə kimi istifadə olunması əslində yeni hal olmasa da, son illərdə bu tendensiyanın daha geniş vüsət aldığı faktdır. Avropada islamofobiyanın daha qabarıq şəkildə meydana çıxması ilə Çarli Hebdo kimi populyar nəşrlərdə İslam müqəddəslərinin ardıcıl olaraq təhqir edilməsi, ABŞ-da sərsəm bir keşişin müqəddəs Quranı yandırması, Yaxın Şərqdə islam dövləti adı altında əslində İslam dininə heç bir aidiyyəti olmayan terror təşkilatının insanlığa meydan oxuması, müxtəlif iri şəhərlərdə onların vasitəsilə qanlı terror hadisələrinin törədilməsilə dünyada islamofobiyanın süni şəkildə şişirdilməsi dövrün reallıqlarıdır.

Bütün bunlar isə tarixi, coğrafi, iqtisadi, mədəni perspektiv üçün önəmli olan ümumdünya İslam birliyi və həmrəyliyi məsələsini bu günün qlobal problemlərindən biri və bəlkə də birincisi olaraq ortaya çıxarır. Lakin İslam həmrəyliyi təkcə müsəlman ölkələrinin siyasi rəhbərliyinin hansısa təşkilatlarda təmsil olunmasını deyil, bu ölkələrin, onların vətəndaşlarının ortaq müqəddəs dini dəyərləri əsas tutaraq vahid strategiya ətrafında birləşməsi zərurətini diqtə edir. Əslində, demək olar hər bir müsəlman dövlətində regional, milli, etnik, mədəni və ənənə baxımından fərqliliklər var. Lakin bu fərqliliklər həmin dövlətlərdən heç birinə özünü haqlı hesab edərək digərlərinə qarşı çıxmaq, eyni dini dəyərləri bölüşdüyü ölkələrlə münasibətləri pisləşdirmək, bəzi hallarda hətta düşmənçilik həddinə çatdırmaq səlahiyyəti vermir. Elə günümüzdə çox tez-tez belə hallara rast gəlinməsi də islam ölkələri arasında həmrəyliyin əldə olunmasını günün tələbi kimi gündəmə gətirib. Nəzərə alınsa ki, hazırda dünya əhalisinin beşdə birindən çoxunu 23,4 %-ni (1,7 milyard nəfər) müsəlmanlar təşkil edir, bu həmrəyliyin nə qədər önəmli olduğunu əlavə şərhə ehtiyac qalmır. Lakin təbii ki, ölkələr arasında həmrəyliyə nail olunmasının ilkin şərti bu ölkələrin öncə öz daxillərindəki təriqətlərarası münasibətləri tənzimləməsindən keçir ki, Azərbaycan bu mənada bu dövlətlərə örnək rolunu oynaya bilər.

Ötən əsrin əvvəllərində bütün islam dünyasında ilk dəfə dünyəvi-demokratik respublika quruluşunu yaradan Azərbaycanda hələ o zamanlardan həmrəllik mövzusuna böyük önəm verilib. Təsadüfi deyil ki, cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cumhuriyyətinin İstiqlal Bəyannaməsində milliyyәtindәn, mәzhәbindәn, sinfindәn, irqindәn vә cinsindәn asılı olmayaraq, öz sәrhәdlәri daxilindә yaşayan bütün vәtәndaşlara siyasi vә vәtәndaşlıq hüququ verildiyi bəyan edilib. Bununla da, multikultural və çoxkonfessiyalı məkan olaraq öz siyasi təyinatını müəyyənləşdirən Azərbaycan dünyəviliyin təkcə Qərb sivilizasiyasına məxsus olmadığını, onun mahiyyət etibarilə bütün bəşəriyyət üçün universal dəyər olduğunu bütün dünyaya nümayiş etdirib. Bu gün AXC-ni özünün sələfi elan etmiş müasir Azərbaycan dövləti isə yürütdüyü balanslı siyasətlə bu dəyərə sadiq qaldığını dəfələrlə sübut edib.  Ölkə rəhbərliyinin yürütdüyü uğurlu siyasətin nəticəsi sayılan bu kursun özəyini isə ölkədəki istər İslam təriqətləri, istərsə də digər din mənsubları arasındakı səmimi münasibətlər, bütün inanclı kütlənin dövlətlə həmrəyliyi, islam əleyhinə aparılan qərəzli siyasətlərə qarşı birlik, İslam dininin əsl mahiyyətini göstərmək və onu müdafiə etmək sahəsində həmrəylik kimi yüksək dəyərlər təşkil edir. Bütün bunlar isə ölkədə dövlət-din münasibətlərinin yüksələn xətlə inkişaf etməsinə, qarşılıqlı inam mühitinin yaranmasına gətirir. Dediklərimizin təsdiqi olaraq son illərdə Bakının ən böyük məscidi olan Heydər məscidində İslam dini mənsublarının sünni-şiə demədən birlikdə namaz qılması ənənəsinin formalaşmasını göstərə bilərik. Elə təkcə bu ənənə təriqətlərə bölünmə üzündən fəlakətlər yaşayan Ərəb dünyasına bir barış mesajı kimi qiymətləndirilə bilər.

İnsanların dini inanclarına sayğılı münasibət ölkənin Əsas Qanununda da geniş şəkildə öz əksini tapıb.  Belə ki, ölkə Konstitusiyasında hər kəsin vicdan azadlığına malik olması konstitusion norma olaraq göstərilir. Bundan əlavə, Azərbaycan Prezidentinin ölkədəki müxtəlif dini konfessiyalara göstərdiyi həssas münasibət, onların hər birinin dini bayramlarında ölkə başçısı tərəfindən təbrik olunmaları, zaman-zaman yüksək səviyyədə qəbul edilərək problemlərini dilə gətirə bilmələri üçün yaradılan unikal şərait dediklərimizə əyani sübut sayıla bilər. Bu tendensiya özünü ölkə mətbuatında da qabarıq şəkildə göstərir. Məsələn, elə yuxarıda qeyd etdiyimiz kimi, İslam Peyğəmbərinin Qərb mətbuatında karikaturalarının yerləşdirilməsi, İslam müqəddəslərinin adına hədyanlar yazılmasına ölkə mətbuatı geniş şəkildə kəskin reaksiya nümayiş etdirsə də, istər çap, istərsə də elektron mediada buna qarşılıq olaraq xristianların inancı təhqir edilmədi. Halbuki, Azərbaycan mediası buna adekvat cavab verə bilərdi və media qarşısında bundan ötrü heç bir baryer qoyulmamışdı. Lakin burada incə nüans ondan ibarətdir ki, ölkəmizdə digər din mənsubları da yaşadığından, Avropada və ABŞ-da mənəviyyatımıza vurulan zərbəyə adekvat cavab verilməsi onların dini heysiyyətinə toxuna bilərdi. Bu addımın özü də ölkədəki sağlam tolerant mühitin, dini dözümlülüyün parlaq nümunəsi sayılmalıdır.

Bu il martn 1-də İslamabadda keçirilən İslam Əməkdaşlığı Təşkilatının (İƏT) XIII sammitindəki çıxışında Prezident İlham Əliyev İslam dünyasında həmrəylik mövzusuna toxunaraq, Azərbaycanın müsəlman ölkələri arasında həmrəyliyə xüsusi əhəmiyyət verdiyini bildirib. İslamofobiyanı dünyada ən ciddi təhlükələrdən biri adlandıran ölkə başçısı deyib ki, İslamı terrorla əlaqələndirmək yanlış və qərəzli yanaşmadır:Terrordan ən çox əziyyət çəkən məhz müsəlman dövlətləridir. Biz sülh, mərhəmət, dözümlülük və ədalət dini olan İslamın dəyərlərinin təşviqini davam etdirməliyik.

Ölkəmizdəki tolerant mühitin sədası zaman-zaman yerli medianın sərhədlərini aşaraq dünya mətbuatına da çıxıb. Eyni zamanda Bakıda IV İslam Həmrəyliyi Oyunlarının çox uğurlu şəkildə keçirilməsi, Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ili İslam Həmrəyliyi İli elan etməsi bütün İslam ölkələrinə həmrəyliyin, birliyin zərurət olduğunu təlqin edən önəmli mesaj rolunu oynadı. İslam Oyunları zamanı müsəlman ölkələrinin idmançılarının, onları müşayiət edən media mənsublarının Bakıda bir araya gəlməsi isə bu həmrəyliyin daha möhkəm dayaqlara söykənməsinə bir vəsilə oldu. Çünki o günlərdə tam sağlam bir rəqabət mühiti yaradılmışdı və yarışlarda iştirak edən idmançılar bir-birinin uğurlarına sevinir, müxtəlif ölkələrdən gəlmiş jurnalistlər idman arenalarında qazanılan uğurları operativ şəkildə dünyanın diqqətinə çatdırırdı. Bütün bunlar isə ünsiyyətin ən optimal yolu olaraq İslam həmrəyliyi ideyasına öz töhfəsini verməkdə idi.

Ümumiyyətlə, İslam ölkələri arasında həmrəyliyin əldə olunması istiqamətində pozitiv hadisələrin baş verməsində mətbuatın çox önəmli rol oynadığını əlavə şərhə ehtiyac yoxdur. Məhz bu səbəbdəndir ki, ötən il İslam ölkələri arasında medianın inteqrasiyası məsələsi zamanın tələbi kimi gündəmə gəldi və Azərbaycan dövləti İslam əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Jurnalistlər Assosiasiyasının yaradılması təşəbbüsü ilə çıxış etdi. Oktyabrın 3-də Assosiasiyanın yaradılması münasibətilə keçirilən niyyət konfransında çıxışında İƏT üzvü ölkələrin jurnalistlərini birləşdirəcək və informasiya sahəsində vahid platforma kimi çıxış edəcək Assosiasiyanın yaradılmasını təqdirəlayıq hal adlandıran Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bir neçə ildir ən müxtəlif səviyyələrdə bu məsələnin müzakirə olunduğunu deyib. Əlaqələndirilmiş medianın beynəlxalq ictimai fikrin formalaşmasında hər zaman ən təsirli vasitə olduğunu deyən Prezidentin köməkçisi bildirib ki, İslam ölkələrinin informasiya vasitələrində obyektivliyin və həmrəyliyin təmin edilməsi, bu məqsədlə KİV-in fəaliyyətinin əlaqələndirilməsi, birgə media təsisatlarının yaradılması və onların məqsədyönlü fəaliyyətinin təşkili, müsəlman dünyasının maraqları naminə dünyanın aparıcı KİV-ləri ilə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, aktual mövzularla bağlı forum və konfransların təşkili və digər bu kimi tədbirlər hazırda öz aktuallığını getdikcə artırır. Bu konekstdə Ə.Həsənov İƏT-ə üzv ölkələrin KİV-ləri arasında obyektiv informasiya mübadiləsinin genişləndirilməsinə, virtual məkanda birgə fəaliyyətin koordinasiyasına, vahid internet resurslarının yaradılması istiqamətində tədbirlərin həyata keçirilməsinə ciddi ehtiyac olduğunu deyib.

PA rəsmisinin bu fikirlərini Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov da bir neçə ay öncə, 22 iyul Milli Mətbuat Günü münasibətilə Şuranın Dini Qurumlarla İş üzrə Dovlət Komitəsi ilə birgə təşkil etdiyi İslam həmrəyliyi və media mövzusunda konfransda çıxışında təsdiqləyib. Azərbaycanın media modeli İslam ölkələri üçün bir örnəkdir- deyən Şura sədri bildirib ki, yaxın vaxtlarda İslam ölkələrinin media qurumları arasında bir təşkilatın yaranması ilə bağlı qərar qəbul ediləcək. Yəqin ki, həmin təşkilatın mərkəzi ofisi Bakıda yerləşəcək deyən Ə.Amaşov vurğulayıb ki, Azərbaycan istər İslam Əməkdaşlıq Təşkilatında, istərsə də digər qurumlarda islami dəyərləri daim yüksək qiymətləndirir, buna böyük önəm verir.

Hazırda Azərbaycan dövləti müsəlman ölkələrinin bir araya gəldiyi İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, ISESCO kimi nüfuzlu beynəlxalq təşkilatlarda təmsil olunur. Bu isə müsəlman dünyası ilə əlaqələrin daha da genişləndirilməsinin Azərbaycan dövlətinin siyasi prioritetləri sırasında yer aldığından xəbər verir. Deyilənlərin təsdiqini dini dəyərlərimizə sağlam baxışları ilə seçilən  Məşədi Dadaş dini icmasının rəhbəri Hacı Şahin Həsənlinin mətbuata müsahibəsindəki fikirlərindən də görmək olar. İslam dünyasında məzhəb zəminində baş verən münaqişələr fonunda Azərbaycanın İslam həmrəyliyinə ciddi önəm verməsini təqdirəlayiq hal adlandıran icma sədri çox incə bir nüansa toxunaraq deyib ki, Azərbaycan nadir ölkələrdən biridir ki, tarixində məzhəb zəminində hər hansı münaqişə və ixtilaf olmayıb:Məsələyə dövlət səviyyəsində yanaşılması və vəhdətin qabardılması isə olduqca mühüm addımdır. Dövlət başçısı qeyd edib ki, Azərbaycanın xarici siyasət prioritetlərindən biri də məhz İslam həmrəyliyidir. Hesab edirəm ki, bu gün dünyada baş verən hadisələr fonunda Azərbaycanda ənənəvi məzhəblər arasında qardaşlığın möhkəmləndirilməsi çox mühüm məsələdir. Bu, Azərbaycan üçün həm din, həm də dövlətçilik məsələsidir".

Bütün deyilənlərdən çıxış edərək, bu gün Azərbaycan dövlətinin özünün İslam dünyasında həmrəyliyin əldə olunması yönündə daşıdığı barışdırıcı missiya ilə öyünməyə tam haqqı olduğunu əminliklə söyləmək olar. Bu missiyanın uğurlu addımlarının carçısı isə hər zamankı kimi bizlər Azərbaycan mediası olmalıdır. Bu şərəfli işdə dövlətimizə və mediamıza uğurlar diləyilə...

 

Yazı İslam həmrəyliyi və media mövzusundakı müsabiqəyə təqdim olunur.